Regionlarda ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirilir

 

    Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə bu ildən etibarən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair mövcud qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir.

 

    Onu da xatırladaq ki, ötən il dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilmişdir. 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emalinfrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür.

    Cari ilin altı ayında da qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, onun rəqabət qabiliyyətinin qorunması siyasəti davam etdirilmişbu istiqamətdə hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür.

    Bu ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 74 faizi aqrar infrastruktur sahələrinin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilmişdir.

    Hesabat dövründə dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" ASC-yə 23,5 milyon manat həcmində vəsait ayrılmışdır.

    Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri 2010-cu ilin 6 ayı ərzində 1306,6 milyon manat təşkil etmişdir.

    Regionların inkişafından söz düşmüşkən, ölkə Prezidentinin prioritet məsələ kimi qarşıya qoyduğu respublikamızın ayrı-ayrı bölgələrinin tərəqqisi ilə bağlı görülən işlərə də qısaca diqqət yetirək. Dövlət başçısının rəhbərliyilə Azərbaycanın iqtisadi potensialının möhkəmləndirilməsi, respublikamızın bölgədə və dünyada rolunun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bu günmühüm tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir. Başqa sözlə, bu gün sözügedən Dövlət Proqramında müəyyənləşdirilmiş məqsədə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli şəkildə yararlanmaqla qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir, infrastruktur şəbəkəsi genişləndirilir, sahibkarlığın inkişafına göstərilən diqqət daha da artırılır, ixracyönümlü məhsul istehsalı stimullaşdırılır. Bütün bunlarla yanaşı, əhalinin məşğulluğu, yoxsulluğun səviyyəsinin azaldılması məsələləri də diqqət mərkəzində saxlanılır.

    İkinci regional Dövlət Proqramının əsas hədəfləri sırasında ədalətli rəqabət mühitinin formalaşdırılması, vergi siyasətinin və vergi dərəcələrinin optimallaşdırılması, sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, bank, sığorta, lizinq xidmətlərinin inkişaf etdirilməsi, bankların regional filial şəbəkəsinin genişləndirilməsi, poçt şəbəkəsi platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılması, bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, yol təsərrüfatının yeniləşdirilməsi, elektrik enerjisi, istilikqaz təchizatı sisteminin müasirləşdirilməsi, meliorasiyairriqasiya tədbirlərinin reallaşdırılması, əhalinin sosial müdafiəsinin diqqət mərkəzində saxlanılması xüsusi əhəmiyyət daşıyır.

    Regionların inkişafı ilə bağlı bir məqama da diqqət yetirək. Bölgələrdə infrastrukturun yaxşılaşdırılması ilə yanaşı, əhalinin ərzaq təhlükəsizliyinə xüsusi fikir verilir. Məsələn, Sahibkarlığa Kömək Milli Fondu "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, fevralın 1-dən uşaq qidası istehsalının təşkil olunması, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin və üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinin investisiya təkliflərinin qəbuluna başlamışdır. Bununla əlaqədar fond tərəfindən keçirilən təqdimatda diqqətə çatdırılmışdır ki, investisiya layihəsinin xüsusiyyətlərinə əsasən, bir sıra şərtlər irəli sürülmüşdür. Belə ki, investisiya təklifinin ümumi dəyərinin ən azı 30 faizi sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə fondun güzəştli kreditləri hesabına maliyyələşdirilir. İnvestisiya layihəsinin maliyyələşdirilməsində Azərbaycan İnvestisiya Şirkəti ASC və onun törəmə şirkətləri də tərəflərin razılığı əsasında payçı qismində iştirak edə bilərlər.

    Yeri gəlmişkən, burada bir məqama da toxunmağı vacib bilirik. Birinci regional Dövlət Proqramı (2004-2008-ci illər) qəbul ediləndə orada nəzərdə tutulan tədbirlərin tam həcmdə həyata keçirilməsinə şübhə ilə yanaşanlar da vardı. Bu barədə dövlət başçısı çıxışlarının birində demişdir: "...Son illər ərzində regionların canlanması, regionlarda gedən inkişaf prosesləri ölkəmizi daha da gücləndirir... Biz 2004-cü ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəndə mən bilirdim ki, bu proqramın icrasına nail olacağıq. Baxmayaraq ki, proqramda çox ciddi və bəzi hallarda gözlənilməz məsələlər qoyulmuşdu. 600 min yeni yerinin açılması, yoxsulluğun kəskin şəkildə azaldılması, Azərbaycanda beş il ərzində minlərlə yeni müəssisənin yaradılması, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması. Yəni bu proqramda qlobal xarakter daşıyan məsələlər nəzərdə tutulmuşdu. Bəzilərinə elə gələ bilərdi ki, bu proqramda reallıqdan uzaq olan çoxlu məsələlər var, şüar xarakterli məsələlər var. Amma həyat göstərdi ki, orada nəzərdə tutulmuş bütün vəzifələr icra olundu. Deyə bilərəm ki, nəzərdə tutulmamış böyük iqtisadi və sənaye-infrastruktur layihələri icra edildi".

    Onu da xatırladaq ki, Azərbaycanda regionların inkişafı ilə bağlı reallaşdırılan tədbirlər yoxsulluğun azaldılmasına müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, görülən işlər nəticəsində 2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azaldılacaq. Xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və s. bu məsələ də mühüm rol oynayacaq.

 

 

    Vaqif BAYRAMOV

 

    Xalq qəzeti.- 2010.- 5 avqust.- S. 1.