2010-cu ilin
ilk yarımilində Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı
Ümummilli
lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş inkişaf strategiyasının
ötən dövrdə
ardıcıl şəkildə
həyata keçirilməsi
ölkəmizin inkişafı
prosesində dinamizmi və iqtisadi tərəqqinin davamlılığını
təmin etmiş, qarşıda duran vəzifələrin həlli
üçün real imkanlar
açmış, ümumi
potensialın milli məqsədlər naminə
səfərbər olunmasına
etibarlı zəmin formalaşdırmışdır. Səmərəli idarəetmənin
nəticəsidir ki, dünya iqtisadiyyatında hələ də davam edən böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı
bu prosesə qarşı yüksək dayanıqlıq nümayiş
etdirməklə yeni sosial-iqtisadi nəticələri
təmin edir.
Bu iqtisadi nailiyyətlərin
təmin olunmasında
özünəməxsus yeri
olan Naxçıvan Muxtar Respublikasında sistemli şəkildə reallaşdırılan səmərəli
islahatlar ümumi iqtisadi fəallığı
daha da gücləndirməkdədir.
Vətəndaşların iqtisadi azadlığına
və təşəbbüskarlığına
geniş imkanlar açılmaqla muxtar respublikanın investisiya cəlbediciliyi əhəmiyyətli
dərəcədə yüksəldilmişdir.
Makroiqtisadi sabitlik fonunda davamlı inkişafa yönəldilmiş iqtisadi islahatların pozitiv nəticəsi olaraq 2010-cu ilin ilk yarımili də ciddi iqtisadi uğurlarla yadda qaldı. İlin əvvəlindən sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş yüksək nəticələr muxtar respublikamızın ictimai və iqtisadi həyatının daha da yaxşılaşmasına və çoxcəhətli tərəqqisinə ciddi əsaslar yaradır.
İqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici ümumi daxili məhsulun artımı dinamikasıdır. 2010-cu ilin yanvar-iyun ayları ərzində muxtar respublikada ümumi daxili Məhsulun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 512 milyon manatdan çox olmuşdur. Bu dövr ərzində adambaşına düşən ümumi daxili məhsulun həcmi 21 faiz artaraq 1268,9 manata çatmışdır. Ümumi daxili məhsulun 85,1 faizi qeyri-dövlət bölməsində yaradılmışdır ki, bu da muxtar respublikada sahibkarlığın inkişafına yönəldilmiş islahatların effektivliyini daha aydın xarakterizə etməyə imkan verir.
Sənaye
Sənaye sahəsində reallaşdırılan genişmiqyaslı islahatların nəticəsi kimi 2010-cu ilin yanvar-iyun ayları ərzində 162 milyon 368 min 700 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricini 48,1 faiz üstələmişdir. Sənaye məhsulunun həcminin 91,9 faizini məhsul istehsalı, 8,1 faizini isə xidmətlərin göstərilməsi təşkil etmişdir. Sənayenin dövlət sektorunda 19 milyon 938 min 600 manatlıq, qeyri-dövlət sektorunda isə 142 milyon 430 min 100 manatlıq məhsul istehsal olunması sahibkarlığın inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş dövlət qayğısının əyani təcəssümüdür.
2010-cu ilin yanvar-iyun ayları ərzində muxtar respublikamızda iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 38 layihə üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində metal boru, metal profil, poliestr materialından daşabənzər üzlük örtüklər, asfalt, beton, qum-çınqıl, nəşriyyat və poliqrafiya, ət və süd məhsulları, müxtəlif geyim və şirniyyat məmulatları istehsalı sahələri istifadəyə verilmişdir.
Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 49 layihə üzrə, o cümlədən su elektrik stansiyasının inşası, sement, beton, döşəmə üçün parket, güzgü, müxtəlif geyim paltarları, nəşriyyat və poliqrafiya məhsulları istehsalı sahəsi, çörək və şirniyyat məhsulları, balıqçılıq təsərrüfatı, quşçuluq təsərrüfatı, məişət evləri, ticarət mərkəzləri, soyuducu anbarlar, istixana kompleksləri, taxıl emalı və digər bu kimi istehsal və xidmət sahələri qurulmaqdadır.
2010-cu ilin yanvar-iyun ayları ərzində 50 milyon 816 min ABŞ dolları dəyərində, 55 növdə sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,3 dəfə çoxdur.
Hərbi
quruculuq
Muxtar respublikanın etibarlı müdafiə təminatı prioritet fəaliyyət istiqaməti kimi daim diqqət mərkəzində saxlanılır. 2010-cu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində "N" saylı hərbi hissədə qərargah binasının və anbarın, Şahbuz rayonunda "N" saylı hərbi hissədə əsgər yataqxanası kompleksinin, Culfa rayonunda "N" saylı hərbi hissədə klubun, Kəngərli rayonunda "N" saylı hərbi hissədə yeməkxana kompleksinin və tibb məntəqəsi binalarının tikintisi, Culfa rayonunda hərbi şəhərcikdə uşaq bağçası binasının yenidən qurulması davam etdirilmişdir.
Tikinti-quruculuq və su təchizatı
Sosial-iqtisadi inkişaf məqsədlərinin həyata keçirilməsi üçün səmərəli investisiya siyasəti mühüm amillərdəndir. Bu gün muxtar respublikada dövlət investisiya siyasətinin başlıca məqsədi investisiyaları sosial və iqtisadi cəhətdən zəruri, lakin özəl sektor üçün cəlbedici olmayan layihələrə yönəltməkdən ibarətdir. Məhz bu baxımdan ümumi investisiyaların tərkibində sosialyönümlü investisiyaların xüsusi çəkisi daha yüksəkdir.
2010-cu ilin yanvar-iyun ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 254 milyon 454 min 200 manat həcmində investisiya yönəldilmişdir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 25,8 faiz və ya 52 milyon 227 min 700 manat artmışdır. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz artaraq 231 milyon 609 min 400 manat olmuşdur. Bu isə əsas kapitala yönəldilmiş investisiyanın 91 faizini təşkil edir.
2010-cu ilin ilk yarımili ərzində Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 258 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 286 obyektin isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.
Dövlət idarəetməsinin səmərəli təşkili prosesinin ilkin mərhələsi üzrə mühüm element qismində inzibati binaların inşası və yenidən qurulması, iş yerlərinin erqonomik tələblər səviyyəsində təşkili ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin yanvar-iyun aylarında muxtar respublikada ümumilikdə 12 inzibati binanın inşası başa çatdırılmış, 9 inzibati binanın isə tikintisi hazırda davam etdirilməkdədir.
Muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində investisiyaların şəhər, qəsəbə və kəndlər üzrə proporsional bölgüsü tarazlı inkişafı təmin edən mühüm amillərdəndir. Kənd əhalisinə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə idarəetməni səmərəliləşdirmək məqsədilə 2010-cu ilin yanvar-iyun ayları ərzində Babək rayonunun Aşağı Uzunoba, Yuxarı Uzunoba, Kəngərli rayonunun Şahtaxtı, Xıncab, Yeni Kərki kəndlərində və Ordubad rayonunda Sabirkənddə kənd mərkəzlərinin tikintisi, Şərur rayonunun Yengicə və Maxta kəndlərində kənd mərkəzlərinin yenidən qurulması davam etdirilmişdir.
Əhalinin mənzil təminatının yaxşılaşdırılması, yaşayış fondunun abadlaşdırılması, elektrik enerjisi, qaz, su, kanalizasiya, istilik və lift təsərrüfatlarının infrastruktur təminatının təkmilləşdirilməsi, istehlakçılara keyfiyyətli və davamlı kommunal xidmətlərin göstərilməsi məqsədi ilə inşaat və təmir işlərinin aparılması müntəzəm xarakter almışdır. 2010-cu ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 1 yaşayış binasının tikintisi başa çatdırılmış, 19 yeni yaşayış binasının tikintisi, 50 yaşayış binasının əsaslı təmiri hazırda davam etdirilir. Bu dövr ərzində 37 yaşayış binasında təmir və bərpa işləri aparılmış, 11 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 ədəd yeni lift quraşdırılmışdır. Yaşayış mənzillərinə dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel radiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.
2010-cu ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 130 min 468 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 63 min 776 kvadratmetr və ya 95,6 faiz çoxdur.
Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində 2010-cu ilin yanvar-iyun ayları ərzində Naxçıvan şəhərinə 7,5 kilometr uzunluğunda yeni su xəttinin çəkilişi başa çatdırılmış və bu istiqamətdə digər müvafiq işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamına uyğun olaraq Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə 2010-cu ilin yanvar-iyun ayları ərzində Şərur rayonunun Qarahəsənli, Babək rayonunun Araz, Kəngərli rayonunun Böyükdüz kəndlərində və Ordubad rayonunun Şəhriyar qəsəbəsində əhalinin istifadə etdiyi suyun ekoloji cəhətdən təmizliyini yaxşılaşdırmaq məqsədilə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, yeni içməli su xətlərinin çəkilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Dünya Bankının krediti ilə maliyyələşdirilən "Birinci və ikinci milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" üzrə muxtar respublikanın bütün rayonlarında geoloji-geotexniki işlər aparılmış və topoqrafik xəritələr hazırlanmışdır. Bu istiqamətdə işlər hazırda davam etdirilir.
Kənd
təsərrüfatı və yaşıllaşdırma
İqtisadi funksiyalardan kənd təsərrüfatı sektoruna dair siyasət mühüm əhəmiyyət kəsb etməklə yanaşı, bu sahə iqtisadi, sosial, ərazi və əhali baxımından kompleks yanaşma tələb edir.
Son illər aqrar sektorda çalışanlara müxtəlif təyinatlı güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların alınıb gətirilməsi, meliorativ tədbirlərin həyata keçirilməsi, əkin sahələrinin və müvafiq infrastrukturun sel və daşqınlardan səmərəli qorunması, satış yarmarkalarının təşkili bu sahəyə olan marağı xeyli artırmışdır. Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar olaraq səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunmuşdur. Həmçinin, hər hektar sahə üçün tələb olunan mineral gübrələrin 50 faiz güzəştlə satışı həyata keçirilmişdir.
Ərzaq məhsulları istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir.
Aqrar sektorda yüksək iqtisadi aktivliyi təmin edən amillərdən biri isə kənd təsərrüfatı üzrə maşın və mexanizmlərin sayının tələbata uyğun olaraq artırılmasından ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 37 ədədi 2010-cu ilin yanvar-iyun aylarında olmaqla cəmi 491 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2010-cu ilin yanvar-iyun aylarında əvvəlki illərdən gətirilən texnikalarla birlikdə 49 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçılarına 3 min 600 tona yaxın azot gübrəsi paylanmışdır.
2010-cu ilin yanvar-iyun ayları ərzində aqrolizinq xidmətləri şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin inzibati binası, anbarları, təmir sexi və texniki parkı, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şərur-Sədərək və Culfa-Ordubad bazalarının inzibati binaları, anbarları, təmir sexləri və texniki parkları tikilərək istifadəyə verilmişdir.
Əmək ehtiyatlarının əsasən kənd yaşayış məntəqələrində cəmləşməsi və coğrafi şərait tarixən muxtar respublikada əkinçiliyin üstün inkişafına əlverişli şərait yaratmışdır. 2010-cu ilin məhsulu üçün 59 min 204 hektar sahədə əkin aparılmışdır ki, bu da 2009-cu ilin məhsulu üçün əkilmiş sahədən 4 hektar çoxdur.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanmışdır. 2010-cu ilin məhsulu üçün 33 min 954 hektar sahədə taxıl əkilmişdir. Bunun 28 min 74 hektarı payızlıq, 5 min 880 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 362 hektar artmışdır. Taxıl zəmilərinin 25 min 276 hektarında buğda, 8 min 678 hektarında arpa əkilmişdir. 19 iyul 2010-cu il tarixədək 26 min 78 hektar sahədə, yaxud cəmi taxıl zəmilərinin 76,8 faizində biçin aparılmış, sahələrdən 75 min 498 ton məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq orta hesabla 29 sentner olmuşdur. Yığılan məhsulun 54 min 523 tonu buğda, 20 min 975 tonu isə arpadır.
2009-cu ildə 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik olan Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. Anbar kompleksi bir tərəfdən məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdıqları problemləri aradan qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl ehtiyatlarının yaradılması prosesində mühüm mərhələdir. 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də istehsal olunan buğdanın hər kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl istehsalına marağı artırmaqdadır.
Yüksək əhali tələbatına uyğun olaraq kartofçuluğun inkişafı da diqqət mərkəzində saxlanılır. 2005-ci il 11 aprel tarixdə təsdiq olunmuş 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası kartof istehsalını stimullaşdırmaqla yanaşı, tələbatın ödənilməsində, idxaldan asılılığın aradan qaldırılmasında mühüm irəliləyişin əldə olunması ilə nəticələnmişdir. 2010-cu ildə 2740,5 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2009-cu illə müqayisədə 20,5 hektar çoxdur.
Cari ildə muxtar respublikada əkinçilik üzrə ən çox inkişaf etdirilən məhsul növlərindən biri də şəkər çuğundurudur. Görülmüş tədbirlərin nəticəsi olaraq ötən illə müqayisədə 2010-cu ildə şəkər çuğunduru əkini sahələri 41,2 faiz artaraq 1716,4 hektar olmuşdur.
Muxtar respublikanın aqrar sektorunun inkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi üstün istiqamət almışdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Qeyd olunan amillər nəzərə alınmaqla hazırda ümumi tutumu 2000 ton olan 2 soyuducu anbarın yaradılması işi davam etdirilir.
Heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artması ilə nəticələnmişdir. 1 iyul 2010-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 106 min 319 baş, qoyun və keçilərin sayı isə 645 min 740 baş olmuşdur ki, bu da müvafiq olaraq 1 iyul 2009-cu il tarixə olan göstəriciləri 1,3 və 1,4 faiz üstələyir. Heyvandarlıqda baş sayının artımı öz növbəsində heyvandarlıq məhsullarının qənaətbəxş artımını şərtləndirmişdir. 2010-cu ilin ilk altı ayı ərzində muxtar respublikada diri çəkidə 9305,6 ton ət, 43345,0 ton süd istehsalı olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 2,5 və 2,7 faiz çoxdur.
Heyvandarlığın davamlı inkişafı üçün baytarlıq xidmətinin müasir standartlar səviyyəsində təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu xidmətin keyfiyyətini və səmərəliliyini daha da yaxşılaşdırmaq məqsədilə ötən dövr ərzində Sədərək Rayon Baytarlıq İdarəsi binası yenidən qurulmuş, inşası davam edən kənd mərkəzlərində baytarlıq mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. 2010-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən brusellyoz xəstəliyinin aşkar olunması üçün 43991 baş iribuynuzlu, 49272 baş xırdabuynuzlu heyvanların qan nümunələri yoxlanılmış, xəstəlik aşkar edilməmişdir. Muxtar respublikada maldarlıqla yanaşı, quşçuluğun da inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin yanvar-iyun ayları ərzində quşçuluq sahəsində 7 təsərrüfat subyekti fəaliyyətə başlamış, 1 quşçuluq təsərrüfatının yaradılması istiqamətində işlər hazırda davam etdirilir.
Əmtəə məqsədilə balıqyetişdirmə işi təbii su hövzələrində, xüsusi layihələr əsasında yaradılmış göllərdə və nohurlarda müasir texnologiyalardan istifadə etməklə daha da genişləndirilir. 2010-cu ilin yanvar-iyun ayları ərzində 1 balıqyetişdirmə təsərrüfatı istifadəyə verilmiş, 1 balıqyetişdirmə təsərrüfatının yaradılması isə hazırda davam etdirilir.
Reallaşdırılan kompleks tədbirlər nəticəsində muxtar respublikanın kənd təsərrüfatında əldə olunmuş dinamik inkişaf templəri cari ilin ilk yarısında da qorunub saxlanılmışdır. Ümumilikdə, 2010-cu ilin yanvar-iyun aylarında 68 milyon 155 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 2009-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artıma nail olunmuşdur.
Meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi və səmərəli istismarı, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və onların mühafizəsi işi davamlı xarakter almışdır. 2010-cu ilin yanvar-iyun ayları ərzində 11 subartezian quyusu və 11 kəhriz istifadəyə verilmiş, 3 nasos stansiyasının, 7 subartezian quyusunun tikintisi, 28 kəhrizin isə əsaslı təmiri hazırda davam etdirilir.
Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq cari ilin yaz əkini dövründə yeni yaşıllıq zolaqlarının yaradılması, yaşıllaşdırma tədbirlərinin görülməsi təsdiq olunmuş plan əsasında aparılmış, muxtar respublika üzrə 248 hektar sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmiş, 250 mindən çox ağac və bəzək kolları əkilmişdir.
Xalq
qəzeti.- 2010.- 1 avqust.- S.4.