Azərbaycan beynəlxalq aləmdə: qlobal dəyişikliklər və transformasiyalar şəraitində xarici siyasət xətti və prioritetlər

 

    Prezident İlham Əliyevin iqtisadi, siyasi və hüquqi mühitin liberallaşdırılması sahəsində uğurlu islahatları Azərbaycanın müstəqil xarici siyasət yeritməsinin əsas təminatıdır

 

    (əvvəli qəzetin 31 iyul və 4 avqust 2010-cu il tarixli saylarında)

 

    Beynəlxalq sülh və əməkdaşlıq mərkəzi

 

    Hər bir suveren dövlət beynəlxalq münasibətlərin subyekti kimi, özünün xarici siyasətini həyata keçirir. Bu siyasət sosial-iqtisadi və ictimai-siyasi inkişafın səviyyələri, coğrafi mövqe, milli-tarixi ənənələr, suverenliyin və təhlükəsizliyin təmin edilməsi məqsədləri ilə müəyyən edilir. Bu amillər xarici siyasət prizmasından milli maraqlar konsepsiyasında cəmləşir.

    Milli maraqlar bir çox amillərin - daxili və xarici, siyasi, iqtisadi, təbii, iqlim, ekoloji və texnogen amillərin təsiri altında formalaşır. Amerika siyasi realizminin müəllifi Hans Morgentaunun (1891-1967) fikrincə, milli maraqlar dövlətin özü tərəfindən müəyyən olunan elə uzunmüddətli standartlardır ki, onların əsasında siyasi qərarları və hərəkətləri mühakimə etmək və qiymətləndirmək olar.

    Morgentau milli maraqları hakimiyyət və gücdə ifadə olunan siyasi realizm prinsipi səviyyəsinə qaldırır. Onun fikrincə, siyasi realizm dinamik başa düşülən milli maraqlarla bağlıdır. Başqa sözlə, dövrün tələblərindən asılı olaraq, onlar məzmun və əhəmiyyətcə müəyyən transformasiyaya uğraya bilər.

    Yeri gəlmişkən, dövlətin gücü tarixən ilk növbədə hərbi güc kimi təzahür etmişdir. Tarixdə çoxsaylı abidələr qalmışdır: çarların, kralların daş kitabələrdə, əlyazma manuskriptlərdə, salnamələrdə, miflərdə, saqalarda, xronikalarda, kitablarda yazılmış təkəbbürlü kəlamlarında göstərilir ki, kim daha yaxşı silahlanmışdısa, kimin qoşunları daha yaxşı təşkil edilmiş, öyrədilmişdisə, daha mobil və intizamlı idisə, o qalib gəlir. Elmi-texniki tərəqqi və iqtisadi imkanlar genişləndikcə, hərbi təfəkkür inkişaf etdikcə, hərbi güc də artır. Bütün bunlar coğrafi amillərlə birlikdə dövlətin geosiyasi qüdrətinin təşəkkülünə və ya tənəzzülünə təkan verir.

    Hollandiya mənşəli amerikalı geosiyasətçi Nikolas Spaykmen (1893-1943) dövlətin geosiyasi qüdrətini müəyyən etməyə əsas verən 10 meyar göstərir. İlk dəfə Amerika donanmasının admiralı, hərbi strategiya nəzəriyyəçisi və siyasətçi Alfred Mehen (1840-1914) tərəfindən təklif edilmiş bu meyarlar aşağıdakılardır: (1) ərazinin relyefi (səth quruluşu); (2) sərhədlərin mahiyyəti; (3) əhalinin sayı; (4) faydalı qazıntıların mövcudluğu və yaxud yoxluğu; (5) iqtisadiyyatın və texnologiyanın inkişafı; (6) maliyyə qüdrəti; (7) etnik bütövlük; (8) sosial inteqrasiya səviyyəsi; (9) siyasi sabitlik; (10) milli ruh.

    Dövlətin iqtisadi, maliyyə, intellektual potensialı artdıqca onun qüdrətinə bu elementlər əlavə olunmağa başlayır. XX əsrin ikinci yarısı göstərdi ki, dünyanın yenidən bölünməsi uğrunda mübarizə təkcə hərbi qüvvə tətbiq edilməsi yolu ilə deyil, həm də iqtisadi, maliyyə, mədəni-ideoloji ekspansiya yolu ilə aparıla bilər. Müasir geosiyasətçilərin çoxunun fikrincə, ölkənin qüdrəti sistem şəklində qarşılıqlı təsirdə olan amillərin kompleks göstəricisidir. O, hər hansı vahidlərlə ölçülən mütləq kəmiyyət deyil, dövlətlərin beynəlxalq münasibətlərində interaksiyalar prosesində təzahür edən və bu münasibətlərin nəticələrinə əsasən qiymətləndirilən nisbi kəmiyyətdir. Dövlətin qüdrətinin elementləri müəyyən mənada bir-birini qarşılıqlı əvəz edə bilər.

    Bütün dövrlərdə milli maraqların düzgün müəyyən edilməsində və onlara dönmədən riayət olunmasında uğurlu xarici siyasət xəttinin seçilməsi böyük rol oynayır.

    Dövlətin xarici siyasəti daxili siyasətin davamı, onun təzahürüdür. Xarici siyasət, ilk növbədə, milli dövlətin digər dövlətlərlə milli maraqların müdafiəsi uğrunda mübarizəsidir. Bu maraqlar suverenliyin vəhdət təşkil edən üçcəhətli konsepsiyasında - dövlət suverenliyi, milli suverenlik və xalq suverenliyində birləşmişdir. Bu səbəbdən də dövlətdə birlik nə qədər möhkəm olarsa, dövlətin xarici siyasəti bir o qədər uğurlu olur. Bununla yanaşı, ümummilli maraqların formalaşdırılması mental ənənənin, tarixi təcrübənin mütləq nəzərə alınmasını tələb edir ki, bunun da dövlət tərəfindən yerinə yetirilməsi olduqca mürəkkəb, böyük zəhmət tələb edən məsələdir.

    Müasir dövrdə hər bir demokratik dövlətin xarici siyasəti rəsmi və qeyri-rəsmi institutların, vətəndaş cəmiyyəti təsisatlarının tələb və istəklərinin sintezi nəticəsində formalaşmış ümumi rəyə əsaslanır. Milli maraqları ifadə edən bu umumi rəyin ardıcıl və davamlı fəaliyyət proqramına çevrilməsi, milli səviyyədə gerçəkləşdirilməsi və koordinasiyasını isə dövlət həyata keçirir. Azərbaycan dövlətinin müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya nümayiş etdirərək özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən çoxvektorlu müstəqil xarici siyasəti özünün konseptual bazisinə malikdir. Təməl ideyalar əsasında formalaşdırılmış həmin bazis ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə Prezident olduğu dövrdə yaradılmışdır. Onun zəngin həyat və siyasi təcrübəsindən irəli gələn optimal qərarlar qəbul etmək bacarığı, intuisiyası və uzaqgörənliyi - bütün bunlar xalqın strateji məqsədlərinə xidmət edən intellektual və mənəvi-siyasi arsenaldır.

    Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli maraqların təmininə, beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa, tarazlığa və praqmatizmə əsaslanan xarici siyasət ümummilli liderin əsasını qoyduğu balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur. Rəsmi Bakı son illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, ədalətli və bərabər əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya nümayiş etdirmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Ölkəmizin xarici siyasəti, ilk növbədə, onun ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakının təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avropa və Transatlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdir.

    Hazırda hansısa dövlətin müstəqil, güvənli xarici siyasət yeritməsi, milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o qədər də aktual səslənmir. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycan praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin etmişdir. Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Son illər ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

    Bəzən Azərbaycanın bölgədə artan rolunun yanlış olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışdır. Bəzi dövlətlərin timsalında bunu əminliklə demək olar. Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı səmərəli əməkdaşlıq da məhz xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibət, habelə respublikamızda demokratik proseslərin dönməzliyinə olan inamdır. Siyasi sistemin xarakteri, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesi respublikamızın, eyni zamanda, beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir.

    Cənab İlham Əliyevin indi bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqlarla şərtlənir. "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Azərbaycanın mühüm taleyüklü xüsusiyyəti dünya və regional maraqların kəsişməsində yerləşməsidir. Ölkəmiz bir çox dövlətlər və nüfuzlu transmilli təşkilatların maraqlarının toqquşduğu mürəkkəb geosiyasi məkanda yerləşir. Çox vacib haldır ki, Azərbaycan dövləti bu gün dünya siyasətinin təhlükəli dəyişikliklərinin qarşısını almağa və konfliktogen situasiyaları müxtəlif siyasi sistemli ölkələrlə əməkdaşlıq məcrasına keçirməyə müvəffəq olmuşdur. Göstərilən xüsusiyyət xarici siyasətin çoxvektorluğunda təcəssümünü tapır. Prezident İlham Əliyevin xarici siyasət kursunun çoxvektorluğu Realpolitik (Otto fon Bismarkın təklif etdiyi bu termin ideoloji amillərdən və ya başqa "sentimental xülyalardan" daha çox konkret və ciddi praktik aspektlərə əsaslanan siyasəti əks etdirir) yanaşma prinsiplərinə söykənir. O, dünya reallıqlarının qiymətləndirilməsində müxtəlif resurslarla təmin edilən milli dövlətlərin maraqları mövqeyindən çıxış edir.

    Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Prezident İlham Əliyev tərəfindən uğurla əlaqələndirilmiş, Azərbaycanın həyata keçirdiyi siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulmuşdur. Məhz buna görədir ki, Azərbaycan dövlətinin problemlərin siyasi həlli modeli bütün dövlətlərlə qarşılıqlı surətdə səmərəli əməkdaşlıq perspektivləri açır.

    Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur. Azərbaycan geniş Xəzər və Qara dəniz bölgəsində baş verən strateji siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir regional liderə çevrilmişdir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu olaraq imkanları getdikcə artır.

    Azərbaycanın həyata keçirdiyi dəyərtutumlu və məqsədyönlü çoxvektorlu xarici siyasət, sözün tam mənasında, postsovet məkanı dövlətləri üçün model ola bilər. Çünki bu kurs milli maraqların, Azərbaycan dövlətinin maraqlarının maksimal təminatına yönəlmişdir və müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya kimi özünü uğurla doğruldur. Azərbaycanın həyata keçirilməkdə olan milli və dövlət maraqları ümumi inkişaf və tərəqqi, xalqın maddi rifahının yüksəldilməsi, eyni zamanda, Azərbaycanın dünyada mövqelərinin möhkəmləndirilməsi deməkdir. Azərbaycan üçün digər önəmli məqam isə mövcud olduğu regionun inkişafının hərəkətverici qüvvəsinə çevrilməklə burada artıq tamamilə fərqli bir geosiyasi mənzərənin formalaşmasına yol açmasıdır. Xüsusən də reallaşması bilavasitə Azərbaycanın iştirakından asılı olan transregional layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir. Bunlara misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini misal göstərmək olar. Hazırda inşası üzərində iş gedən Bakı-Tbilisi-Qars dəmir yolu xətti də regionun əhəmiyyətini dünya miqyasında artırır. Perspektivdə Nabukko layihəsinin, bütövlükdə "Cənub dəhlizi"nin reallaşması, şübhəsiz ki, Azərbaycanın səyləri sayəsində Cənubi Qafqazın dünyanın siyasi, iqtisadi, o cümlədən enerji xəritəsində tutduğu mövqeyini xeyli dərəcədə gücləndirəcək, regionda təhlükəsizliyin və sabitliyin təminatına çevriləcəkdir.

    Azərbaycan mühüm geoiqtisadi məkandır və bunun aktuallığı təkcə zəngin neft və qaz ehtiyatlarının olmasında, respublikamızdan keçən nəqliyyat arteriyalarında deyil, həm də Şərqi Avropa ölkələri ilə sıx iqtisadi əlaqələr qurulmasına imkan yaradacaq mühüm boru kəmərlərinin (Odessa-Brodı, Konstansa-Triyest) mövcudluğu və perspektivdə yeni boru kəmərlərinin çəkilməsi ilə şərtlənmişdir. Bu, dünyada təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın iştirakı üçün təməl yaradır.

    Göründüyü kimi, Azərbaycanın geostrateji mövqeyi, neft və qaz ehtiyatları onu dünyada gedən geostrateji proseslərə böyük təsir potensialı olan dövlətə çevirib. Azərbaycanın milli mənafelərin təmin olunması üçün beynəlxalq əməkdaşlığın bütün imkanlarından istifadə edilməsinə yönəldilmiş fəal çoxvektorlu xarici siyasət yürütmək xətti getdikcə daha çox səmərə verməkdə, ölkəmizin dünya səviyyəsində əhəmiyyətini artırmaqda və həlledici söz sahiblərindən biri kimi mövqelərini gücləndirməkdədir.

 

    Milli mənafeyini müdafiə edən müstəqil dövlət

 

    Qloballaşan dünyanın ikili standartları fonunda heç də bütün dövlətlər müstəqil dövlətləri tanınmırlar. Diplomatiyada dövlətlərin qeyri-rəsmi olaraq "diktə edən" və "diktə olunan"lar bölgüsü əsasında təsnifatlandırılması da obyektiv reallıq kimi diqqəti çəkir. Uzağa getməyək, bu gün təcavüzkar siyasəti ilə regionda militarist strategiya yürüdən, özünü faydalı əməkdaşlıq təşəbbüslərindən, enerji-kommunikasiya layihələrindən təcrid edən Ermənistanın "for-post" dövlət olduğu heç kimə sirr deyil. Son dövrlərə təsadüf edən və hamıya məlum bir hadisə - Türkiyə-Ermənistan protokollarının imzalanması zamanı Rusiya xarici işlər nazirinin ermənistanlı həmkarına göstərdiyi sərt təpki bu xüsusda əlavə şərhə ehtiyac qoymur.

    Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan bu gün tam müstəqil daxili və xarici siyasət yeridərək "güclü dövlət - müstəqil siyasət" prinsipini rəhbər tutur. Hansısa mərhələdə rəsmi Bakıya təsir göstərməyə çalışan, hegemonluq iddiasında olan dövlətlər də artıq bunun mənasızlığını dərk edərək respublikamızla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər.

    Yuxarıda deyildiyi kimi, respublikamızın xarici siyasəti özünün məqsədyönlülüyü və sistemliliyi ilə diqqəti çəkir. Beynəlxalq münasibətlər sisteminin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, beynəlxalq təşkilatların respublikamızla bağlı yürütdüyü siyasətin mahiyyəti xarici siyasətdə ciddiliklə nəzərə alınır. Bununla yanaşı, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində plasdarm kimi istifadə edilməsinə yol verilmir. Strateji baxımdan əlaqələri genişlənən Azərbaycanın dünya geosiyasi məkanına siyasi, iqtisadi inteqrasiyası üçün də geniş imkanlar açılmışdır. Qərb ilə Şərqin qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

    Prezident İlham Əliyev 2008-ci ilin iyulunda Bakıda Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərləri ilə keçirilən sayca üçüncü müşavirədə çıxışı zamanı bu məsələni xüsusi vurğulamışdır: "Bu gün Azərbaycan regional çərçivələrdə çox önəmli rola malikdir. Getdikcə bu rol daha da böyüyəcəkdir. Biz artıq regional çərçivələrdən çıxıb daha böyük əməkdaşlıq məkanında öz rolumuzu gücləndiririk. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər, konkret layihələr, əməkdaşlığa yönəldilmiş enerji siyasətimiz əlbəttə ki, ölkəmizin imkanlarını gücləndirir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha da əlverişli vəziyyət yaradır. Bu gün həm siyasi, həm iqtisadi baxımdan, həm beynəlxalq hüquq normaları baxımından və nəhayət, hərbi potensial baxımından Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür".

    Azərbaycan regional və qlobal enerji təhlükəsizliyi sisteminin yaradılması prosesinin fəal iştirakçılarından və təşəbbüsçülərindən biridir. Azərbaycan dövlətinin bu sahədə real imkanları onun xarici siyasətini lövbər kimi saxlayır, ona özünəməxsus məna və dəyər verir. Ölkəmizin enerji baxımından əhəmiyyəti həyat tərzimizi, təsisatlarımızı qoruya bilən müstəqil xarici siyasət həyata keçirməyə imkan verir və bununla da millətin öz məqsədlərini həyata keçirmək hüququnun aliliyini təmin edir. Bununla bərabər, Azərbaycanın enerji siyasəti dəyər motivasiyalarını ehtiva edir. Bunu tarixi hadisə - "Əsrin müqaviləsi"nin imzalanması faktından görmək olar. Bu, ilk baxışdan sırf iqtisadi xarakterli akt, eyni zamanda, dünyagörüşü baxımından hadisə oldu. Heydər Əliyevin hakimiyyət konsepsiyasında "Əsrin müqaviləsi" onun əsas məqsədini - ictimai rifaha xidmət edən dəyər ideyasını əks etdirirdi.

    Son illər Azərbaycan yeni dövlət neft strategiyasını, - onun yaradılması Prezident Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır, - həyata keçirərək, XXI əsrin reallıqlarını və ilk növbədə, milli mənafeləri nəzərə alaraq, öz coğrafi strategiyasını və coğrafi siyasətini onun əsasında qurur. Hazırda bu amil xarici siyasətin, milli təhlükəsizliyin, iqtisadi rifahın və qlobal sabitliyin mühüm tərkib hissəsinə çevrilmişdir.

    Bu gün ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan müzakirələrin əsas tərəflərindən biri kimi diqqət mərkəzindədir. 2008-ci ilin noyabrında enerji sahəsində genişlənmiş dialoq çərçivəsində Bakıda təşkil olunmuş enerji sammiti ölkəmizin ən yeni tarixinə ayrıca bir sətir kimi daxil olmuşdur. Bu enerji sammiti Azərbaycanın neft ehtiyatlarının dünya bazarlarına nəql edilməsinə imkan yaratmış "Əsrin müqaviləsi"nin imzalanmasından etibarən başlanmış möhtəşəm işlərə müəyyən yekun vurmaq, ulu öndərin yeni neft strategiyasının həyata keçirilməsinin gedişini, bu nadir proqramla bağlı sanballı nailiyyətləri retrospektiv təhlil etmək üçün gözəl imkan olmuşdur. Təhlilçilər qeyd edirlər ki, Bakı sammiti Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması ilə bağlı aparılan müzakirələrin praktik fəaliyyət müstəvisinə keçdiyini deməyə ciddi əsaslar verir. 21 ölkənin, o cümlədən Avropa İttifaqının üzvü olan 9 ölkənin dövlət və hökumət başçılarının, yüksək vəzifəli nümayəndələrinin qatıldığı sammitdə Xəzər dənizi hövzəsində hasil edilən neft və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsi məsələsi əsas müzakirə mövzusu idi. Sammit enerji ehtiyatlarının həm hasilatı, həm də nəqli baxımından Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz rolunu xüsusi önə çəkmişdir. Sammitin nəticəsi olaraq, yüksək səviyyədə, Xəzər hövzəsindən dünya və Avropa bazarlarına gedən neft və qaz kəmərlərinin çoxşaxəliliyinə yönəlmiş siyasətin davam etdirilməsinin əhəmiyyətinin vurğulandığı bəyannamə qəbul edilmişdir. Bəyannamədə sammit iştirakçıları Azərbaycan təbii qazının iştirakçı dövlətlərin tələblərinin tam ödənilməsi üçün region və Avropa bazarlarına daşınması və tranzitinin çoxşaxəli infrastrukturunun yaradılması üzrə layihələrin həyata keçirilməsinə dəstəklərini ifadə etmişlər.

    Qlobal enerji layihələri, boru kəmərləri şəbəkəsinin yaradılması, habelə potensial enerji ehtiyatları sayəsində Azərbaycan tranzit ölkədən neft və qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilmiş, bu amil beynəlxalq birliyin respublikamıza diqqətini daha da gücləndirmişdir. Xəzər regionunun karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan alternativ marşrutların reallaşdırılması respublikamızın iştirakı olmadan təsəvvür edilmir. Bu baxımdan, Nabukko layihəsinin səmərəli olması, yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə, Azərbaycan qazından asılıdır. "Azərbaycan həmişə Nabukko layihəsini dəstəkləyib. Ümumiyyətlə, Nabukko bir layihə kimi Azərbaycandan Türkiyəyə qaz kəmərinin çəkilməsindən sonra ortaya çıxıb. Əgər 1996-cı ildə Azərbaycan bp və digər şirkətlərlə "Şahdəniz" qaz yatağının istismarına dair saziş imzalamasaydı və partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu gün Nabukko layihəsinə dair sazişin imzalanması mümkün olmazdı. Bu gerçəklik göstərir ki, Azərbaycan Nabukkonun təşəbbüskarı olmaqla yanaşı, eləcə də əməldə diversifikasiya və nəql infrastrukturunun yaradılmasını dəstəkləyən ölkədir" - deyən Prezident İlham Əliyev qeyd etmişdir ki, enerji məsələləri xalqları ayırmamalı, əksinə birləşdirməli, bu amildən siyasi təzyiq aləti kimi istifadə olunmamalıdır. Cənab İlham Əliyev həmçinin vurğulamışdır ki, Azərbaycan etibarlı enerji təhlükəsizliyi baxımından hasilatçı, tranzit və istehlakçı dövlətlərin öz öhdəliklərinə əməl etməsini vacib sayır.

    Sirr deyil ki, enerji ehtiyatlarına malik olmaq dövlətimizin öz xarici siyasətinin həyata keçirilməsi üçün ona əlavə dividendlər verir. Bununla yanaşı, ənənəvi yanaşma və situativ maraqları özündə əks etdirən praqmatizm, əməkdaşlıq və çevik ixrac siyasətinin həyata keçirilməsi xətti yürüdən Azərbaycanın enerji-nəqliyyat daşımalarında aparıcı rolunun möhkəmlənməsinə imkan yaratmışdır. Mötəbər qlobal və regional qurumlarla tərəfdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, habelə bu strukturlara inteqrasiya üçün mövcud əsaslar gücləndirilmişdir. Xüsusilə, Avropa və Avratlantika məkanına inteqrasiya istiqamətində səylər intensivləşdirilmişdir. Azərbaycanın İslam dünyasında siyasi nüfuzu və əhəmiyyəti daha da artmış, türkdilli dövlətlərlə münasibətlər xeyli genişlənmişdir. Qərb və Şərq mədəniyyətlərini birləşdirən körpü kimi Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edərək bu məsələyə öz töhfəsini verir.

    İkitərəfli əsasda çoxsaylı səfər və görüşlər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun artması, siyasi və iqtisadi maraqlarının təmin olunmasında vacib əhəmiyyət kəsb etmişdir. İkitərəfli münasibətlər çərçivəsində müvafiq hüquq-müqavilə bazası zənginləşmiş, beynəlxalq əlaqələrimizin coğrafiyasının genişlənməsi və diplomatik təmsilçiliyimizin sayının artırılması prosesi davam etmişdir.

    Son dövrü ümumən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar baxımından da uğurlu saymaq olar. Belə ki, münaqişənin nizamlanması prosesində canlanma müşahidə olunur və bunu inkar etmək mümkün deyil. Münaqişə tərəfləri arasında aparılan birbaşa təmasların intensivləşməsi - həmsədrlərin iştirakı ilə xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlər prosesin ciddi şəkildə irəlilədiyini deməyə əsas verir.

    Xatırlatmaq yerinə düşərdi ki, hələ 2008-ci ilin payızında Moskvada keçirilən görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son 14 ildə ilk dəfə birgə bəyannamə imzalaması danışıqlar prosesini intensivləşdirmək, problemi qarşılıqlı güzəştlər əsasında həll etməklə bağlı siyasi iradə nümayişi kimi yadda qalmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzalanmış bəyannamədə münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli, Cənubi Qafqaz regionunda vəziyyətin sağlamlaşması, regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradılması məsələləri əksini tapmışdır. Tərəflər Moskva görüşündə razılaşmışlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişənin həlli ilə bağlı imzaladıqları rəsmi sənəddə məsələnin yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri, Madrid prinsipləri əsasında həlli vacibliyi xüsusi önə çəkilmişdir.

    BMT Baş Məclisinin 62-ci sessiyası da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etmiş, münaqişənin sözügedən prinsiplər əsasında həllinin zəruriliyini qeyd etmişdir. Ən nüfuzlu beynəlxalq təşkilatın Ermənistanı yenidən işğalçı dövlət kimi tanıması Azərbaycan üçün strateji əhəmiyyətli qərardır. Bu, rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər.

    Təqdirəlayiq hal kimi vurğulamaq lazımdır ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsindən tutmuş 1993-cü ildən indiyə qədər beynəlxalq təşkilatlarda, o cümlədən İslam Konfransı Təşkilatında, Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında və digər təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistan işğalçı ölkə kimi qəbul olunur.

    Bütün bunlar ölkəmizin beynəlxalq imicini möhkəmləndirməklə bərabər, həm də Azərbaycana xarici siyasət sferasında yeni imkanlar qazandırır, onun manevr imkanlarını genişləndirir və ölkənin beynəlxalq dayaqlarını gücləndirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin, respublikamızın ərazi bütövlüyü problemlərinin həllinə əlverişli beynəlxalq dəstəyin təmin edilməsi baxımından da zəruri əhəmiyyət kəsb edir.

    O da həqiqətdir ki, beynəlxalq birlik artıq münaqişədə status-kvonun saxlanılmasının yolverilməzliyini və münaqişənin tezliklə həllinin zəruriliyini qəbul etmişdir. Bu xüsusda, 2010-cu il iyunun 26-da cari "Böyük səkkizliyin" Kanadanın Toronto şəhərində keçirilmiş növbəti sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatının qəbul olunması münaqişənin nizamlanmasına ən yüksək səviyyədə diqqətin artdığını göstərir. Bəyanatın mahiyyəti bir daha təsdiq edir ki, həmsədr ölkələrin dövlət başçıları münaqişənin mərhələli şəkildə həllinə tərəfdardırlar. Buna nail olmaq üçün onlar, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geriyə qaytarılmasını əsas şərt və baza prinsiplərindən biri kimi irəli sürürlər. Sonra Dağlıq Qarabağın təhlükəsizliyini və özünüidarəçiliyini təmin edən keçid statusunun təyini, bütün qaçqınların və məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması hüququnun tanınması və reallaşdırılması kimi baza prinsipləri sayılan məsələlərin öz həllini tapmasının vacibliyi bildirilir. Bu vacib məsələlərin həllinin ardınca müəyyən zaman çərçivəsində Dağlıq Qarabağın gələcək yekun statusunun müəyyənləşdirilməsinin mümkünlüyü göstərilir. Proseslərin bu səpkidə inkişafı Azərbaycanın maraqlarına cavab verməklə yanaşı, rəsmi Bakının qəbul etdiyi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan yeniləşmiş Madrid prinsiplərinə də uyğundur. Birgə bəyanatda o da xüsusi qeyd olunur ki, göstərilən formul əsasında münaqişənin həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan tərəfi sülh sazişi layihəsinin hazırlanmasına başlamaq üçün baza prinsiplər üzərində işi başa çatdırmalıdırlar.

    Həmsədr dövlətlərin başçılarının bu bəyanatında "işğal olunmuş ərazilər" ifadəsinin işlənməsi Rusiya, Fransa və ABŞ kimi dövlətlərin ən yüksək səviyyədə Ermənistanı işğalçı dövlət kimi tanımasının birmənalı təzahürüdür. Məhz buna görədir ki, Ermənistanda sözügedən bəyanatdan çox narahatdırlar. Ermənistan hakimiyyətinə yaxın mənbələr belə bu bəyanatı Azərbaycan Prezidentinin iradəsinin qəbul edilməsi və Qarabağın Azərbaycana qaytarılması kimi qiymətləndirib. Erməni müxalifəti də bu bəyanatı açıq-aşkar Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirərək S.Sarkisyana qarşı yeni siyasi kampaniyaya start veriblər. Bunlar təsdiqləyir ki, təcavüzkar Ermənistan artıq beynəlxalq təcrid vəziyyətinə düşərək tamamilə küncə sıxılıb və bu proses daxili böhranla şərtlənərək getdikcə daha mürəkkəb xarakter alır.

    Azərbaycan beynəlxalq hüquqa istinad edərək prinsipial mövqeyində qaldığını, bu mövqeyin sarsılmazlığını daim vurğulayır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı müzakirə mövzusu ola bilməz: "Biz öz ərazi bütövlüyümüzü heç vaxt güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı heç vaxt bununla razı olmayacaqdır. Biz danışıqları bu istiqamətdə aparırıq. Danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın zəbt olunmuş bütün torpaqları işğalçılardan azad edilsin, Azərbaycan vətəndaşları - məcburi köçkünlər həmin torpaqlara qayıtsınlar, o cümlədən də Dağlıq Qarabağa qayıtsınlar. Bu bizim prinsipial mövqeyimizdir və bu mövqedən bir addım da kənara çıxmayacağıq".

    Münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ədalətli və davamlı həlli məsələsində geniş beynəlxalq dəstək qazanan rəsmi Bakı problemin siyasi yolla tənzimlənməsinə nail olmaq üçün yeniləşmiş Madrid prinsiplərini qəbul etdiyini açıqlayıb, Ermənistan isə bu sənədi rədd etməklə danışıqlarda qeyri-konstruktiv tərəf olduğunu bir daha sübuta yetirib. Lakin Azərbaycan rəsmi İrəvanın bu mövqeyi ilə uzun müddət barışmaq niyyətində deyil və ən yüksək səviyyədə təcavüzkar dövlətə son şans verdiyini bəyan edib. Bununla bağlı Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirakı zamanı bildirmişdir: "Əgər danışıqların bu formatda davam etdirilməsi mümkün olmayacaqsa, o zaman ümumiyyətlə, sülh prosesi haqqında danışmağa dəyməz. Çünki bu günə qədər müxtəlif variantlar müzakirə olunmuşdur, müxtəlif düsturlar əsasında təkliflər verilmişdir. Ancaq nəticə yoxdur. Praqa prosesi adlandırdığımız format, mən hesab edirəm ki, son şansdır. Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın".

    Bütövlükdə, dövlət başçısının son illərdə həyata keçirdiyi düşünülmüş, tarazlı daxili və xarici siyasəti, millətimizin və dövlətimizin parlaq gələcəyi naminə mətin və qəti addımları deməyə əsas verir ki, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və maraq amilləri hər zaman olduğu kimi, bu gün də öndədir. Region dövlətlərinin maraqlarını daim nəzərə alan, uzlaşdıran, sülh və iqtisadi tərəqqi naminə səmimi təşəbbüskarlıq, fəallıq nümayiş etdirən Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etmək, regionda yaranan hər hansı destruktiv meyillərə, situasiyalara adekvat reaksiya vermək əzmindədir. Rəsmi Bakı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də ölkənin təbii sərvətlərindən səmərəli istifadə məsələsində, ilk növbədə, milli maraqları əsas götürür.

    Xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Dövlət başçısının məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırmışdır. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir.

 

 

    Kamal ADIGÖZƏLOV,

    Bakı Dövlət Universitetinin diplomatiya

    müasir inteqrasiya prosesləri kafedrasının dissertantı

 

    Xalq qəzeti.- 2010.- 6 avqust.- S. 3.