Qədim
Şamaxının yeni siması
Təbiət
bu diyardan heç nəyi əsirgəməyib,
torpağına bərəkət, hüsnünə
yaraşıq, insanına təpər verib
Şamaxı Rayon İcra Hakimiyyətinin yerləşdiyi binanın 3-cü mərtəbəsində foyedə ulu öndər Heydər Əliyevin Şamaxıya səfərlərinin müəyyən anlarını əbədiləşdirən şəkillərdən ibarət gözəl bir stend var. Bu şəkillər həm də Şamaxının konkret bir dövrünün - ötən əsrin 70-80-ci illərini də çox mükəmməl surətdə özündə əks etdirir. Geniş, ucsuz-bucaqsız çölləri ağuşuna almış üzüm plantasiyaları, necə deyərlər, adamın üzünə gülən, bərəkətli məhsul və bir də sevimli rəhbərlərinin gəlişindən məmnunluqlarını gizlədə bilməyən zəhmətsevər, əliqabarlı, gülərüz şamaxılılar...
Bu şəkillərə baxdıqca, çox qəribədir ki, bəlkə heç o dövrə yaşı çatmayan, bu anlarla uzaqdan, ya da yaxından heç bir əlaqəsi olmayan adamı da qəribə duyğular, əsrarəngiz nostalji hissləri bürüyür... Bəlkə də o tarixi şöhrətin xiffətidir bu duyğuları yaradan, dəqiq deyə bilmərəm. Ancaq dəqiq bildiyim odur ki, məni hansısa bir güc hər dəfə bu stendin önündə dayanmağa və ən azı on beş-iyirmi dəqiqə vaxtımı "xərcləməyə" vadar edir. Ən qəribəsi də budur ki, əlində iri üzüm salxımı tutmuş, sevinci gözlərindən oxunan ulu öndər Heydər Əliyevin gur və ecazkar səsini sanki eşidirəm: "Şamaxı Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biridir".
Şamaxı deyiləndə gözlərimiz önünə tarixi min illərlə ölçülən qədim bir şəhər gəlir. Elə bir şəhər ki, hər qarış torpağı, kəşməkəşli keçmişimizdən, işıqlı şəxsiyyətlərimizdən soraq verir. Onun füsunkar təbiətini duyduqca, əvəzolunmaz havasını aldıqca, qıvrıla-qıvrıla axıb gedən çayların, bumbuz bulaqların qonağı olduqca xoş ovqat səni tərk etmir.
Bu gün şamaxılılar təkcə keçmişləri ilə deyil, həm də getdikcə siması özünə qayıdan, gündən-günə gözəlləşən və inkişaf edən Şamaxı ilə fəxr edir, öyünürlər.
2010-cu ilin yeddi ayı ərzində də rayonda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2008-ci il tarixli və 21 iyul 2009-cu il tarixli sərəncamlarına uyğun olaraq, ötən ildən etibarən Azərbaycan MEA-nın Şamaxı Təbiət bu diyardan heç nəyi əsirgəməyib, torpağına bərəkət, hüsnünə yaraşıq, insanına təpər veribAstrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işləri daha da sürətləndirilmişdir. Dövlətimizin başçısının 24 dekabr 2009-cu il tarixli digər sərəncamı ilə Şamaxı şəhərində dövlət tarixi memarlıq abidəsi olan Cümə məscidinin yenidənqurulmasına və bərpasına başlanılmışdır.
Ötən müddət ərzində rayonda digər sahələrdə də nəzərdə tutulmuş tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Belə ki, həmin dövrdə Olimpiya İdman Mərkəzinin, "Şamaxı" mehmanxanasının yenidənqurulması və genişləndirilməsi işləri, "Xalq Bank"ın rayon filialı üçün inzibati binanın, Nağaraxana kəndinin ərazisində Vergilər Nazirliyinin Tədris və İstirahət Kompleksinin tikintisi davam etdirilmişdir.
Şamaxı şəhərini iki hissəyə bölən, daim sel sularının sıradan çıxartdığı M.Ə.Rəsulzadə küçəsində 1,5 kilometr məsafədə 1000 millimetrlik diametri olan metal borularla yeraltı xətt çəkilmişdir. Hazırda sel sularının tutulması üçün qurğuların quraşdırılması işi davam etdirilir.
Sel suları nəticəsində sıradan çıxan və Böyük Xınıslı kəndini Şamaxı şəhəri ilə birləşdirən körpünün yenidən inşası başa çatmaq üzrədir.
Azərbaycan hökumətinin və Dünya Bankının "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsinə uyğun olaraq Şamaxı şəhərində su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidənqurulması işlərinə başlanılmışdır.
Şamaxı rayonunda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə bir sıra əsaslı işlərin görülməsi davam etdirilir. Hazırda şəhərdə dairəvi xəttin 300 millimetrlik polietilen boru ilə yenidən çəkilməsi işlərinə başlanılmışdır. Ümumiyyətlə, payız-qış mövsümünə qədər şəhərdaxili qaz xətlərinin yenidən çəkilişinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bundan əlavə, əhalisi 23 min nəfərdən çox olan Göylər kəndi istiqamətində yerləşən bütün yaşayış məntəqələrinə, Astrofizika Rəsədxanasına, Nağaraxana, Qızmeydan, Əhmədli, Hacılı, Saqiyan, Şərədil, Şirvan kəndlərinə təbii qaz xətlərinin çəkilişinə başlanılmışdır.
Respublika magistral yolunun Şamaxı şəhərindən keçən ərazisində xeyli yenidənqurma və tikinti-quruculuq işləri aparılmışdır. Belə ki, magistral yolun 118-ci kilometrliyində yerləşən körpünün hər iki tərəfinə müasir tələblərə cavab verən xüsusi konstruksiyalı materiallar çəkilmiş, həmin ərazidə mini-parkın və milli üslubda barıların tikintisinə və yaşıllaşdırma işlərinə başlanılmışdır. Bundan əlavə, magistral yolun səkilərində və istinad divarlarında təmir işləri aparılmış, keçidlərə asfalt-beton örtük vurulmuşdur. Magistral yolun şəhərdən keçən hissəsində, H.Əliyev, N.Nərimanov, S.Ə.Şirvani, M.Şəhriyar, Şirvan küçələrində 9 min paqonometr uzunluğundakı bardürlər əsaslı təmir edilərək rənglənmişdir. Şəhərin mərkəzi küçələrində 12 kilometr məsafədə yol-nişan xətləri yenilənmişdir. Rayon mərkəzindəki 3 ictimai binanın dam örtüyü dəyişdirilmişdir. Şəhərdə 12 yerdə müasir tipli avtobus dayanacaqları quraşdırılmışdır.
Həmçinin rayon mərkəzindəki N.Nərimanov küçəsində "Dostluq" ticarət mərkəzi istifadəyə verilmiş, S.Ə.Şirvani küçəsində yeni ticarət mərkəzinin və "Şərədil" istirahət mərkəzi üçün yeni otel binasının, Əngəxaran kəndində şadlıq sarayının inşası davam etdirilmişdir.
Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Məlikçobanı kəndinə, yerli imkanlar hesabına isə Bağırlı və Ovçulu kəndlərinə yeni su xətti çəkilmişdir. 2010-cu ilin birinci yarısında Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun kənd və qəsəbələrində yolların təmiri davam etdirilmişdir. Həmin müddətdə Çarhan, Bağırlı, Mirkənd, Məlcək, Qaravəlli, Birinci Çaylı, Quşçu, Həmyəli kəndlərində kənddaxili və kəndarası yollar əsaslı təmir olunmuşdur. Həmçinin Şamaxı - Göl Göylər asfalt yolunda cari təmir işləri görülmüşdür. Magistral yolun Nağaraxana kəndindən keçən hissəsində 1,5 kilometrdə bardür və səkilər yenidən tikilmiş və rənglənmiş, 2 avtobus dayanacağı tikilmişdir. Çuxuryurd kəndində 400 metrlik məsafədə yola asfalt-beton örtük döşənmişdir. Aşağı Çağan kəndində bulaq kompleksi açılmışdır.
Magistral avtomobil yollarının kənarlarının təmiz saxlanması və səliqə-səhman yaradılması daim diqqət mərkəzində saxlanılmışdır. Bununla əlaqədar rayon icra hakimiyyətində xüsusi qərargah yaradılmış, qərargahın tərkibinə şəhər təsərrüfatının, xidmət təşkilatlarının rəhbərləri daxil edilmişdir. Qərargahın hər gün keçirilən iclaslarında bu sahədə görülmüş işlər təhlil edilmiş və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tədbirlər müəyyənləşdirilmişdir.
2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar rayonda geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən altı ay ərzində magistral yolun şəhərin ərazisindən keçən hissəsində, N.Nərimanov, S.Ə.Şirvani, H.Əliyev və digər küçələrdə, parklarda, kənd və qəsəbələrdə 12100 ağac əkilmişdir. Salınmış yaşıllıqlara daim qulluq göstərilmişdir. Bu məqsədlə H.Əliyev parkına, yeni salınmış park və yaşıllıqlara daimi su xətti çəkilmişdir. Şəhərin digər sahələrində, o cümlədən respublika magistral yolunun şəhərdən keçən hissəsində, H.Əliyev, S.Ə.Şirvani, Şəhriyar, N.Nərimanov küçələrində əkilmiş ağac və yaşıllıqların suvarılması avtomobil vasitəsilə təşkil edilmişdir.
Əvvəllər insanları müxtəlif yerlərdən - ətraf regionlardan, hətta başqa ölkələrdən bura çəkən Şamaxının füsunkar təbiəti idi. İndi isə insan əlinin yaratdığı xarüqələr bu qədim şəhərin simasını, doğrudan da dəyişdirib, gözəlləşdirib. Buradan keçəndə məşhur mahnının misraları, istər-istəməz adamın qəlbini riqqətə gətirir: Mehr salmışam axı, heyran olmuşam axı, Şamaxı, ay Şamaxı!..
Səməd
HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 8
avqust.- S. 4.