Oğullar,
Vətən əmanəti!
Bazar günü
Sərhəd Qoşunlarının
Lənkəran şəhərində
yerləşən dəstəsində
orduya sonuncu çağırış əsgərlərinin
təlim-tədris hazırlığından
sonra təntənəli
andiçmə mərasimi
oldu. Son illər ölkəmizdə
yaranmış ənənəyə
uyğun olaraq, əsgərlərin valideynləri,
ictimaiyyət nümayəndələri,
media təmsilçiləri də sərhədçi
gənclərin Vətənə
sədaqət andı
içmələrinin şahidləri
oldular.
Səhər tezdən hərbi
hissənin zabitləri
qonaqları qarşılayıb
əsgərlərin sıraya
düzüldüyü meydanın
yaxınlığına gətirdilər.
Mərasim iştirakçıları hərbi hissənin görkəmli yerində ümumilli lider Heydər Əliyevə qoyulmuş abidəni ziyarət etdilər, önünə əklil və çiçək dəstələri qoydular.
Səsgücləndiricilərin ətrafa yaydığı
hərbi marşların,
vətənpərvərlik mahnılarının sədaları
hamıda xoş ovqat yaradır, hərbi hissədə bayramsayağı təntənəni
artırırdı. Yaxın-uzaqlardan gəlmiş ata-analar, bacı-qardaşlar doğmalarının
həyatında unudulmaz
bir gün olan andiçmə mərasiminin bir-birini əvəz edən epizodlarından duyğulanmışdılar.
Qərargah rəisi polkovnik-leytenant
Zaur Zeynalovun komandası ilə Dövlət Bayrağı
meydana gətirildi.
Hərbi
hissənin komandiri polkovnik-leytenant Elşən
Mirzəyev şəxsi
heyəti salamladı,
andiçmə mərasimini
açıq elan etdi. Dövlət himni səsləndi.
Hərbi hissə komandiri təlim-tədris mərkəzinin rəisi
mayor Sənan Məmmədova
yeni çağırılmış
əsgərlərin hərbi
anda gətirilməsi barədə əmr verdi.
Mövcud qaydaya uyğun
olaraq, tağımlara
düzülmüş gənclər
Vətənə sədaqət
andı içdilər,
dövlət bayrağını
öpüb gözləri
üstə qaldırdılar.
Polkovnik-leytenant Elşən
Mirzəyev hərbi
and içmiş əsgərləri
təbrik edərək
dedi:
- Bu gün hərbi
hissəmizdə əlamətdar
bir gündür - məhz bu gün
xidmətə yeni başlayan əsgərlərimiz
hərbi anda gətirildilər. Fərəhli haldır ki, valideynlər bu gün böyük qürur hissi ilə Azərbaycanın müxtəlif bölgələrindən
uzaq məsafələr
qət edərək övladlarının hərbi
andiçmə mərasiminə
gəlmişlər. Onlar Azərbaycan
dövlətçiliyinin və
ərazi bütövlüyünün
qorunmasında mühüm
amillərdən biri olan dövlət sərhədlərinin mühafizəsi
kimi məsuliyyətli
bir vəzifənin yerinə yetirilməsində
övladlarına uğurlar
diləyirlər.
Hərbi and hər bir
hərbi qulluqçunu
mübariz, mətin, cəsur, qorxmaz olmağa çağırır.
Bu amala and içən
hər bir əsgərin düşüncəsi
bu duyğularla əhatələnməlidir. Eyni zamanda, hərbi
and Azərbaycan xalqının
tarixini, əcdadların
keçdiyi döyüş
yolunun tarixi mərhələlərini bir
daha xatırladır.Əgər
keçmişə qayıtsaq
görərik ki, Azərbaycan xalqı dərin tarixi köklərə bağlı
olmuş, hər bir zaman içdiyi
anda sadiq qalmış, etibar, inam hissi ilə
yaşamışdır. Verdiyi sözlərə
əməl etmiş, öz qorxmazlığı,
dönməzliyi ilə
daim başqa xalqlardan fərqlənmiş
və bu baxımdan da azadlığı və suverenliyi uğrunda mübarizə aparmışdır.
Bu gün Sərhəd Qoşunları
dövlət sərhədlərinin
etibarlı mühafizəsini
təşkil etməyə
qadir olan bir quruma çevrilmişdir.
Bütün bunlar ümummilli lider Heydər Əliyevin və onun siyasi
kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin ölkəmizin sərhədlərinin
mühafizəsinə və
sərhədçilərə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün
olmuşdur.
Yüksək dövlət
qayğısı sərhədlərin
toxunulmazlığının təmin edilməsinə,
o cümlədən beynəlxalq
terrorizmə, qeyri-leqal
miqrasiyaya , narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa
qarşı mübarizədə
imkanlarımızın genişləndirilməsinə,beynəlxalq
sərhəd əməkdaşlığının
inkişafına, şəxsi
heyətin mənəvi-psixoloji
hazırlığının yüksək səviyyədə
saxlanılmasına, hərbi
qulluqçuların maddi,
sosial, hüquqi təminatının yaxşılaşdırılmasına
çox böyük təsir edir.
Mərasimdə yeni and içmiş
əsgərlər adından
çıxış edən
gənclər qürur
və məsuliyyətlərini
dilə gətirdilər,
həyatlarının sonunadək
bu anda sadiq
qalacaqlarına, hərbi
xidməti nümunəvi
qaydada başa vuracaqlarına söz verdilər. Valideynlər adından çıxış
edənlər isə övladlarının Vətənə
xidmət andı içməsindən iftixar
duyduqlarını bildirdilər,
onlara sərhədlərimizi
göz bəbəyi kimi, doğma ana kimi qorumağı
tövsiyə etdilər.
Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi, Sərhəd
Qoşunları komandanının
təbrik telefonoqramı
oxunduqdan sonra şəxsi heyət tribunanın qarşısından
nizami addımlarla ötüb keçdi.
Andiçmə mərasimi
başa çatdıqdan
sonra valideynlərlə
əsgərlərin görüşü
keçirildi,çal-çağır
oldu.
Hərbi hissə
komandirlərinin şəxsi
heyətlə iş üzrə müavini polkovnik Cabir Nəcəfovla birlikdə
əsgərlərin, valideynlərin
təəssüratları ilə
tanış olduq. Əsgərlər təlim-tədris prosesində sərhədçi
üçün zəruri
olan biliklərə, vərdişlərə yiyələndiklərindən,
komandirlərin və təlimçilərin onlarla
tələbkar və qayğıkeş münasibətdə
olduqlarından danışdılar.
Valideynlərin iştirakı ilə
əsgərlərin xidmət
şəraiti barədə
açıq söhbət
aparıldı. Övladlarının hər şeydən razılığı, yüksək
xidmət əhval-ruhiyyəsi
ata-analarda arxayınçılıq,
məmnunluq yaratdı.
Cabir Nəcəfov bildirdi
ki, əsgərlərin
yüksək fiziki hazırlığı ilə
yanaşı, sağlam
mənəvi-əxlaqi keyfiyyətləri,
vətənpərvərlik təbriyəsi də diqqət mərkəzindədir.
Ata-analar arxayın ola bilərlər
ki, oğulları evlərinə əsl kişilik, qeyrət məktəbi keçmiş,
sonrakı həyatları
üçün ciddi
təcrübə toplamış
gənclər kimi qayıdacaqlar. Bu gün
ordumuz ölkəmizin
etibarlı keşikçisi
olmaqla yanaşı, həm də ərlik, mətinlik universitetidir.
Nəhayət, bu həyacanlı
və şərəfli
mərasimin iştirakçısı
olmaqdan əlavə, həm də yeni and içmiş gənclərdən birinin
atası kimi mən də həmin gün ürəkdən sevindim, öyünc hissi keçirdim. Oğlum mənim
üçün Azərbaycan
əsgəri kimi yenidən doğuldu.
Azərbaycan həm də
oğlum qədər doğmalaşdı. Oğlum isə
özü boyda vətənləşdi. Vətən
əmanəti, vətənləşmiş
oğullar!
Tahir
AYDINOĞLU,
Lənkəran-Bakı
Xalq qəzeti.- 2010.- 10
avqust.- S. 5.