QLOBAL MALİYYƏ BÖHRANI: iqtisadi tənzimləmə mexanizmlərindən səmərəli istifadənin Azərbaycan təcrübəsi

 

    (əvvəli qəzetin 7 avqust 2010-cu il tarixli sayında)

 

    2. Azərbaycan iqtisadiyyatının böhrana dayanıqlılığını şərtləndirən başlıca amillər

 

    Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra açıq iqtisadiyyatın qurulması istiqamətində çox böyük addımlar atmışdır. Respublikamız milli iqtisadiyyatını xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri əsasında səmərəli iqtisadi sistemin qurulması istiqamətində inkişaf etdirməyi strateji xətt kimi qarşıya qoymuşdur. Təbii ki, respublikamız öz milli iqtisadiyyatını beynəlxalq inteqrasiyadan kənarda inkişaf etdirə bilməz. Bu gün Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə intensiv əməkdaşlıq edir, investisiya axınlarının həcmi ildən-ilə artır. Lakin ölkəmiz bu proseslərə qoşulmaqla bərabər, milli mənafelərin gözlənilməsi, qorunması da nəzərdən qaçırılmamalıdır. Milli dövlət mənafeləri ilə qloballaşma prosesi arasında ortaq məxrəcin tapılması zəruridir.

    2009-cu il tarixə dünyada maliyyə böhranı ili kimi düşdü. Demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkdilər. Dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edən Azərbaycan isə bu böhrandan minimum itkilərlə çıxa bildi. 2008-2009-cu illərdə bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bank sistemlərində böhranlar baş verdi və bu böhranlar yalnız çökən və çətin vəziyyətə düşən bankları deyil, eyni zamanda, banklarla əlaqəsi olan real sektoru və ev təsərrüfatlarını da əhatə etdi.

    Azərbaycanda isə 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artmışdır. Hətta qlobal maliyyə-iqtisadi böhranın ən yüksək həddə çatdığı 2009-cu ildə ÜDM-in real artımı 9,3 faiz təşkil etmişdir. Bu dövrdə kənd təsərrüfatında 3,5 faiz, rabitədə 13,1 faiz, ticarətdə 9,9 faiz, nəqliyyatda 9,3 faiz artıma nail olunmuşdur. 2010-cu ilin göstəriciləri də ölkədə sosial-iqtisadi inkişaf prosesinin sürətlə davam etdiyini göstərir. Belə ki, 2010-cu ilin yanvar-aprel aylarında ÜDM real ifadədə 5 faiz, o cümlədən neft-qaz sektoru üzrə 4,9 faiz, qeyri-neft sahələri üzrə 5 faiz artmışdır. 2009-cu ildə adambaşına 3089,7 manat və ya 3843 ABŞ dolları məbləğində ÜDM hasil edilmişdir ki, bu da 1995-ci ildəkindən 10,9 dəfə, 2000-ci ildəkindən 5,2 dəfə çoxdur. Qlobal maliyyə böhranı davam etsə də, 2009-cu ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi 2007-ci illə müqayisədə 11,9 faiz, orta aylıq əməkhaqqı 38,1 faiz artmış, inflyasiya isə 1,5 faiz təşkil etmişdir.

    Qlobal böhran Azərbaycana da müəyyən təsir göstərmişdir və bu özünü əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı düşməsində, bank sisteminə xarici kredit axınının kəskin məhdudlaşmasında, xaricdən pul baratlarının azalmasında büruzə vermişdi. Böhrandan sonra ölkənin kommersiya bankları kreditləri müəyyən məhdudiyyətlərlə verməyə başladı. Böhranın mənfi təsiri ölkənin tikinti, ticarət və nəqliyyat sektorlarında özünü daha tez göstərdi. Bütövlükdə məcmu tələbin demək olar bütün xarici maliyyələşmə mənbələrində azalma baş verdi. Həmçinin qlobal böhran milli iqtisadiyyatda, xüsusilə, valyuta bazarında və bank sektorunda mənfi gözləntilər yaratdı. Nəticədə, ölkə iqtisadiyyatı makroiqtisadi tarazlığın pozulması (milli valyutanın devalvasiyası və inflyasiyanın yüksəlməsi), maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli pisləşməsi və əmanətlərin bank sektorundan geri götürülməsi, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması), iqtisadi resessiyanın baş verməsi və yaradılmış iş yerlərinin itirilməsi riskləri ilə üzləşdi. Bunlarla yanaşı, qlobal maliyyə böhranının Azərbaycanın maliyyə sisteminə təsiri daha çox psixoloji xarakterli oldu. Bütün bunlar maliyyə institutlarını inkişaf strategiyalarını yenidən nəzərdən keçirməyə sövq etdi.

    Dünya Bankı ekspertlərinin rəyinə görə maliyyə problemləri ilə müşahidə olunan böhranın ilk mərhələsi dünya ölkələrinin çoxunda problem yaratsa da, Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirləri zəif müşahidə olunub. Azərbaycan iqtisadiyyatı dünya böhranının birinci mərhələsindən kifayət qədər etibarlı qorunub. Bankın ekspertləri Azərbaycan rəsmilərinin qabaqlayıcı tədbirlərinin səmərə verdiyini və bunun davam etdirilməsinin vacibliyini bəyan ediblər. Bunun üç səbəbi göstərilir: birincisi, Azərbaycanın iri maliyyə ehtiyatları var; ikincisi, Azərbaycanda banklar və müəssisələrin xarici bazarlarda borclarının kiçik həcmdə olması sayəsində ciddi likvidlik problemi yaranmayıb. Bundan başqa, Mərkəzi Bank bank sistemi ilə bağlı çevik siyasət yeridir, bu da öz səmərəsini verir. Azərbaycan hökumətinin real sektorun kreditləşməsini təmin etmək məqsədilə ölkədəki banklara Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) vəsaitlər ayırmaq planları ilə bağlı niyyəti də yüksək qiymətləndirilir. Hazırda Azərbaycan digər ölkələrlə müqayisədə daha əlverişli vəziyyətdədir və əslində bu böhran hətta Azərbaycana yeni imkanlar da yarada bilər: yəni, qeyri-neft sektoru inkişaf etdirilə bilər.

    Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir ki, qlobal maliyyə böhranının ilk əlamətləri üzə çıxan zamandan Azərbaycanın güclü iqtisadi vəziyyətdə olması və hazırda qlobal maliyyə sisteminə məhdud inteqrasiya olunması səbəbindən, bu ölkənin cari iqtisadi siyasəti ilə böhranın qısamüddətli təsirinə davamlı olacağı gözlənilir. Hesabatda Azərbaycan Mərkəzi Bankının maliyyə tənzimlənməsi və likvidlik vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasət təqdir olunur. Banklarda faiz dərəcələrinin aşağı salınmasının vaxtında atılmış düzgün addım olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bankların qlobal maliyyə böhranının təsiri ilə üzləşəcəyi real olduğundan, Mərkəzi Bankın onlara güclü nəzarətinin olmasının böyük əhəmiyyət daşıdığı qeyd edilir. Bütün bunlar 2010-cu il ərzində də qlobal maliyyə böhranının Azərbaycana təsirinin minimal olacağını və görülən tədbirlər nəticəsində iqtisadiyyatın sürətli inkişaf tempinin, həmçinin məşğulluq səviyyəsinin yüksələcəyini göstərir.

    Bütün bunların fonunda mütəxəssislər Azərbaycan iqtisadiyyatının böhranın ikinci mərhələsindən qorunduğunu bildirir. Bundan sonra da böhranın təsirinin minimum həddə qalması üçün onun istehsala təsirinin mümkün qədər azaldılmasından ötrü məqsədyönlü iş aparılır. Bu məqsədlə sahibkarlığın inkişafına dövlət himayəsi və yardımları bir qədər də artırılacaqdır. Beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılıb, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 400 milyon dollardan artıq kredit verilib. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

    Digər tərəfdən, Azərbaycan həm cari, həm də qarşıdakı illər ərzində iri investisiya layihələrini reallaşdırmaq üçün lazımi qədər valyuta ehtiyatlarına malikdir. Böhran başlandıqdan sonra bir çox dünya ölkəsindən fərqli olaraq Azərbaycanın valyuta ehtiyatlarında nəinki azalma baş verib, əksinə, müəyyən artım da qeydə alınıb. Təkcə bir faktı qeyd edək ki, ixracatı əsasən neft və neft məhsullarından ibarət olan ərəb ölkələri son 4 ayda maliyyə böhranı üzündən 2 trilyon 500 milyard dollar itiribdir. Fars körfəzində yerləşən ərəb ölkələrində inkişaf layihələrinin əksəriyyəti ya təxirə salınıb, ya da ləğv edilib. Əsas səbəb isə valyuta ehtiyatlarının və neftin satışından əldə olunan gəlirlərin azalmasıdır. Azərbaycanda isə əsas investisiya layihələrinin icrası davam etdirilir ki, bu iqtisadi inkişafı təmin etməklə yanaşı, işsizlik probleminin ləğvində də vacib rol oynayır. Bundan başqa valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi üçün görülən tədbirlər bank sektorunun davamlı inkişafını təmin etməklə yanaşı buradan alınan kreditlər sayəsində tikintidə, ticarət obyektlərində və digər sahələrdə aktivliyin yüksək səviyyədə qalmasını təmin edəcəkdir.

    Beləliklə, qlobal maliyyə böhranının tüğyan etdiyi son iki ildə Azərbaycanda maliyyə sabitliyi qorunub saxlanılması ilə səciyyələnmiş, bank sistemində sabitlik və artım dinamikası təmin olunmuşdur. Ölkəyə xarici maliyyə axınlarının əhəmiyyətli azalmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Sabit manat isə həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını almışdır. Bu, həmçinin əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri neytrallaşdırmışdır.

    Son illər həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və radikal islahatlar strategiyası, toplanmış maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, xüsusən, Azərbaycan hökumətinin bəyan etdiyi antiböhran tədbirlərinin sonrakı aylarda reallaşması ölkəmizin bu böhrandan uğurla qorunmasına səbəb oldu. Həmin tədbirlər istehlak qiymətlərinin azaldılması zərurəti, inhisarçılıqla mübarizə, banklara dəstək, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqi, real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi, sosial öhdəliklərin dəstəklənməsi, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsindən ibarət idi.

    2009-cu il ərzində də qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün vacib əhəmiyyət daşıyan bir sıra qabaqlayıcı tədbirlər görülmüşdür. Belə tədbirlər sırasında - kredit bazarının canlandırılması, özəl kommersiya banklarının maliyyə ehtiyaclarını ödəmək üçün dövlət tərəfindən onlara vəsait verilməsi və beləliklə, sahibkarlara banklar vasitəsilə pul ayrılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ölkənin xaricdə saxlanan strateji valyuta ehtiyatlarının bir qisminin yerli banklarda yerləşdirilməsi nəzərdə tutulur. Azərbaycanın valyuta ehtiyatlarının həcmi isə buna tam imkan verir. Belə ki, ölkənin strateji valyuta ehtiyatları 22 milyard ABŞ dollarından artıqdır. Bu, dövlət borcundan 3 dəfədən çox, özəl sektorun da borcu nəzərə alınmaqla, məcmu xarici borcdan 2 dəfədən çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə və xidmət idxalını 27 ay ərzində maliyyələşdirmək üçün kifayət edir. Toplanmış ehtiyatlar hesabına ölkə ən gərgin şəraitdə belə, yaxın illər ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz ödəmək iqtidarındadır.

    Qloballaşma şəraitində maliyyə sferasının inkişafı bazarın xarakterini dəyişir, istehsalın tənzimlənmə mexanizmində maliyyə kapitalının rolunu artırır. Qlobal maliyyə bazarının yarandığı indiki şəraitdə, iştirakçı kimi artıq ilkin kapital yığımı dövründə olduğu kimi sahibkarlıq istedadı olan subyektlər yox, iri maliyyə-sənaye konqlomeratları və beynəlxalq maliyyə mərkəzləri çıxış edirlər. Maliyyə siyasətini işləyib-hazırlayarkən bunları nəzərə almaq lazımdır.

    Antiböhran tədbirlərindən biri - hökumətin maliyyə dəstəyinə sübut kimi sığorta şirkətlərinin üç il müddətinə mənfəətin kapitallaşmasının artırılmasına yönəldilən hissəsinin vergidən azad edilməsi oldu. Böhranın sığorta şirkətlərinə təsirinin minimuma endirilməsi üçün bu dövr ərzində gərəksiz xərcləri azaltmaq, müştəri sayını artırmaq və bazar üçün yeni məhsullar hazırlamaq lazımdır. Hökumət isə öz tərəfindən 2008-ci ilin sonunda həm sığorta şirkətlərini, həm də bankları mənfəət vergisindən azad edərək mühüm bir addım atmış oldu.

    Azərbaycan hökumətinin qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata vaxtında keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə əlamətdar olmuş, bütün makroiqtisadi parametrlər üzrə inkişafı təmin etmişdir. Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti, qiymətli kağızlar bazarının səviyyəsi və dövlətin mövcud valyuta ehtiyatı hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, xüsusən, bəyan edilən antiböhran tədbirlərinin qısa müddətdə reallaşması, hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhranın birinci mərhələsinin mənfi təsirlərini xeyli neytrallaşdırmış oldu.

    Ölkə iqtisadiyyatının qlobal iqtisadiyyatda rolunun nəzərə çarpacaq səviyyədə olmamasına baxmayaraq, dünya və regional miqyaslı layihələr, müqavilələr nəticəsində onun əhəmiyyəti və təsiri tədricən artmaqdadır. İqtisadiyyatın qloballaşması fonunda maliyyə bazarlarının da qloballaşması qaçılmaz bir prosesdir. Bu qarşılıqlı təsir respublikamızda maliyyə bazarlarının, xüsusilə valyuta və qiymətli kağızlar bazarının formalaşması və inkişafına böyük təkan vermişdir. Qiymətli kağızlar bazarında dövlət qiymətli kağızlar bazarının daha çox inkişafı, korporativ qiymətli kağızların kiçik xüsusi çəkiyə malik olması və derivativlər (törəmə qiymətli kağızlar) bazarının yoxluğu tendensiyası müşahidə olunmaqdadır.

    Azərbaycanın neft sektoru istisna olmaqla real sektorun rentabelliyinin aşağı olması, müəssisələrin fəaliyyətinin və maliyyə durumunun qeyri-şəffaflığı korporativ qiymətli kağızlar bazarının inkişafına hələ ki, imkan vermir. Lakin strateji özəlləşdirmə nəticəsində bir sıra rentabelli müəssisələrin investor marağı cəlb edən səhmlərinin buraxılması, real sektorun inkişafı istiqamətində aparılan geniş miqyaslı islahatlar korporativ qiymətli kağızlar bazarının inkişafına zəmin yaradacaqdır. Real sektorla yanaşı maliyyə-bank sektorunda görülən tədbirlər, bankların və digər maliyyə vasitəçilərinin kapitallaşdırılması prosesi, dövlət banklarının özəlləşdirilməsi bu sektorun səhm və borc öhdəlikləri bazarının canlanmasına səbəb olacaqdır.

    İndiki dünya böhranının Azərbaycana birbaşa təsiri az olsa da, qonşu Rusiya bazarlarında baş verən dəyişikliklər, mexaniki olaraq Azərbaycandakı iqtisadi şəraitə təsir edir. Çünki ölkəmizin Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki kimi yüksək həddə qalır. Eyni zamanda Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının gəlirlərinin azalması ölkə əhalisinin xeyli hissəsinin həyat səviyyəsinə təsir göstərir. Ölkənin Bakı başda olmaqla bir sıra bölgələrində daşınmaz əmlak bazarında yaranan durğunluğun bir səbəbi də xaricdə (xüsusən, Rusiyada) yaşayan həmvətənlərimizin ölkəyə göndərdikləri və ya gətirdikləri pul vəsaitlərinin azalması ilə bağlı olmuşdur.

    Azərbaycanda məişət avadanlıqları və avtomobil bazarında da tələbin kəskin azalması müşahidə edilir. Ümumiyyətlə, son 2 ildə satılan avtomobillərin 75 faizi bank kreditləri hesabına həyata keçirilib. Neftin dünya bazar qiymətinin aşağı düşməsi nəticəsində ölkə vətəndaşlarının gəlirlərinin azalması, eləcə də Rusiyada baş verən böhran və əmək emiqrantlarının sayına tətbiq edilən limit məhdudiyyətləri sayəsində həmyerlilərimizin şimal qonşumuzdan ölkəmizə göndərdiyi vəsaitlərin azalması, yerli bankların bu sahəyə yönəltdiyi kreditləri dayandırması, qeyd edilən bazarda alıcılıq qabiliyyətinin xeyli aşağı düşməsinə, həmçinin daşınmaz əmlak və avtomobil bazarında qiymətlərin aşağı düşməsinə gətirib çıxarmışdır.

    Hökumət qlobal ərzaq böhranının təsirlərini azaltmaq məqsədilə kənd təsərrüfatının inkişafını prioritet istiqamətlərdən biri elan edib və bu 2009-cu ildə dövlət büdcəsində də nəzərə alınıb. 2009-cu ildə kənd təsərrüfatına ayrılan xərclər 44 faiz artırılaraq 388,2 mln. manata çatdırılıb və bu artımın əhəmiyyətli hissəsi hökumətin kənd təsərrüfatına dəstək tədbirlərinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu tədbirlər kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların artırılmasını və "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının" reallaşdırılmasını nəzərdə tutur.

    İndi ən vacib məsələlərdən biri - Azərbaycanın qloballaşma sisteminə real daxil olması ilə yanaşı həm də bu sistemə uyğunlaşmasının təmin edilməsidir. Bundan ötrü ilk növbədə, Azərbaycan iqtisadiyyatının ixracyönümlüyü meyllərini artırmaq, heç olmasa, bir neçə hazır məhsul üzrə və texnika və texnologiya dünya bazarında öncüllüyə nail olmaq lazımdır. Əks təqdirdə, respublikamız gələcəkdə də yalnız xammal ixrac edən bir ölkə kimi qala bilər. Əlbəttə, dünyanın aparıcı ölkələrinin qloballaşma sahəsində inhisarçı mövqeyə malik olduğu bir şəraitdə Azərbaycanın və ya digər postsovet ölkələrinin qloballaşma lideri olması mümkün deyildir. Lakin istənilən halda azad rəqabətə cəhd etmək çərçivəsində beynəlxalq və milli kapital arasında, idxal-ixrac və maliyyə axınları arasında müəyyən optimal əlaqə yaratmaq olar. Ona görə də hazırda ən başlıca məsələ ayrı-ayrı müəssisələrin dünyanın ən yeni texnologiyası əsasında yenidən qurulması və yaxud tamamilə yeni müəssisələrin yaradılmasıdır.

    Bütövlükdə dünya iqtisadi sisteminə uğurla inteqrasiya etmək üçün aşağıdakı məsələlərin də həlli zəruridir:

    a) milli iqtisadiyyatın mütərəqqi sahələrinin inkişaf etdirilməsi və tədricən dünya standartlarına uyğun gələn idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, onun dünya təsərrüfat sistemi ilə əlaqələndirilməsi;

    b) ölkənin idxal olunan məhsullara tələbatının azaldılması və onun milli məhsul istehsalının artırılması hesabına tam təmin edilməsi;

    c) optimal çevik struktur siyasətinin həyata keçirilməsi;

    ç) daxili və xarici qiymətlərin düzgün əlaqələndirilməsi, struktur deformasiya hallarının aradan qaldırılması;

    d) respublika regionlarının ixrac potensialının artırılması;

    ə) daxili bazarın müdafiə olunması.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan hökumətinin maliyyə-iqtisadi böhranının aradan qaldırılmasına dair 7 təklifini müasir dünya böhranına Azərbaycan cavabı kimi qiymətləndirmək olar:

    1. İstehlak qiymətlərinin azaldılması zərurəti;

    2. İnhisarçılıqla mübarizə;

    3. Milli banklara dəstəyi, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqi;

    4. Real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi;

    5. Sosial öhdəliklərin dəstəklənməsi;

    6. Sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi;

    7. Ərzaq təhlükəsizliyinin təmin edilməsi.

    Fikrimizcə, neft amilinin Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasında mühüm rol oynamasını nəzərə alaraq, bu məsələyə xüsusi diqqət yetirilməlidir. İnvestisiya aktivliyinə daxili mənbələr hesabına nail olmağa çalışmaq lazımdır. Əsas səylər bu istiqamətə yönəldilməli, beynəlxalq təcrübədən yararlanmaqla, vergilərdən həvəsləndirmə amili kimi istifadə edilməsinə xüsusi diqqət verilməlidir. İndiki böhrandan çıxarılan ən mühüm nəticə ondan ibarətdir ki, qloballaşma proseslərinin gücləndiyi şəraitdə milli iqtisadiyyatın sarsıntılara dözməsi üçün əvvəlcədən möhkəm zəmin yaradılmalı, bir sıra qabaqlayıcı tədbirlər görülməlidir. Bu isə o vaxt mümkündür ki, iqtisadiyyatda ixracyönümlü, yüksək texnologiyalara əsaslanan istehsal sahələri sürətli inkişaf etdirilsin.

    Nəzərdə tutulan tədbirlər sırasında ixrac edilən xammal və materialların emalı üzrə müəssisələrin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu, ölkə sənayesinin diversifikasiyasını bilavasitə təmin edə bilən tədbirdir. Bunu zəruri edən şərtlərdən birini qeyd etmək kifayətdir ki, təkcə 2008-ci ildə Azərbaycana 1,05 milyard dollardan çox yeyinti məhsulları və müxtəlif içkilər idxal edilmişdir ki, bu da analoji malların ixracından 2,4 dəfə çoxdur. İdxalın belə böyük miqyası bir tərəfdən dönərli valyutanın ölkədən çıxarılmasına, digər tərəfdən Azərbaycan idxalçılarının xarici öhdəliklərinin artmasına gətirib çıxarır. Bu meyillərin hər ikisi indiki dövrdə, yəni neft gəlirlərinin azalması şəraitində ölkə üçün arzuolunmazdır.

    Milli iqtisadiyyatın xarici aləmə açıqlıq dərəcəsini daha geniş anlamda xarakterizə edən əsas göstərici mal və xidmətlərin ixrac və idxalıdır. Azərbaycanda hər iki göstəricinin ayrı-ayrılıqda ÜDM-ə nisbəti kifayət qədər yüksək rəqəmlə xarakterizə olunur. Məsələn, 2009-cu ildə mal və xidmətlər ixracının ÜDM-ə nisbəti 61,0 faiz, idxalınkı isə 18,8 faiz təşkil etmişdir.Makroiqtisadi anlamda bu, daxili iqtisadi proseslərdə xarici amillərin rolunun kifayət qədər əhəmiyyətli olduğuna dəlalət edir.

    Ölkənin ümumdünya iqtisadi münasibətlər sisteminə inteqrasiyasının mühüm göstəricilərindən biri də ölkə ilə xarici aləm arasında maliyyə axınlarının miqyası və formasıdır. Bu baxımdan maliyyə axınlarının da müvafiq komponentlərinin ÜDM-ə nisbətlərini müəyyən etməklə inteqrasiya spektrini daha da genişləndirmək olar. Belə ki, 1995-ci ildən bəri Azərbaycana bütün formalarda cəlb edilmiş xarici investiyaların ÜDM-ə nisbəti 15,5 faizdən 2009-cu ildə 29,7 faizə yüksəlmiş, lakin maliyyə kreditləri üzrə 9,1 faizdən 4,2 faizə düşmüşdür.

    İqtisadi göstəricilər ölkə iqtisadiyyatının diversifikasiyası ilə bağlı deyilənləri bir daha təsdiq edir. Belə ki, əgər ÜDM-də neft sektorunun xüsusi çəkisi 2006-cı ildə 53,8 faiz təşkil edirdisə, bu göstərici 2009-cu ildə artıq 47 faizə qədər azalmışdır. Nəzərə alınmalıdır ki, bu dövrdə neft hasilatı əhəmiyyətli dərəcədə artmış və keçən il 50 milyon tondan çox olmuşdur. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların strukturunun təhlili göstərir ki, 2007-ci ildən başlayaraq qeyri-neft sektoruna yatırılmış investisiyalar üstünlük təşkil edir. Təkcə 2009-cu ildə qeyri-neft sektoruna neft sektoru ilə müqayisədə 3 dəfə çox investisiya yatırılmışdır.

    Ölkədə həyata keçirilən iqtisadi islahatların və neft strategiyasının məntiqi nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı qlobal sarsıntılara qarşı dayanıqlıq nümayiş etdirmiş və beynəlxalq reytinq qurumları tərəfindən bir sıra inkişaf etmiş ölkələrin reytinqlərinin azaldılmasına baxmayaraq, nüfuzlu "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi açıqladığı son qiymətləndirməsində Azərbaycanın iqtisadi uğurlarını bir daha təsdiq etmişdir. Belə ki, "Fitch Ratings" Azərbaycanın suveren reytinqini investisiya səviyyəsinə ("BB+"dan "BBB-"dək) yüksəltmişdir ki, bu da ölkəmizin investisiyalar baxımından cəlbediciliyinin daha da artmasına və qeyri-neft sektorunun inkişafına daha çox sərmayələrin yönəldilməsinə öz müsbət təsirini göstərəcəkdir.

    Qlobal iqtisadi böhranın dünya ölkələri üçün doğurduğu mühüm fəsadlardan biri də həm daxili, həm də xarici investisiyaların həcmində qeydə alınan azalma ilə bağlı oldu. Bəzi ölkələr üçün daha kəskin xarakter aldı və onların iqtisadi inkişafının geriləməsində əsas rol oynayan faktora çevrildi. Bununla yanaşı, o da faktdır ki, investisiyaların həcminə, xüsusən də, xarici mənbələr hesabına yatırılan sərmayələrə təsir göstərən amillərdən biri də biznes mühitinin əlverişliliyi, həmçinin yatırılan investisiyaların mənfəətlilik dərəcəsinin məqbul səviyyədə olmasıdır.

    1991-ci ildə respublika iqtisadiyyatına xarici investisiya qoyuluşu olmadığı halda, 2000-ci ildə investisiya qoyuluşunun 64,3 faizi, 2003-cü ildə 77,9 faizi, 2008-ci ildə isə 42,2 faizi məhz xarici investorların vəsaitləri hesabına olmuşdur. Ölkə iqtisadiyyatına yönəldilən investisiya qoyuluşlarının ümumi həcmində xarici investisiyalar 2000-2008-ci illər ərzində 6,8 dəfə artsa da, onun ümumi investisiyalarda payı son 10 il ərzində azalmağa doğru gedir.

    Azərbaycanda iqtisadiyyata yönəldilmiş xarici investisiyaların həcmi 2000-ci ildə 927 mln. ABŞ dolları, 2005-ci ildə 4893,2 mln. dollar, 2006-cı ildə 5052,8 mln. dollar, 2007-ci ildə 6674,3 mln. dollar, 2008-ci ildə 6847,4 mln. dollar, 2009-cu ildə isə 5468,6 mln. dollar təşkil etmişdir. 2000-2009-cu illərdə Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar 5,9 dəfə artsa da, məhz böhranın nəticəsi olaraq əvvəlki illə müqayisədə 20,1 faiz azalmışdır. Lakin 2000-ci ildə bütün mənbələr hesabına iqtisadiyyata yönəldilmiş investisiyaların 35,7 faizi, 2005-ci ildə 31,3 faizi daxili investisiyaların payına düşürdüsə, 2008 və 2009-cu ildə onun payı artaraq, müvafiq surətdə 57,8 faiz və 57,3 faizə yüksəlmişdir.

    Əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 79,9 faizini daxili investisiyalar təşkil etmişdir. Digər mühüm fakt ondan ibarətdir ki, ötən il ümumi investisiyanın 73 faizi, yəni, 5,4 milyard manatı qeyri-neft sektorunun inkişafı üçün istifadə edilib. Maliyyə imkanlarından ölkənin tələbatını ödəməkdən ötrü investisiya şəklində sənaye istehsalında, infrastruktur layihələrinin həyata keçirilməsində istifadə olunması həm iş yerlərinin açılması, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yaradır.

    2003-2009-cu illər ərzində Azərbaycana birgə müəssisələr və xarici firmalar tərəfindən yatırılan 2306,1 mln. ABŞ dolları məbləğində investisiya qoyuluşunun 500 mln. dollarını və ya 21,7 faizi Türkiyə, 318,2 mln. dolları və ya 13,8 faizi Böyük Britaniya, 217,7 mln. dolları və ya 9,4 faizi ABŞ, 83,6 mln. dolları və ya 3,6 faizi Birləşmiş Ərəb Əmirliklərinin, 63,9 mln. dolları və ya 2,8 faizi Almaniya firmaları tərəfindən həyata keçirilmişdir. Bu beş ölkəni təmsil edən investorların kapital qoyuluşu ümumilikdə 1183,4 mln. dollar, xüsusi çəkisi isə 51,3 faiz təşkil edir.

    2009-cu ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 73 faizi, yəni, 5,4 milyard manatı qeyri-neft sektorunun inkişafı üçün istifadə edilib. Eyni zamanda əsas kapitala yönəldilmiş vəsaitin 77,1 faizini daxili, 22,9 faizini xarici mənbələrdən qoyulmuş investisiyalar təşkil etmişdir. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 74,9 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 25,1 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür. Əsas kapitala yönəldilmiş sərmayənin 1199,9 milyon manatı müəssisə və təşkilatların, 80,5 milyon manatı bank kreditləri, 812,5 milyon manatı büdcə vəsaitləri, 128,6 milyon manatı büdcədənkənar fondların, 69,4 milyon manatı əhalinin şəxsi vəsaitləri təşkil etmişdir.

    Maliyyə imkanlarından ölkənin tələbatını ödəməkdən ötrü investisiya şəklində sənaye istehsalında, infrastruktur layihələrinin həyata keçirilməsində istifadə olunması həm iş yerlərinin açılması, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yaradır.

    Digər tərəfdən, Azərbaycanda əldə edilmiş gəlirlər əmanət kimi çox etibarlı şəkildə saxlanılır və buna görə də son illərdə dövlətin maliyyə ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın beynəlxalq maliyyə böhranından minimum itki ilə çıxmağının səbəblərindən biri də məhz kifayət qədər valyuta ehtiyatlarının olmasıdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 22 milyard dollardan çoxdur. Bu rəqəm nəinki ildən-ilə, hətta aydan-aya artır. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə, uğurlu neft-qaz siyasəti buna imkan verir.

    Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi qalmaqdadır. Elə bu səbəbdən də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və ölkəmizə qarşıdakı dövr ərzində də yatırılacaq sərmayələrin həcminin kifayət qədər yüksək olacağı gözləniləndir.

    Azərbaycana yönəldilən investisiyaların qoyulduğu sahələrdə, artıq qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Belə ki, xarici investorlar ölkəmizdə enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna da xüsusi maraq göstərirlər və son nəticədə bu, qeyri-neft sferasına qoyulan sərmayələrin həcminin artması ilə yanaşı, istehsalın da artımında müstəsna rol oynayır. Bunlar bir daha göstərir ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılan sərmayələrin həcmi, xüsusilə, son altı ildə bir neçə dəfə artıb və bu sahə daha sürətli inkişaf yoluna qədəm qoyub.

    Ölkəmizin nəhəng enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkisinin artması isə həmişəki kimi bu sahəni xarici investorlar üçün cəlbedici etməkdədir. Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında imzalanmış PSA (Production Shearing Agreement) tipli neft-qaz müqavilələri üzrə ölkəmizə 60 mlrd. dollar həcmində investisiya qoyulmuşdur. Bununla yanaşı, iqtisadi cəhətdən kifayət qədər güclənən Azərbaycan xaricdən investisiya cəlb etməklə bərabər, həm də özü potensial investor kimi çıxış edir. Məsələn, Gürcüstanın qaz infrastrukturunun inkişafında və yenidən qurulmasında əsas investor olan Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın beş il ərzində bu ölkənin qazlaşdırılmasına 100 milyon dollar həcmində sərmayə qoymağı planlaşdırır.

    Ölkənin beynəlxalq maliyyə-kredit təşkilatları ilə maliyyə münasibətlərinin fəallaşması, özəl sektorun beynəlxalq kapital axınlarından bəhrələnmək imkanlarının genişlənməsi, daxili investisiya mühitinin yaxşılaşması nəticəsində ölkəyə xarici investorların marağının artması kapitalın hərəkəti üzrə beynəlxalq inteqrativ proseslərin güclənməsi ilə müşahidə olunmaqdadır. Xüsusilə ölkənin neft sektoru beynəlxalq investisiya axınlarından maksimum dərəcədə faydalanmışdır.

    Bank sisteminin məcmu kapitalında xarici kapitalın payı da ölkənin xarici aləmə açıqlıq dərəcəsini xarakterizə edən mühüm göstəricilərdir. Bu sahədə də son illər xarici kapitalın fəallığı artmaqdadır. Bank sistemində liberallaşma siyasətinin nəticəsi olaraq onun xalis aktivlərində xarici aktivlərin payı 2000-ci ildəki 74,1 faizdən 2009-cu ilin sonuna 11,8 faizə düşdüyü halda, kredit qoyuluşlarında xarici kapitallı bankların payı 13,6 faizdən 24,7 faizə yüksəlmişdir.

    Xarici sahibkarlar, investorlar ölkəmizə özləri ilə yeni texnika, mükəmməl texnologiya, əsl təsərrüfatçılıq metod və üsullarını, təkmil idarəçilik prinsiplərini gətirirlər. Xarici investisiyaların mütləq məbləği hər il artmasına baxmayaraq, son 4 ildə daxili investisiyaların payı artmaqdadır. İndi xarici investorlar öz sərmayələrini iqtisadiyyatın neft-qaz sektoru ilə yanaşı qeyri-neft sektorunun digər mühüm sahələrinə də yönəldirlər (maşınqayırma, yeyinti, rabitə, nəqliyyat və s.). Müsbət haldır ki, iqtisadi artımın stimullaşdırılması baxımından daha səmərəli olan birbaşa investisiyalar 2001-ci ildə bütün mənbələr üzrə investisiyaların 14,1 faizini, 2008-ci ildə isə 24,5 faizi, 2009-cu ildə isə 29,9 faizi təşkil etmişdir.

 

 

    (ardı var)

 

    Tanrıverdi PAŞA,

    AMEA İqtisadiyyat İnstitutunun Maliyyə,

    pul-kredit siyasəti şöbəsinin müdiri

 

    Xalq qəzeti.- 2010.- 8 avqust.- S. 3.