Qəbələdə II Beynəlxalq Musiqi Festivalı uğurla başa çatmışdır

 

    Azərbaycan və dünya musiqisinin Qəbələ salnaməsi və ya yeni tarixin yeni musiqisi

 

    Musiqinin sərhədi yoxdur, ona görə ki, o, ruhun məhsuludur. Allahın yaratdığı bəşər övladı isə ruh daşıyıcısıdır. Bu səbəbdən də insan səslə sözün vəhdətində min illərdir yol gəlir. Bu yolun yolçuları isə eyni mərama, məqsədə xidmət etdiklərindəndir ki, onların sevə-sevə yaratdıqları bütün zamanlarda dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanların ruhuna hakim kəsilir.

 

    Bu yol Ü.Hacıbəylinin, F.Əmirovun, Q.Qarayevin, F.Şopenin, Baxın, Motsartın və daha neçə-neçə düha sahibinin yoludur. Artıq ikinci dəfədir ki, bu yolun yolçuları Azərbaycanda, gözəl və füsunkar Qəbələdə "üz-üzə" gəlir, görüşüb, öz yaratdıqlarını bir tamaşaçı kimi yenidən dinləyirlər. Təkcə onlarmı...

    Son 12 gündə dünyanın aparıcı kütləvi informasiya vasitələri yenidən Azərbaycandan, xalqımızın qonaqpərvərliyindən, Heydər Əliyev Fondunun dəstəyi ilə bəşəri musiqinin yaşaması, təbliği və gələcək nəsillərə çatdırılması naminə təşkil edilmiş Qəbələ II Beynəlxalq musiqi festivalından yazdılar və hələ bundan sonra da çox yazacaqlar.

    Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində başlayan ikinci beynəlxalq festivalda klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gəlmiş istedadlı musiqiçiləri, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi korifeyləri, festivalın fəxri qonağı olan Böyük Britaniyanın London Kral Filarmonik Orkestrinin ifasında ölməz əsərləri dinləmək imkanı qazandılar.

    Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərlərinin səsləndirilməsi ilə başlanmışdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun "Bayram uvertürası", Fikrət Əmirovun "Fortepiano və orkestr üçün konsert"i, Qara Qarayevin "İldırımlı yollarla" baletindən parçalar, Vasif Adıgözəlovun "Fortepiano və orkestr üçün konsert"i təqdim olunmuşdur. Bakı Musiqi Akademiyasının rektoru, festivalın bədii rəhbəri professor Fərhad Bədəlbəyli və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə konsertin solistləri olmuşlar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq etmişlər. Festivalın ikinci günündə də Azərbaycan Dövlət simfonik orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdir. Sənətçilər klassik musiqi həvəskarlarına Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim etmişlər.

    Əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Azad Əliyevin dirijorluq etdikləri konsertdə bəstəkar Edvard Qriqin "Fortepiano və orkestr üçün konsert", Rauf Əliyevin "Şuşanın dağları başı dumanlı", Fərhad Bədəlbəylinin "Şuşa", Sergey Raxmaninovun "Fortepiano və orkestr üçün konsert", Füzuli Hüseynovun "Kapriççio", Cüzeppe Verdinin "Bolero", Manuel de Falyanın "İspan bağlarında gecələr" əsərləri, Corc Bizenin "Karmen" operasından "Qaraçı" mahnısı səsləndirilmişdir.

    Konsertin solistləri Murad Hüseynov, Fəridə Məmmədova, Səidə Tağızadə, Gülnaz İsmayılova, Səbinə Əsədova, Cavid Səmədov və Yeganə Axundova gözəl ifaları ilə tamaşaçıların alqışlarını qazanmışlar.

    Proqrama uyğun olaraq iyulun 27-də dünyaşöhrətli Kuba cazmenlərinin konserti də yaddaqalan olmuşdur. Fransada qastrol səfərini başa vuraraq Azərbaycana gələn Kubanın məşhur "Maraco" caz qrupunun 12 nəfərlik heyəti və Bakı Caz Mərkəzinin 5 solisti maraqlı konsert proqramı ilə çıxış etmişlər. Kubalı caz vokalçısı, beynəlxalq müsabiqələr laureatı Maraco və onun rəhbərlik etdiyi eyniadlı qrupun, habelə Bakı Caz Mərkəzinin üzvləri - Azərbaycanın caz ustaları Elçin Şirinov və Ülviyyə Rəhimova, onları konsert boyu müşayiət edən istedadlı saksafonçu Elçin Hüseynli, "Bakustik caz" qrupunun üzvlərindən baş gitaraçı Ruslan Hüseynov, zərb alətçisi Vaqif Əliyevin canlı ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

    Festival iyulun 28-də kamera musiqisi konserti ilə davam etmişdir. Klassik musiqi ifaçısı, əməkdar artist Validə Rəsulovanın, solistlər Fəridə Məmmədova, Səidə Tağızadə və Aleksey Meltixin təmsil etdikləri orkestr Azərbaycan, Avropa və Rusiya bəstəkarlarının əsərlərini ifa etmişlər.

    Beynəlxalq festival çərçivəsində iyulun 29-da vokal musiqisindən ibarət konsertin təşkili də böyük maraq doğurmuşdur. Konsertdə Azərbaycanın tanınmış vokalçıları - əməkdar artist Gülnaz İsmayılova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Cavid Səmədov və Səbinə Əsədova Avropa və rus bəstəkarlarından Çaykovski, Raxmaninov, Motsart, Verdinin ölməz əsərlərini səsləndirmişlər. İstedadlı vokalçıları fortepianoda Bakı Musiqi Akademiyasının dosenti, beynəlxalq müsabiqələr laureatı Kəmalə Nemanova müşayiət etmişdir.

    Nəhayət, iyulun 30-da Qəbələ İkinci Beynəlxalq musiqi festivalının təntənəli rəsmi açılışı olmuşdur.

    Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak etmişlər.

    Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva festivalın açılışında çıxış etmişdir.

    Ölkəmizin dilbər güşələrindən birində - Qəbələdə qonaqları salamlayan Mehriban xanım Əliyeva bildirmişdir ki, bu gözəl şəhər dünyanın ən qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olmuş və hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoymuşdur. "Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir", - deyən Azərbaycanın birinci xanımı bildirmişdir ki, bu günlərdə hamımızı bir amil - musiqi birləşdirir.

    Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya Azərbaycana gəldiyinə və bu festivalda iştirakına görə təşəkkür etmişdir. O, Azərbaycan-YUNESKO əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu əlaqələrin çoxşaxəli olduğunu demişdir. Prezident İlham Əliyevə gərgin iş qrafikinə baxmayaraq festivalın rəsmi açılışına qatıldığına görə minnətdarlıq edən Azərbaycanın birinci xanımı musiqiçiləri də salamlamış və bu musiqi bayramının ilk növbədə onların sayəsində baş tutduğunu diqqətə çatdırmışdır.

    Mərasimdə çıxış edən YUNESKO-nun baş direktoru xanım İrina Bokova festivala uğurlar arzulamışdır. Azərbaycana səfərindən məmnun olduğunu deyən İrina Bokova bu beynəlxalq festival üçün Qəbələnin möhtəşəm səhnə olduğunu vurğulamışdır. "Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır", - deyən xanım Bokova YUNESKO prinsiplərini hər zaman yüksək tutduqlarına görə Azərbaycan Prezidentinə və Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

    Qəbələ Beynəlxalq musiqi festivalının əhəmiyyətindən danışan YUNESKO-nun baş direktoru demişdir ki, bu bayram Azərbaycan musiqisinin ruhunu əks etdirir və gələcəkdə qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır. "Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır və bu festival da həmin mədəniyyətləri ən yüksək səviyyədə təqdim edəcəkdir", - deyən İrina Bokova Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirmişdir.

    İrina Bokova YUNESKO-nun "Qızıl Motsart" medalını Mehriban xanım Əliyevaya təqdim etmişdir.

    Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirilmişdir.

    Sonra konsert proqramı olmuşdur.

    London Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir. Konsetdə Dmitri Yablonski, Yuri Başmet, Emilio Ponsı, Xloe Hanslip, Fərhad Bədəlbəyli çıxış etmişlər.

    Gecənin sonunda Qəbələnin yay səmasını möhtəşəm atəşfəşanlıq əlvan rənglərə boyamışdır.

    İyulun 31-də festival öz işini Fransanın məşhur Paris İzai Kvartetinin kamera musiqisi konsertinın çıxışı ilə daha da zənginləşdirmişdir.

    Solistləri dünyaşöhrətli dirijor və violonçel ifaçısı Dmitri Yablonski və tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli olan konsertdə klassik musiqi ifaçıları məşhur bəstəkar Frans Şubert və İoqannes Bramsın ölməz əsərlərini səsləndirmişlər.

    Böyük Britaniyanın dünyaşöhrətli London Kral Filarmonik Orkesrtinin avqustun 1-də nümayiş etdirdiyi geniş konsert proqramı da musiqisevərlərə xüsusi zövq bəxş etmişdir.

    Orkestrin solistlərini amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya və Azərbaycanın tanınmış dirijoru xalq artisti, "Şöhrət" ordenli professor Rauf Abdullayev müşayiət etmişlər.

    Klassik musiqi ifaçıları məşhur bəstəkarlar Pyotr Çaykovskinin "Françeska da Rimini", Fikrət Əmirovun "Kürd ovşarı", Lüdviq Bethovenin "Fortepiano və orkestr üçün 5 saylı konsert" və "Emperor" əsərlərini səsləndirmişlər. Çıxışlar maraqla qarşılanmışdır.

    Avqustun 2-3-də Böyük Britaniyanın dünyaşöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konsert proqramları maraqla qarşılanmışdır.

    Konsertin birinci günündə orkestri skripkaçı, ingilis Xloe Hanslip və İstanbulda yaşayan azərbaycanlı dirijor Ramiz Məlikaslanov müşayiət etmişlər. Klassik musiqi ifaçıları məşhur bəstəkar Feliks Mendelsonun "Skripka orkestri üçün konsert", Pyotr Çaykovskinin "Kapriççio", Nikolay Rimski-Korsakovun "Şahrəzad" əsərlərini səsləndirmişlər.

    Növbəti gün isə dünyaşöhrətli amerikalı violonçel ifaçısı Dmitri Yablonskinin və Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, tanınmış pianoçu Fərhad Bədəlbəylinin solist kimi çıxış etdikləri konserti ingiltərəli dirijor Daniel Boyko idarə etmişdir. Konsertdə klassik musiqi ifaçıları məşhur bəstəkar Şarl Kaml Sens-Sansın "Violonçel üçün konsert" və "Fortepiano və orkestr üçün konsert", Corc Bizenin "Simfoniya do-major" əsərlərini səsləndirmişlər.

    Festival çərçivəsində Kral Filarmonik Orkestrinin musiqiçiləri və festivalı işıqlandıran yerli və xarici media nümayəndələri qədim və əsrarəngiz təbiəti ilə fərqlənən Qəbələ ilə yanaşı, ölkəmizin digər gözəl diyarı - Şəki ilə də tanış olmuşlar. Zəngin mədəni irsi və tarixi abidələri, dadlı mətbəxi ilə seçilən Şəki ilə tanışlıq Şəki xanlarının sarayından başlamışdır. Qonaqlar çay süfrəsinə dəvət olunmuş, milli musiqimiz olan muğamı dinləmişlər. Hər bir muğam ifası ayaq üstə alqışlanılmışdır. Qonaqlar Şəki xanlarının sarayını gəzmişlər. Burada onlara sarayın tarixi, inşa üsulları barədə məlumat verilmişdir. Qonaqlar saraydakı naxışların zənginliyini, rəng çalarlarının gözəlliyini qeyd etmiş, Şəkinin qədim tarixə, nadir memarlıq abidələrinə malik olduğunu vurğulamışlar.

    Festival axşamı isə bir çoxlarının səbirsizliklə gözlədikləri konsertlə yadda qalmışdır. Həmin axşam da Qəbələdə Şopenin qəlbləri riqqətə gətirən musiqisi dinlənilmişdir. Onun çoxsaylı sonata, ballada, polonez, mazurka, etüd və nöktürnləri məzmun etibarilə xalqının həyatının müxtəlif cəhətlərinə, təbiət mənzərələrinə, Polşanın qədim tarixi qəhrəmanlıq səhifələrinə həsr olunmuşdur.

    Daha sonra isə Qara Qarayev, Rauf Hacıyev, Fikrət Əmirov, Firəngiz Əlizadə, Sevda İbrahimova, Arif Məlikovun əsərləri ifa edilmişdir. Ancaq həmin gecə dinləyiciləri ən çox düşündürən isə Mehriban Əhmədova və Vaqif Mustafazadənin "Düşüncə"si olmuşdur. Murad Adıgözəlzadə xalq artisti, professor Fərhad Bədəlbəylinin "Dəniz" əsərini ifa etdikdən sonra isə dəfələrlə səhnəyə dəvət olunmuşdur.

    Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatmışdır.

    Festivalın sonuncu günü Böyük Britaniyanın dünyaşöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olmuşdur. Orkestrin solistlərini məşhur amerikalı pianoçu və dirijor Dmitri Yablonski və məşhur rusiyalı pianoçu Boris Berezovski müşayiət etmişlər. Konsertdə bəstəkar Sergey Raxmaninovun "Fortepiano və orkestr üçün konsert" və "2 saylı simfoniya" əsərləri səsləndirilmişdir.

    Sonda Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli çıxış edərək II Qəbələ Festivalının uğurla keçdiyini bildirmiş, bu musiqi bayramının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, həmçinin festivalda iştirak edən musiqiçilərə minnətdarlıqlarını ifadə etmişlər.

    Festival möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

    Festivalda yerli və xarici KİV-lərə müsahibələr vermiş II Beynəlxalq musiqi festivalının bədii rəhbərlərindən biri olan Dmitri Yablonski, dünyaşöhrətli amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya, Amerika Birləşmiş Ştatlarından gəlmiş və festivalın bir çox konsertlərini uğurla idarə etmiş məşhur dirijor Daniel Boyko, Böyük Britaniyanın məşhur London Kral Filarmonik Orkestrinin üzvü Rocer Argenti, Paris İzai kvartetinin üzvü Yovan Markoviç və başqaları bu əzəmətli musiqi bayramından, bütövlükdə Azərbaycana səfərindən aldıqları təəssüratları bölüşmüş və bundan sonra da məmnuniyyətlə bu festivala qatılacaqlarını vurğulamışlar.

 

  

    Xalq qəzeti.- 2010.- 7 avqust.- S. 5.