Samux: insan, torpaq və zəhmətin hikməti...

 

    Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəllər həyata keçirilən işlərdən danışmağı sevmir.

 

    - O işi ki biz görüb qurtarmışıq, hansısa bir obyekti artıq istifadəyə vermişik, ondan dönə-dönə danışmağa dəyərmi? Bizim hər birimiz ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını icra edirik: ölkə başçısının diqqəti, qayğısı, köməyi olmasaydı nə edə bilərdik? Ona görə də Samux haqqında bu dəfəki söhbətimiz yalnız ilin birinci yarısında həyata keçirilən işlər barədə oldu.

 

    Rayonun iqtisadiyyatı güclənir

 

    2010-cu ilin birinci yarısında Samux rayonunda sosial-iqtisadi sahədə görülmüş işlərin təhlili göstərir ki, rayonda bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilmişdir. Rayonun əsas iqtisadi göstəricilərinə nəzər salsaq bunu daha aydın görərik. Belə ki, 2010-cu ilin 6 ayı ərzində ümumi məhsul buraxılışı 27 milyon manat, o cümlədən sənaye məhsullarının həcmi 3 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 15,5 milyon manat təşkil etmişdir. Qeyd etməliyik ki, 2009-cu ilin birinci yarımili ilə müqayisədə cari ilin birinci yarımilində sənaye məhsulunun həcmi 32 faiz artmışdır. Eyni zamanda, 2009-cu ilin ilk 6 ayı ilə müqayisədə cari ilin birinci yarımilində pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz artaraq 22,1 milyon manat, orta aylıq əmək haqqı 2,6 faiz artaraq 190,9 manat, əhalinin pul gəlirləri 1,5 faiz artaraq 24,7 milyon manat olmuşdur.

    Hesabat dövründə 169 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Orta hesabla hər ailəyə 121 manat müavinət ödənilir. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə hazırda rayon üzrə 631 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur ki, bu da 3016 nəfərin sosial müdafiəsi deməkdir.

    Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və təkcə bu ilin ötən 6 ayında 1016 yeni iş yeri yaradılmışdır ki, onlardan da 144-ü daimi, 470-i müvəqqəti və 402-si isə mövsümi iş yerləridir.

    2010-cu ilin birinci yarısında da əvvəlki illərdə olduğu kimi, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının" icrası ilə bağlı hazırlanmış geniş tədbirlər planı əsasında rayon ərazisində geniş tikinti-quruculuq və abadlıq işlərinə başlanmış və bu işlər bu gün də uğurla həyata keçirilir. Şəhərin giriş hissəsində inşa edilən Dövlət Bayrağı Meydanında işlər başa çatdırılmışdır. Meydanın qarşı hissəsində Heydər Əliyev prospekti genişləndirilmiş, burada əsaslı abadlıq işləri aparılmış, meydanın ayrıca işıqlandırma və suvarma sistemi qurulmuşdur. Rayon icra hakimiyyətinin yeni inşa edilən inzibati binasında işlər əsasən başa çatdırılmış, binanın ərazisində giriş-çıxış yollarına yeni asfalt örtüyü salınmış və dekorativ ağaclar, gül kolları əkilmişdir.

    Onu da qeyd etməliyik ki, Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binası özünün orijinallığına, quruluşuna görə qərb bölgəsindəki inzibati binalardan fərqlənir və diqqəti cəlb edir.

 

    Su varsa, bol məhsul da var

 

    Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov təcrübəli işçidir, məsuliyyətlidir. Deyir ki, su olmadısa, kəndçinin zəhməti batacaq, ilboyu gözünü dikdiyi məhsulunu götürə bilməyəcək. Ona görə də çalışırıq ki, işimizdə səhlənkarlığa yol verməyək.

    İdarə rayonun 22780 hektar suvarılan torpaqlarına xidmət göstərir. Onun balansında mexaniki suvarma üçün 464 ədəd subartezian quyusu və 22 ədəd nasos stansiyası var.

    Bundan əlavə idarənin balansında uzunluğu 65,5 kilometr olan və öz axını ilə axan təsərrüfatlararası kanallar - Allahdad, Xan-arx, Dinaraj, Dərinarx, Qarasaqqal, Qarabağlı, Salahlı və Yusifli kanalları da torpaqların suvarılmasına xidmət edir.

    Rayonda olan 22780 hektar əkin sahəsindən 7630 hektar taxıl, 9950 hektar yem bitkiləri, 240 hektar qarğıdalı, 520 hektar bostan və tərəvəz, 410 hektar günəbaxan, 60 hektar kartof, 50 hektar pambıq, 850 hektar çoxillik bağlar, 3070 hektar həyətyanı sahədir. İdarə il ərzində 360 ədəd subartezian quyusu, 3 ədəd nasos stansiyası təmir etmişdir. Bundan başqa təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə, təmir işləri aparılmışdır ki, suvarılan sahələrə suyun verilməsi təmin edilsin. 2010-cu ilin 6 ayı ərzində idarə rayon ərazisində 22780 hektar əkin sahəsinin suvarılması üçün 54875 min kubmetr su istehsal etmiş və nəticədə 49670 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunmuşdur. Yay mövsümü ilə əlaqədar idarə gücləndirilmiş iş rejiminə keçmiş, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün bütün tədbirlərdən istifadə olunur.

    Sahibkarlar və fermerlərlə söhbət edərkən belə qənaətə gəldik ki, su sarıdan elə bir gileyləri yoxdur. Əksinə, torpaq sahiblərindən Qədimi Vəliyev, Rauf Abdullayev, Fərəməz Quliyev, Hüsaməddin Cabbarov, Vilayət Məmmədov və başqaları qeyd etdilər ki, suvarma suyunu vaxtlı-vaxtında alırlar. Suyu düzgün və qənaətlə işlətdikdə heç bir problem yaranmaz.

 

    Yeni binalar, təzə obyektlər...

 

    Samuxda əvvəllər hər hansı bir yeni bina görmək sensassiya kimi qarşılanırdısa, indi adi hal alıb. Çünki elə il yoxdur ki, bir-birindən gözəl, yaraşıqlı binalar, obyektlər tikilib istifadəyə verilməsin.

    Hazırda rayon polis şöbəsinin inzibati binasının tikintisində işlər davam etdirilir. Eyni zamanda, prokurorluğun yeni inzibati binası və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa ediləcək 36 mənzilli yaşayış binası üçün yerlər müəyyənləşdirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq beş Qarabağ müharibəsi əlili üçün fərdi mənzillərin tikintisinə başlanmışdır. Yaxın günlərdə daha iki mənzilin tikintisinə başlanacaqdır.

    İlin əvvəlində əsaslı təmirinə başlanmış Çobanabdallı kənd uşaq bağçasında rekonstruksiya və bərpa işlər tam başa çatdırılaraq uşaqların istifadəsinə verilmişdir. Bina müasir tələblərə cavab verən səviyyədə bərpa edilmiş, yeni inventar və avadanlıqlarla təmin edilmişdir, eyni zamanda, istilik sistemləri ilə təchiz edilmişdir.

    Rayonun Lək kəndi ərazisində inşa edilən 500\300 kv-lıq yarımstansiyanın tikintisində işlər başa çatmaq üzrədir. Hazırda yarımstansiyanın magistral hava verilişi xətləri çəkilir. Gücünə görə respublikamızda ikinci böyük yarımstansiya olan bu yarımstansiya nəinki regionun və qərb bölgəsinin, eyni zamanda, qardaş Türkiyənin də enerji təchizatında mühüm rol oynayacaqdır. Yarımstansiya tam işə düşdükdən sonra burada 200 nəfərdən çox işçi çalışacaqdır ki, bu da rayon əhalisinin işlə təminatına müsbət təsir göstərəcəkdir.

 

    Yol rahat olanda...

 

    Son illərədək rayonda "rahat yol" deyəndə Gəncə ilə Samuxun mərkəzini birləşdirən magistral yol yada düşürdü. Əslində o da sıradan çıxmışdı. Ayrı-ayrı kəndləri birləşdirən yollar bərbad vəziyyətdə idi. Kənddaxili yolların görkəmindən isə danışmağa belə dəyməzdi. Yayda toz-duman aləmi başına götürər, qışda palçıq əlindən tərpənmək olmazdı. İndi təsvir etdiyimiz bu mənzərə arxada qalıb. Samuxun yolları göz oxşayır. Düzdür, hələ elə ucqar kəndlər var ki, yolları ürəkaçan deyil. Amma bunlar da tezliklə düzələcək və bu istiqamətdə işlər davam etdirilir. Maraqlıdır ki, rayon rəhbərliyi magistral və kəndarası yolların asfaltlaşdırılması, yol kənarlarında yaşıllıqların salınması, səkilərin düzəldilməsi ilə yanaşı, bu yolların necə deyərlər, gələcək taleyi, onların qorunması qayğısına da qalır, bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Məsələn, şəhərin yol şəbəkəsinin genişləndirilməsi və mərkəzi prospektdə hərəkətin intensivliyinin azaldılması, ağır tonnajlı yük maşınlarının şəhərin mərkəzi hissəsinə gedişinin məhdudlaşdırılması məqsədi ilə N. Nərimanov küçəsini Yenikənd yolu və Heydər Əliyev prospektinin girişini Samux-Çobanabdallı yolu ilə birbaşa birləşdirən eni 10 metr, uzunluğu 4 kilometr olan yeni bir yol salınır. Artıq bu yol balanslaşdırılmış və yaxın günlərdə istifadəyə veriləcəkdir.

    Yolların vəziyyəti daim nəzarət altındadır və bu işdə qətiyyən arxayınlaşma yoxdur. İlin ötən yarım ilində bir çox yollarda yenə cari təmir işləri aparılmış, o cümlədən ayrı-ayrı kəndarası yollarda təmir, hamarlama işləri başa çatdırılmışdır. Harada yeni yol salınırsa və ya mövcud yol təmir olunursa, orada mütləq yaşıllaşdırma, yol kənarlarında abadlaşdırma işlərinə xüsusi fikir verilir. Təkcə bu ilin ötən 6 ayı ərzində Samux-Yenikənd yolunda 1600 ədəd, Qarayeri-Gəncə yolunda 2500 ədəd, Gəncə-Əhmədbəyli - Lək yolunda 1300 ədəd, o cümlədən digər yollar da daxil olmaqla bütövlükdə 9600 ədəd müxtəlif növ ağac əkilmişdir. Onların sırasını çox qiymətli Eldar şamı, çinar, sərv və digər ağaclar bəzəyir.

 

    Sabitlik, əmin-amanlıq

 

    Vaxt var idi Samux "narahat rayon" kimi ad çıxarmışdı. Bu, daha çox 90-cı illərin əvvəllərinə təsadüf edirdi. Amma indi o illər çoxdan arxada qalıb. Hazırda Samux sakit, sabit rayonlardan biridir. Bu işdə istər rayon rəhbərliyi, istərsə də hüquq-mühafizə orqanlarının işçiləri necə deyərlər, bir nöqtəyə vururlar.

    Cinayət hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Adamlar günün istənilən vaxtı adları çəkilən təşkilat rəhbərləri tərəfindən qəbul olunur, onların şikayətləri dinlənilir, təkliflərinə baxılır və sair. Rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Bahadur Şükürov söhbət zamanı dedi ki, cinayətlərin sayının azalması, vətəndaşların ölkə Prezidentinə, rayon rəhbərliyinə, hüquq-mühafizə orqanlarına olan inamıdır. Rayonda ötən 6 ayda ümumi cinayətlərin 96,4 faizinin üstünün açılması birgə işin bəhrəsidir. Fərəhli haldır ki, yarım il ərzində yalnız axtarışda olanlarla bağlı göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər aşağıdır, qalan bütün göstəricilər yüksəkdir. Mal-qara oğurluğu, quldurluq və digər cinayət hadisələrinin tədricən kökü kəsilir. Rayon polis şöbəsinin rəhbərliyi daim yerlərdə olur, izahat-təbliğat, profilaktiki tədbirlər həyata keçirilir. Bütün bunlar isə sabitliyə, əmin-amanlığa şərait yaradır.

 

 

    Hamlet QASIMOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 6 avqust.- S. 4.