Ziyalı milli-mənəvi dəyərlərimizin yad ünsürlərdən qoruyucusudur

 

    Hörmətli redaksiya! Daimi oxucunuz kimi bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə geniş şəkildə qeyd edilən milli mətbuatımızın 135 illik yubileyi hər bir Azərbaycan vətəndaşı kimi, məni də ürəkdən sevindirdi. Son illər ölkə başçısı cənab İlham Əliyevin dövlət-mətbuat münasibətlərində apardığı qayğıkeş siyasət, KİV-lərin fəaliyyətinə yaradılan normal şərait həqiqətən ürəkaçandır.

 

    Bu yubiley günlərində də möhtərəm Prezidentimiz tərəfindən bir daha milli mətbuatımızın inkişafı naminə verilən sərəncamlar, həyata keçirilən ardıcıl tədbirlər Azərbaycan mətbuatının inkişafına yeni stimul verdi. Sözsüz ki, bu diqqət və qayğını əməli işlərində hiss edən "Xalq qəzeti" mətbuatımızın "ağırlıqlarını" çiyinlərində daşıyan mətbuat orqanlarından biri kimi 1919-cu ildən daim adına sadiq qalmış, xalqımızın maarifləndirilməsində, ölkəmizdə və dünyada baş verən yeniliklərlə oxucularının vaxtında məlumatlandırılmasında xüsusi rol oynamışdır. Cəmiyyətimizdə baş verənlərə real mövqe nümayiş etdirən qəzet, uzun illərdir ki, oxucularının sevimli qəzetinə çevrilmişdir.

    Səmimiyyətlə etiraf etməliyəm ki, bu məqaləni yazmağa məni vadar edən əsas səbəb qəzetin 1 iyul 2010-cu il tarixli sayında dərc edilmiş "Ziyalı xalqın görən gözü, düşünən beyni olmalıdır" məqaləsi oldu.Məqalədə müasir dövr Azərbaycan ziyalısının cəmiyyətdə tutduğu mövqeyə dair laçınlı ziyalıların fikir və mülahizələri və son illərdəki təcrübəsi geniş əks olunmuşdur.

    XX əsrin sonu - XXI əsrin əvvəllərində dünyadaregionda baş verən qlobal dəyişikliklər, sözsüz ki, bizim cəmiyyətimizdən də yan keçməmiş, öz təsirini göstərmişdir. Belə ki, istər Qərb mədəniyyətinin, istərsə də Şərq mədəniyyətinin qısa zaman kəsiyində yeni üslubda həyatımıza daxil olması istər-istəməz cəmiyyətdə müəyyən nüanslar yaradır. Bu isə özü-özlüyündə cəmiyyətin və xalqın milli dəyərlərinin inkişafında bəzi dəyişikliklərə gətirib çıxarır.

    Lakin tariximizin hansı məqamına nəzər yetirsək, Azərbaycan ziyalısının həssaslığının, hadisələrə vaxtında və real qiymət verməsinin, cərəyan edən hadisələri düzgün analiz etməklə geniş xalq kütləsini ardınca aparmaq bacarığının şahidi olursan.

    Son illər torpaqlarının müvəqqəti olaraq düşmən tapdağı altında olmasına baxmayaraq, respublikanın müxtəlif ali təhsil ocaqlarında və digər idarə-müəssisələrdə çalışan laçınlı ziyalıların tez-tez bir araya gəlməsi, məcburi köçkünlük həyatı yaşayan rayon sakinləri ilə mütəmadi əlaqə saxlamaları, onların problemlərinin həllinə yaxından köməklik göstərmələri həqiqətən təqdirəlayiqdir.

    Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin müdrik bir ziyalı kimi fəaliyyətə başladığı andan daim xalqımızın mənafeyini düşünməsi, onunla səmimi ünsiyyəti bu gün bütün Azərbaycan ziyalıları üçün bir nümunədir. Bu gün ölkəmizin bir sıra görkəmli ziyalıları ölkə başçısının çevik idarəetmə və xalqına sədaqətlə xidmət prinsiplərinə uyğun olaraq, daha çox xalqla ünsiyyətə girir, ölkədə baş verən hadisələri lazımi səviyyədə qiymətləndirərək, hadisələrin mahiyyətini düzgün şəkildə xalqa açıqlayırlar. Bu baxımdan laçınlı ziyalıların təcrübəsi xüsusilə əhəmiyyətlidir. Mən də bir ziyalı kimi, laçınlı ziyalıların bu prinsipini, son üç ilə yaxın bir müddətdə həyata keçirdikləri tədbirləri ürəkdən bəyənir, qaldırdıqları problemləri dəstəkləyirəm.Həqiqətən bu gün cəmiyyətimizin, sadə vətəndaşlarımızın öz ziyalısına, onun müdrik düşüncə qabiliyyətinə böyük ehtiyacı vardır. Lakin, təəssüf ki, hazırda bəziləri ziyalılığın əsl mahiyyətini daha çox maddiyyatda görür, bu barədə düşünür, cəmiyyətin mənəvi saflığı, milli dəyərlərimizin qorunub saxlanması və inkişafını yaddan çıxarır, bəzən də buna əhəmiyyət vermirlər.

    Məqalədə həmçinin laçınlı ziyalıların efir məkanımızda milli mənəviyyatımıza xas olmayan, bayağı verilişlərin aparılmasına, ziyalılıqdan xəbəri olmayan özlərini məhşur şoumenlər və ya "dilli-dilavər" aparıcı kimi təqdim etməyə çalışanlara qarşı haqlı etirazını mən də alqışlayır və efir məkanımızın belələrindən təmizlənməsinin vaxtının çatdığını bildirirəm: Yetər milli-mənəvi dəyərlərimizə zidd, xalqımızın mentalitetinə xələl gətirən xırda ailə-məişət problemlərinin şişirdilərək xalqa təqdim edilməsi! Əsl Azərbaycan ziyalısı xalqımızı milli mənəviyyatımıza yad olan bütün hallardan qorumalı, demokratiyanın bizə verdiyi imkanları layiqincə qiymətləndirərək ümumi cəmiyyətimizin inkişafına çalışmalıdır. Eyni zamanda, bu gün ölkəmizin yeganə problemi kimi həlli vacib olan Qarabağ probleminin mövcud olduğu bir vaxtda hər bir ziyalı bilik və bacarığını bu problemin həlli istiqamətinə səfərbər edərək gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsini təmin etməli, şəxsi keyfiyyətləri ilə başqalarını da tərbiyələndirməlidirlər.

    Bu istiqamətdə də laçınlı ziyalıların həmrəyliyi, vaxtaşırı ön cəbhədə xidmət edən əsgər və zabitlərimizlə görüş keçirmələri əsl Azərbaycan ziyalısına xas olan əlamətlərdəndir. Belə görüşlərin mütəmadi xarakter alması əsgər və zabitlərimizdə döyüşkənlik əhval-rühiyyəsini artırmaqla, onlarda xalqa arxalanmaq istəyini daha da möhkəmləndirir.

    Biz ziyalılar Dağlıq Qarabağ probleminin həlli istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl surətdə yürütdüyü qətiyyətli siyasətə inanır, xüsusilə ölkə başçısının bu günlərdə Dağlıq Qarabağın azərbaycanlı icması üçün inzibati binanın istifadəyə verilməsində icma üzvləri ilə keçirdiyi görüş zamanı problemlə bağlı kəskin və qətiyyətli mövqeyinin bir daha şahidi olduq. Biz möhkəm surətdə inanırıq ki, bu siyasət tezliklə öz bəhrəsini verəcək, bütün məcburi köçkünlərimiz ata-baba torpaqlarına qayıdacaqlar.

    İnanıram ki, laçınlı ziyalıların qaldırdıqları bu problemlər, onların təcrübəsi mənim kimi bir çox ziyalılarımızı da maraqlandıracaq və qaldırılan problemlərə ziyalılarımız tərəfindən açıq münasibət bildiriləcəkdir.

 

 

    Ağayar İSMAYILOV,

    Laçın Rayon Ağsaqqallar Şurasının

    sədri, əməkdar müəllim

 

   Xalq qəzeti.- 2010.- 6 avqust.- S. 2.