Özbəkistanda Azərbaycan kinosu həftəsi uğurla keçmişdir
Azərbaycanla Özbəkistan arasında mədəni
əlaqələr genişlənməkdədir. Bu
yaxınlarda Özbəkistanda keçirilən Azərbaycan
kinosu həftəsi bu sahədə əməkdaşlığın
davamıdır. Tədbirdə Azərbaycan
kinematoqrafçılarını respublikanın xalq artisti
Rafiq Əliyev, rejissorlar Mehriban Ələkbərzadə, Samir
Kərimov və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı
Almaz Sultanzadə təmsil edirdi. Bu barədə nazirliyin mətbuat
xidməti məlumat yaymışdır.
Açılış mərasimi
Əlişir Nəvai adına Kino sarayında baş
tutmuşdur. 500 nəfərlik tamaşa zalında “Özbəkkino”
Milli Agentliyin rəhbərliyi, dövlət xadimləri, kino sənətkarları,
yaradıcı ziyalılar, şəhər ictimaiyyəti və
Azərbaycan diasporunun tanınmış nümayəndələri
iştirak etdi. “Özbəkkino”nun baş direktoru Aqzam
İsxakov tədbiri açıq elan etdi. Bizim tərəfdən
Azərbaycan səfirliyinin müşaviri Akif Əliyev və Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşı Almaz Sultanzadə
çıxış etmişlər. Mədəniyyət və
turizm naziri adından “Özbəkkino” Milli Agentliyinə Azərbaycan
xalçası, bizim filmləri özbək dilinə dublyaj
etmiş özbək kino xadimlərinə hədiyyələr
təqdim olunmuşdur. Sonda nümayiş etdirilən
“Hökmdarın taleyi” bədii filmi
tamaşaçıların böyük marağına səbəb
olmuşdur. Həmin gün Kino sarayının foyesində Azərbaycan
səfirliyinin təşkil etdiyi “İki xalqın oğlu”
başlığı altında kino və teatr rəssamı
Yusif Hüseynovun rəsmləri və “Azərbaycan kinosu:
dünən və bu gün” adlı fotosərgi nümayiş
etdirilmişdir.
Ümumiyyətlə,
Kino həftəsi ərzində 3 bədii film – “Hökmdarın
taleyi”, “Məhkumlar”, “Niyyət”, 2 sənədli film –“Azərbaycan
motivləri”, “İz...Qala”, 2 qısametrajlı film – “Bir
addım”, “Düyün” və 2 cizgi filmi – “Mərhəmətin
dadı” və “Nuş olsun” 4 kinoteatrda nümayiş
olunmuşdur.
Nümayəndə heyəti
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində,
Daşkənd Dövlət İncəsənət Universitetində,
“Özbəkfilm” kinostudiyasında, Beynəlmiləl Mədəniyyət
Mərkəzində təşkil olunmuş görüşlərdə
iştirak etmişdir. Həftənin tədbirləri Səmərqənd
şəhərinə “Niyyət” filminin premyerası və bir
sıra görüşlərlə davam etmişdir.
Azərbaycan kinosu həftəsi
Özbəkistanın bütün kütləvi informasiya vasitələrində
təfsilatı ilə
işıqlandırılmışdır.
Aprelin 23-də “Özbəkkino”
Milli Agentliyində təşkil olunan brifinqdə Azərbaycan
kinosu həftəsinin yekunları KİV nümayəndələrinin
iştirakı ilə müzakirə olunmuş və bu əlaqələrin
gələcəkdə inkişaf etdirilməsi barədə təkliflər
söylənilmişdir.
Özbəkistanda Azərbaycan
kinematoqrafçılarına bir çox hədiyyələr
verilmişdir ki, onlar gələcəkdə Azərbaycan
Dövlət Film Fondunun Kino muzeyində “Özbəkistanda Azərbaycan
kinosu həftəsi” bölməsində sərgilənəcəkdir.
Azərbaycanda cavab tədbirin
bu ilin sentyabr-oktyabr aylarında keçirilməsi
planlaşdırılmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 30 aprel.- S. 8.