Azərbaycan Avrasiyada sivilizasiyalararası dialoqun mərkəzinə çevrilir

 

Prezident İlham ƏLİYEV: Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır

 

Tanrı Azərbaycan xalqına, ölkəmizə və dövlətimizə çox zəngin bir tale bəxt vermişdir. Təbii ki, ictimai-siyasi, rəsmi qəzetdə beynəlxalq sammitin materialları barədə yazı hazırlayarkən elə ilk abzasdaca mistik ifadələrə yer verilməsi məqbul sayıla bilməz. Yəni talenin, bəxtin öz auditoriyası vardır. Ancaq xalqımızdakı açıqürəkliliyi, milli və dini dözümlülüyü, ölkəmizin Şərqlə Qərb, Asiya ilə Avropa arasında körpü rolunu oynamasını, dövlətimizin hər iki dünyanın (Qərb-Şərq) ən mütərəqqi dəyərlərinə istinadən siyasi kurs götürməsini və bir çox başqa amilləri nəzərə alanda bəxtin üzümüzə güldüyü qənaətinə gəlirik. Məhz o səbəbdəndir ki, bu gün müstəqil Azərbaycan Avrasiyada bir neçə cəhətdən xüsusi əhəmiyyət kəsb edən ölkəyə çevrilir.

 

Bu gün Azərbaycan Şanxaydan Londona qədər uzanan dəmir yolu layihəsi ilə Şərqlə Qərbin iqtisadiyyatını bir-birinə qovuşdurur. Sivilizasiyalararası dialoqun təşkili ilə bəşər övladının böyük ehtiramla üz tutduğu ölkəyə çevrilirik. Dini dialoqun gücləndirilməsinə töhfə verəcək böyük beynəlxalq tədbirlər keçiririk. İslam dünyasının qüdrətli ölkələri sırasında özünə layiqli yer tutan Azərbaycanın paytaxtı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” kimi bir il dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Bu il aprelin 26-da isə Azərbaycanda dünyanın 33 ölkəsini təmsil edən 200 nəfərdən çox yüksək səviyyəli nümayəndənin iştirakı ilə dünya dini liderlərinin sammiti keçirildi. Bütün bunlar sivil, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu kursu götürmüş bir ölkə üçün tam təbiidir. Ancaq xalqımızın min illərdən bəri yaşatdığı regionda qonşuları və dünya xalqları ilə mehribancasına, sülh şəraitində, qarşılıqlı anlaşma, dözümlülük və faydalı əməkdaşlıq şəraitində yaşaması sırf milli nümunə kimi qəbul edilir. Təxminən son 150 ildə Azərbaycan xalqının bu keyfiyyətləri düşmənlərimiz və bədxahlarımız tərəfindən nisbətən pərdələnsə də son 15 ildə bu həqiqətlərin dünya tərəfindən məhz olduğu kimi qiymətləndirilməsinin şahidiyik. Bu gün Azərbaycan dövləti sivil dünyanın ən fəal subyektlərindən biri kimi, xalqımız isə mütərəqqi dünya ailəsinin layiqli üzvü kimi özünəməxsus imic qazanır. Dünya dini liderlərinin Bakı sammitinin iştirakçıları bu həqiqətləri dönə-dönə dilə gətirdilər.

Sammitdən dərhal sonra avropalı ekspertlər yazdılar ki, Azərbaycan növbəti dəfə region ölkələrini dəstəklədi. Rusiyalı ekspertlərin fikrincə, bu sammit Azərbaycan diplomatiyasının ən uğurlu nəticələrindən biri kimi yaddaşlara yazıldı. Türkiyədəki qardaşlarımızın mövqeyi isə daha maraqlı idi: “Bu sammitin uğurla başa çatacağı və Azərbaycana böyük səmərə gətirəcəyi əvvəlcədən məlum idi. Çünki cənab İlham Əliyevin dəstəyi ilə gerçəkləşdirilən istənilən layihənin uğurla nəticələnəcəyini hamı öncədən bilir”. Bilavasitə sammitin iştirakçısı olmuş Türkiyə Diyanət İşləri başqanı Əli Bardakoğlu isə belə bir sammitin təşkilinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edərək söylədi ki, “indi dünyanın sülhə ehtiyacı vardır. İndi həm də dinlə bağlı dolğun məlumatların insanlara çatdırılması vacibdir. Bu baxımdan din adamları insanların qəlbində sevgi və sayğı yaratmalıdırlar”. Sammit iştirakçılarının fikrincə, Azərbaycan bu istiqamətdə özünəməxsus addımlar atmış və böyük nailiyyətlər əldə etmişdir: Bakıda çoxsaylı məscidlərlə yanaşı, xristian dininin müxtəlif məzhəblərinin nümayəndələrinin ibadəti üçün kilsələr və yəhudi sinaqoqu fəaliyyət göstərir. Halbuki xristianlar və yəhudilər nəinki paytaxt əhalisinin, həm də ölkə əhalisinin çox cüzi bir hissəsini təşkil edirlər.

Sammitdən əvvəl, sammit çərçivəsində və ertəsi günü qonaqların Bakı, xalqımız, ölkəmizdə təşkil edilən beynəlxalq tədbir barədə çoxsaylı ürək sözlərini eşitdik. Hamısı səmimi və ürəkdən gələn fikirlər idi. Ancaq Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışı regionun kütləvi informasiya vasitələri tərəfindən daha böyük maraqla qarşılanmışdır: “Dünya dini liderlərinin Bakı sammiti çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfələr verən mötəbər beynəlxalq tədbirlər keçirilir... Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq... Bu, bizim üçün böyük şərəfdir”.

Moskva və Bütün Rusiyanın patriarxı Kirillin çıxışı, sammitə böyük dəstək verən Prezident İlham Əliyevə və tədbirə ev sahibliyi edən Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığı, natiqin müasir zamana verdiyi qiymət, eləcə də din-cəmiyyət, din-siyasət məsələlərinə münasibəti çox maraqla qarşılanırdı: “Bəşər sivilizasiyasının üzləşdiyi problemlərlə bağlı diskussiyalarımız artıq ənənəvi hal alır. Bu, onun hesabına mümkün olur ki, dindarlar arasında düşmənçilik toxumu səpmək cəhdlərinə baxmayaraq, dini liderlər dialoq aparılması üçün xoş məramlarını qoruyub saxlayırlar”. Kirillin fikrincə, Azərbaycanın bu qəbildən olan möhtəşəm beynəlxalq tədbiri təşkil etməsi, 33 ölkədən dini liderlərin dəvət olunması və hər kəsin öz ürək sözlərini söyləməsinə şərait yaradılması bu ölkənin xoş məramından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev “ümid etmək istəyirəm ki, gələcəkdə də Bakıda, Azərbaycanda belə mötəbər tədbirlər keçiriləcək və Bakı haqlı olaraq dünya dinlərinin dialoqu, inkişafı üçün dünya mərkəzlərindən birinə çevriləcək”– deyə ölkəmizin xoş məramını bir daha təsdiqləmişdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 30 aprel.- S. 5.