Akif
Əhmədgil poeziya müsabiqəsinin
laureatı oldu
Azərbaycan yazıçılarının hər bir uğuru, ümumən ədəbiyyatımızın
uğuru deməkdir. Onların əsərlərinin
beynəlxalq müsabiqələrdə yer
tutması, nüfuzlu ədəbi orqanlarda çap edilməsi
isə çağdaş Azərbaycan ədəbiyyatının
dünya miqyasında tanıdılması
hesab oluna bilər. Bu yaxınlarda şair və
tərcüməçi kimi tanınan Akif Əhmədgilin Rusiyada
Nikolay Rubtsov adına
Beynəlxalq Poeziya müsabiqəsinin
laureatı adını qazanması və diplomla
təltif edilməsi poeziyamızın növbəti uğurudur.
O, bu mükafata Moskvada nəşr olunan "Drujba narodov" ("Xalqlar dostluğu") jurnalının keçən ilki noyabr nömrəsində dərc olunmuş "Məğlubiyyət sevinci" və "Bir metr qar yağıb Bakıya bu gün" şeirlərinə görə layiq görülüb. Jurnalda çap edilmiş şeirləri rus dilinə Ginnadi Kalaşnikov və Olqa Yermolayeva tərcümə ediblər.
Şairin indiyədək
" Yaz günü",
"Ürəyimin sümüyü yoxdur" şeirlər kitabları
işıq üzü görüb.
"Xalqlar dostluğu"
jurnalında çap edilmiş
"Məğlubiyyət sevinci"
şeirində adiləşmiş cılız qələbələrin
insanı necə süstlüyə gətirib
çıxarması, bununla da arxayınlığın mübarizə əzmini
azaltması təsvir olunur. Müəllif sanki məğlubiyyəti özünə
yaxın buraxmayan "mən ancaq qələbə üçün
doğulmuşam" fikrində olan insanlara səslənir
və öz fikirlərini bu
cür ifadə edir:
Qəti bir döyüşə yollanmalısan,
Sıyrılıb nə vaxtsa bərk şübhələrdən.
Bəlkə qazandığın bir məğlubiyyət
Uğurlu olacaq, ağır gələcək,
Hər gün
uğradığın qələbələrdən.
Akif Əhmədgilin yaradıcılığında bədii tərcümə də mühüm yer tutur. Onun bu sahədə yorulmaz və gərgin fəaliyyəti nəticəsində dünya ədəbiyyatının bir sıra tanınmış nümayəndələrinin, yazıçılarının əsərləri Azərbaycan oxucularına çatdırılıb. Türk dünyasının tanınmış yazıçılarının əsərləri onlar arasında mühüm yer tutur. Tanınmış qazax şairi Oljas Süleymenovun "Az-ya"kitabındakı şeir parçalarını dilimizə tərcüməsi, yazıçı Anarla birgə Yəhya Akenginin "İyul dağlarına bir yağış göndər" kitabında onun şeirlərinin Türkiyə türkcəsindən dilimizə uyğunlaşdırılması buna nümunə ola bilər. Qazaxıstanın xalq şairi Muxtar Şaxanovun və sovet dövrünün repressiya illərinin qurbanı olmuş istedadlı şair Mağcan Cumabayevin şeirləri Akif Əhmədgilin tərcüməsi ilə oxuculara təqdim edilib. O, tərcümə sahəsində rus ədəbiyyatından Marina Svetayeva, Anna Axmatova, Natalya Orlovanın yaradıcılığına da müraciət edib. Bundan başqa, Makedoniyanın istedadlı qələm sahiblərinin şeirlərini dilimizə tərcümə edib, bu şeirlər toplu halında "Sahil" kitabında dərc olunub.
Akif Əhmədgilin könül dünyasının məhsulu olan müxtəlif şeirləri Rusiyada, Qazaxıstanda, Türkiyədə, Makedoniyada keçirilmiş beynəlxalq şeir festivallarında səsləndirib, müəllifə bir sıra beynəlxalq mükafatlar qazandırıb. Onun "Mən bir şeir ölüsüyəm" şeiri Makedoniyada qırxdan çox ölkənin qatıldığı "Struqa şeir axşamları" müsabiqəsində dördüncü yerə layiq görülməsi, saysız-hesabsız ödüllərə sahib olması onun istedadına və bunun timsalında ədəbiyyatımıza verilən qiymətdir. Ancaq bütün bu uğurlara baxmayaraq, Akif Əhmədgil daim axtarışda və fəaliyyətdədir. Çünki oxucuları ondan bundan sonra da könülləri oxşayan şeirlər, bədii tərcümələr gözləyir.
Hazırda isə o, bir sıra əsərlərin, xüsusilə rus eposu "İqor Polku dastanı"-nın tərcüməsi üzərində işləyir. Şairə bundan sonrakı fəaliyyətində də yaradıcılıq uğurları arzulayırıq.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 7
avqust.- S. 8.