Vətən sağ olsun!
Milli Qəhrəmanın son
vəsiyyəti: "Şəhid olsam,
ağlamayın"
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik. Mənim üçün
bol-bol dua edin. Vətənin dar
günündə artıq ürəyim dözmür.
Allah xatirinə bunu
etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu
şərəfsizlərin üzərinə gedəcəyəm.
Şəhid olsam, ağlamayın. Əksinə,
sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə
verin. Seyid nəvəsi
olaraq bunu etməliyəm.
Allah böyükdür.
Vətən sağ olsun.
Haqqınızı halal edin.
Oğlunuz Mübariz.
" Gizir Mübariz İbrahimovun son məktubundan.
Darvazanın üzərində dalğalanan üçrəngli bayraq uzaqdan görünürdü. Evin
həyətində isə solda şəkillərdən
ibarət stendin kənarında boks əlcəkləri
asılmışdı. "Bu
qardaşımın əlcəkləridir. Həmişə bunlarla məşq edərdi. O turnik
də onundur. Vaxt
vardı, birlikdə idman edərdik."-deyə
Milli qəhrəman Mübariz
İbrahimovun qardaşı Bəhruz İbrahimov həyətdəki turniki
və əlcəkləri göstərdi. Qardaş
itkisi ilə barışmaması gözlərindən
və baxışlarından oxunurdu. Ancaq buna baxmayaraq, Mübarizin şəhidliyi İbrahimovlar
ailəsini nə qədər üzürsə, o qədər də Mübarizin
Vətən sevgisi və qəhrəmanlığı
ilə qürur duyurlar.
İndi təkcə Biləsuvarın Əliabad
kəndi deyil, bütün
ölkə gəncləri Mübariz İbrahimovun vətənpərvərliyindən
danışır, şəhid ailəsinə, Milli
qəhrəmanın valideynlərinə ziyarətə gəlirlər.
Biz də xanım jurnalistlər olaraq onun ailəsinə baş çəkdik, Mübarizin
iyirmi iki illik qısa və qaynar həyat
yolunu yaxınlarının dilindən eşitdik.... İyirmi iki yaşı vardı Mübarizin.
Hələ ömrünün ən xoş anları qabaqda idi. Ancaq o,
hərbi peşəni seçdi. Hamısı da lənətə
gəlmiş müharibənin yüzlərcə
günahsız insanı evsiz-eşiksiz
qoyması, Qarabağın illərdir ki, yad tapdaq altında
qalmasına görə idi. Çünki o bilirdi ki, səngərdə
gecə-gündüz üzərində gəzdiyimiz
torpağı qorumaq kimi
ən şərəfli vəzifə ancaq
onun kimi gənclərin
üzərinə düşür. 2007-ci
ildə Daxili Qoşunlarda
əsgəri xidmətini çavuş
rütbəsi ilə başa vurub. Bir müddət
işləsə də, hərbiyə olan
sevgisi onun yenidən əsgər
forması geyinməsinə səbəb olub.
Könüllü ərizəsi ilə
yenidən gizir olaraq Milli Orduda xidmətinə davam edib. O, öz qəhrəmanlıq nümunəsi və
mübarizliyi ilə Azərbaycan gənclərini,
sözün əsl və məcazi mənasında
silkələdi və canımız-qanımızla borclu olduğumuz VƏTƏN
sözünü bir daha onların yadına saldı.
"Məzlumun dostu, zalımın
düşməniyəm"
Yaxınları deyir
ki, Mübariz utancaq, az danışan,
ürəyiyumşaq, Vətəni sevən və Tanrıya
bağlı gənc olub. Həmişə
ehtiyacı olanlara yardım etməyi, onlara dayaq olmağı həyatının
prinsipi seçib.
" Mübariz
çalışırdı ki, haqqın
tərəfində dursun. Görürdün
ki, kimsə dalaşır, kimisə
döyürlər, ona pis
təsir edirdi, köməksizləri
müdafiə edirdi. Bir
ifadəni tez-tez işlədirdi. Mən məzlumun
dostu, zalımın düşməniyəm.
Bizə də bunu məsləhət görürdü. "-qardaşı Bəhruz
əlavə etdi. Məktəbə birinci sinifə getdiyi gün "Azərbaycan əsgəri" hərbi
marşına oynaması və atasını da
rəqs etməyə dəvət etməsi hələ də
müəllimlərin xatirindədir. Müəlliməsi
Bəsirə Rüstəmova deyir ki, bir dəfə hərbi
formaya bənzər bir
paltar geyinməsi "baxın, əsgər
formasıdır"-deyib uşaqcasına qürurlanması kimi epizodlar bəlkə də
elə o vaxtdan qəhrəmanlığa
gedən yolun başlanğıcı imiş.
Ölümündən 15 gün
öncə....
Valideynləri Mübarizi sonuncu dəfə evə məzuniyyətə gələrkən görüblər. Şamama ana deyir ki, evin sonbeşiyi olan üçüncü oğlunun atası ilə söhbəti bir qədər fərqli olub. Oğlunun hərbi sahədə xidmət həvəsini görən Ağakərim kişinin oğluna-"Üç oğlum var, birini də Vətənə fəda edirəm"-deməsi Mübarizin atasından almaq arzusunda olduğu ən böyük halallıq idi. Arabir gözlərini yerə dikən Şamama ananın sözlərinə görə, hətta oğlu atasının bu sözlərini telefonun yaddaşına da köçürüb. " Həmin an sevinirdi, halallıq alandan sonra atasının boynunu qucaqlayıb üzündən öpdü.
Gizir
yoldaşlarından biri gəlmişdi, onun xidmətdə əsgərlərə
qayğısından söhbət açırdı. Hətta
o deyirdi ki, Mübariz
maaşından əsgərlərə də verir."-əmisi
titrək səslə əlavə etdi. Evlənməkdən
söhbət düşəndə bunları deyirmiş:
" Evlənməyəcəm. Mənim yolum
başqadır". Görünür, o, ürəyini ancaq adi bir
sevgiyə kölə edənlərdən deyildi,
onun qəlbi daha böyük sevgi üçün çırpınırdı
və o yolda da söndü.. Məzuniyyətdən
qayıdanda Şamama ana
oğlunun arxasınca bir
parç su atıb, oğlu isə etiraz edib: "Mübarizimin
dalınca su atmaq istədim.
O isə diqqətlə üzümə baxdı və dedi ki, atma,
ana, onsuz da qayıtmayacam. Elə bil
gün keçdikcə dediyi
sözlər daha çox
yadıma düşür."-Başı
yaylıqlı şəhid anası kövrəldi...
Son zəng, son vəsiyyət
Sonuncu dəfə Mübariz valideynləri ilə iyun ayının 17-də hal-əhval tutub. Öz istəklərini söyləyib: "Mənin üçün bol-bol dua edin, namazlarınızı vaxtında qılın, sədəqə verin, qardaşlarımı evləndirin..." Bu istəklərdən baş açmayan Şamama ana hər şeyi sonradan başa düşüb. Sən demə, bu Mübarizin son vəsiyyətləri imiş. Milli Ordumuzun giziri Mübariz İbrahimov ötən ayın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən bir neçə erməni hərbçisini təkbaşına məhv edib, sonra özü şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mübarizə ölümündən sonra "Milli Qəhrəman" adı verilib və doğulduğu rayonda onun adının küçə və məktəbə verilməsi qərara alınıb. Şəhidin ölümündən öncə yazdığı və gənclər arasında böyük əks-səda yaradan, çoxlarını duyğulandıran məktub indi valideynlərin tək təsəllisidir. Həyətin sol küncündə stendə yapışdırılmış şəklin hər biri Mübariz haqqında ayrı təəssürat oyadır, Mübariz güclüdür, özünəinamlıdır, qəzəblidir, humanistdir, ən əsası yurdu erməni tapdağı altında qalması ilə barışmayan və bunun üçün üzərinə düşən vəzifəni , son missiyasını peşəkarcasına başa vuran bir gəncdir. İndi Əliabad kəndinə dəstə-dəstə insanlar, ən çox da gənclər axışıb gəlir. Onun səmimi, ürək ağrısı ilə yazdığı məktubundakı fikirlər dillərdə dolaşır, şəhidliyə qovuşduqdan sonra Mübarizin gənc kimi xarakteri, cəsarəti daha aydın görünür. Mübarizin ən böyük arzusu idmanda, ya da hərbidə Azərbaycanın üçrəngli bayrağını yüksəltmək idi. Ailəyə başsağlığı verib Əliabadı tərk edirik, qeyri-ixtiyari olaraq darvazadan asılmış bayrağımızdan gözümü çəkə bilmirəm. Havanın isti olmasına baxmayaraq, həyətdə dalğalanan bayraq sanki Mübariz İbrahimovun bu arzusunu yerinə yetirirdi...
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 1 avqust.- S. 5.