Lerikdə ilin birinci yarısının yekunları nikbinlik yaradır

 

    Dağlar diyarı Lerik son illərdə sürətlə inkişaf edərək xeyli dəyişib, yeniləşib. Rayonda genişmiqyaslı tikinti, abadlıq işləri görülüb. Şəhərdaxili küçələrə başdan-başa asfalt çəkilib, səkilər yenidən qurulub. Heydər Əliyev parkında ümummilli liderin əzəmətli abidəsi ucaldılıb. Ulu öndərin adını daşıyan mərkəz, rayon icra hakimiyyəti başçısının aparatı üçün yeni bina tikilib. Ərazidə yaşıllıqlar salınıb, fəvvarələr quraşdırılıb. Yaxınlıqda yerləşən mərkəzi rayon xəstəxanası yüksək zövqlə əsaslı təmir olunub. Dövlət bayrağımızın ucalıb dalğalandığı qüllə meydanın əzəmətini daha da artırır.

 

    Cari ilin birinci yarısı Lerikin sosial-iqtisadi və mədəni həyatında uğurlarla, unudulmaz tarixi hadisələrlə yadda qalıb. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov yarımilliyin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclasını açaraq bu barədə danışdı:

    -İyunun 25-i Lerikin tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev üçüncü dəfə rayonumuza gələrək ümummilli lider Heydər Əliyevin abidəsini və "Şəhidlər" abidə kompleksini ziyarət etmiş, Lerik şəhərində Heydər Əliyev Mərkəzinin, əsaslı şəkildə yenidən qurulmuş rayon mərkəzi xəstəxanasının, mədəniyyət evinin, uzunömürlülər muzeyinin açılış mərasimlərində iştirak etmişdir. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirmişdir: "Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Mən artıq üçüncü dəfədir ki, Lerikdəyəm. Hər dəfə gələndə yeni müəssisələr, yeni obyektlər açılır, abadlıq işləri aparılır. Bunları görürəm və çox sevinirəm. Rayonun, sözün əsil mənasında inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. Çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir".

    Möhtərəm Prezidentimizin ucqar dağ rayonunun inkişafına göstərdiyi misilsiz qayğı, verdiyi yüksək qiymət əhali tərəfindən böyük razılıqla, minnətdarlıqla qarşılanmışdır.

    Rayonda regional inkişaf üzrə dövlət proqramları uğurla icra olunur.Cari ilin altı ayında 288 yeni yeri açılmışdır. Ümumilikdə son yeddi ildə rayonda 5354 yeri yaradılmış, 2308 nəfər daimi işlə təmin olunmuşdur.

    Şura iclasında rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Habil Məlikovun birinci yarımildə sosial-iqtisadi inkişafın yekunları barədə məruzəsi dinlənildi. O, qeyd etdi ki, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 3 faiz, adambaşına düşən məhsul 1,6 faiz, sənaye məhsulu istehsalı 6,8 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 11,1 faiz, nəqliyyat xidməti 3,7 faiz, ticarət xidmətinin həcmi 35,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10,7 faiz, pullu xidmətlər 16,8 faiz artıb. Rayonda əhalinin gəlirləri 3,9 faiz çoxalaraq 28 milyon 269 min manata, orta aylıq nominal əmək haqqı 233,1 manata çatıb.

    Aqrar sahənin inkişafı rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Taxılçılığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində əkin sahələri genişləndirilib, 2426 hektar sahədə payızlıq buğda, 1866 hektar sahədə yazlıq bitkilər əkilib. Məhsul istehsalçılarına bankomat vasitəsilə kompensasiyalar ödənilib. Hazırda taxıl biçini və digər kənd təsərrüfatı məhsullarının yığımı davam etdirilir.

    Əhalinin enerji daşıyıcılarına tələbatının normal ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Lerik şəhərində köhnəlmiş elektrik dirəkləri yeniləri ilə əvəz edilib, elektrik hava xətləri təzələnib. Şəhərdə abonentlər üçün SMART kartlı sayğaclar quraşdırılır.

    Rayon mərkəzinin qazlaşdırılması artıq başa çatdırılıb. İndi Ordahal kəndinin şəbəkəyə qoşulması üçün hazırlıq işləri görülür. Cəngəmiran, Perzəküçə, Anbu, Blaband, Lüləkəran, Piran kəndlərinə qaz xətlərinin çəkilişinə başlanılıb.

    Vizəzəmin kəndində yeni poçt binası inşa edilib. Gürdəsər kəndində 252 nömrəlik elektron ATS istifadəyə verilib. Nuravud və Tikəband kəndlərində də müasir ATS-lər quraşdırılır. Lerik şəhərində və Əliabad kəndində inşa edilən şadlıq evlərində, ticarət və iaşə obyektlərində tamamlama işləri görülür.

    Prezidentin tapşırığı ilə 2005-ci ildə dövlət vəsaiti hesabına başdan-başa yenidən qurulmuş 56 kilometrlik Lənkəran-Lerik magistral yolunun qorunması məqsədilə tədbirlər görülüb. Son vaxtlarda ağır yük maşınlarının intensiv hərəkətinə görə yolun bəzi hissələri korlanmışdı. Burada təmir aparılıb, sürüşməyə məruz qalmış yerlərdə istinad divarları hörülüb, bərkitmə işləri görülüb. Daxili imkanlar hesabına Lerik-Kəlvəz yolunun 10 kilometrlik hissəsi cari təmir edilib. İş adamlarının köməyilə Əliabad-Kirəvud yolunda əsaslı təmir işləri görülür.

    Rayonda fəaliyyət göstərən bank şöbələri və kredit təşkilatları fizikihüquqi şəxslərə 1 milyon 202 min manat kredit veriblər. Əhali tərəfindən 100 min manat vəsait əmanətə qoyulub. Əmək haqları, pensiya və müavinətlər bankomatlar vasitəsilə ödənilir. Artıq şəhərdə 4 bankomat abonentlərə xidmət göstərir.

    Rayonda turizm sürətlə inkişaf edir. Lənkəran-Lerik yolu boyunca, eləcə də Qosmalian və Bilnə kəndlərində yeni turizm mərkəzləri tikilib. Bu yaxınlarda müasir kottec və otellərə malik 80 nəfərlik "Cənub" turizm istirahət mərkəzi istifadəyə verilib.

    Rayon maliyyə idarəsinin rəisi Elman Abbasov şura iclasındakı çıxışında bildirdi ki, ilin birinci yarısında proqnozlaşdırılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi təmin olunub. Respublika büdcəsindən alınmış dotasiyadan səmərəli istifadə edilib, ayrılmış vəsait üzərində maliyyə nəzarəti gücləndirilib. İlin ikinci yarısında da yerli büdcənin gəlir və xərclərinin vaxtında yerinə yetirilməsi, vəsaitin düzgün və səmərəli xərclənməsi üçün müvafiq tədbirlər görüləcək.

    Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov son illər Lerikdə 22 məktəbin tikildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirildiyini qeyd etdi. Bu il IX sinifləri bitirmiş şagirdlərin 73,7 faizi şəhadətnamə, XI sinif şagirdlərinin 71,1 faizi orta təhsil haqqında attestat alıb. Vizəzəmin, Hamarmeşə, Rvarud, Soru, Şingədulan kənd, Lerik şəhər 3 saylı orta məktəblərdə bu göstəricilər daha yüksək olub.

    Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Vəligulla Alışov çıxışında aztəminatlı ailələrə dövlət qayğısının artırıldığını, ilin birinci yarısında rayonda 1871 nəfərə sosial müavinət, 1413 ailəyə ünvanlı dövlət sosial yardımı verildiyini bildirdi. Pensiyalar və müavinətlər vaxtında ödənilir. Mərkəz tərəfindən 82 nəfər tənha, ahıl və kimsəsizin dolanacağına qayğı göstərilir.

    Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şura iclasını yekunlaşdırdı. Möhtərəm Prezidentimizin müəllifi olduğu Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin bundan sonra da uğurla həyata keçiriləcəyini, rayonun potensial imkanlarının maksimum dərəcədə işə salınacağını, əhalinin güzəranının daha da yaxşılaşmasına qayğının artırılacağını, bütövlükdə ilin böyük nailiyyətlərlə sona çatdırılacağını bildirdi.

    Yığıncaq iştirakçıları tərəfindən Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

 

    Əli NƏCƏFXANLI

 

    Xalq qəzeti.- 2010.- 6 avqust.- S. 5.