Cəlilabad: uğurların təməlində dayanan başlıca amil yurdsevərlikdir

 

    İlk onilliyini yaşadığımız 21-ci əsr Azərbaycanın bir çox guşələri kimi Cəlilabadın da tarixinə sürətli inkişafintibah dövrü kimi daxil olub. Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində bu rayonda da sürətli abadlıq-quruculuq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Şəhər elementləri ilə zəngin olan genişmiqyaslı yenidənqurma tədbirləri Cəlilabad şəhərinin simasını tamamilə dəyişib, əyalət rayonunun gözəlliklərini daha da artırıb. Burada qazanılan uğurların məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin üzərində pərvəriş tapması xüsusi qeyd edilməlidir.

 

    Bu il aprel ayının 29-da Prezident İlham Əliyevin Cəlilabada növbəti səfərini rayon ictimaiyyəti tükənməz iftixar duyğuları ilə xatırlayır. Rayonda həyata keçirilən abadlıq-quruculuq tədbirləri ilə yaxından tanış olan, sosial-mədəni obyektlərin açılışında iştirak edən dövlət başçısı görülən işləri yüksək qiymətləndirib: "Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir".

    Bu yüksək sözlərin arxasında konkret faktların dayandığını təkcə elə Prezidentin səfər proqramının zənginliyindən də görmək mümkündür. Dövlət başçısı bir günlük səfəri cərcivəsində Cəlilabadda tarix-diyarşünaslıq muzeyinin, şahmat məktəbinin, əlillər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının, müalicə-diaqnostika mərkəzinin, "Cəlilabad şərab-2" ASC-nin, Göytəpə su anbarının açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərindəki qarnizonunda olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Rayonda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda bütün bunlar barəsində ətraflı söhbət açıldı və qeyd edildi ki, ölkə başçısının Cəlilabad səfərinin uğurlu yekunları burada hər kəsi ruhlandırmaqla yanaşı, məsuliyyət hissiniqat-qat artırıb. İcra hakimiyyətinin başçısı Əziz Əzizovun məruzəsində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, tikinti-abadlıq işlərinin görülməsi və əhalinin sosial problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyi xüsusi vurğulandı.

    Cəlilabadda tikinti-abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirlərinin də xüsusi diqqət mərkəzində olması ilk baxışdan nəzərə çarpır. "Ekologiya ili" ilə əlaqədar rayonun girəcəyindəki Alar kəndindən şəhərə kimi magistral boyunca 20 min ağac əkilib. Həmin ağacların suvarılması üçün kanallar çəkilib, qorunması üçün gözətçilər təyin edilib. Bu yerlərin "yaşıl dəniz"inin yeni dalğaları ətrafın gözəlliyini artırır, havasını təmizləyir və sərinliyini çoxaldır.

    Rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutur. Bu il əlverişsiz iqlim şəraitinə baxmayaraq, aqrar sahədə istehsal daha da artıb. Altmış min tonadək taxıl, səksən min ton kartof, dörd min ton tərəvəz, altı min ton ət, iyirmi dörd min ton süd, on milyonadək yumurta, 564 ton bostan məhsulu istehsal olunub. Bu rəqəmlər camaatın həyat şəraitinin daha da yaxşılaşmasından soraq verir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd etmişdir ki, "bu il biz sahibkarları daha çox soyuducu anbarların və taxıl anbarlarının tikintisinə yönəltmişik. Demək olar ki, qısa müddət ərzində hər bir bölgədə müasir soyuducu kameralar tikilibdir". Prezidentin tapşırığına əsasən Cəlilabadda da mühüm tədbirlər həyata keçirilir. Hazırda kənd təsərrüfatı məhsullarının saxlanması üçün hər biri iki min tonluq 3 soyuducu kameranın, hər biri on min tonluq 2 taxıl anbarının, iyirmi min tonluq regional gübrə bazasının inşası sürətlə davam etdirilir. Həmin obyektlərin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılmasına əlverişli şərait yaradacaq.

    Cəlilabadlıların abadlıq işlərindən sanki xüsusi zövq almaları göz qabağındadır. "Armudu"nun yanındakı dairədən rayon mərkəzinə dönər-dönməz başlanan Heydər Əliyev prospektindəki hasarların Daşkəsəndən gətirilmiş mozaik daşlarla bəzədilməsi şəhərin görünüşünü xeyli dəyişib. Rabitə evi alkopan materialla üzlənir. Olimpiya idman kompleksininrayon qaz istismarı idarəsinin inzibati binasının tikintisi davam edir. Yaxın vaxtlarda Lənkəran hərbi prokurorluğu üçün binanın və 360 yerlik Gülməmmədli məktəbinin inşasına başlanacaq.

    Küçələrin abadlaşdırılması daim diqqət mərkəzindədir. Bu il şəhərin beş küçəsi və yeddi kilometrlik Göytəpə-Privolnoye yolu asfaltlaşdırılıb. İlin sonunadək daha səkkiz küçəyə asfalt örtük çəkiləcək. Kənddaxili yolların da təmiri üçün tədbirlər görüləcək.

    Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun hesabat məruzəsindən bir fraqment: "Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bütün bölgələrdə sutəmizləyici qurğular, içməli su, kanalizasiya xətlərinin qurulması məsələsini önə çəkmişdir. İftixar hissilə bildirirəm ki, möhtərəm Prezidentimizin tapşırığına əsasən Cəlilabad da sukanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulan rayonların siyahısına daxil edilib. Dünya Bankının vəsaiti hesabına Almaniya, Türkiyə və Azərbaycan mütəxəssislərinin həyata keçirəcəyi bu mühüm tədbir nəticəsində 2013-cü ilədək Cəlilabad şəhərində yeni sukanalizasiya sistemi çəkiləcək, çirkab sular yeraltı borular vasitəsilə təmizləyici qurğuya axıdılacaq. Hər bir evə mərkəzləşdirilmiş anbardan Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su veriləcək. Artıq mütəxəssislər şəhərin relyefi ilə tanış olubtexniki şərtlərin hazırlanmasına başlayıblar".

    Kreditlərin verilməsi sahibkarlığın inkişafında mühüm rol oynayır. Cəlilabadda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən yarım ildə hüquqifiziki şəxslərə 14 milyon 193 min manat məbləğində kreditlər verilib. Əsasən aqrar sahədə çalışan sahibkarların götürdüyü bu kreditlər yeni istehsal sahələrinin yaradılmasına, bitkiçiliyin və heyvandarlığın inkişafına yönəldilir.

    Dövlət Proqramına uyğun olaraq, əhalini elektrik enerjisi və təbii qazla təmin etməkdən ötrü birinci yarımildə yeni yaşayış massivlərində 32 kilometr SİP kabeli çəkilib, 1193 ədəd dəmir-beton dirək basdırılıb, 5145 abonentə "Smart" tipli sayğac quraşdırılıb, Uzuntəpə kəndindəki qazpaylayıcı məntəqədən rayon mərkəzinə 10 kilometrlik əsas qaz xətti çəkilib, Göytəpə şəhərinin yeni massivinə və Kazımabad kəndinə təbii qaz verilib. Hazırda Alar və Günəşli kəndlərinin qazlaşdırılması davam etdirilir. İlk yarımildə rayona verilən elektrik enerjisi dəyərinin 67 faizi, təbii qazın dəyərinin isə 116 faizi ödənilib.

    Əvvəllər qazdan istifadə etmiş bütün kəndlərə yaxın illərdə mavi yanacağın verilişi bərpa ediləcək. Bu məqsədlə Cəlilabadda "Azəriqaz" İstehsalat Birliyinin regional tikinti-quraşdırma idarəsi yaradılıb.

    Göytəpə Cəlilabadın peyk şəhəridir. Yaşayış məntəqəsi kimi iki yüz ilədək yaşı var. Bir zamanlar burada molokanpravoslavlar məskunlaşmışlar. Hazırda əhalinin çox böyük əksəriyyəti azərbaycanlılardır. Sakinlərin ümumi sayı 13575 nəfərdir. 1992-ci ilədək Prişib adlandırılan şəhər tipli qəsəbənin həmin vaxtdan tarixi Göytəpə adı qaytarılıb. Şəhərdə üç məktəb, iki xəstəxana, bir peşə liseyi fəaliyyət göstərir. Əllidən artıq küçə var. Bütün küçələrin ünvan göstəriciləri, evlərin hamısının nömrələri təzələnib. Həmin küçələrdən biri və 1 saylı məktəb Qarabağ uğrunda döyüşlərdə igidliklə həlak olmuş Milli Qəhrəman Vüqar Mürsəlovun adını daşıyır. Ümumiyyətlə, Göytəpə şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin (onların sayı 30 nəfərdir) xatirəsi əziz tutulur. Vüqar Mürsəlovun büstü, Şəhidlər abidə kompleksi ziyarətgaha çevrilib.

    Eldar Ağayev on altı ildir ki, Göytəpə şəhərinin rəhbərliyində çalışır. Əvvəllər icra nümayəndəsinin müavini, bələdiyyə sədri olub. Bir neçə il öncə icra nümayəndəsi vəzifəsinə təyin edilib. Şəhərin abadlaşdırılması üçün əllərindən gələni edir. Elə bizimlə söhbətində bildirdi ki, bu il Fəzail Bayramov küçəsinə 1,5 kilometrlik asfalt salınıb, digər küçələrə çınqıl döşənib, yollar təmir edilib. Səkilərə yüzlərlə kvadratmetr tamet plitə döşənib. Ötən il poçt binası əsaslı təmir edilib.Yol kənarlarına və şəhərin mərkəzinə iki mindən artıq ağac əkilib. "Qurtuluş" küçəsinin bütün işıq dirəkləri təzələnib. Məişət tullantıları şəhərdəki kommunal müəssisələri kombinatı tərəfindən yığılaraq daşınır və zərərsizləşdirilir. Göytəpənin qaz təchizatı 70 faizə çatıb: hazırda 1400 təsərrüfat mavi yanacaq alır. Yaxın vaxtlarda yeni mədəniyyət evinin tikintisinə başlanacaq.

    Göytəpə nümunəsi Cəlilabadda abadlıq-quruculuq işlərinin rayon mərkəzinin hüdudlarından çıxaraq digər yaşayış məntəqələrinə keçməsini göstərir. Çox çəkməz ki, bu işlər rayonun bütün ərazisini, ən ucqar kəndlərini belə əhatə edər.

 

 

    Ə.ƏLİYEV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

     Xalq qəzeti.- 2010.- 3 avqust.- S. 6.