Təhsilə dövlət qayğısı pedaqoji kollektivləri daha yaxşı işləməyə ruhlandırır

 

    Mühüm təhsil nailiyyətləri ilə əlamətdar olan 2009-2010-cu dərs ili artıq arxada qalmışdır, indi respublikamızın bütün regionlarında yeni dərs ilinə ciddi hazırlıq işləri aparılır.

 

    Orta təhsil kursu üzrə buraxılış imtahanlarının təşkili və aparılması məktəblilərin həyatında, pedaqoji kollektivlərin fəaliyyətində mühüm hadisə olmaqla şagirdlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edir.

    Bu gün tam əsasla demək olar ki, orta təhsil üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olmuş, təhsilə münasibətdə şagirdlərin, müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, habelə bu sahədə olan neqativ halların aradan qaldırılmasına xidmət etmişdir. Rayon təhsil şöbəsi və məktəblərin rəhbərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarını, həmin məsələ ilə bağlı Təhsil Nazirliyinin 17 may 2010-cu il tarixli məktubunu əldə rəhbər tutaraq rayonun ümumtəhsil məktəblərinin IX və XI sinifləri üzrə buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada keçirmək üçün konkret tədbirlər müəyyənləşdirib həyata keçirmiş, imtahanların keçirilmə qaydaları barədə müəllimlərə, şagirdlərə və valideynlərə ətraflı məlumat vermişdir.

    Buraxılış imtahanlarının təşkili və keçirilməsi məqsədilə rayonun 4 ümumtəhsil məktəbində 5 imtahan mərkəzi yaradılmış, təhsil nazirinin əmri ilə imtahanların aparılması işinə qeyri-ixtisasibtidai sinif müəllimlərindən ibarət nəzarətçilər cəlb edilmişdir.

    IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıqla əlaqədar bu ilin 13-14 mart tarixlərində Təhsil Nazirliyinin imtahan rəhbərlərinin iştirakı ilə imtahan mərkəzlərində yoxlama imtahanları keçirilmiş, bu da şagirdlərin buraxılış imtahanlarına hazırlığında öz müsbət nəticələrini göstərmişdir.

    11 və 12 iyun 2010-cu il tarixlərində rayonun 55 ümumtəhsil məktəbinin IX və XI siniflərində keçirilən buraxılış imtahanlarında IX siniflər üzrə 1750 nəfər, XI siniflər üzrə 1214 nəfər şagird iştirak etmişdir. XI siniflərdə 1120 nəfər attestat almışdır.

    Məlum olduğu kimi, məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələrdir.

    2010-cu ildə ümumtəhsil məktəbinin XI sinfini bitirmiş 500 nəfərə yaxın şagird ali məktəblərə qəbul olunmaq üçün Tələbə Qəbulu Komissiyasına sənəd vermişdir.

    Son vaxtlar ali təhsil müəssisələrinə sənəd təqdim edən bir çox məzunların oxuduqları məktəblər əvvəllər daim tənqidə məruz qalan məktəblər sırasında olmuş, qəbul imtahanlarında zəif nəticələr göstərmişlər.

    Rayon Təhsil Şöbəsi və məktəblərin pedaqoji kollektivləri başa vurduğumuz dərs ilində keçirdikləri bütün tədbirlərdə şagirdlərin milli mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və azərbaycançılıq ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sədaqət ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirmişlər.

    Rayon məktəbliləri ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən inşa yazı müsabiqələrində fəal iştirak etmiş, təqdim olunan yazılarda ulu öndərə olan sonsuz məhəbbətlərini tutarlı faktlarla ifadə etməyə nail olmuşlar.

    Məktəblilərimiz "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilən rəsm, elmi-texniki yaradıcılıq müsabiqələrində, şahmat turnirlərində, idman yarışlarında fəal iştirak etmiş, zonarespublika birinciliyində yüksək yerlər tutaraq fəxri fərmanlara, diplomlara layiq görülmüşlər.

    İki məktəblimiz bu ilin aprel ayında Bakı şəhərində keçirilən fənn olimpiadalarının respublika turunda biologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə II və IV yerlərə layiq görülmüşlər.

    Artıq üç ildir ki, ölkə Prezidentinin təhsilimizin keyfiyyətini yüksəltmək və müəllimlərin gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətini təmin etmək məqsədilə imzaladığı sərəncama əsasən respublikada "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri elan edilir. Keçən il müsabiqələrdə iştirak edən məktəblər arasında rayonumuzun şəhər 2 saylı və şəhər 6 saylı orta məktəbləri fərqlənmişdir.

    Pedaqoji kollektivlərimiz təhsilə göstərilən qayğıdan ruhlanaraq cari dərs ilində də müsabiqələrdə yaxından iştirak etmişlər. Rayonun 3 orta məktəbi və 4 nəfər qabaqcıl müəllimi "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iştirak etmiş, onların sənədləri hazırlanaraq Respublika Təşkilat Komitəsinə təqdim edilmişdir.

    "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində təqdim olunmuş Dəyirmanlı və Köhnəbazar kənd orta məktəbləri (direktorları Şakir Qasımov və Zülfi Zahidov) müsabiqənin bütün mərhələlərində müvəffəqiyyətlə iştirak etmişlər. Rayonumuzun tarixində ilk dəfə olaraq Xınıslı kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, əməkdar müəllim Rəfail Məmmədovun "İlin ən yaxşı müəllimi" adına layiq görülmək üçün Bakı şəhər məktəblərində keçdiyi nümunə dərsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

    Danılmaz həqiqətdir ki, təhsil sahəsində İslahat Proqramının, Təhsil qanununun tələblərinin, təlimin keyfiyyətinin yüksəldilməsi sahəsində qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi tədris müəssisələrinin maddi tədris bazasının möhkəmləndirilməsindən, onların müasir texniki vasitələr, ixtisaslı pedaqoji kadrlarla təmin olunmasından çox asılıdır. Məhz buna görədir ki, Prezident İlham Əliyev ölkədə aparılan nəhəng quruculuq işlərində tədris müəssisələrinin maddi bazasının möhkəmləndirilməsinə, yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə, bunların ən müasir avadanlıqlar və kompyuterlərlə təchizinə xüsusi diqqət yetirir.

    Təkcə bunu qeyd etmək kifayətdir ki, son 6 ildə rayonumuzda 21 yeni məktəb binası inşa edilib istifadəyə verilmiş, hər cür müasir avadanlıqlarla təchiz edilmiş yeni fənn kabinetləri, laboratoriyalar, sinif otaqları yaradılmışdır. Rayonun sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən 2010-cu ildə şəhər 3 saylı orta məktəbin ərazisində 640 yerlik yeni məktəb binasının tikinti işlərinə yaxın günlərdə başlanılacaqdır.

    Artıq altıncı ildir ki, yeni dərs ilinə hazırlıq ərəfəsində müəssisə və təşkilatların, məktəb rəhbərlərinin, şəhər və kənd bələdiyyələrinin sədrlərinin müşavirəsi keçirilir.

    Bu gün rayonda müasir standartlara cavab verən yeni yaradılmış və istifadəyə verilmiş məktəblərin hamısı icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun rayonumuza rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz onun tapşırığı ilə hər il yeni dərs ilinə hazırlıqla əlaqədar rayonda geniş tərkibdə müşavirənin keçirilməsi ümumtəhsil məktəblərində və digər tərbiyə müəssisələrində cari və əsaslı təmir işlərinin vaxtından xeyli qabaq başa çatdırılmasını təmin edir, bu da təlimin keyfiyyətinin yüksəldilməsinə, tədris prosesinin səmərəli təşkilinə geniş imkanlar yaradır.

    Tədris müəssisələrinin 2010-2011-ci dərs ilinə hazırlığına dair məktəb rəhbərlərinin şura yığıncağı keçirilmiş, qərara alınmışdır ki, məktəblərdə aparılan cari və əsaslı təmir işləri avqust ayının 15-dək başa çatdırılsın.

    Rayonumuzun pedaqoji kollektivləri hər ildə olduğu kimi 2010-2011-ci dərs ilinə hazırlıq sahəsində də qarşıda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün səylərini daha da artıracaqdır.

 

 

    Tacəddin NOVRUZOV,

    Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri

 

    Xalq qəzeti.- 2010.- 5 avqust.- S. 4.