Azərbaycanın xarici siyasətində Rusiya Federasiyası ilə əməkdaşlığa xüsusi önəm verilir

 

    Ənənəvi "Bakı Beynəlxalq Humanitar Forumu"nun təməli qoyuldu

 

    İstənilən ölkənin xarici siyasətində prioritet istiqamətlər formalaşır. Özübu formalaşma prosesində siyasətçilərin istəyi, dövlətin marağı ilə yanaşı, təbii amillər də xüsusi əhəmiyyət kəsb edir. Yəni hər hansı ölkənin ən əvvəl öz "divar qonşuları" ilə ünsiyyət qurub, əməkdaşlığı genişləndirməsi tamamilə təbiidir. Üstəlik, Azərbaycan xalqının əsrlərdən bəri Rusiya, Türkiyə, İran, GürcüstanOrta Asiya ölkələri ilə çoxşaxəli əlaqələri, geniş əməkdaşlığı olmuşdur. Tarixin müxtəlif dönəmlərində bu xalqlarla eyni dövlətin tərkibində yaşadığımız on illər, əsrlər də olmuşdur. Bu baxımdan ruslarla eyni dövlətin tərkibində yaşamağımız həm son əsrlərin ictimai-siyasi proseslərinin nəticəsi idi, həm də daha uzunömürlü birgəyaşayış idi.

 

    Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən cəmi beş ay sonra - 1992-ci ilin aprelində Bakı-Moskva diplomatik əlaqələri qurulmuşdur. Elə həmin il hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açılmış və... Azərbaycana rəhbərlik edən siyasət naşılarının diplomatiyadan kənar addımları, həmin illər Rusiyaya rəhbərlik edən bəzi adamların qərəzli mövqeyi nəticəsində bu əməkdaşlıq öz inkişaf yollarını tapa bilməmiş, soyuq münasibətlər davam etmişdir. Ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra isə öncə yaxın qonşularımızla, daha sonra bütövlükdə dünya ölkələri ilə siyasi-diplomatik münasibətlər öz məcrasına düşmüşdür. Heydər Əliyevin yaxın qonşularımızdan olan Rusiya Federasiyası ilə hərtərəfli əməkdaşlığı durmadan inkişaf etdirmək üçün çox tutarlı arqumentləri var idi: biz bu xalqla birlikdə iki inqilabdan, iki dünya müharibəsindən keçmişik, zəngin tarixi və mədəni irs formalaşdırmışıq, Azərbaycanın elmi və mədəniyyəti dünya ictimaiyyətinə rus dilində təqdim olunub, dünya elminin və mədəniyyətinin ən dəyərli nümunələri ilə rus dilində tanış olmuşuq, hərbi, siyasi, iqtisadi təcrübəmiz eyni məkanda qazanılıbdır. Bütün bunlardan başqa Tanrı bizi qonşu yaratmaqla bu əməkdaşlıq missiyasını üzərimizə qoyubdur.

    Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə olacaq çox mühüm addımlar atılmışdır. 1994-cü ilin yazında Azərbaycan parlamenti ölkəmizin Müstəqil Dövlətlər Birliyinə daxil olması barədə qərar qəbul etmiş, həmin ilin payızında imzalanan "Əsrin müqaviləsi"ndə Rusiya Federasiyasının maraqları nəzərə alınmış ("Lukoyl" şirkəti beynəlxalq konsorsiumun ən fəal üzvlərindən biri idi), "Əsrin müqaviləsi"nin icrası zamanı hasil edilən xam neftin dünya bazarına çıxarılması üçün marşrutlar seçilərkən Rusiyanın maraqları nəzərə alınaraq Bakı-Novorossiysk ixrac kəmərindən istifadə məqsədəuyğun sayılmışdır. Bundan başqa siyasi, elmi, mədəni sahələrdə əməkdaşlıq başqa ölkələr üçün əlçatmaz olan bir səviyyədə inkişaf etdirilmişdir. Azərbaycanda Rusiya Federasiyası mədəniyyəti günlərinin, Rusiyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ənənəsinin təməlini Heydər Əliyev qoymuşdur. SSRİ dağılandan sonra yaranan gənc müstəqil ölkələrin bir çoxunda monoetnik dövlət formalaşdırmaq cəhdləri baş qaldırsa da (təbii ki, Ermənistan başda olmaqla) Azərbaycanda rusdilli məktəblər, universitetlər, teatrlar, qəzet-jurnallar da əvvəlki ahəngi ilə fəaliyyətini davam etdirmişdir. Ermənistanda erməni kilsələrindən başqa heç bir dinin təmsilçisi üçün ibadət etmək imkanı olmadığı halda Azərbaycanda bütün ənənəvi dinlərin ibadətxanaları öz fəaliyyətini geniş şəkildə davam etdirir. Bakıda məscidlərlə yanaşı, rus-pravoslav kilsələri, xaçpərəstliyin müxtəlif məzhəblərinə aid olan kilsələr (katolik, erməni-qriqoryan və yəhudi sinaqoqları fəaliyyət göstərir). Bütün bunlar Rusiya siyasətçilərinin və elm-incəsənət adamlarının nəzərindən yayınmır. Məhz bu səbəbləri əsas götürən Moskva Azərbaycanla münasibətlərdə açıq və səmimi xətt yürüdür.

    Bu bir həqiqətdir ki, Rusiya Federasiyasında Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Kremlin Azərbaycana münasibətdə atdığı müsbət addımlar kifayət qədər qaneedici idi. Bu tendensiya Dmitri Medvedevin Prezident seçilməsindən sonra bir qədər də inkişaf etdirilmişdir. Vladimir Putinin "Mən Heydər Əliyevlə görüşəndən sonra regional siyasət və dünya siyasəti ilə bağlı bir sıra məsələləri özüm üçün daha da dəqiqləşdirdim" - ifadəsi mətbuat işçilərinin yadından çıxmamış, Dmitri Medvedev azərbaycanlıların ümummilli lideri haqqında başqa bir ifadə işlətmişdi: "Heydər Əlirza oğlu təkcə siyasətçi deyildi, həm də siyasət müəllimi idi".

    Azərbaycan-Rusiya münasibətləri 2003-cü ilin oktyabrından - Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra yeni bir müstəviyə qaldırılmış, ölkələrarası əməkdaşlığın inkişafına yeni çalarlar əlavə edilmişdir. Təxminən 4 il əvvəl bir qəzet yazısında belə bir cümlə vermişdik ki, Səudiyyə Ərəbistanı Krallığı Prezident İlham Əliyevin iki ildə beş dəfə səfər etdiyi yeganə Asiya ölkəsidir. O zaman Bakıdakı Rusiya səfirliyinin təmsilçilərindən biri zarafatla söyləmişdi ki, Rusiya ərazisinin çox böyük hissəsi Asiya qitəsinə düşür və cənab İlham Əliyev təkcə 2004-cü ildə Rusiyaya 4 dəfə səfər etmişdir. Maraqlı fakt idi. Sonralar dövlət başçımızın hər il 2-3 dəfə Rusiya Federasiyasına rəsmi və işgüzar səfərlərinin şahidi olduq.

    Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədri kimi də özünəməxsus fəaliyyət göstərir və tərəflərin mövqelərinin yaxşılaşdırılması üçün cəhdlərini əsirgəmir. Prezident Dmitri Medvedev son illər dövri olaraq Azərbaycan və Ermənistan prezidentləri ilə görüşür, münaqişənin həlli yollarının birgə axtarılmasına çalışır. İki il əvvəl məhz Rusiya Prezidentinin təşəbbüsü ilə Kremldə üç dövlət başçısının imzaladığı "Moskva Bəyannaməsi"ndə Ermənistan Prezidenti Azərbaycan ərazisini tanıyan sənədə imza atmışdı. Üç dövlət başçısının Sankt-Peterburq görüşü də məhz Dmitri Medvedevin təşəbbüsü ilə keçirilmişdi. Həmin görüş də münaqişənin həlli üçün atılan addımlar arasında yüksək qiymətləndirilən tədbirlərdən biridir.

    Biz yuxarıda Azərbaycandan Rusiyaya yüksək səviyyəli dövlət rəsmilərinin səfər etdiyini qeyd etdik. Belə səfərlər qarşılıqlıdır. Moskvadan da Bakıya dövri olaraq ən mötəbər nümayəndə heyətləri gəlir. Azərbaycan paytaxtı avqustun 2-də belə nümayəndə heyətlərindən daha birini qəbul etdi. Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Azərbaycanda bir sıra görüş və tədbirlər keçirdi. Ancaq onun Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşündə Azərbaycan-Rusiya münasibətlərinə yeni töhfələr verəcək daha bir ənənənin təməli qoyuldu. Belə ki, bu ilin yanvarında Prezident İlham Əliyevin və onun rusiyalı həmkarı Dmitri Medvedevin təşəbbüsü ilə Bakıda Azərbaycan-Rusiya Humanitar Forumu keçirilmişdi. Akademik Ramiz Mehdiyevlə Sergey Narışkin arasında aparılan müzakirələrdən sonra tərəflər belə bir qərara gəlmişlər ki, hər il sentyabr ayında Bakıda "Bakı Beynəlxalq Humanitar Forumu" adlı geniş tədbir keçirilsin. Yəni, bu ilin əvvəlində keçirilən forum təkcə Rusiya ilə Azərbaycanı əhatə edirdi. Bundan sonra ənənəvi olaraq keçiriləcək forumlarda isə yaxın və uzaq xarici ölkələrdən dəvət olunmuş nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi xadimlərin və digər nümayəndələrin iştirakı da təmin olunacaq.

    Beləliklə, Azərbaycan-Rusiya münasibətləri inkişaf etməklə yanaşı, bütövlükdə beynəlxalq əməkdaşlığa da öz töhfələrini vermiş olur. Bu isə Heydər Əliyev siyasi kursunun əsas prinsiplərindəndir.

 

 

    İttifaq MİRZƏBƏYLİ

 

    Xalq qəzeti.- 2010.- 4 avqust.- S. 1.