Elm
insana zinət verir
Həyatın axarı, dünyanın gəliş-gedişi
göstərir ki, adamlar
müxtəlif cür müdrikləşirlər.
Çoxları altmış-yetmişi keçib
topladığı həyat təcrübəsi və
saç-saqqalının ağlığı hesabına
özlərini ömrün müdriklik çağında sayırlar.
Ancaq elə
adamlar da var ki, onlar
yaşın, saç-saqqalın gətirəcəyi səlahiyyəti
gözləmədən ömrünün
çox erkən çağlarından müdriklik statusu
qazanır, bu nurlu mərtəbəyə
öz ləyaqət və
davranışları ilə xeyli öncədən
yüksələ bilirlər.
Belə nadir şəxsiyyətlər
təmənnasız xeyirxahlıqları, uzaqgörənliyi,
aydınlığa, rahatlığa çıxaran yolgöstəriciliyi,
müdrik hərəkət və məsləhətləri, təpədən-dırnağa
ziya-işıq olan əqli-mənəvi fəaliyyəti,
dumduru, saf duyğuları ilə seçilir, sevilir. Sayılan
mənəvi portret göstəricilərini hələ
neçə-neçə onilliklər öncəsi öz
humanist təbiəti, halal zəhməti və istedadı ilə
qazanmış akademik Bəkir Nəbiyevi Azərbaycan elmi-mədəni
və ədəbi mühiti, bütünlükdə ziyalı
arenası məhz belə tanıyır və dəyərləndirir.
Yarım əsrdən də
artıqdır ki, Azərbaycan cəmiyyətinin mənəvi
həyatında, filoloji fikrin istiqamətlənməsində
mühüm rol oynayan Bəkir Nəbiyev qələminə məxsus
ədəbi-nəzəri təhlil və qiymətləndirmələr
kifayət qədər böyük ehtiram və nüfuza
malikdir. Onun istər şifahi və yazılı
qaynaqların,istər divan ədəbiyyatı klassiklərinə
məxsus ədəbi-mədəni irsin, istərsə də
çağdaş ədəbi həyatın öyrənilməsinə
həsr edilmiş geniş miqyaslı tədqiqatları həmişə
dərin elmi tutumu, predmetliliyi və əhatəliliyi ilə
diqqəti cəlb etmişdir. Ədəbiyyatşünaslıq
fəaliyyətinə ilk ədəbiyyat tarixçimiz Firudin bəy
Köçərlinin elmi irsinin öyrənilməsinə
yönəlmiş sanballı monoqrafik tədqiqatla
başlaması da onun gələcək elmi- filoloji həyatının
uğurlu bir təməli olmuşdur. Bəkir müəllim
özünün sonrakı bütün fəaliyyəti boyunca
Firudin bəy Köçərli ədəbiyyatşünaslıq
məktəbinin layiqli davamçısı olduğunu
sübut etmişdir. Ədəbiyyat tariximizin və
çağdaş ədəbi prosesin ən müxtəlif
yaradıcılıq problemlərinə həsr olunmuş əllidən
yuxarı kitabın, altı yüzdən artıq məqalənin
yaratdığı ümumi təəssürat bunu söyləməyə
hər mənada əsas verir. Bu gün elmi ictimaiyyətə
bir neçə sanballı cildi təqdim olunmuş "Azərbaycan
ədəbiyyatı tarixi" çoxcildliyinin baş redaktoru
kimi məsuliyyətli və şərəfli bir vəzifəni
uğurla həyata keçirməsi də Bəkir müəllimin
görkəmli bir alim kimi elmi və mənəvi səlahiyyətinin
düzgün müəyyənləşdiyini təsdiqləyir.
Şifahi söz sərvətimizin
unikal abidəsi olan "Kitabi-Dədə Qorqud"
dastanlarından başlamış Aşıq Ələsgər
poeziyasının incəliklərinə qədər folklor mədəniyyətimizin
ən seçkin dəyərləri barədə Bəkir Nəbiyevin
təhlil və tədqiqatları nüfuzlu elmi
toplantılarda, rəsmi yubiley tədbirlərində mötəbər
alim sözü kimi qəbul edilmişdir. Eyni sözləri
onun klassik irsimizin Nizami, Füzuli, M.F.Axundov, Sabir,
C.Cabbarlı, Ə.Cavad, S.Vurğun, Şəhriyar, Almaz
İldırım və başqa görkəmli ədəbi
simaları barədəki elmi dəyərləndirmələrinə
də şamil etmək olar. Nədən və nə
münasibətlə yazmasından asılı olmayaraq, Bəkir
Nəbiyev qələmi həmişə milli və elmi ləyaqəti
qorumağı özünə mənəvi borc bilmişdir.
XX əsr Azərbaycan ədəbiyyatında
baş verən bir çox hadisə və proseslərin
canlı şahidi və iştirakçısı olan Bəkir
müəllim öz taleyi ilə yaşadığı
repressiya və ədəbiyyat, müharibə və ədəbiyyat
kimi ağrılı mövzulardan da əsl ədəbiyyatşünas
həssaslığı ilə söz
açmışdır. Onun bu istiqamətdəki tədqiqatlarının
uğurlu nəticəsi olan çoxsaylı kitabları
analitik təhlil və elmi ümumiləşdirmə keyfiyyətləri
ilə yanaşı həm də səmimi, təbii yazı
manerasına görə oxucuların stolüstü kitabına
çevrilmişdir.
Bəkir Nəbiyevin monoqrafiya və
məqalələrində müasiri olduğu ədəbi həyatın
yaradıcılıq problemlərinə də diqqət və
qayğı ilə yanaşdığı qabarıq şəkildə
görünməkdədir. Ədəbiyyatda tarix və
müasirlik, roman janrının bu günü və sabahkı
taleyi, bədii nəsrin yeniləşməsini şərtləndirən
əsas amillər, poeziyamızda sənətkarlıq
axtarışları, dramaturgiyamızda milli kimlik probleminin
qoyuluşu və s. bu sıradan olan çoxsaylı aktual
mövzulardakı nəzəri-estetik dəyərləndirmələri
görkəmli alimin ədəbiyyatımızın və ədəbi
tənqidimizin inkişaf dinamikasındakı mühüm xidmətlərinin
əsas istiqamətləridir.
Bir çox mürəkkəb ədəbi
situasiyaların, polemik məqamların cəsarətli və həlledici
sözünün Bəkir Nəbiyev qələmi və məntiqi
ilə nizamlandığını son qırx-əlli ilin ədəbi-tarixi
mənzərəsindən aydın şəkildə görmək
mümkündür. Ədəbi həyatın müəyyən
mərhələsini əks etdirən elmi konfrans, plenum,
qurultay səviyyəli ümumiləşdirici təhlillər
məhz Bəkir Nəbiyev elmi meyarları ilə təqdim
olunduğu zaman ədəbi-elmi ictimaiyyət həmin dəyərləndirmələri
obyektiv qiymətləndirmənin nümunəsi kimi
böyük rəğbətlə
qarşılamışdır. Ədəbiyyat işinə
milli-mənəvi vəzifə və tarixi cavabdehlik kimi
yanaşan Bəkir müəllimin ədəbi-estetik təhlillərinin
ana axarında vətən, millət təəssübü,
ana dili, torpaq qeyrəti, milli qürur, qan yaddaşı kimi
taleyüklü mövzular dayanır. Ədəbi-publisist səpgidə
qələmə aldığı yazılarında da eyni ruh və
ovqat hakimdir.
Sözə-sənətə, ədəbi-estetik
düşüncəyə hörmət və məsuliyyətlə
yanaşmağın unikal bir örnəyi Bəkir müəllimin
yazı üslubu və natiqlik mədəniyyətidir. Həm
yazı tərzində, həm də şifahi nitqində onun əsas
üslub göstəricisi aydınlıq, səlislik,
obrazlılıq və koloritlilikdir. Bütövlükdə
davranışı üçün səciyyəvi olan səliqə-sahmanı
onun hər sözündə, hər cümləsində də
eyni şəkildə görmək mümkündür. Zəngin
söz ehtiyatı, çevik və rəvan natiqlik məharəti
Bəkir müəllimin nitqini dinləyən hər kəsi
ilk andanca ovsunlayıb heyran qoyur. Nitq və yazı üslubunda
canlı, isti nəfəs o qədər güclüdür ki,
kitab və ya məqaləsini oxuduğun zaman belə adamın
qulağına Bəkir müəllimin doğma, təmkinli səsi
gəlir. Özünü sənə, səni də
özünə doğmalaşdıran bu səs öyrədən,
yol göstərən səsdir, əsl alim və müəllim
səsidir. Bu səs ədəbi-bədii materialı həssaslıqla
duymağın və özünəməxsus şəkildə
mənalandıra bilməyin Bəkir Nəbiyev örnəyini
təqdim edir. Hələ orta məktəb şagirdi ikən
rayon radio qovşağının diktoru kimi doğulub
boya-başa çatdığı Ağdaş rayonunun
camaatını heyran qoyan aydın və təsirli Bəkir Nəbiyev
diksiyası sonralar orta və ali məktəb
auditoriyalarında sehirli müəllim səsinə
çevrilmişdir. Böyük bir tələbə ordusu ədəbiyyat
sevdasına bu səsin sehri ilə başlamışdır.
Bəkir müəllim elmi
kadrların hazırlanması işinə də həmişə
böyük önəm vermişdir. Onun qayğıkeş və
humanist rəhbərliyi altında indiyə qədər otuzdan
yuxarı doktorluq və namizədlik dissertasiyası
hazırlanmışdır. Dissertasiya Şurasının sədri
kimi yüzlərlə tədqiqatçıya ağsaqqal
xeyir-duası verən ustadın nurlu və uğurlu imzası ədəbi-nəzəri
fikirdə dəsti-xətti olan hər kəs üçün
əzizdir. Cəsarətlə demək olar ki, bu gün Milli
Elmlər Akademiyası və universitetlərdə filoloji fikrin
irəliləyişində mühüm rol oynayan böyük
bir nəsil Bəkir Nəbiyev ədəbiyyatşünaslıq
məktəbinin yetirməsidir. Bir alim və müəllim
mücadiləsinin bundan böyük qazancı nə ola bilər!
Bəkir müəllimin elmi və
təşkilati fəaliyyətində, eləcə də
gündəlik həyat tərzində işgüzarlıq,
prinsipiallıq, obyektivlik və səmimiyyət əsas yer
tutur. Belə şəxsiyyətlər məhz sözü gedən
keyfiyyətləri ilə çevrəsindəkilərin
hörmət və məhəbbətini qazanırlar. Sadə,
təvazökar davranış, xeyirxah, mülayim təbiət
onların əsas mənəvi sərvəti və
gücüdür.
Konseptual və uzaqgörən
düşüncəsi, dərin analitik təfəkkürü,
eləcə də çevik ümumiləşdirmə qabiliyyəti
ilə filoloji fikri istiqamətləndirən akademik Bəkir Nəbiyevi
rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat
İnstitutunda təvazökar, xeyirxah və alicənab təbiətinə
görə hamı özünün ən yaxını,
doğması, əzizi sayır. Bütövlükdə ədəbi
və elmi ictimaiyyətin münasibəti də elə bu
cürdür. Bu da təsadüfi deyildir. Yarım əsrdən
də çoxdur ki, Azərbaycanın ədəbi-elmi həyatındakı
ən mühüm hadisələrdə Bəkir Nəbiyev
imzası müdriklik, xeyirxahlıq, yaxşılıq
missiyası yerinə yetirməkdədir. Görünür,
savab əməllərdən yoğrulmuş bu missiyanın
yeri Tanrı dərgahında əziz tutulduğundan müqəddəs
Məkkə ziyarətinə gedərək Hacı mərtəbəsinə
yüksəlmək də ona nəsib olmuşdur.
Bəkir müəllim çox sayda elmi və
fəxri ad - titullar daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, əməkdar
elm xadimi, "Şöhrət"
və "İstiqlal"
ordenləri, Azərbaycan
Respublikasının Dövlət
Mükafatı Laureatı
kimi ali
təltiflər və
başqa ali dövlət dəyərləndirmələri
bu qəbildəndir. Sadalanan ad titullar və fəxri təltiflər onun keçdiyi şərəfli ziyalı-alim
yoluna verilən halal qiymətdir.
Müasir Azərbaycan ziyalılığının
ən nurlu simalarından biri olan Bəkir müəllim çağdaş
filoloji fikrimizin ləyaqətli ağsaqqalı,
ədəbiyyatşünaslıq elmimizin canlı klassiki və patriarxıdır. Ömrünün səksəninci baharında
o, əsl ziyalı kimi ürəyinin, sözünün bütün
gücüylə işıq
saçır, elimizə
və elmimizə nur çiləyir. Yaşının erkən
çağlarından varlığına
hopmuş müdriklik nuru illər öncəsi olduğu kimi indi də
ona çox yaraşır!
Məhərrəm
QASIMLI,
professor, Dövlət Mükafatı laureatı
Xalq
qəzeti.- 2010.- 7 avqust.- S. 7.