Azərbaycan beynəlxalq
aləmdə: qlobal dəyişikliklər və transformasiyalar
şəraitində xarici siyasət xətti və prioritetlər
Prezident İlham Əliyevin iqtisadi, siyasi və hüquqi mühitin liberallaşdırılması sahəsində uğurlu islahatları Azərbaycanın müstəqil xarici siyasət yeritməsinin əsas təminatıdır
(Əvvəli qəzetin 31 iyul 2010-cu il
tarixli sayında)
Qlobal böhrana
qarşı etibarlı sipər
Son illərdə Azərbaycanda baş verən
çox böyük dəyişikliklər, ölkədə
yeridilən modernləşmə xətti uğurlu iqtisadi
nailiyyətlərlə sıx şəkildə
bağlıdır. Bu gün ikinci elə
bir dövlət tapmaq çətindir ki, son altı ildə
ümumi daxili məhsulun artım tempinə görə
dünyada lider mövqelərini qoruyub saxlasın, qısa
müddətdə dövlət büdcəsinin vəsaitlərini
10 dəfədən çox artıra bilsin. Azərbaycan
isə bunlarla yanaşı, həm də regionların
sosial-iqtisadi inkişafına xidmət edən mühüm
dövlət proqramlarını, fərman və sərəncamları
uğurla icra etmiş, həyata keçirilən sosial
infrastruktur layihələri nəticəsində bölgələrin
siması dəyişmiş, sahibkarlığın
inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə
başlaması, yeni iş yerlərinin açılması
naminə sistemli addımlar atılmışdır. Qlobal maliyyə böhranı şəraitində
respublikanın sosial-iqtisadi siyasət prioritetlərinin
düzgün müəyyənləşdirilməsi və
uğurla həyata keçirilməsi davamlı
inkişafımızı şərtləndirmişdir.
Bugünkü Azərbaycanın
iqtisadiyyatı ölçülərinə görə
Qafqazda birinci yeri tutur. O, həm də əvvəllər
sosializmin yayılmış olduğu bütün məkanda ən
sürətlə tərəqqi edən iqtisadiyyatdır.
Ölkədə hökm sürən sabitlik və inkişaf
son illər ərzində milli iqtisadiyyatı 3 dəfə,
büdcənin həcmini 10 dəfədən artıq, hərbi
xərcləri 2 milyard 150 milyon dollar, adambaşına
düşən gəliri inkişafda olan ölkələrin səviyyəsinə
qaldırmağa imkan vermişdir. Azərbaycan rəqabət
indeksi üzrə dünyanın 60 ölkəsi içərisində,
postsosialist məkanında isə ilk yerlərdə təmsil
olunmuşdur. Adambaşına düşən
birbaşa xarici investisiyanın həcminə görə Azərbaycan
regionda lider, dünyada isə ilk onluqdadır.
Dünyanın nüfuzlu maliyyə və
reytinq təşkilatları, ekspertlər Azərbaycanın
sürətli iqtisadi inkişafını, ölkədə
bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olduğunu,
liberal iqtisadiyyat yaradıldığını xüsusi olaraq
qeyd edirlər. Məhz bu göstəricilərin
nəticəsidir ki, Azərbaycan həmin təşkilatların
hesabatlarında öncül yerlərdən birini tutur. Təsadüfi
deyil ki, Dünya İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq
Maliyyə Korporasiyası, MDB-nin Statistika Komitəsi,
"Standard&Poors" və "Fitch Ratings" beynəlxalq
reytinq agentlikləri və digər qurumların məruzələrində
Azərbaycanda investisiyalar üçün əlverişli
biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin
qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər
üçün hökumət tərəfindən əlverişli
sərmayə imkanlarının təmin edilməsi, eləcə
də digər tədbirlərin intensiv xarakter alması əksini
tapmışdır. Hökumətin iqtisadi
strategiyasının səmərəliliyini Dünya
Bankının və Beynəlxalq Maliyyə
Korporasiyasının dövlət tənzimləməsinin
keyfiyyəti və dünyanın 181 ölkəsində onun
kiçik və orta biznesə təsiri haqqında "Doing
business-2009" adlı sonuncu hesabatı da təsdiq
etmişdir. İslahatların həyata
keçirilməsi sürətinə görə Azərbaycan
dünyada lider hesab edilmişdir. Dünya
İqtisadi Forumu tərəfindən 2009-2010-cu illər
üçün tərtib edilmiş qlobal rəqabət
qabiliyyəti icmalı (Global Kompetitiveness Report) Azərbaycanı
MDB ölkələri arasında birinci yerə
çıxarmışdır. Beynəlxalq Valyuta Fondunun
məlumatına görə, qarşıdakı altı ildə
Azərbaycanda adambaşına düşən gəlir
dünyada ən yüksək sürətlə (252,6 faiz) artacaqdır. Belə ki, Azərbaycanda
adambaşına ümumi daxili məhsulun həcmi 2007-ci ildəki
3.663 ABŞ dollarından 2013-cü ildə 12.915 ABŞ
dollarına çatacaqdır. Beləliklə,
əgər 2003-cü ildə Azərbaycanda adambaşına
milli gəlirin həcmi (888 ABŞ dolları) Ermənistandakı
müvafiq göstəriciyə (873 ABŞ dolları) təxminən
bərabər idisə, 2013-cü ildə Azərbaycan həmin
göstərici üzrə qonşu dövləti üç
dəfədən çox qabaqlayacaqdır. 2013-cü ildə Azərbaycan adambaşına
ümumi daxili məhsul üzrə Beynəlxalq Valyuta Fondunun
hesabatında təmsil olunmuş 181 ölkə arasında
56-cı yeri tutacaqdır. Azərbaycan
siyahıda Avropa İttifaqı ölkələri, Şimali
Amerika və Asiyanın inkişaf etmiş, Yaxın Şərqin
neft hasil edən ölkələrindən sonra gələcəkdir.
Sosial-iqtisadi sahədə əldə
olunmuş nailiyyətlər özünün bariz ifadəsini
dünya iqtisadi və maliyyə böhranı şəraitində
Azərbaycan iqtisadiyyatının müsbət dinamikasında
tapır. Böhran ilində MDB dövlətlərinin əksəriyyətində
iqtisadi vəziyyətin pisləşməsi - ümumi daxili məhsulun
Rusiyada 14, Qazaxıstanda 1,5, Belarusda 4,6,
Qırğızıstanda 12,7, Moldovada 24,6, Ermənistanda 20,
Tacikistanda 11,4, Ukraynada 29,6 faiz azalması fonunda Azərbaycanda
9,3 faiz artıma nail olunması inkişafın bariz göstəricisi
sayıla bilər. Bu dövrdə sənayedə
5, kənd təsərrüfatında 3 faiz artımın
baş verməsi də dünya iqtisadiyyatının tənəzzülə
uğradığı hazırkı mərhələdə
kifayət qədər diqqətəlayiq rəqəmlərdir.
Mühüm nəticələrdən biri də
respublikanın strateji valyuta ehtiyatlarının əvvəlki
illərlə müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard dollara çatmasıdır.
Ümumilikdə, son altı il ərzində
Azərbaycan iqtisadiyyatı 3 dəfə, büdcə xərcləri
10 dəfədən çox artmışdır. Təkcə
2009-cu il ərzində milli iqtisadiyyata 9,2
milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3
milyardı daxili sərmayələrdir. Ölkəmiz
həmçinin, xarici dövlətlərə də
böyük sərmayələr yatırır. Belə ki, xarici ölkələrin nəqliyyat və
enerji sektoruna yatırılan Azərbaycan sərmayəsi
artıq 7 milyard ABŞ dollarını keçmişdir.
Son altı ildə yeni açılan iş yerlərinin
ümumi sayı 900 minə çatmışdır. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin
olunması istiqamətində vacib və zəruri addımlar
atılmışdır.
Əvvəlki illərdə
respublikamızda müşahidə olunan iqtisadi inkişaf
sürəti indi də davam edir. Dünyada davam edən
iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin
iqtisadi vəziyyətinin pisləşməsinə, ümumi
daxili məhsulun həcminin azalmasına, investisiya
qoyuluşları və kreditlərin cəlb edilməsi
imkanlarının məhdudlaşmasına, bir çox ölkələrin
milli pul vahidlərinin devalvasiya edilməsinə, işsizlik səviyyəsinin
artmasına baxmayaraq, ölkədə mövcud olan siyasi
sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını
böhrana qarşı dayanıqlı etmiş, ölkəmizi
ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən
birinə çevirmişdir. Bu, 2010-cu ilin birinci
yarısının makroiqtisadi göstəricilərində də
əksini tapmışdır. Cari ilin altı ayında
ümumi daxili məhsulun artımı davam etmiş (3,7 faiz), inflyasiya 4,9 faiz olmuş, strateji valyuta
ehtiyatları ilin əvvəli ilə müqayisədə 4
milyard dollar artaraq 24,7 milyard dollara çatmışdır. Ölkə iqtisadiyyatında əldə olunmuş
davamlı inkişaf həm də əhalinin rifahının
yaxşılaşmasına, o cümlədən gəlirlərin
və əmək haqqının artmasına öz müsbət
təsirini göstərmişdir. Belə ki, altı ay ərzində
orta aylıq əmək haqqı 5 faiz, əhalinin
adambaşına düşən gəlirləri 8,4, pullu xidmətlərin həcmi isə 10,5
faiz artmışdır.
Ən yeni tarixdə iqtisadiyyatın bu
cür sürətlə inkişaf etməsi, bəlkə də,
dünyanın heç bir ölkəsində müşahidə
olunmamışdır. Mütəxəssislərin
qənaətinə görə, işgüzar göstəricilərin
belə əhəmiyyətli dərəcədə
yaxşılaşmasına biznes mühitinin
liberallaşdırılması istiqamətində həyata
keçirilmiş əməli tədbirlər və paralel
olaraq işgüzar və əmək qanunvericiliyinə
edilmiş dəyişikliklər təsir göstərmişdir.
Bu uğurlarda Azərbaycan Prezidentinin 2007-ci il 30 aprel tarixli
"Azərbaycan Respublikasında sahibkarlığın
inkişafı ilə bağlı bəzi tədbirlər
haqqında" fərmanının icrası ilə əlaqədar
bəzi sahələrin tənzimlənməsi prosesinin
asanlaşdırılması, o cümlədən biznesin
başlanması və "bir pəncərə" prinsipinin
tətbiqi kimi əməli tədbirlər xüsusi
vurğulanmalıdır.
Azərbaycanı Cənubi Qafqaz regionunda böyük
nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya
layihələrinin həyata keçirilməsi, ölkədə
bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən
də, regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və biznes mühitinin
formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin
maddi rifah halının yaxşılaşdırılması,
orta sinfin formalaşması üçün əsas təməlin
yaradılması, infrastrukturun modernləşməsi məsələləri
2003-2010-cu illərdə dövlət başçısı
İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri
kimi diqqəti cəlb edir.
Respublika Prezidentinin imzaladığı "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında" və "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq
edilməsi haqqında" fərmanları ölkə
iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasını
qoymuşdur. Dövlət proqramının uğurla icrası
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
sahibkarlığa dövlət dəstəyinin artırılmasına,
əhalinin maddi rifahının, sosial-məişət şəraitinin
əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasına, işləməyən
müəssisələrin fəaliyyətinin bərpasına və
yeni iş yerlərinin açılmasına geniş imkanlar
açmışdır. Sosial-iqtisadi sahədə davamlı
inkişafı təmin etmək məqsədilə dövlət
başçısı tərəfindən "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi növbəti illərdə
də ölkəmizdə dinamik inkişafın davam etdirilməsi,
investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft sektorunun
gücləndirilməsi kimi mühüm vəzifələrin
həyata keçirilməsinə imkan yaradacaqdır.
Məlum olduğu kimi, Azərbaycan qlobal maliyyə
böhranından maksimum az itki ilə
çıxan ölkələr sırasındadır. Sözsüz ki, indiki iqtisadi böhranın bu və
ya digər dərəcədə təsir etmədiyi ölkə
qalmamışdır. Qlobal iqtisadiyyatın sistemli risklərinin
zərbəsini Azərbaycan da hiss etmişdir, lakin onların
öhdəsindən kifayət qədər uğurla gəlmişdir.
Bunun başlıca səbəbi ölkə rəhbərliyi
tərəfindən uğurla gerçəkləşdirilən
antiböhran tədbirləri hesabına ölkə
iqtisadiyyatının dayanıqlığının qorunub
saxlanılmasıdır. Prezident İlham Əliyevin Azərbaycan
hökumətinin ötən ilin yanvarda keçirilmiş
iclasında səsləndirdiyi və nüfuzlu beynəlxalq
ekspertlərin, analitiklərin "Azərbaycan Prezidentinin 7
antiböhran addımı" kimi səciyyələndirdikləri
tədbirlər proqramının ideologiyasının
ayrı-ayrı elementləri dünya mətbuatında dərc
edilmişdir və çox ciddi təbliğ olunurdu. Bu
ideologiyanın əsasında: (1) İstehlak qiymətlərinin
azaldılması zərurəti; (2)
İnhisarçılıqla mübarizə; (3) Milli banklara dəstəyi,
kreditlərə və faiz dərəcələrinə nəzarəti
əhatə edən maliyyə monitorinqi; (4) Real iqtisadiyyata sərmayə
qoyuluşunun davam etdirilməsi; (5) Sosial öhdəliklərin
dəstəklənməsi; (6) Sənaye müəssisələrinin
daxili bazara istiqamətləndirilməsi; (7) Ərzaq təhlükəsizliyinin
təmin edilməsi kimi məsələlər durur. Qlobal böhrana qarşı vaxtında
qabaqlayıcı tədbirlərin həyata keçirilməsi,
iqtisadi inkişafa zəmin yaradan milli iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin uğurla davam etdirilməsi, habelə əsas
istehsal sahələrinin uzlaşdırılması, inkişaf
potensialının qarşılıqlı kömək
mexanizmi əsasında realizə edilməsi hazırkı
davamlı inkişafımızı təmin etmişdir.
2009-cu ilin əvvəllərindən
başlayaraq maliyyə böhranının Azərbaycana guya
ciddi təsir göstərəcəyi ilə bağlı səslənən
bəzi əsassız fikirlərə rəğmən, ötən
illər ərzində respublika iqtisadiyyatı ümumən
normal məcrada inkişaf etmişdir. Proseslərin
gedişi "böhran ajiotajı"nın
respublikamız üçün geridə
qaldığını, bank və maliyyə sektoru
üçün real təhdid sayıla biləcək ictimai
narahatlığın tamamilə aradan qalxdığını
əminliklə söyləməyə ciddi əsaslar verir. Əhalinin banklara olan tərəddüdlü
münasibəti aradan qalxır, tikinti sektorunda yenidən
canlanma və fəallıq müşahidə olunur, böhrana
rəğmən, sahibkarlara güzəştli kreditlərin
verilməsi əvvəlkindən də daha geniş miqyasda
davam etdirilir. Üstəlik, ötən
ilin iyun ayında ipoteka kreditləşməsinin bərpası
respublika rəhbərliyinin uğurlu antiböhran tədbirlərinin
nəticəsi kimi diqqəti çəkir. Son illərdə respublikada manatın məzənnəsinin
sabit saxlanması, bank sektorunda likvidlik probleminin yaranmaması,
daxili istehlak bazarına işləyən müəssisələrin
əvvəlki qaydada fəaliyyət göstərməsi maliyyə
böhranının respublika iqtisadiyyatına ciddi təsir
göstərmədiyinə dəlalət edir.
Qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin
əsas səbəblərindən biri də regionlarda əlverişli
biznes və investisiya mühitinin formalaşması,
iş adamlarının fəaliyyət imkanlarının
genişlənməsi, bölgələrin istehsal
potensialının səmərəli realizəsi, daxili
istehsalın təşviq edilməsidir. Daxili
investisiya qoyuluşlarının həcminin əhəmiyyətli
dərəcədə artması, xaricdən maliyyə
asılılığının minimuma endirilməsi, real sektorun,
istehsalla məşğul olan müəssisələrin hərtərəfli
dəstəklənməsi, daxili bazarın qorunması da bu
baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qlobal böhrana rəğmən, ötən
dövrdə sahibkarlığa dövlət dəstəyinin
gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin
həcminin artması son dərəcə təqdirəlayiq
faktdır.
Əksər dünya dövlətlərində qlobal
böhranın mənfi fəsadları ilk növbədə
insanların gündəlik həyatında mənfi izlərini
buraxır: iş yerləri qapanır, milli valyuta devalvasiyaya
uğrayır, inflyasiya dərinləşir, iri müəssisələr
iflic vəziyyətinə düşür. Azərbaycanda
isə tam fərqli, həm də ürəkaçan mənzərə
hökm sürür. Prezident İlham Əliyevin
effektiv iqtisadi siyasəti nəticəsində vətəndaşların
yaşayış səviyyəsi gündən-günə
yaxşılaşır, sosial məsələlərin həlli
istiqamətində mühüm addımlar atılır. Son illərdə təkcə meqapolisin deyil, bölgələrin
də siması xeyli dəyişmişdir. Bu
iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi gələcəkdə
də Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə
imkan yaradacaqdır.
İqtisadi sahədə
keçid dövrünün sonu
Prezident İlham Əliyevin uğurla
gerçəkləşdirdiyi sosial-iqtisadi islahatların
praktik nəticələri Azərbaycan üçün hələ
ötən əsrin 90-cı illərinin əvvəlindən
başlanmış mürəkkəb ictimai-iqtisadi formasiya dəyişkənliyi
mərhələsinin artıq geridə
qaldığını deməyə ciddi əsaslar verir.
Söhbət iqtisadi sahədə keçid
dövrü üçün zəruri qanunverici, institusional,
maddi-texniki bazanın formalaşdırılması prosesinin
yekunlaşmasından gedir. Son 15 ildə iqtisadiyyatın
inkişafı üçün yeni qanunlar qəbul olunmuş,
özəlləşdirmə prosesi, vergi, torpaq islahatı əsasən
başa çatmış, infrastrukturun yeniləşdirilməsi
keyfiyyətcə yeni mərhələyə adlamış,
güclü yanacaq-energetika və neft sənayesi
formalaşmış, sahibkarlığın milli inkişafda
rolu artmış, sosial problemlərin böyük qismi həllini
tapmış, respublikamızın dünya iqtisadi-təsərrüfat
sisteminə inteqrasiyası təmin olunmuş, Azərbaycan
özü və bölgə dövlətləri
üçün etibarlı enerji təhlükəsizliyi
sistemini yaratmışdır. Bu gün milli
iqtisadi inkişaf modeli ilə tanınan Azərbaycan sovet
dövründən qalmış köhnə infrastrukturdan
tamamilə azad olaraq, iqtisadi-mədəni səviyyədə
modernləşir, ölkənin hər bir guşəsində
müasir tələblərə cavab verən
abadlıq-quruculuq işləri aparılır. Bunların hamısı isə məhz iqtisadi sahədə
keçid dövrünün geridə qaldığını əminliklə
söyləməyə ciddi əsaslar yaradır.
Dövlət başçısı İlham Əliyev
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə
bağlı keçirilən təntənəli mərasimdəki
çıxışında bununla bağlı demişdir:
"Azərbaycan iqtisadi cəhətdən artıq
oturuşmuş dövlət kimi tanınır. Mən
hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid
dövrünü başa vurmuşuq. Nəzərə
alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda
aparılan islahatları çox yüksək qiymətləndirir.
Müxtəlif hesablamalara görə Azərbaycan
postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf
baxımından birinci yerdədir. Mən
hesab edirəm ki, artıq bu sahədə keçid
dövrü başa çatıbdır. Dünya
İqtisadi Forumu - dünyanın ən mötəbər
qurumlarından biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə
görə Azərbaycanı dünya miqyasında 51-ci yerdə
görür və bütün MDB məkanında biz bu sahədə
birinci yerdəyik. Dünya Bankı 2008-ci
ilin hesablamalarına görə Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi tanıdı. Bu, bir daha onu göstərir ki, bizim
uğurlarımızın əsas səbəbi ölkədə
aparılan siyasi və iqtisadi islahatlardır".
Beləliklə, bu gün artıq
inkişafın yeni vektoruna, yeni tarixi epoxaya keçid barədə
danışmaq olar. Azərbaycan iqtisadi təhlükəsizliyin
və sabitliyin bərqərar olunması sahəsində ciddi
uğurlar qazanmışdır. Xammal
kapitalları qənaətcilliklə akkumulyasiya edilməklə
yanaşı, həm də dəqiq
ölçülüb-biçilmiş şəkildə yenidən
bölüşdürülmüşdür. Məlum obyektiv şəraitə görə ölkənin
əsas ixracını hələlik neft və qaz təşkil
edir. Lakin ölkənin hakimiyyəti
iqtisadiyyatın şaxələndirilməsi xəttini
ardıcıl inkişaf etdirir. Son bir
neçə ildə Prezident İlham Əliyevin həyata
keçirdiyi islahatlar kənd təsərrüfatı,
kiçik və orta biznes sahələrində artıq
mühüm nəticələr vermişdir. Nəqliyyat kommunikasiyalarının inkişaf layihələri
uğurla həyata keçirilir. Azərbaycanın
demək olar ki, iri korporativ borcu yoxdur, kreditlərin əksəriyyəti
dövlət tərəfindən məhz əsas fondlara -
yollara, suvarma sistemlərinə, şəhər
kommunikasiyalarına sərf edilmişdir. Bütün
bunlar həyatın keyfiyyətində də özünü
göstərir. Azərbaycanın qeyri-neft
sektorunda ümumi daxili məhsulun artımı 15 faizdən
çox olmuşdur. Postkommunist ölkələrinin
heç biri bu cür artımla qürrələnə bilməz.
Beş Xəzəryanı dövlət
arasında Azərbaycan hətta enerji ehtiyatları, hasilat və
ixrac baxımından ən böyük ölkə hesab
edilmir. Ona görə də Azərbaycanın
əsas uğurları məhz islahatlar sayəsində
mümkün olmuşdur. Yada salaq ki,
Dünya Bankı özünün "Doing Business"
adlı icmalında Azərbaycanı dünyada bir nömrəli
islahatçı ölkə hesab etmişdir. BMT Azərbaycan Neft Fondunu gəlirlərin
yığımında şəffaf maliyyə sisteminə
görə transparentlik mükafatı ilə təltif
etmişdir.
Qloballaşan dünyada artan neft gəlirləri
ölkələrin iqtisadi siyasətinin müəyyənləşdirilməsində
həlledici rol oynayır. Neftlə zəngin
Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi
ilə bu gəlirlərdən səmərəli istifadə
edir. Azərbaycan mədən sənayesində
şəffaflıq təşəbbüsünə
qoşulmuş ilk ölkələrdən biridir, neft gəlirlərinin
xərclənməsi baxımından uğurlu siyasət
yürüdülür. Prezident İlham Əliyev
demişdir: "Son beş ildə qazanılmış
mühüm uğurlardan biri deyə bilərəm ki,
işsizlik probleminin tamamilə aradan qaldırılması və
yoxsulluğun xeyli azaldılması olmuşdur".
2003-cü ildə Azərbaycan əhalisinin
49 faizi yoxsulluq səviyyəsindən aşağı həddə
yaşayırdı. 2010-cu il
üçün həmin göstərici 12 faiz təşkil
edir. Bu, belə bir fikri təsdiqləyir ki,
ölkənin enerji siyasəti sərvətlərin ədalətli
bölgüsünə, həyat şəraitinin həqiqətən
yaxşılaşmasına xidmət edir.
Prezident İlham Əliyev artıq elan
etmişdir ki, kreativ millətlər birliyinə yol açmaq
üçün xammal iqtisadiyyatı intellektual iqtisadiyyata
çevrilməlidir. Bu məqsədə nail olmaqdan
ötrü yeni intellektuallar sinfinin, yeni top-menecerlər qrupunun
yaradılması ölkəmiz üçün həyati zərurətdir.
Bu istiqamətdə gənclərin rolu strateji əhəmiyyət
kəsb edir. Gənclərin mövcud təhsil
və elm potensialı rəqabətədavamlı, yüksək
intellektə və biliklərə əsaslanan iqtisadiyyat
yaratmağa imkan verir. Bu transformasiyanın təməli
artıq qoyulmuşdur. Akademik Ramiz Mehdiyevin sözləri
ilə desək, "Prezident İlham Əliyevin 5000 Azərbaycan
gəncinin xaricə oxumağa göndərilməsi barədə
qərarı ən yeni ixtisaslar üzrə ali
təhsil almaq imkanlarını genişləndirir, gənclərin
ümumi intellektual səviyyəsini yüksəldir, yeni
dünyagörüşü mühiti formalaşdırır. Bu istiqamətdə həyata keçirilən siyasətin
əsas vəzifəsi yeni idarəçilər
üçün zəruri bazis yaratmaq, ölkəni müasir
kateqoriyalarla düşünməyi, dövlətimizin
maraqlarını müdafiə etməyi bacaran kadrlarla təmin
etməkdir. Bu strateji məqsədin əsasını
üç başlıca amil təşkil edir: modernləşmə
xəttinin uğurunu təmin etmək, siyasi təsisatları
və ənənələri möhkəmləndirmək,
intensiv qərbləşmə və qloballaşma şəraitində
Azərbaycan xalqının milli özgünlüyünü
qoruyub saxlamaq".
Azərbaycan dinamik inkişaf edən,
sanballı transmilli layihələr, o cümlədən
prioritet milli proqramlar həyata keçirən, beynəlxalq
iqtisadi və sosiomədəni proseslərə dinamik inteqrasiya
edən ölkə kimi şərəfli inkişaf yolu
keçmişdir. İqtisadi inkişafla
paralel olaraq son illərdə respublikada demokratik proseslərin dərinləşdirilməsinə,
güclü vətəndaş cəmiyyətinin
formalaşdırılmasına, qanunçuluğun gücləndirilməsinə
və liberallaşmaya xidmət edən hüquqi-siyasi və
demokratik islahatlar uğurla davam etdirilmişdir. Ölkənin aktiv inkişaf fazasına daxil
olduğu indiki mərhələdə demokratik normaların
ictimai şüurda möhkəmlənməsinə və qəbul
edilməsinə daha yaxşı imkanlar yaranmışdır.
Əminliklə demək olar ki, dövlət
başçısı İlham Əliyevin yeritdiyi siyasətin
ölkə vətəndaşları tərəfindən birmənalı
dəstəklənməsini təmin edən mühüm amillərdən
biri də ötən illərdə ölkədə siyasi
sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin
möhkəmləndirilməsi, əks-qütblü siyasi
qüvvələr arasında gərginliyin aradan
qaldırılması olmuşdur. Bu
dövrdə həmçinin məhkəmə-hüquq və
ədliyyə sisteminin təkmilləşdirilməsi, insan və
vətəndaş hüquq-azadlıqlarının təmini
mexanizmlərinin müasirləşdirilməsi, vətəndaş
cəmiyyəti təsisatlarının sürətli
inkişafı uğurla təmin edilmişdir. Son illərdə qeyri-hökumət təşkilatlarının
və mətbuatın inkişafına dövlət dəstəyi
konsepsiyalarının praktik surətdə gerçəkləşdirilməsi
də bu baxımdan diqqəti xüsusi çəkir.
Azərbaycanın siyasi və iqtisadi
yüksəlişinin əsas oriyentiri demokratik təsisatların
və ənənələrin möhkəm sisteminin
formalaşmasına yönəlmişdir. Azərbaycanın
demokratikləşməsi və sivilizasiyalı birliyə
inteqrasiyası yolunda keyfiyyətcə yeni mərhələnin
əsasını qoymuş 2008-ci ilin 15 oktyabr prezident
seçkiləri Azərbaycan vətəndaşlarının
xalqın və dövlətin gələcəyi
baxımından son dərəcə dürust, reallığa
adekvat seçim etdiyini, habelə Heydər Əliyev siyasi
kursunun cəmiyyət üçün strateji önəmini
nümayiş etdirmişdir. Tamamilə demokratik
və şəffaf şəraitdə keçirilən bu
seçkilər Azərbaycanda siyasi qüvvələr
arasında dialoq və anlaşma mədəniyyətinin
formalaşması baxımından da əhəmiyyətli
olmuşdur. Seçkilərin tam demokratik
şəraitdə keçməsi rəsmi Bakının beynəlxalq
miqyasda mövqelərini əhəmiyyətli dərəcədə
möhkəmləndirmişdir.
Son illərin mühüm siyasi və hüquqi
islahatları fonunda 2009-cu il martın 18-də
Azərbaycan Respublikası Konstitusiyasına əlavə və
dəyişikliklərin edilməsini nəzərdə tutan
ümumxalq referendumunun keçirilməsini də xüsusi
xatırlatmaq lazımdır. Ölkə
seçicilərinin yüksək aktivliyi ilə müşayiət
olunan ümumxalq referendumunun nəticələri göstərmişdir
ki, respublikamızın davamlı şəkildə demokratikləşdirilməsinin
vacibliyi ictimaiyyət tərəfindən obyektiv zərurət
kimi qəbul edilir. Vətəndaşların
hüquq düşüncəsinin yetkinləşməsi, habelə
siyasi fəallığının yüksəlməsi isə
ilk növbədə ölkədə həyata keçirilən
uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi
sayıla bilər.
Bu referendum ölkənin modernləşdirilməsi,
demokratik dəyişikliklərin intensivləşdirilməsi və
ölkədə sabitliyin qorunub saxlanması istiqamətində
irəliyə doğru bir addım kimi qiymətləndirilir.
Qlobal və lokal transformasiyalar, yeni
çağırışlar nəzərə alınmaqla
Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşın
hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə,
ən başlıcası isə Azərbaycan dövlətçiliyinin
davamlı və səmərəli inkişafını təmin
etməyə imkan verir.
Ümumxalq referendumunda ciddi ictimai dəstək
almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın
bir çox normalarını yeni dövrün tələblərinə
uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və
vətəndaş hüquq və azadlıqlarının təmini
sahəsində dövlətin məsuliyyətini
artırmış, onun üzərinə bir sıra yeni
hüquqi öhdəliklər qoymuşdur. Konstitusiya
islahatı milli qanunvericiliyin beynəlxalq konvensiya və
sazişlərə uyğunlaşdırılması prosesində
keyfiyyətcə yeni mərhələ
açmışdır. Əsas Qanunun 29
maddəsinə edilmiş 41 əlavə və dəyişikliyin
hər biri mahiyyətcə respublikamızın tərəfdar
çıxdığı beynəlxalq konvensiya və
sazişlərin tələblərinə tam cavab verir.
İctimai dəstək almış hüquqi yeniliklər
1948-ci il tarixli "Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi"nə, 1950-ci il
tarixli "İnsan Hüquqları üzrə Avropa
Konvensiyası"na, 1966-cı il tarixli "Vətəndaş
və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"a, 1989-cu
il tarixli "Uşaq Hüquqları haqqında Konvensiya"nın
və s. müddəalarına uyğun olmaqla, ölkənin
milli qanunvericiliyinin beynəlxalq norma və prinsiplər ilə
uzlaşdırılmasına yönəlmişdir.
(ardı
var)
Kamal ADIGÖZƏLOV,
Bakı Dövlət
Universitetinin diplomatiya
və
müasir inteqrasiya prosesləri kafedrasının
dissertantı
Xalq qəzeti.- 2010.- 4
avqust.- S. 3.