Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyət
kəsb edir
Prezident
İlham Əliyev: Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat
strukturunun birləşməsi bölgəyə
və dünyaya yeni əməkdaşlıq
gətirib
XX əsrin son onilliyində dünyada baş verən ictimai-siyasi proseslər çoxsaylı gözlənilən və gözlənilməyən nəticələrlə yadda qaldı. Hələ səksəninci illərdə bir çox ekspertlər bədbin proqnoz verirdilər ki, əsrin sonu qanlı müharibələrlə, qırğınlarla müşahidə ediləcək. Hətta, yeni dünya müharibəsinə hazırlaşmağı tövsiyə edənlər də var idi. Postsovet məkanındakı bir neçə etnik qarşıdurmanı və separatçıların yaratdığı münaqişələri istisna etsək, həmin bəd proqnozlar özünü doğrultmadı.
Ancaq bir çox Avropa politoloqlarının verdiyi "əsrin sonunda yaranacaq gənc müstəqil dövlətlərin dünyamiqyaslı iqtisadi layihələr barədə təkliflə çıxış edəcəyi tamamilə gözləniləndir" - proqnozu elə tamamilə həqiqətə çevrildi. Artıq dünya ekspertləri "soyuq müharibə"nin başa çatmasından və SSRİ-nin çökməsindən sonra yaranmış gənc müstəqil dövlətlərin ortaya qoyduğu nəhəng iqtisadi layihələrin mükəmməl bir siyahısını təqdim edirlər. Hər bir azərbaycanlı fəxr edə bilər ki, həmin siyahıda ən çox iqtisadi layihələrə müəlliflik edən ölkələrdən biri də Azərbaycan Respublikasıdır.
Əsrin sonunda ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşan Azərbaycan həm təbii sərvətlərinə, həm də geosiyasi əhəmiyyətinə görə dünyanın aparıcı ölkələrinin maraq dairəsində idi. 1993-cü ilin yayından etibarən həmin iki amilə (təbii sərvətlər və geosiyasi əhəmiyyət) üçüncü - daha önəmli bir amil də əlavə olundu. Belə ki, təbii sərvətləri və dünyanın hər iki qütbü üçün strateji əhəmiyyətli mövqedə yerləşməsi ilə güclü siyasətçilərin maraq dairəsinə düşən Azərbaycanda müdrik, etibarlı və uzaqgörən bir siyasətçinin hakimiyyətə gəlməsi Azərbaycanı inamlı bir tərəfdaş kimi görənlərin sayını çoxaltdı. Rəsmi Bakı 1993-cü ilin yayından sonra artıq tam müstəqil siyasət yeritmək iqtidarında idi. Məhz bu müstəqillik Azərbaycanın yeni, möhtəşəm iqtisadi layihələrlə çıxış etməsinə zəmin yaratdı.
İlk növbədə, Azərbaycan dünya ölkələri üçün açıq elan edildi. Bu, siyasi-diplomatik manevrdən daha çox iqtisadi əhəmiyyət kəsb edən məsələ idi. Sonra ölkənin yeni neft strategiyası işlənib hazırlandı. Həmin strategiyanın həyata keçirilməsi nəticəsində ərsəyə gələn "Əsrin müqaviləsi" (20 sentyabr, 1994-cü il) gənc müstəqil Azərbaycanın ilk möhtəşəm layihəsi idi. Ancaq dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış bu sazişin icrası növbəti böyük iqtisadi layihələrin ortaya çıxmasına zəmin yaratdı. Belə ki, sazişin icrası nəticəsində hasil edilən xam neftin dünya bazarına çıxarılması üçün əsas ixrac kəmərinin marşrutu müəyyən edilməli və bir neçə ölkənin ərazisindən keçəcək bu nəhəng kəmər inşa edilməli idi. Ulu öndər Heydər Əliyev ilk növbədə kəmərin marşrutunu müəyyən etdi. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçəcək bu marşrut Bakı neftini Aralıq dənizindəki Ceyhan limanı vasitəsiylə Avropa bazarına çıxarmalı idi. Heydər Əliyevin bütün siyasi və iqtisadi layihələri kimi bu layihə də böyük uğurla inşa edildi və qədirbilən insanlar ulu öndərin dünyasını dəyişməsindən sonra həmin kəmərə də, Ceyhan şəhərindəki limana da məhz bu nəhəng qurğuların müəllifinin adını verdilər.
Qeyd edək ki, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanın karbohidrogen ehtiyatlarının birgə mənimsənilməsi üçün daha onlarla müqavilə imzalanmışdır. Həm "Əsrin müqaviləsi", həm də sonrakı müqavilələr nəticəsində hasil olunan təbii qazın dünya bazarına çıxarılması üçün marşrut müəyyən edilərkən də ulu öndər eyni qətiyyəti nümayiş etdirdi. Bakı-Tbilisi-Ərzurum istiqaməti daha məqsədəuyğun hesab edildi və bu layihə də BTC kimi uğurla inşa edildi. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli dərəcədə rol oynamağa başladı. Rəsmi Bakıya inam artdı, dövlətimizin beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi, Azərbaycana etibarlı tərəfdaş kimi müraciət edənlərin sırası böyüdü.
Bu layihələr Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığını genişləndirdi. Ancaq ölkəmizin potensialı Azərbaycanın bütün dünya ölkələri ilə əməkdaşlıq etməsinə imkan yaradırdı. Bu missiyanı Prezident İlham Əliyev öz üzərinə götürdü. Məhz onun təklifi ilə Çindən Avropanın son nöqtəsinədək uzanan dəmir yollarını bir-birinə qovuşduracaq yeni layihə - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ərsəyə gəldi. Avropalıların "dəmir ipək yolu" adlandırdığı bu layihə 2007-ci ilin fevralında yekun sənədlə təsdiqlənmişdi. Layihə üzərində işlər başa çatdıqdan sonra - 2007-ci il noyabrın 21-də Gürcüstan ərazisində yolun bu ölkədən keçən hissəsinin təməlqoyma mərasimi keçirildi. 2008-ci il iyulun 24-də isə layihənin Türkiyə hissəsinin təməli qoyuldu. Hər iki mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları, eləcə də çoxsaylı əcnəbi rəsmilər iştirak edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunu "üç ölkənin nəqliyyat sahəsində yazdığı yeni tarix", Gürcüstan Prezidenti Mixeil Saakaşvili "Türkiyə-Gürcüstan və Azərbaycanı həmişəlik birləşdirən layihə", Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül isə "Çini Londona qədər bağlayan bir layihə" adlandırıb. Beləliklə, hər üç ölkənin dövlət başçılarının nümayiş etdirdiyi qətiyyət və səylər nəticəsində digər iqtisadi layihələr kimi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də artıq reallaşmaq üzrədir. Hər üç dövlət rəsmilərinin müntəzəm olaraq görüşməsi, müzakirələr aparması, tikintinin sürətləndirilməsi üçün müvafiq addımlar atılması bu layihənin reallaşacağı günü tezləşdirir.
Yeri gəlmişkən, avqustun 3-də Bakıda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilmişdir. Nəqliyyat Nazirliyində keçirilən iclasda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvili 2007-ci ildən sonra həyata keçirilən işlər barədə şuranın iclasına məlumat vermiş, layihənin region ölkələri üçün əhəmiyyətindən, üçtərəfli şuranın növbəti iclasının əhəmiyyətindən danışmışlar. Nazirlər bu layihənin başa çatmasından sonrakı mənzərəni qeyd edərək bildirmişlər ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələr arasında yeni əlaqələrin yaranmasına, tərəflərin strateji mövqelərinin möhkəmlənməsinə və regionda barışa, iqtisadi inkişafa təkan verəcəkdir. Eyni zamanda Əlaqələndirmə Şurasının iclasında bir sual da öz konkret cavabını tapmışdır. Belə ki, dəmir yolunun konkret olaraq hansı tarixdə istifadəyə veriləcəyi barədə bir-birinə uyğun olmayan məlumatlar yayılırdı. Şuranın ikinci iclasının iştirakçıları konkret tarix səsləndirmişlər: Bakı-Tbilisi-Qars dəmir yolu bütövlükdə 2012-ci ilin ortalarında istifadəyə veriləcəkdir.
Beləliklə, müstəqil Azərbaycanın möhtəşəm iqtisadi layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün siyasi, iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə yanaşı bölgəyə və dünyaya yeni əməkdaşlıq münasibətləri də gətirir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 6
avqust.- S. 2.