Qori seminariyasının Azərbaycan şöbəsinin yaradıcısı

 

    (əvvəli qəzetimizin 20 iyun və 11 iyul tarixli saylarında)

 

    3. Cəllad kötüyünə də düzlüklə ...

 

    Bir yandan, içəri təzə dustaqlar gətirilir, digər yandan da, iki bir-üç bir ad-familiya ilə çağırıb, harasa aparırdılar. Yəqin ki, güllələməyə. İçəri girən bolşevik əsgərinin yanında bir erməni də olurdu. Erməninin göstərdiyi adamı Liberman dərhal çölə çıxarıb güllələnməyə göndərirdi. Mən Firidun bəy Köçərlini yaxşı tanıyırdım, həm də çox istəyirdim. Ona dedim:

    - Ağa, burada vəziyyət çox qəlizdir. Ermənilər bizim say-seçmə adamlarımızı bolşeviklərin əli ilə güllələdirlər. Ona görə Sizdən acizənə xahiş edirəm, adınızı gizlədin, yəni deməyin ki, Siz Firidun bəy Köçərlisiniz.

    Firidun bəy təəccüblə, bir az da qəzəblə mənə baxdı:

    - Necə yəni adımı gizli saxlayım?

    - Deyin ki, adım Məmməddir, ya da Həsəndir. Köçərli famili çox məşhurdur, ermənilər də tanınmış adamlarımızın qanına yerikləyib.

    Firidun bəy çox sərt görkəm aldı, qəzəblə dedi:

    - Çox ayıb olsun sənə, gör nə təklif edirsən. Bəyəm insan da yalan danışarmı?!

    Qocaman müəllim Mir Cavadın xatirəsindən:

    - Həbs olunanlar arasında o zaman Azərbaycan Mərkəzi Komitəsinin üzvü Eyyub Xanbudaqovun yaxın qohumu Abbas Rzaquluoğlu da vardı. Abbas yemək gətirən bir qadına məktub verir ki, onu Eyyub Xanbudaqova çatdırsın. Abbas məktubunda yazır ki, əslində, qatı daşnak olan Liberman hazırda XI Ordunun xüsusi şöbə rəisi kimi məsul vəzifə daşıyır. Liberman yüzlərlə adamı günahlı-günahsız qiyamçı adı ilə həbs etmişdir. O, gecələr Gəncə quberniyasının fövqəladə komissarı Həmid Sultanovdan gizlin xüsusi bir yerdə dustaqlar arasından Azərbaycanın adlı-sanlı oğullarını seçib güllələyir. Günahsız tutulanlar arasında Qazax Seminariyasının müdiri Firidun bəy Köçərli də var.

    Eyyub Xanbudaqov aldığı xəbəri doktor Nərimanova çatdırır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov təcili teleqram vurur ki, Firidun bəy Köçərlini həbsdən azad etsinlər. El yatandan bir az əvvəl nəzarətçi bağlı qapı arxasından qışqıra-qışqıra soruşdu:

    -Ey, dustaqlar, burda Qazax Seminariyasının müdiri Firidun bəy Köçərlinski varmı?

    Heç kəs dinmədi. Cümşüd qaranlıqda əlilə Firidun bəyi axtardı. Onun əli mürgüləyən Firidun bəyin dizinə toxunan kimi diksindi.

    -Hə, kimsən? - deyə hövlnak soruşdu.

    -Firidun bəy, nəzarətçi Sizi qapıya çağırır.

    O, dərhal yerindən durdu. Karvansara tağlarından tuta-tuta qapıya yaxınlaşdı. Üzünü bağlı qapıya tutub:

    -Kimdi, məni soruşan? - dedi.

    -Köçərlinski sənsən?

    -Bəli.

    -Qazax Seminariyasının müdiri?

    -Bəli.

    Nəzarətçi daha heç nə deməyib getdi. Firidun bəy gah divarlardan, gah da tağlardan tuta-tuta yenə geri qayıtdı. Gələ-gələ "Cümşüd, oğlum, hardasan?"- deyib əlilə onu axtardı. Cümşüd ayağa durub onun əlindən tutdu, öz yerində oturmağa kömək elədi.

    -Nə yaxşı yatmışdım, bu nadürüst hardan gəldi, - deyib nəzarətçinin dalınca deyindi.

    -Firidun bəy, yəqin Sizi azad edəcəklər, ona görə də soruşurlar.

    -Yox, oğlum, inanmıram, görünür, növbə mənimdir, - deyib ciblərini axtardı. Jiletinin sağ cibindən bir gümüş manatlıq çıxarıb:

    -Cümşüd, oğlum, al, - dedi, - sənə lazım olar, birdən buraxsalar evə gedəndə xərclərsən. Heyranlıqla altdan yuxarı baxan Cümşüdə elə gəldi ki, Firidun bəyin son dəqiqələridir. Ona vəsiyyət edir. O, nə qədər boyun qaçırdısa Firidun bəy qaranlıqda onun əlini tapıb gümüş manatlığı ovcuna basdı. Gəncin təəccüb və şübhələrini dəf etmək üçün:

    - Mən sənin atan rəhmətliyin yaxın dostu idim, sənə bu gümüş manatlıqdan milyonunu da versəm, atan Ağaəli bəyin yenə yaxşılığının əvəzini çıxa bilmərəm. İnşallah, mənim yazdığım kitab bir gün, bir fazil şəxsin əlinə keçər, ol qeyrətli millət oğlu onu çap edər, o vaxt sən oxuyub, görərsən ki, atan haqqında yazmışam: "Ağaəlibəy cənablarının bizə artıq hüsni-xidmətləri olubdur ki, Şamaxı şüərasının seyr-sülukuna dair bəzi mühüm məlumatı ol cənabın həmiyyəti ilə kəsb etmişik. Buna binaən münasib məqam bilib burada ol cənaba izhari - məmnuniyyət qılmağı gözəl vəzifələrimizdən ədd edirik".

    Sabir də, Tərrah da, Səhhət də məktublarında dönə-dönə yazardılar ki, Naseh dostumuz o qədər gözəl xasiyyətli, xoşqılıq və yaxşı məramlı zatdır ki, öz həmşəhərlilərinin, onu tanıyanların cümləsinin dərin hörmət və məhəbbətini qazanmışdır.

    Firidun bəy məhbəsdə olduğunu unutmuşdu, ürəyini boşaldırdı. Elə bil tələbələri qarşısında idi, bu neçə gündə dərs deməməyinin əvəzini çıxırdı. Şirvan şairləri fəslini tədris edirdi. - Yadımdadır, deyə yanıqlı-yanıqlı sözünə davam etdi. - Atan mənə millətimizin məşhur şairi Hacı Seyid Əzim Şirvaninin ölümünə inşa etdiyi qəzəlini göndərmişdi:

 

    Qan ağla, gözüm, sərvəri dövran getdi,

    Sərdəftəri-əhli-fəzlü ürfan getdi.

    Ayineyi-ovqat ol zati-şərif,

    Səngi-əcəl ilə sındı əlan getdi.

    Heyrətdəyəm, ey xak, necə sığdırdın

    Ağuşuna, ta o bəhri-Ümman getdi.

    Naseh dedi tarixi-vəfatın qəm ilə,

    Səd heyf ola Seyyidi-Şirvan getdi.

 

    İndi özün düşün. Gördünmü atan mənə necə təmənnasız yaxşılıqlar edib. Dərvişin payı bir yaşıl yarpaq olan kimi, mən də sənə vur-tut bir gümüş manatlıq verirəm. Eh, bir də ki, mənim nəyimə gərəkdi, - deyib kədərlə köks ötürdü. Susdu. Handan-hana:

    -Mənimki buraya qədər idi. Yuxuda hər şey insana əyan olur. İndicə mürgüləyəndə gördüm ki, məni buraxıblar. Evə payi-piyada gedirəm. Qarşımdan gələn qoca, cavan hamısı təəccüblə üzümə baxıb deyirlər ki, ey qoca, hələ Qazaxa çox var, piyada gedə bilməzsən, özünə bir minik tap. Gəncədən Qazaxa kimi yol boyunca bitən rəngli qızıl gülləri göstərib deyirəm ki, bu güllərin ətri mənzil kəsən olacaq. Bu yol məni yormaz. Harda olsam, gərək səhər dərsə çatam. Uşaqlar məhəttəl qalmasınlar, məni gözləyirlər... Elə bu vaxt sənin əlin dizimə toxundu, oyandım. Gör necə də tərləmişəm, qan-tər içindəyəm.

    - Kraxmallı yaxalığını açıb əlini köynəyin altında gəzdirdi:

    - Sən özünü qoru, oğul.

    - Cümşüdə təsəlli verdi və yenidən yuxusuna qayıtdı:

    - Oğul, yuxudakı getmək, getməməkdi, rəng qırmızıdı. Azad edilmək, buraxılmamaqdı. Hə, gecə keçir, hamı yatıb, gəl bir az da biz mürgüləyək...

    Ay fırlanıb karvansaranın dəmir barmaqlı yanları uçmuş gözlüyünün bərabərində dayandı. O, hər gecə süd işıqlı iyun ayını gözlərdi. İlin iki fəslində ona baxmaqdan, tamaşa etməkdən xüsusi zövq alardı: bir qışın oğlan çağında, bir də yayın ortalarında. Hər gecə dəmir barmaqlıqlar arasında gəlib dayanan ayı görəndə ruhu səmalara uçar, ana ağuşuna atılan körpə kimi sonsuz sevinc hissi keçirər, ən bəxtiyar dəqiqələrini yaşardı. Onu görəndə, sanki, geniş dünyaya çıxır, karvansara məhbusluğundakı üfunəti, darısqallığı, nəzarətçi hədə-qorxusunu, zil qaranlığı belə unudardı.

    Yalçın qayalar üstündə qərar tutan Şuşanı, Gəncə darvazasından bir azca aralı ata-baba yurdunu, uşaqlıqda sümükatma oynadığını, ilk gəncliyində tay-tuşları ilə şeirləşdiyini xatırladı. Ərimgəldidən lap yaxın görünən az qala "əl uzatsan çatar" olan Aya, saysız-hesabsız ulduzlara baxmaqdan doymadığını yada salıb kövrələrdi.

    Cümşüd sol böyrü üstə yatmışdı. Onun məsum gənc üzündə ayın parlaq şüaları oynaşırdı. İçəri isti olduğundan üzündə, boynunda yuvarlanan tər damcıları aydın görünürdü. Firidun bəy dəsmalını çıxardıb ehtiyatla Cümşüdün üzündəki tər damcılarını hopdurdu. Quru yerdə uzanan Cümşüd elə şirin-şirin yatırdı ki, Firidun bəy ona həsəd apardı.

    Dönə-dönə gözünü yumdusa da yata bilmədi. Oturmaqdan kürəyi qovuşurdu. Uzanmaq istədi. Yer yox idi. Birisi başını ona tərəf söykəmişdi, digəri ayağını uzatmışdı. Həsrətlə, həsədlə uzaqlaşmaqda olan Aya baxmaqdan başqa çarəsi qalmadı. İndi dünyada ən çox istədiyi adamla xəyalən danışırdı.

    Firidun bəy: - Evi axtardılarmı, yazı-pozum, bir də kitablarım amanat, Badisəba.

    Badisəba: - Arxayın ol, nə hazır kitabının, nə də yarımçıq əlyazmalarının bircə vərəqi də tərpənməyib. Özüm sahmana salmışam.

    Firidun bəy: - Məktublar necə, onlara cavab gəldimi? Şamaxıdan Mir Cəfər Seyidzadə Sabirin tərcümeyi-halını göndərməli idi.

    Badisəba: - Xeyli məktub almışam. Şaiq Əfəndidən, Üzeyir bəydən, Əhməd Cavaddan, Təbrizdən, bir də Qum şəhərindən sənə məktub var. Bağlama da var, deyəsən, əlyazmasıdı. Açmamışam, özün gəlib açıb oxuyarsan. Şəkidən Rəşidbəy Əfəndizadə də məktub yazıb, onu oxudum. Tutulmağından xəbəri yoxdu.

    Firidun bəy: - Abbas ağa Nazirin şeirlərini topla, qayıdanda XX əsr şairlərini işləyəcəyəm. Cavid Əfəndiyə mənim adımdan məktub yaz, əsərlərini istə. Hadi necə, ondan bir xəbər varmı?

    Badisəba: - Deyirlər Gəncədə xəstə yatırmış. Bir gün xəstə yoldaşlarından birisi qəzetdə onun nekroloquna rast gəlir, özünə göstərir, halı çox pərişan olan Hadi o vaxtdan yoxa çıxıb. İmkanın varsa soruş gör, hardadı. Sən allah, görüşsən onu da gətir, yazıqdı, Allah bilir, əyin-başı nə gündədir. Mirzə Abbas Səhhəti keçən il ailəsilə birlikdə udan Gəncədən qorxuram.

    Firidun bəy: - Seminariyada işlər necədi? Uşaqları dağılmağa qoyma. Yemək-içməklərini çatdıra bilirsinizmi? Məşədi İbrahimin oğlu Müseyibdən muğayat ol. Kişinin bizim üstümüzə haqqı-sayı çoxdu. Bir oğul olduğuna, əfsus ki, ərköyünlüyü var. Dərsini buraxmağa qoyma, hafizəli uşaqdı. Bircə dərsə davamiyyətindən nigaranam. Rəhmətlik Məşədi İbrahim son nəfəsinə qədər "Müseyib amanatı, Firidun bəy", - deyib getdi.

    Badisəba: - Sən bircə gəl çıx, hər şey yaxşıdı. Sənin əvəzində uçitel Əhmədağa işləyir. "Qocalmışam, əldən düşmüşəm, işləyə bilmərəm, bacarmıram" -deyə-deyə çox gözəl də işləyir. Deyir ki, Firidun bəy gələn kimi salam-əleykdən qabaq deyəcəm, təhvil al, seminariyanı, sonra xoş gəlmisən... Niyə elə gülürsən, səni heç belə qaşqabaqlı gülən görməmişəm, o nədi, a Firidun bəy, o necə gülüşdü. Başdan ayağa kədər...

    Firidun bəy: - Sən seminariyadan danış, Badisəba. Uşaqlar qəzeti yenə çıxarırmı? Adını dəyişdilərmi, yoxsa yenə "Tələbə əfkarı" qaldı?

    Badisəba: - Elə bir söz oldu, dəyişmək haqda. İbrahim Əfəndi Qayıbzadə, Mirzə Vəlizadə, tələbə Aslan Əfəndiyev və bir qrup uşaq bir tərəfə oldu, ədəbiyyat müəllimi Yusif Qasımov, tələbə Səməd Vəkilov, Möhsün Poladov, Mirqasım - Şıxlı balasını deyirəm, o biri tərəfə. Sənin çox sevdiyin o balaca Səməd heç yaxın qoymadı. Dedi ki, Firidun bəyin yadigarıdı, olmaz. Qayıdar gələr, özü bilər, istər dəyişər, istər saxlar. Hələlik qalsın. Elə də qalıb.

    Firidun bəy: - Onda gözün olsun, sən Allah, anasız uşaqdı. Həm riyaziyyatda, həm də ədəbiyyatda böyük qabiliyyəti var. Nazirin şeirlərini ona tapşır, qoy toplasın, o, elə şeyə qoçaqdı. Bir də deyirdi ki, evimizdə babam Mehdixan Kühənsalın dağarçığa yazılmış şeirləri var. Usub ağa vermir. Aşa nənəmə demişəm, alıb verəcək. Yadına sal, qoy alıb gətirsin...

    Badisəba: - Sən Allah, belə şeylərin dərdini az çək, özündən danış. Günlərini necə keçirirsən? İki dəfə gəldim buraxmadılar. Boy, ay Firidun bəy, gör heç yadıma gəlirmi, səni gördüm, özümü itirdim, Allah sənə də insaf versin, ağzımı söhbətə tutmusan. Nərimanovdan teleqram almışam. Yazır ki, birini də Həmid Sultanovun üstünə vurmuşam. Səhər səni azad edəcəklər. Sağ olsun, yenə keçmiş tələbən səni unutmayıb, qayğına qalıb. Bıy Allah, hara qoydum teleqramı, Ağstafadayam, qatarı gözləyirəm, indicə gələr, yola düşərəm. Səhər Allah qoysa, birgə qayıdacağıq.

    Firidun bəy: - Tələsmə, nə yaman yorğunsan, gözlərin nə qıpqırmızıdı. Get yat, dincəl, sabah olmasın, o biri gün olsun...

    Badisəba: - Yox, yox, nə danışırsan. Bir yaxalığına bax, gör bir nə gündədi, elə bil qazan qarasıdı. Sən heç elə köynək geyinməzdin, nə oldu?

    Firidun bəy: - Badisəba, sən mən deyənə bax, tələsmə. Teleqram gəlibsə, lap yaxşı buraxarlar. Səhər gedib Camogildə köynəyimi dəyişərəm. İstəsən lap qırmızı rənglisini geyinərəm. Hə, yadından çıxmışdı. Camonun bacısı oğlu Cümşüd də burdadı, bax, bu yatan odu. Ağaəlibəyin oğlunu deyirəm. Yaxşı, biz Cümşüdlə birgə getdik. Baqi allah amanında olasan... Yox, yox, gələrik...

    Badisəba: - Firidun, ay Fi..ri..dd..un, Firidun bəy...

    Firidun bəyin bədəni səsdən üşəndi. Badisəbanın qiyyə səsi beynini ox kimi dəlib keçdi. Ay dar dəmir gözlüyün bərabərindən uzaqlaşmışdı. Karvansaranı qatı qaranlıq bürümüşdü. Çöldə, divarın dəliklərində səs-səsə verib kəsik-kəsik cırıldayan qarafatmaların səsinin ahəngi də ona qəmli gəldi. Firidun bəy gözünü yumdu. Badisəbanın od olub beynini, sinəsini yandıran səsi onu hələ də tərk etməmişdi. Başını divara söykəyib ağır-ağır nəfəs aldı. Əlilə alnını, sinəsini övkələdi. Uşaq kimi öz-özünə "istəmirəm, xatırlamayacağam, istəmirəm", - deyə astadan pıçıldadı. Gözüyumulu halda divara söykəli qaldı...

    ... Qoridə qış olanda belə aylı gecələrdə Badisəba ilə gəzməyə çıxardı. Xırçıldayan təzə-tər qarın üstündə gəzə-gəzə Badisəbanın "dərsini" soruşardı, yeni tapşırıqlar verərdi. Badisəba suallara düzgün cavab verməyəndə zarafatla deyirdi: - Əzizim, bu günahını mən bağışlasam da, o müqəddəs ay bağışlamaz, bir fikir ver, gör necə də pakdır. O, hər şeyi görür, eşidir. Ora bax, sən suallara düzgün cavab verməyəndə onun üzündə nazik bir pərdə görünür. Sənin əvəzinə o, xəcalət çəkir.

    - Demək, siz ikiniz bir oldunuz, mən tək qaldım? - deyən Badisəba əllərini yuxarı qaldırır, üzünü göyün dərinliklərinə tutub, aya müraciətlə deyərdi:

 

    Xuda, sən saxla gəl fərdi,

    çətindir yalqızın dərdi,

    Pərişanlıq tapar mərdi havadar olmayan yerdə.

    Gəl, ey könlü olan rövşən, qəbul et bu sözü məndən,

    Neçə məqdur olur məskən gülə dar olmayan yerdə.

    Könül dünyada yar istər, olubdur, biqərar istər,

    Vidadi xəstə var istər, haçan yar olmayan yerdə.

 

    Badisəba xanım heç bir gimnaziyada, seminariyada oxumamışdı. Firidun bəyin özü onun təhsili ilə məşğul olurdu. Hər gün evdə bir neçə saat dərs keçməklə ona ali təhsil həcmində bilik, savad öyrətmişdi. Vəfalı həyat yoldaşı həm də əlyazmalarının surətini köçürməklə Firidun bəyin ən yaxın köməkçisi olmuşdu.

 

 

    Şəmistan NƏZİRLİ,

    tədqiqatçı jurnalist

 

    Xalq qəzeti.- 2010.- 8 avqust.- S. 6.