Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi beynəlxalq təşkilatların diqqət mərkəzindədir

 

    Ekspertlərin fikrincə, yeni əsrdə davam etdirilən işğalçılıq siyasəti beynəlxalq hüquqa qarşı təcavüzdür

 

    İndi elə bir ölkə yoxdur ki, siyasətini iqtisadi maraqlar üzərində qurmasın. Bu tendensiya çoxsaylı dövlətlərin cəmləşdiyi beynəlxalq təşkilatlara da sirayət etmişdir. Çünki həmin dövlətləri eyni təşkilatda məhz eyni maraqlar birləşdirmişdir və onlar birlikdə atdıqları bütün addımları ümumi maraqlar baxımından reallaşdırırlar. Məsələyə bu aspektdən yanaşdıqda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi çağırışının bütün beynəlxalq təşkilatlar tərəfindən yüksək səviyyədə dəstəklənməsinin əsas səbəbləri aydın görünür.

    Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həll edilməsinə hamının maraq göstərməsinin bir neçə səbəbi vardır. Əvvəla, bu münaqişənin qeyd olunan şəkildə həll edilməsi Azərbaycanın təbii haqqıdır və beynəlxalq təşkilatlar bu haqqı dəstəkləməklə beynəlxalq hüququn təməl prinsiplərinə ehtiram nümayiş etdirmiş olurlar. İkinci, qloballaşmanın daha dönməz xarakter aldığı, beynəlxalq ictimaiyyətin terrorçuluğa, separatçılığa, işğalçılığa, millidini ayrı-seçkiliyə qarşı birgə mübarizəni genişləndirdiyi bir vaxtda BMT üzvü olan ölkələrdən birinin digərinin ərazisini işğal etməsi hamı tərəfindən yolverilməz hal kimi qəbul edilir. Yəni Ermənistan öz işğalçı simasını artıq heç kəsdən gizlədə bilmir. Üçüncü, respublikamızın təbii sərvətləri və bu sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməsi Azərbaycanı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas ölkələrdən birinə çevirmişdir. Yuxarıda qeyd etdiyimiz iqtisadi maraqlar məsələsini yada salarkən məhz bu amilə istinad edirdik. Dördüncü, Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət, bu siyasətin təkcə diplomatik təcrübə ilə deyil, həm də elmi prinsiplərlə əsaslandırılması, xüsusən, xarici siyasətimizin reallığı əks etdirməsi və tərəf-müqabillərimizdə inam yaradan baza prinsipləri münaqişənin ədalətli şəkildə həlli üçün mühüm zəmin yaradır. Ona görə də beynəlxalq təşkilatların hamısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar zamanı haqqı, ədaləti, reallığı - yəni Azərbaycanın mövqelərini müdafiə edirlər.

    Fikrimizi əsaslandırmaq üçün bu məsələyə Birləşmiş Millətlər Təşkilatının münasibətindən başlayaq. Doxsanıncı illərin əvvəllərindən etibarən Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Bu sənədlər qəbul edilərkən qətnamələrin hər birində Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Ancaq Təhlükəsizlik Şurasının daimi üzvü olan bəzi ölkələrin təmsilçiləri Ermənistana himayədarlıq edərək münaqişənin Təhlükəsizlik Şurası xətti ilə deyil, ATƏT çərçivəsində, yəni danışıqlar vasitəsiylə həll edilməsi variantına nail oldular. Gənc müstəqil Azərbaycana qarşı belə ədalətsiz mövqenin göstərilməsi tamamilə anlaşılan idi. Çünki müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlərin həm siyasi qətiyyəti yox idi, həm də diplomatik təcrübəsi. Ancaq məsələnin Təhlükəsizlik Şurasından alınaraq ATƏT-ə verilməsi də Ermənistana göstərilən himayədarlığı uzunömürlü etmədi. Çünki Azərbaycanda siyasi hakimiyyətə Heydər Əliyev gəlmişdi və onun ATƏT-in zirvə toplantılarında nümayiş etdirdiyi qətiyyət İrəvanın himayədarlarının gözlədiyindən qat-qat çox idi. Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə, Avropa Şurasına, Avropa İttifaqına, NATO-ya, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlara başa saldı ki, bu münaqişə Azərbaycanla Dağlıq Qarabağ arasında olan münaqişə deyil, Azərbaycanın Dağlıq Qarabağ adlı ərazisinin və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsidir.

    Erməni lobbiçiləri və Ermənistanın himayədarları 1995-ci ilə qədər dünya təşkilatlarına belə bir yalan sırıyırdılar ki, burada heç bir təcavüz və ya işğal məsələsi yoxdur. Guya Azərbaycanla Dağlıq Qarabağ arasında münaqişə baş vermişdir. Heydər Əliyev dünya siyasətçilərinə bu yanaşmalar arasındakı fərqi başa salandan, məsələnin əsas mahiyyətini beynəlxalq təşkilatlara izah edəndən sonra münaqişənin ədalətli şəkildə həllinə zəmin yarandı. Bu istiqamətdə atılan ilk addım 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında reallaşdı. Heydər Əliyevin siyasi qətiyyəti və diplomat prinsipiallığı nəticəsində qəbul edilmiş sənəd münaqişənin nizama salınmasının beynəlxalq hüquqi bazasını təşkil etdi. Lissabon sammitinin qətnaməsi münaqişənin həlli yolunda o dövrə qədər qeydə alınan ən böyük siyasi nailiyyət idi.

    BMT və ATƏT-lə yanaşı İslam Konfransı Təşkilatı da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün böyük qətiyyət nümayiş etdirmişdir. Bu təşkilat Ermənistanı işğalçı kimi tanıyan ilk beynəlxalq sənədin müəllifidir. Əgər 1993, 1994 və 1996-cı illərdə İslam Konfransı Təşkilatı özünün müxtəlif tədbirlərində Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul edirdisə, bu qurumun 1997-ci ildə Tehranda, 2000-ci ildə isə Dohada keçirilən zirvə toplantılarında Ermənistan konkret olaraq işğalçı ölkə adlandırılmışdır. Sonralar İslam Konfransı Təşkilatının bütün toplantılarında Azərbaycanın mövqeyi dəstəklənmişdir.

    Yeni əsrin ilk ilində Azərbaycanın Avropa Şurasına bərabərhüquqlu üzv kimi qəbul olunması rəsmi Bakıya özünün yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri söyləməkdən ötrü mühüm tribuna yaratmış oldu. Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin prinsipiallığı və qətiyyəti nəticəsində 2002-ci ilin sentyabrında AŞPA-nın qəbul etdiyi sənəddə göstərilirdi ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və ətraf rayonları işğal etmişdir. Bu, Avropa Şurası çərçivəsində qəbul edilən çox mühüm sənəd idi. Sonralar Avropa İttifaqı və ATƏT-in Parlament Assambleyası və NATO Parlament Assambleyası da bu məsələyə eyni münasibəti bildirən müvafiq qərarlar qəbul etmişlər.

    Yeri gəlmişkən, Avropanın kütləvi informasiya vasitələri xəbər verirlər ki, NATO-nun son üç sammitində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmişdir. Bu ilin payızında isə həmin təşkilat konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yollarını müzakirə edəcəkdir. Bu məsələdən böyük narahatlıq hissləri keçirən Ermənistan rəsmiləri NATO rəhbərliyinə müraciət edirlər ki, qurumun gündəliyi dəyişdirilsin. Ancaq buna baxmayaraq noyabrda, Varşavada keçiriləcək toplantıda Dağlıq Qarabağ münaqişəsi barədə konkret qərarın qəbul ediləcəyi gözlənilir. Bu sənəd Ermənistanın təcavüzkar siyasətinin təkcə ifşa edilməsi üçün deyil, həm də bu təcavüzün qarşısının alınması üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir.

    Dağlıq Qarabağ münaqişəsi bu günlərdə İslam Aləmi Liqasının Səudiyyə Ərəbistanında keçirilən növbəti toplantısında da müzakirə edilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Liqanın toplantısında iştirak etmiş Hacı Allahşükür Paşazadə kütləvi informasiya vasitələrinə bildirib ki, qurumun üzvləri islam ölkələrini Ermənistanın təcavüzkar siyasətinə qarşı birləşməyə çağırıblar. Liqanın qəbul etdiyi qərarda işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə işğaldan azad edilməsi tələbi xüsusilə qeyd edilir.

    Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun iştirak etdiyi türkdilli dövlətlərin xarici işlər nazirlərinin Bodrumda (Türkiyə) keçirilən qeyri-rəsmi görüşündə də tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını birgə axtarmışlar. Bir ay əvvəl ABŞ, RusiyaFransa prezidentlərinin verdiyi birgə bəyanat başda olmaqla son üç ayda dünya ictimaiyyətinin nəzərinə çatdırılan bütün sənədlərdə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməlidir. Bu isə Ermənistandakı daxili gərginliyi və indiki iqtidara inamsızlığı anbaan artırır. Ermənilər bu barədə əvvəlcədən düşünməli idilər. Düşünmədilər. İndigec deyil.

 

 

    İttifaq MİRZƏBƏYLİ

 

    Xalq qəzeti.- 2010.- 8 avqust.- S. 1.