Böyük qayıdış və ədalətin təntənəsi

 

Müstəqilliyin ilk illərində Azərbaycanda ictimai xaos və siyasi anarxiya hökm sürürdü. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət olunması ideyasının aktuallaşması və ictimai rəyin ifadəsinə çevrilməsi də məhz həmin şəraitin – anarxiya və xaos dövrünün məntiqi nəticəsi kimi ortaya çıxdı. Cəmiyyətdə belə bir qəti fikir formalaşdı ki, respublikadakı özbaşınalığa, qanunların kobud şəkildə tapdalanmasına yalnız Heydər Əliyev son qoya bilər. Sonrakı hadisələr də bu qənaətin kifayət qədər məntiqli olduğunu təsdiqlədi. Heydər Əliyevin müasir Azərbaycan tarixində milli dövlətçiliyimizin konseptual inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, mənəvi dəyərlərimizə və dünya təcrübəsinə əsaslanan idarəetmə sisteminin yaranmasında oynadığı müstəsna rol ən yaxın tariximizin parlaq bir səhifəsini təşkil edir.

 

Zəngin dövlətçilik təcrübəsinə, unikal fundamental biliklərə və heyrət doğuran hafizəyə malik bir insan həm sovet dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi on il ərzində cəmiyyəti öz xarizması ətrafında birləşdirərək qısa vaxt ərzində böyük tarixi nailiyyətlərə imza atmağa müvəffəq olmuşdur.

Heydər Əliyev müstəqil Azərbaycanda dövlətçiliyin sosial və siyasi əsaslarının möhkəmləndirilməsində, respublikanı dünyanın ən qüdrətli dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsinə aparan çətin, lakin şərəfli yolun əsasını qoydu. Bu böyük şəxsiyyətin həyat və sağlamlığı bahasına qurduğu müstəqil Azərbaycan dövləti bu gün aparıcı ölkələrin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır. İndi Cənubi Qafqazda hökm sürməkdə olan regional sabitliyi və təhlükəsizliyi Azərbaycansız təsəvvür etmək mümkün deyildir və Heydər Əliyevin fundamental elmi əsaslara söykənən siyasi kursu respublikamızın belə bir səviyyəyə gəlib çatmasını şərtləndirən ən vacib amil kimi çıxış etmişdir.

Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda davamlı siyasi sabitlik yaranmış, ictimai həyatın bütün sahələrində özünü göstərən kütləvi böhrana son qoyulmuşdur. İqtisadiyyatda dönüş mərhələsi başlamış, cəmiyyətin ümumi mənafeləri sistemini nəzərə alan siyasi idarəetmə metodları formalaşmışdır. Qazanılmış bu nailiyyətlər Heydər Əliyevin dərin siyasi təcrübəsinin və fitri istedadının harmoniyasından doğan tarixi reallıq kimi qiymətləndirilməyə layiqdir. Azərbaycan dövlətinin sosail-iqtisadi, tarixi-siyasi əsasları məhz bu təkrarsız harmoniyaya əsaslanmışdır.

Heydər Əliyevin 90-cı illərin əvvəllərində yaratdığı ictimai-siyasi sabitlik milli dövlət quruculuğu prosesinin daha uğurlu formada həyata keçirilməsinə, iqtisadi sahədə böhranın aradan qaldırılmasına imkan yaratdı. Qısa vaxt ərzində yeni iqtisadi münasibətlər sisteminin bərqərar edilməsi mümkün oldu ki, bu da nəticə etibarilə həm cəmiyyətin sosial yaşayış şəraitinin yaxşılaşdırılmasına, həm də ölkənin iqtisadi qüdrətinin artırılmasına gətirib çıxardı.

Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqının dövlətçilik tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Ümummilli liderimizin həyata keçirdiyi dövlətçilik siyasəti cəmiyyətin həyatının bütün sahələrində dönüş yarada bildi. Bu siyasət milli dövlətçiliyin etibarlı sütunlarını yaratmaq məqsədinə xidmət etmişdir. Heydər Əliyev müstəqil Azərbaycanın həm iqtisadi inkişaf prinsiplərini, həm də beynəlxalq münasibətlər sistemində yerini müəyyən edən vahid dövlətçilik konsepsiyasını irəli sürərək olduqca mürəkkəb bir siyasi mərhələdə cəmiyyəti ümumi maraqlar ətrafında səfərbər edə bildi.

Heç şübhəsiz ki, böyük rəhbərimizin müvəffəq olduğu bu uğurların arxasında bir çox mühüm amillər dayanmışdı. Heydər Əliyev ilk növbədə xarizmatik lider idi. Onun siyasi nüfuzu cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirməyə imkan verirdi. Biz 90-cı illərin əvvəllərində dəfələrlə bunun şahidi olmuşuq. 1993-cü ilin iyun hadisələri, 1994-cü və 1995-ci illərdə baş vermiş dövlət çevrilişi cəhdlərinin qarşısının müdrikliklə alınması,xalqın bu hadisələr zamanı böyük həmrəylik göstərməsi Heydər Əliyevin nə qədər nüfuzlu olduğunu bir daha sübut etmişdir. Prezidentin bir çağırışı ilə milyonlarla insan dövlətçiliyin müdafiəsinə qalxdı, öz ölkəsinin tarixi mənafelərinin tapdalanmasına yol vermədi.

Əlbəttə ki, cəmiyyətin həmin dövrlərdə nümayiş etdirdiyi bu həmrəyliyin arxasında, ilk növbədə, öz liderinə dərin inam hissi dururdu.

Heydər Əliyevin digər qeyri-adi keyfiyyəti bütün sahələr haqqında dərin biliyə malik olması ilə bağlıdır. Əslində, bu nadir şəxsiyyətin xarizması da məhz ictimai həyatın bütün sahələri haqqında zəngin məlumatlılığından irəli gəlirdi. O, iqtisadiyyatdan, siyasətdən, mədəniyyətdən, tarixdən, elmdən danışanda əsl mütəxəssis təəssüratı bağışlayırdı və bu keyfiyyəti, şübhəsiz ki, hər kəsdə heyranlıq doğurmaya bilməzdi.

Heydər Əliyev əsl vətənpərvər idi. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, – deyən ümummilli liderimiz həyatının son dəqiqələrinə qədər Azərbaycan xalqının milli mənafelərinin müdafiəsi uğrunda mübarizə apardı və bu mübarizə onun adını tarixi bir şəxsiyyət kimi xalqın yaddaşına yazdı. Heydər Əliyevin apardığı mübarizə, əslində, bütün Azərbaycan xalqının azadlıq və istiqlaliyyət mübarizəsinin şanlı mərhələlərindən birini təşkil edir.

Bütün bunlar bizə tam əminliklə söyləməyə imkan verir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 il respublikanın tarixində inkişaf və tərəqqi mərhələsi kimi yadda qalmışdır. Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra bir çox iqtisadi və sosial azadlıqları özündə ehtiva edən və mükəmməl idarəçilik sisteminə malik respublika modeli yaratmışdı. Onun 1993-cü ildən sonra həyata keçirdiyi islahatların nəticələri müstəqil Azərbaycan dövlətinin iqtisadi və ideoloji təməlini təşkil edir.

Ümummilli lider Heydər Əliyev həqiqətən də öz xalqının tarixi mənafelərini qorumağa, onun ən ali hüquqlarının təminatçısı kimi hər bir situasiyada öz imkanlarından istifadə etməyə qadir bir siyasi xadim olmuşdur. Belə faktlar tarixdə kifayət qədərdir və onların hər biri, heç şübhəsiz ki, bu böyük şəxsiyyətin siyasi uzaqgörənliyinin nəticəsi kimi qiymətləndirilməlidir. Ümummilli liderimizin Azərbaycan tarixinin ən həlledici və çətin mərhələlərində nümayiş etdirdiyi prinsipiallıq Azərbaycanın tarixi milli mənafelərinin təmin edilməsinə yönəlmiş böyük bir siyasi mübarizənin təzahürü idi.

Məhz bu mübarizə ölkəmizi regionun ən qüdrətli dövlətinə çevirmişdir. Bütün bunlar, əlbəttə ki, asan başa gəlməmişdir. Çünki yenicə müstəqillik qazanmış bu ölkədə bu qədər böyük uğurlar qazanmaq, sözün həqiqi mənasında, yüksək əzmkarlıq, uzaqgörənlik tələb edirdi və Prezident Heydər Əliyev bir dövlət xadimi kimi bu yüksək keyfiyyətləri öz şəxsində birləşdirməyi bacarırdı. Onun hər bir addımı, həyata keçirdiyi hər bir islahat Azərbaycanın ümumi iqtisadi inkişafına və sosial rifahına xidmət etmişdir. Elə buna görə də Azərbaycan bu gün MDB məkanında ümumdaxili məhsulun artım sürətinə görə bütün respublikaları qabaqlayır, ölkəyə qoyulan investisiyaların miqdarı milyard dollarla ölçülür.

Heydər Əliyev Azərbaycanda özəl iqtisadi münasibətlər sisteminin formalaşmasının əsasını qoymaqla yeni iqtisadi inkişaf modeli yaratdı. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatması məhz onun dövlətçilik təcrübəsinin və qətiyyətinin nəticəsi kimi qiymətləndirilməyə layiqdir. Ümummilli liderimiz həmişə sahibkarları himayə edir, onların daha sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılmasına çalışırdı. Azərbaycanda sahibkarlar təbəqəsinin yaranması və uğurla fəaliyyət göstərməsi məhz Heydər Əliyevin tarixi xidmətlərindən biri kimi xarakterizə edilə bilər.

Bu günlərdə xalqımız ümummilli liderin hakimiyyətə qayıdışının 17-ci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etməkdədir. Heydər Əliyevin özü bizimlə olmasa da, onun böyük ideyaları həmişəyaşarlıq hüququ qazanmışdır. Ən əsası isə odur ki, bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin bu ideyaların həyata keçirilməsi və Heydər Əliyev yolunun davam etdirilməsi istiqamətində fəaliyyətini qətiyyətlə dəstəkləyir. Bu həmrəylik və birlik həm də Heydər Əliyevin ruhuna böyük ehtiramın ən mükəmməl ifadəsidir.

 

 

Budaq BUDAQOV,

AMEA Coğrafiya İnstitutunun

direktoru, akademik

 

Xalq qəzeti.- 2010.- 30 aprel.- S. 5.