Lerik: sürətli tərəqqinin yeni mərhələsi
Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görürük.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Qədim tarixə malik olan Lerik
rayonu Talış dağlarının əhatəsindədir.
Cənub və cənub-qərbdə
Yardımlı, şimal-şərqdə Masallı, şərqdə
Lənkəran, cənub-şərqdə Astara
rayonları ilə həmsərhəddir. İran
İslam Respublikası ilə sərhəd
boyu Talış dağ
silsiləsi, bundan şimalda
Peştəsər və Burovar dağ silsilələri uzanır. Rayon ərazisi əsasən dağlıq və
dağətəyi olduğu üçün çətin relyefə malikdir. Hazırda rayonda
75,8 min nəfər əhali
yaşayır.
Azərbaycanın dilbər guşələrindən
biri olan Lerik rayonu özünün zəngin flora və
faunası, qədim tarixi-arxeoloji abidələri, əsrarəngiz
təbii iqlim şəraiti və uzunömürlü
insanları ilə hələ XIX əsrin əvvəllərindən
xarici səyyahların və alimlərin diqqətini cəlb
etmişdir. XIX əsrin alman botanik alimi F.Qoqenhager,
tanınmış fransız yazıçısı Aleksandr
Düma, məşhur fransız səyyahı Jak De Morqan,
görkəmli rus şərqşünası B.V.Miller,
folklorşünas və etnoqraf alim Teymurbəy Bayraməlibəyov
bu qədim diyarda elmi-tədqiqat işləri aparmışlar.
Müasir tariximizdə Lerikin
inkişafı və tərəqqisi ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərimizin
diqqət və qayğısı sayəsində hələ
ötən əsrin 70-ci illərindən bu inkişafın
uğurlu təməli qoyuldu. Lerikdə neçə-neçə
təhsil və mədəniyyət müəssisəsi, səhiyyə
ocağı, inzibati və yaşayış binası tikilib
xalqın istifadəsinə verildi.
Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra onun uzaqgörən siyasəti nəticəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycan dövləti və dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi. Cəbhə xəttində atəşkəsə nail olduqdan sonra nəhəng dünya dövlətlərinin iştirakı ilə xalqımızın bu günü və gələcəyinin etibarlı təminatçısı rolunu oynayan "Əsrin müqaviləsi" imzalandı, Azərbaycan çiçəklənmə dövrünə qədəm qoydu. Neft sektoru ilə yanaşı digər sahələrin inkişafına investisiyalar qoyulmağa başladı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın firavan və xoşbəxt gələcəyinə hesablanan siyasət dövlət başçısı möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra edilərək regionların tarazlı inkişafına, işsizliyin aradan qaldırılmasına nail olundu. Bu inkişaf Lerikdə də qabarıq hiss olunur.
Regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramı rayonda uğurla həyata keçirildi. Dövlət Proqramının icrası nəticəsində Lerikdə 4557 yeni iş yeri yaradıldı. Son illər rayona yolu düşməyən leriklilər indi gəlib bu inkişafı görəndə "Leriki tanımaq olmur" fikrini tez-tez təkrar edirlər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ucqar dağlıq rayona səfər etmiş ilk dövlət başçısıdır. Prezident İlham Əliyevin Lerik rayonuna səfərləri leriklilərin yaddaşında silinməz izlər qoyub.
Lənkəran-Lerik magistral yolunun yenidən tikilərək tam asfaltlaşdırılması, Lerikin tarixində ilk dəfə olaraq rayon mərkəzinə təbii qaz kəmərinin çəkilişi həmin səfərlərin tarixi anlarıdır. Artıq dördüncü ildir ki, Lerik şəhərində yaşayan 1321 ailənin yaşadığı mənzillərdə mavi yanacaq şölələnir. Bu, rayonumuzun təbii sərvəti olan meşələrimizin qırılmasının qarşısını almaqla yanaşı, ekologiyanın qorunmasına da xidmət edir.
Uzun illər qəsəbə statusu daşıyan Lerikin rayon mərkəzinə Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamla şəhər statusu verilməsi və bu gün dağların qoynunda müasir şəhərsalma normalarına uyğun olaraq tikinti-quruculuq işlərinin davam etdirilməsi əhali tərəfindən rəğbətlə qarşılanır. Bu, həm də hələ sovet dönəmində ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində "dağların ağ şəhəri"nə çevrilən Lerikin inkişafına ulu öndərin qayğısının davamı, leriklilərə məhəbbətin bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2010-cu il iyunun 25-də Lerikə üçüncü tarixi səfər edərək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, yenidən qurulmuş Heydər Əliyev meydanı ilə tanış oldu. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və digər tarixi sənədlərlə zəngin olan yeni tikilmiş Heydər Əliyev Mərkəzinin, "Uzunömürlülər" muzeyinin açılışında iştirak etdi, əsaslı təmir edilmiş 90 çarpayılıq mərkəzi rayon xəstəxanası və mədəniyyət evinə baxış keçirdi, Qarabağ döyüşlərində şəhid olmuş leriklilərin xatirəsinə ucaldılmış "Şəhidlər" abidə kompleksinin önünə gül dəstəsi qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dahi Heydər Əliyevin adını daşıyan meydan 8200 kvadratmetr sahəni əhatə edir. Meydan yenidən qurulmuş, burada fəvvarə və işıqlandırma sistemi quraşdırılmışdır. 35 metrlik qüllə üzərində dalğalanan Azərbaycanın dövlət bayrağını şəhərin bütün məhəllələrindən seyr etmək mümkündür. Yaradılmış şəraitin nəticəsidir ki, hər axşam ailələr gecədən xeyli keçənədək buraya istirahətə gəlir, gəzintiyə çıxırlar. Fəvvarələrin şırıltısı, dağ sərinliyi, parlaq işıqlar Lerikin gecələrini daha da əsrarəngiz edir.
Prezident İlham Əliyev Lerikə səfəri zamanı çıxışında uzunömürlülər diyarının fiziki cəhətdən həmişə sağlam olan sakinlərinə xəstəxananın lazım olmadığını zarafatla qeyd etsə də, əsaslı təmir edildikdən sonra hər cür müasir tibbi avadanlıqlarla təmin olunmuş 90 çarpayılıq xəstəxana binasında görülən işləri bəyənmiş, burada yaradılan şəraitdən razılığını bildirmişdir.
Səhiyyə ocağı ultrasəsli müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları, ümumi və biokimyəvi laboratoriya ilə, bir sözlə, rayon sakinlərinin müalicə və müayinəsindən ötrü lazımi şəraitlə təmin edilmişdir. Mərkəzi xəstəxananın həkim və tibb işçiləri müasir binada Prezidentin verdiyi tapşırıq və tövsiyələri yerinə yetirmək üçün, əhalinin sağlamlığının qorunmasından ötrü bilik və bacarıqlarını əsirgəmirlər.
Lerik şəhərinin simasına gözəllik gətirən binalardan biri də Heydər Əliyev Mərkəzidir. Binanın ümumi sahəsi 420 kvadratmetrdir. Burada ulu öndərin həyatını əks etdirən eksponatlar, şəxsi arxivindən götürülmüş sənədlər və fotoşəkillər toplanmışdır. Mərkəzin kitabxanasında ulu öndər haqqında dəyərli kitablar saxlanılır. İnternetə qoşulmuş kompyuterlərlə təmin edilmiş mərkəzdə ümummilli liderin həyatına dair filmləri nümayiş etdirmək üçün monitor quraşdırılmışdır. Buradakı eksponatlardan bir daha aydın olur ki, Azərbaycan tarixinin böyük bir dövrü, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində müşahidə olunan dirçəliş məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün mənalı həyatını xalqına həsr edən və bununla qürur duyduğunu dəfələrlə bildirən Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.
Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində yeni yaradılmış mərkəzin xüsusi rolu olacaqdır. Mərkəzin səmərəli fəaliyyəti lerikli gənclərin bu dəyərli irsdən yararlanmasına xidmət edəcəkdir.
Azərbaycanda digər sahələr kimi mədəniyyət sahəsinə də yüksək dövlət qayğısı göstərilir. Ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən mühüm layihələr bütün dünyada böyük rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, Azərbaycan bir sıra mötəbər beynəlxalq mədəni tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Mövcud mədəniyyət obyektlərinin əsaslı təmiri və yenilərinin tikilməsi dövlətin bu sahəyə verdiyi diqqəti bir daha nümayiş etdirir. Tarixi abidələrə və mədəniyyət ocaqlarına dövlətin diqqət və qayğısının artırılması Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir. Lerik şəhərinin mərkəzində yerləşən rayon mədəniyyət evi ötən əsrin 70-ci illərində tikilmişdi. Bina müasir tələblərə cavab vermirdi, əsaslı təmirə ehtiyacı vardı. Ölkə başçısının tapşırığı ilə ötən il binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. İyunun 25-də möhtərəm Prezident rayon mədəniyyət evinə də baxış keçirdi. Burada rayonun bugünkü dinamik inkişafını, tarixi keçmişini, məişətini, turizm və istehsal potensialını əks etdirən sərgi ilə tanış oldu.
Dövlət başçısı Lerikə ilk səfəri zamanı demişdi: "Lerik rayonunun çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan səmərəli istifadə etməliyik". Prezidentin bu tövsiyəsi ötən 4 il ərzində diqqət mərkəzində olmuş, yeni istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilmişdir. Lənkəran-Lerik magistralı boyunca füsunkar Talış meşələri ilə əhatə olunmuş turizm-istirahət obyektləri Lerikin şöhrətini daha da artırmış, əhalinin işləməyə, qonaqlara xidmət göstərməyə və doğma yurdu təbliğ etməyə marağını gücləndirmişdir.
Lerik nəinki respublikamızda və keçmiş Sovetlər birliyində, eləcə də dünyada uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Burada ötən əsrin sonlarından dünyada yeganə olan "Uzunömürlülər muzeyi" fəaliyyət göstərir. Muzeyin yerləşdiyi bina müasir tələblərə cavab vermirdi, darısqal və yöndəmsiz idi. Ona görə də bu nadir muzey üçün yeni bina inşa olundu. 2 salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 minə yaxın eksponat, sənəd və fotoşəkillər, uzunömürlülərin şəxsi əşyaları yer almışdır.
Burada planetin ən uzunömürlü sakini -168 il ömür sürmüş Şirəli Müslümova aid ayrıca guşə yaradılmışdır. Muzeyin eksponotlarla zənginləşdirilməsi istiqamətində tədbirlər mütəmadi davam etdirilir. Muzeyin "sakinlərinin" sayı artır, onlar haqqında yeni-yeni məlumatlar toplanılır.
Respublikanın hər yerində olduğu kimi, Lerikdə də Dağlıq Qarabağ və Böyük Vətən müharibəsində həlak olanların xatirəsi daim uca tutulur, şəhidlərin ruhuna əbədi ehtiram ifadə olunur.
Dağlıq Qarabağ savaşında Lerik rayonu 130-dan çox şəhid verib. Onların 5-i şücaət və hünərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonda hazırda 80 nəfər Qarabağ əlili var.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış "Şəhidlər" abidə kompleksini cənab Prezidentin ziyarət etməsi, şəhidlərimizin ruhunu hörmətlə yad etməsi, Milli Ordu quruculuğuna diqqəti gənclərimizin vətənpərvərlik ruhunu artırır.
Bəli, bu gün Lerik sürətlə inkişaf və tərəqqi yolundadır. Rayonda tikinti, abadlıq, quruculuq işləri böyük vüsət almışdır. Sosial-iqtisadi, mədəni sahələrdə qazanılan nailiyyətlər sevindiricidir. Kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il xeyli artmışdır. 2009-2013-cü illəri əhatə edən ikinci regional Dövlət Proqramında rayonumuzun sosial-iqtisadi inkişafına güclü təkan verəcək tədbirlər uğurla həyata keçirilir. 2010-cu ilin birinci yarısında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Ümumi məhsul buraxılışının həcmi 2009-cu ilə nisbətən 3 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1,6 faiz, sənaye məhsulunun ümumi həcmi 6,8 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 faiz, nəqliyyat 3,7 faiz, ticarət 35,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10,7 faiz, pullu xidmət 16,8 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 9,3 manat artaraq 233,1 manata, əhalinin gəlirləri 3,9 faiz artaraq 28 milyon 269 min manata çatmışdır. Gəlirlərin artması ilə yanaşı əhalinin xərcləri də 928,7 min manat artaraq 27 milyon 136 min manata çatmışdır. Adambaşına düşən gəlir 2009-cu ilə nisbətən 9,1 manat artaraq 373,9 manata çatmışdır.
Uğurlar kənd təsərrüfarından da yan ötməyib. Bu sahədə də qeydə alınan artım ötən ildəkindən xeyli çoxdur. İribuynuzlu mal-qaranın sayı 106 baş artaraq 36304 başa, qoyun və keçilərin sayı isə 167 baş artaraq 127466 başa çatdırılmışdır. Keçən altı ay ərzində təsərrüfatlarda ət istehsalı 8 ton artaraq 1056 tona, süd istehsalı 7 ton artaraq 9044 tona, yumurta istehsalı 4000 ədəd artaraq 1735 min ədədə, yun istehsalı 0,6 ton artaraq 223,5 tona çatdırılmışdır. Əhalinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün rayonda mühüm işlər görülür. Sahibkarlığa göstərilən diqqət nəticəsində yeni müəssisələr istifadəyə verilib, işsizliyin sayı azalıb. Son illər 22 yeni məktəb, 6 səhiyyə müəssisəsi, 2 uşaq bağçası, onlarla yeni idarə binası, rabitə və poçt şöbələri üçün yeni binalar tikilib istifadəyə verilmiş, bir çoxu əsaslı təmir edilmişdir. Bundan başqa, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 məzilli və bir 18 mənzilli bina istifadəyə verilmişdir. Hazırda 6 kənddə Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evi tikilir. Lerik şəhərinin bütün küçə və meydanlarına asfalt, səki və xiyabanlara üzlük daş döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Şəhər 2 saylı və Günəşli kənd orta məktəblərində əsaslı təmir işləri aparılır. Rayonda tikinti-abadlıq işləri sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 25-də Lerikə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və onların qarşısındakı çıxışı leriklilərin gələcək fəaliyyət proqramına çevrilmişdir. Dövlət başçısının "Lerikin inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün vacibdir" sözləri hər bir Lerik sakininin qəlbində iftixar və qürur hissi doğurur. Prezidentin Lerikə və leriklilərə sonsuz diqqət və qayğısına rayonun sakinləri əməli işləri ilə cavab verəcəkdir.
Hüsaməddin ABBASOV,
Azərbaycan
Jurnalistlər Birliyinin
üzvü
Xalq qəzeti.- 2010.- 1 avqust.-
S. 3.