Bərdə:
inkişaf möhkəm təməl üzərindədir
2010-cu ilin birinci yarısı Bərdə rayonunun
iqtisadi, sosial və mədəni həyatında nə ilə
yaddaqalan olmuşdur? Əldə edilmiş konkret nəticələr
nədən ibarətdir? İşin daha yaxşı təşkili,
qazanılmış uğurları artırmaq üçün
əlavə imkan və ehtiyat mənbələri varmı?
Qarşıda duran konkret vəzifələr, həlli vacib
problemlər nədən ibarətdir?
Bütün bunlar barədə bu
günlərdə Bərdə Rayon İcra Hakimiyyəti
başçısı yanında Şuranın
yığıncağında geniş danışıldı.
İstər rayon icra hakimiyyətinin başçısı
İlham Ağayevin, istərsə də maliyyə idarəsinin
müdiri Rza Əliyevin, paylayıcı elektrik şəbəkəsinin
rəisi Rza Səmədovun, Mirzəxan - Qaraqoyunlu bələdiyyəsinin
sədri Zamin Abdullayevin və başqalarının
çıxışlarında müxtəlif sahələrdə
əldə edilmiş uğurlar geniş təhlil edildi,
onları daha da möhkəmləndirmək yolları göstərildi,
müşahidə olunan nöqsan və kəm-kəsir cəhətlər
prinsipiallıqla tənqid edildi.
Qeyd olunduğu kimi, son illər
rayonda geniş vüsət alan tikinti-quruculuq və abadlıq
işləri, inkişaf və irəliləyiş
dinamikası ötən altı ayda da uğurla davam
etdirilmişdir. İndi qədim tarixə malik Bərdə
şəhəri öz görkəmini dəyişmiş, daha
abad, müasir və yaraşıqlı olmuşdur. Burada
qısa müddət ərzində müxtəlif görkəmli
binalar tikilmiş, park və xiyabanlar salınmışdır.
Küçə və səkilər yüksək zövq və
müasir üslubda genişləndirilmiş, yeni
yaşıllıq zolaqları yaradılmış, çoxlu
ağac və gül kolları əkilmişdir. O da fərəhlidir
ki, inkişaf və yüksəliş təkcə rayon mərkəzini
əhatə etmir. Tikinti-quruculuq və abadlıq tədbirləri
rayonun bütün yaşayış məntəqələrində
aparılır.
Bərdə tarixən
respublikanın ən böyük kənd təsərrüfatı
rayonlarından biridir. Bərəkətli Qarabağ
torpaqları, bol su, əlverişli iqlim şəraiti, ən əsası
isə buranın işgüzar, halal və təşəbbüskar
insanları kənd təsərrüfatının müxtəlif
sahələrini sürətlə inkişaf etdirməyə
imkan verir. Təsadüfi deyildir ki, yığıncaqda da əsas
diqqət kənd təsərrüfatı işlərinin
gedişinə, əldə edilmiş konkret nəticələrə
yönəldildi. İcra başçısı bu barədə
danışarkən dedi:
- Bilirsiniz ki, rayonun
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil edir. Hazırda işlərin ən
qızğın dövrüdür. Əsas sahələrdə
məhsul yığılır. Bəzi sahələr üzrə
yekun nəticələr məlumdur. Kənd təsərrüfatı
işçiləri, xüsusilə, əkinçilər
dövlətin yaratdığı şəraitdən
ustalıqla istifadə etməyə, qarşıya qoyulan vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışırlar.
Üç ay bundan əvvəl elə
bu salonda sizinlə birlikdə birinci rübün
yekunlarını müzakirə etmişdik. Bəzi
çatışmazlıqlar istisna olunmaqla yekunlar
hamımızı razı salmışdır. İndi daha
inamla demək olar ki, qazanılmış nailiyyətlər
uğurla davam etdirilmişdir. Bütövlükdə rayon
üzrə ümumi daxili məhsul istehsalı 1,6 milyon manat və
ya 2 faiz artmışdır. Aqrar sahənin işçiləri
bütün diqqəti 2010-cu ildə daha çox məhsul
istehsal olunmasına yönəltmişlər.
Mən daha çox qüsurlardan,
çatışmazlıqlardan danışmaq istəyirəm.
Keçən ilin yekunu müzakirə olunarkən biz əkinçilərin
ünvanına çoxlu xoş sözlər demişdik.
İndi isə əksinə danışmağa məcburuq.
Payızlıq əkin sahələri gözlənilmədən
46,2 faiz, buğda əkin sahələri isə hətta 50 faiz
azalmışdır. Birinci rübün yekunlarına həsr
edilmiş şura iclasında biz bunun nə kimi nəticələr
verə biləcəyini xatırlatmışdıq. Təəssüf
ki, nəticə çıxarılmadı. Budur, taxıl
biçini qurtarmışdır. Nəticə keçən
ildəkindən 56 min ton azdır. Buğda istehsalı isə
hətta bundan da aşağı düşmüşdür!
Doğrudur, bunun obyektiv səbəbləri
də vardır. Yəni bazarın olmaması, saxlama şəraitinin
təmin edilməməsi, havaların son dərəcə əlverişsiz
keçməsi və sair. Lakin subyektiv səbəblər də
az deyildir. Unutmaq olmaz ki, dövlət aqrar sektorun
inkişafına ciddi diqqət göstərir. Bunun
üçün çoxlu güzəştlər tətbiq
olunur. İri həcmli anbarlar, soyuducular tikilir, güzəştli
kreditlər verilir.
Bu səviyyə
bizi, əlbəttə, heç cür qane edə bilməz.
Son illər Bərdə öz istehsalı ilə öz əhalisinin
də, burada məskunlaşan məcburi köçkünlərin
də ərzaq tələbatını artıqlaması ilə
ödəmişdir. Biz hansı vasitələrlə olur-olsun əvvəlki
mövqelərimizi bərpa etməliyik və edəcəyik. Hər
kəs öz məsuliyyətini başa düşməli,
indidən fəaliyyətini yüksək tələblər səviyyəsində
qurmalıdır.
Rayonda əkinçilik üzrə
kifayət qədər toxumçuluq təsərrüfatı
yaradılmışdır. Həmin təsərrüfatların
fəaliyyəti daim nəzarətdə saxlanılmalı və
işlər elə təşkil edilməlidir ki, istehsalın
artımı elmi nailiyyətlər əsasında təmin
edilsin. Nəzərə almaq lazımdır ki, rayonun daxili
potensialı əkin sahələrinin məhsuldarlığını
hələ xeyli artırmağa imkan verir.
Rayonda 80,7 min baş mal-qara, 128 min baş qoyun və
keçi var. Orta hesabla mal-qaranın sayı 2 faiz, qoyun və
keçilərin sayı 1,3 faiz artmışdır. Ötən
6 ay ərzində diri çəkidə ət istehsalı 7
faiz, süd istehsalı 6,1 faiz, yumurta istehsalı 9,8 faiz, yun
istehsalı 10,3 faiz artmışdır.
Deməli, ilin uğurla başa
çatdırılması üçün yaxşı zəmin
vardır. Biz sahibkarlara inanırıq və
onların fəaliyyətinə hər cür dəstək
veririk. Başlıca vəzifə
görülmüş işləri uğurla davam etdirməkdən
ibarətdir. Sahibkarların dövlət
yardımından vaxtında bəhrələnmələrinə,
xüsusilə gübrələrin ən yaxşı
aqrotexniki müddətdə yerlərə
çatdırılmasına nəzarət gücləndirilməlidir.
Elmi-texniki yeniliklər daha geniş şəkildə
öyrənilməli və istehsalata inamla tətbiq
olunmalıdır.
İstər əkinçilikdə, istərsə
də heyvandarlıqda yeni və daha məhsuldar sortların tətbiqi
imkanlarına geniş diqqət yetirilməlidir. Damazlıq təsərrüfatları ilə birlikdə
toxumçuluq, seleksiya işləri hər vasitə ilə
genişləndirilməlidir.
Respublikaya xaricdən, xüsusilə
Almaniyadan xeyli sayda damazlıq qara mal gətirilmişdir. Həmin heyvanlardan bizim rayonda da vardır. Xaricdən
gətirilmiş cins heyvanların yerli şəraitə
uyğunlaşmasında müəyyən problemlər ola bilər. Ona görə də
sahibkarlar, baytarlıq xidməti işçiləri işlərini
elə qurmalıdırlar ki, gözlənilməz hallar ortaya
çıxmasın.
2010-cu ilin may-iyun ayları ərzində
rayonda faktiki qiymətlərlə 3 milyon 260 min manatlıq sənaye
məhsulu istehsal edilmişdir. Aparılan təhlil
göstərir ki, bu, əvvəlki ildəkindən azdır.
Lakin burada da müəyyən obyektiv səbəblər
var və onları qeyd etməmək olmaz.
Ancaq mədənçıxarma sənayesində
geriləməni heç nə ilə əlaqələndirmək
olmaz. Heç bir müəssisənin fəaliyyətini
hətta bir gün olsun belə, dayandırmasına yol vermək
olmaz. Belə fəsilələr rayona baha
başa gəlir. Rayonda sənayenin
inkişafına, xüsusilə yeni sahələrin
yaranmasına da ciddi önəm verilməlidir.
Digər sahələrdə, o cümlədən nəqliyyat,
rabitə, istehlak və əmlak bazası və s. istiqamətlərdə
də ilin birinci yarısında əsaslı artım
müşahidə olunmuşdur. Yük daşınması 4,3
faiz, sərnişin daşınması 10,6 faiz, rabitə xidmətlərinin
həcmi 15,7 faiz, pərakəndə əmtəə
dövriyyəsi 4,2 faiz, ticarət müəssisələrinin
sayı 9,7 faiz, fərdi sahibkarların sayı 19,6 faiz
artmışdır.
İlin birinci yarısında sosial-iqtisadi
inkişafın artımı əhalinin məşğulluğunun
da yüksəlməsinə şərait
yaratmışdır. 6 ay ərzində 635 yeni iş yeri
açılmışdır ki, bunun da 456-sı daimidir.
Rayonun sosial-iqtisadi inkişafı sahəsində
görülmüş işlər qarşıdakı
dövrdə daha geniş vüsət almalıdır. Regionlar üzrə sosial-iqtisadi inkişaf
strategiyasının 2004 - 2008-ci illəri əhatə edən
birinci mərhələsi böyük uğurlarla
yekunlaşdırıldı.
Bu illər Bərdənin tarixində də
yeni intibah dövrü kimi xarakterizə olunur. Az vaxtda həqiqətən çox işlər
görülmüşdür. Bərdə əsaslı
şəkildə yenidən qurulub. Uzun illər
ərzində yığılıb qalmış bir çox
problemlər öz həllini tapmışdır.
Bununla bərabər, həllivacib məsələlər
də hələ çoxdur. Artıq
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının 2009 - 2013-cü illəri əhatə edən
ikinci, həlledici mərhələsi
başlanmışdır. Bu mərhələdə
Bərdə rayonu üzrə də bir sıra ciddi problemlərin
həlli nəzərdə tutulmuşdur.
Yığıncaqda qeyd edildiyi kimi, rayonda
daxili imkanlar hesabına görüləcək işlər də
müəyyənləşdirilmişdir və hazırda
bütün qüvvələr bu istiqamətdə səfərbərliyə
alınmışdır. Əsas diqqət
çatışmazlıqların aradan
qaldırılmasına, əmək ehtiyatlarından, maliyyə
mənbələrindən təyinatı üzrə, peşəkarlıqla
istifadə olunmasına yönəldilmişdir.
Bərdə gündən-günə
böyüyür, genişlənir. Təzə
küçələr, yaşayış və xidmət
massivləri salınır. Yeni, müasir tələbata
cavab verən avtovağzal kompleksi, təzə bazar, onun ətrafındakı
ticarət bazası bu gün əhalinin ən gur yerinə
çevrilmişdir. Bununla yanaşı,
şəhərin digər yerlərindəki primitivlik, səliqəsizlik,
pintilik ciddi narazılıq doğurur və tezliklə aradan
qaldırılmalıdır.
Nazirlər Kabinetinin
yığıncağında ölkə Prezidenti İlham Əliyev
diqqəti elektrik enerjisi, qaz və su təsərrüfatlarında
yaranmış vəziyyətə və qarşıda duran vəzifələrə
cəlb etmişdir. Son 6 ayda rayonun Alaçadırlı,
Cicimli, Seyid Yusifli, Tağılar və başqa kəndlərinə,
şəhərin yeni yaşayış massivlərinə 41,4
km qaz xətti çəkilməklə 436 ailəyə qaz
verilmişdir. Samux, Saatlı, Həsənqaya, Mirəssəbli,
Qəhrəmanlı, Mirzalıbəyli, Şatırlı,
Nazırlı, Kürdborakı, Qazaxlar, Soğanverdilər və
Şahvəllər kəndlərinə qaz çəkilişi
sürətlə davam edir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi,
elektrik sisteminin yenidən qurulması, xüsusilə SİP
kabel sisteminə keçilməsi, istifadə haqlarının əvvəlcədən
ödənilməsinə imkan verən sayğacların tətbiqi
və s. istiqamətində xeyli iş
görülmüşdür. Elektrik enerjisindən, təbii
qazdan və
Lakin bütövlükdə
görülmüş işlər qənaətləndirici
deyildir. İstifadə haqlarının ödənilməsi
altı ayda elektrik enerjisi üzrə 71,45
faiz, təbii qaz üzrə 88,63 faiz, içməli su üzrə
83,78 faiz olmuşdur. Buna mane olan əsas səbəblərdən
biri də xidmət işlərinin keyfiyyətsiz səviyyədə
təşkili, təchizatın tez-tez pozulmasıdır.
Xidmət işlərinin keyfiyyətsiz
şəkildə qurulması telekommunikasiya və poçt
işçilərinin fəaliyyətində də
özünü büruzə verir. İcra
nümayəndəliklərində keçirilən hesabat
yığıncaqlarında bu təşkilatların
ünvanına bir qayda olaraq ancaq tənqidi fikirlər söylənilir.
Hər kəs özü üçün ciddi nəticə
çıxarmalıdır. Rayon icra
hakimiyyətində bu məqsədlə qərargah
yaradılıb və hər həftənin dördüncü
günləri işlərin gedişi təhlil olunur.
Ekoloji sağlamlıq, ətraf mühitin çirklənməsinin
qarşısının alınması hazırda
dünyanı məşğul edən ən ciddi problemlərdəndir.
Təsadifi deyildir ki, 2010-cu il ölkəmizdə
"Ekologiya ili" elan olunub. Bərdədə bu istiqamətdə
xeyli iş görülmüşdür. Hər
mövsümdə şəhərdə, o cümlədən
digər yaşayış məntəqələrində minlərlə
ağac əkilir. Lakin onların xeyli hissəsi
baxımsızlıq üzündən tələf olur. Rayonun ərazisində mövcud olan meşə
zolaqları ildən-ilə seyrəlməkdədir. Şəhərdə minbir zəhmət bahasına
salınmış yaşıllıqlar solub gedir. Respublika Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rayonda bir neçə səlahiyyətli təşkilatı
fəaliyyət göstərir. Onlar öz
işlərində əsaslı dönüş
yaratmalıdırlar.
Keçən ilin yekunları müzakirə
olunarkən rayonun büdcəsinin formalaşması və
ondan istifadə vəziyyəti kəskin tənqid edilmişdir.
İndi isə razılıqla qeyd edildi ki, ilin 6 ayı ərzində
yerli vergi və digər daxilolmalar üzrə proqnoz 124,1 faiz ödənilmişdir. Bu, keçən
ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.
Yığıncaqda belə bir ümumi fikir ifadə
edildi ki, heç şübhəsiz, cari ilin ikinci
yarısında da inkişaf və yüksəliş
dinamikası davam etdiriləcək, müşahidə olunan
nöqsanlar tezliklə aradan qaldırılacaq, ölkə
Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin
iclasında qarşıya qoyduğu vəzifələr
uğurla yerinə yetiriləcəkdir.
Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 7
avqust.- S. 6.