2 avqust
Milli Kino günüdür
Azərbaycan kinosu inkişaf
dövrünü yaşayır
Milli kinomuzun 109 yaşı tamam olur. 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı
sübut olundu. Həmin il avqustun 2-də Anton Mişonun
çəkdiyi ilk film - "Balaxanıda neft fontanı" Bakıda nümayiş etdirilmişdi. Müsahibimiz kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə milli kinomuzun dünəni, bu günü və sabahı ilə bağlı məlumat verərək vurğuladı ki, bu sahənin sonrakı inkişafında dahi bəstəkarımız Ü.Hacıbəyovun həyat və yaradıcılığının böyük rolu olmuşdur. Onun əsərləri dəfələrlə ekranlaşdırılmış, hələ kinomuzun ayaq tutmağa başladığı illərdə bu əsərlərə müraciət olunmuşdur.
1916-cı ildə bəstəkarın "Arşın mal alan" operettası ekranlaşdırılmış və 1917-ci il yanvarın 3-də "Forum" kinoteatrında nümayiş olunmuşdur. Bu, Üzeyir bəy yaradıcılığına Azərbaycan kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş "Arşın mal alan" isə ilk milli filmimizdir ki, SSRİ dövründə Dövlət mükafatına layiq görülüb. Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun" (1956), "Leyli və Məcnun" operası ekranlaşdırıldı. Sonra isə yazıçı Anarın öz ssenarisi əsasında çəkdiyi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən "Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları" filmi Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə çevrildi.
- Müstəqil milli
kinomuz nə vaxtdan formalaşmağa başladı?
-Müstəqil Azərbaycanın kino sənəti 1993-cü ildən
formalaşmağa başladı.
Həmin
illərdə incəsənətin
bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə
üzləşmişdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə incəsənətə
olan diqqət artırıldı. Milli
kinematoqrafiyanın qazandığı
ən mühüm uğurlardan biri "Kino haqqında Qanun"un qəbul edilməsi oldu. Bununla dövlət kinematoqrafın
hüquqi bazasını
yaratmış oldu.
Qeyd edək ki, MDB ölkələri arasında
Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun
qəbul edilib.
Azərbaycanda kino çəkilişlərinə
dövlətin qoyduğu
vəsait ilbəil artırılır. Belə
ki, bu sahəyə
2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə
1 milyon 400 min, 2006-cı ildə
2 milyon, 2007-ci ildə
isə 3 milyon 300 min manat vəsait ayrılmışdır. Bu vəsaitə
uyğun olaraq əvvəllər 3-4 ildə
cəmi 1-2 bədii
film çəkilirdisə və
ya heç çəkilmirdisə, son 5-6 il
ərzində "Ovsunçu",
"Hacı Qara",
"Küçələrə su səpmişəm",
"Arxada qalmış
gələcək", "Girov", "Əlvida, Cənub şəhəri",
"Cavid ömrü",
"Hökmdarın taleyi",
"Manifest", "Biz qayıdacağıq"
kimi 15 bədii film, habelə bir neçə sənədli
və cizgi filmləri çəkilmişdir.
Bu inkişaf 1990-cı illərin əvvəllərində
bəzi bədxahlarımızın
Azərbaycan kinosunun getdikcə məhv olacağı barədə
fikirlərini tamamilə
alt-üst etdi. Bütün sahələrdə olduğu
kimi, kinoda da durğunluq dövrü aradan qaldırıldı. Göründüyü kimi, hazırda bu sahəyə dövlət qayğısı
sayəsində milli kinomuz inkişaf dövrünü yaşayır.
- Azərbaycan kinosunun
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində dövlətimiz
nə kimi tədbirlər həyata keçirir?
- 2007-ci il fevralın 20-də Prezident
İlham Əliyev
"Azərbaycanda kino
sənətinin inkişaf
etdirilməsi haqqında"
sərəncam imzaladı.
Bu sərəncam kinomuzun
maddi-texniki bazasının
möhkəmləndirilməsinə yeni bir təkan
verdi. Etiraf etmək
lazımdır ki, hələ respublikamızda
kinonun maddi-texniki bazası aşağı səviyyədədir. 1976-cı
ildə ulu öndərimiz Heydər Əliyev "Kino sənətinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi haqqında" sərəncam
imzalamışdı. Bu
sərəncama əsasən
o zaman valyuta hesabına kino avadanlıqları alındı
və hazırda kinostudiyada istifadə olunan avadanlıqlar o dövrdə alınanlardır.
Prezident İlham Əliyevin
imzaladığı sərəncamda
isə kino sahəsində məsələlərin
həlli kompleks şəkildə qoyulur.
Yəni kinostudiyanın binasının
ən müasir tələblərə cavab
verən formada yenidən qurulması, ən yeni texniki
avadanlıqlarla təchiz
edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər bu kimi
mühüm məsələlər
həmin sənəddə
öz əksini tapmışdır. Bundan sonra
xarici kinorejissorların
respublikamızda kino çəkilişləri aparmaları
və digər məsələlər öz
həllini tapacaqdır.
1996-cı ildə Azərbaycan Dövlət
Film Fondu yaradıldı.
Hazırda bu fondda 10 mindən artıq milli və xarici
filmlər saxlanır.
Həmin
filmlərin yüksək
səviyyədə qorunmasını
təmin etmək məqsədilə Dövlət
Film Fondu üçün
dünya standartlarına
cavab verən 5 mərtəbəli bina inşa edildi.
- Kino sahəsində kadr
məsələsi hansı
səviyyədədir?
- SSRİ-nin dağılması
ilə əlaqədar
kino sahəsində kadrlar dağılmış,
pərən-pərən düşmüşdülər.
Respublikamızda, eyni zamanda dünyanın ən məşhur ölkələrinin
inkişaf etmiş kinematoqrafiyalarında milli
kadrların hazırlanması
məsələsi prezidentin
sərəncamında öz
əksini tapmışdır.
Yerli və xarici
filmlərin yüksək
səviyyədə nümayiş
etdirilməsi üçün
kinoteatrların dünya
standartlarına uyğun
yenidən qurulması
əsas vəzifə kimi qarşıya qoyulmuşdur. "Nizami" kinoteatrı yalnız kinoteatr kimi deyil, həm
də tarixi abidə kimi qorunduğu üçün
o, ən müasir tələblərə cavab
verən formada yenidən bərpa ediləcək, ən müasir texniki avadanlıqlarla təchiz olunacaqdır. Hazırda
bu istiqamətdə qızğın iş gedir. Bununla yanaşı, paytaxtda
olan bir sıra kinoteatrlar da təmir edilərək
tamaşaçıların ixtiyarına veriləcəkdir.
- Milli kinomuz hansı problemlərlə
yaşayır?
-Milli kino sahəsində əsas çətinliklərimizdən biri satış məsələsidir. Yəni çəkilən
filmlərimizi dünya
ekranlarına çıxararaq
nümayiş etdirmək
imkanlarımız məhduddur.
Bu məsələni həll etmək məqsədilə Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin Kino şöbəsi filmlərin
çəkilişlərinin və nümayişinin prodüser mərkəzlərinə
həvalə edilməsi
ilə bağlı layihə hazırlayıb həyata keçirmək üzrədir.
Kino sahəsində əsas problemlərimizdən
biri də dublyaj işi ilə bağlıdır.
Tamaşaçılar dublyajın çox
aşağı səviyyədə
olduğunu görürlər.
Ona görə də dublyajın mərkəzləşdirilmiş
qaydada və ixtisaslı kadrlar tərəfindən həyata
keçirilməsi məsələsi
gündəmdədir.
Digər problem isə prokat
məsələsidir. Çəkilən filmlərin prokatı
yoxdur. Yəni milli və xaricdən alınan filmlər kinoteatrlarda və lisenziyası olan telekanallar vasitəsilə nümayiş
etdirilməlidir. Lakin hazırda
həmin filmlər piratçılıq yolu ilə əldə edilərək evlərdə
baxıldığına görə
kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda pirat filmlərin baxılmasına
da qadağa qoyulub.
- 2 avqust - Kino gününə
hansı ovqatla gedirsiniz?
Biz kino işçiləri
ürəkdən inanırıq
ki, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında
ölkəmizin ümumi
iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait
yaradacaq, Azərbaycan kinosu layiq olduğu
yüksək sənət
zirvələrinə ucaladaqdır.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq
qəzeti.- 2010.- 1 avqust.- S. 5.