İnkişaf və tərəqqinin regional modeli

 

    Cari ilin ötən ayları ərzində Yevlaxda ümum daxili məhsulun həcmi 211 milyon manat olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 61,4 milyon manat və ya 41 faiz çoxdur

 

    Çoxdan eşitdiyimiz bir mahnı var: "Yevlaxdan keçəndə cənnət yoludur". Yəqin ki, Ağdamın, Şuşanın... Qarabağın azad, xoşbəxt vaxtlarında yazılıb. Sözüm yoxdur, ancaq həmin misranı, bəlkə, indi belə deyək: "Yevlaxa girəndə cənnət yoludur". Bizcə, indi bu daha ədalətli səslənər, ifaçını da, dinləyiciləri də razı salar...

    Əslində, müəllifi qınamalı da deyil. Doğrudan da, əvvəllər Yevlax deyəndə yayda isti, bürkülü hava, şoran torpaqlar, toz, qışda palçıq, bir də ağcaqanad yada düşürdü. İnsanlar yollar ayrıcında yerləşən bu aran bölgəsindən mümkün qədər tez ötüb keçməyə çalışardılar.

 

    Rəqəmlər, faktlar, göstəricilər

 

    Bəs, vəziyyət indi necədir? Yevlaxda yeni tanış olduğum qocaman ziyalı Qiyas müəllimin sözlərini xatırlamaq yerinə düşərdi: "Tez-tez deyirlər ki, son vaxtlar Yevlaxın havası da dəyişib. Bu sözləri qəribçiliyə salmayın. Bax, təkcə dayandığımız bu küçədə 800 ağac, minə yaxın gül kolları əkilmiş, 5 fəvvarə, 8 bulaq tikilmşidir. O biri küçə və prospektlərdə də onun kimi. Belə olanda, əlbəttə, hava da dəyişəcək".

    Əlimizdə maraqlı bir statistika var: son 5 ildə Yevlax rayonunda 1 milyon 898 ağac, 2,5 milyon gül əkilmiş, 25 fəvvarə quraşdırılmış, 360 bulaq çəkilmiş, 55 artezian quyusu qazılmışdır. Cənnəti, gözəlliyi, təbiəti bax, belə yaradırlar...

    Biz, əlbəttə, bu yazıda Yevlaxı cənnətə çevirənlərdən, onların yaradıcı, təşəbbüskar fəaliyyətindən, genişmiqyaslı tikinti-quruculuq və abadlıq tədbirlərindən, Yevlax Şəhər İcra Hakimiyyətinin maraqlı, daha çox elmi münasibətə söykənən iş üslub və metodlarından, təşkilat-idarəetmə məsələlərindən, sağlam mənəvi-psixoloji mühitdən və s. söhbət açacağıq. Ancaq orası da var ki, inkişaf və yüksəlişin dinamikası fakt və rəqəmlərdə daha aydın görünür. Ona görə də gəlin biz də Yevlaxın son aylarda iqtisadi, sosial və mədəni həyatında baş verən irəliləyiş və inkişafdan rəqəmlərin dili ilə danışaq.

    Yevlaxlılar əvvəlki illərdə olduğu kimi, 2010-cu ilin birinci yarısında da şəhərin hərtərəfli inkişafı üçün bütün imkan və qüvvələri səfərbərliyə almışlar. Geniş quruculuq, abadlıq, tikinti işləri aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir. Belə bir fakt xüsusilə fərəh doğurur ki, ötən aylar ərzində ümumdaxili məhsulun həcmi 211 milyon manat olmuşdur ki, bu da 2009-cu ilin birinci yarısına nisbətən 61,4 milyon manat və yaxud 41 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Artım əsasən yeni sənaye müəssisələrinin yaradılması, məhsul istehsalının və xidmətlərin artması hesabına olmuşdur.

    Ümumdaxili məhsulun 5,4 milyon manatını sənaye, 34,2 milyon manatını kənd təsərrüfatı, 74 milyon manatını tikinti, 77,5 milyon manatını ticarət, 2,1 milyon manatını nəqliyyat, 0,4 milyon manatını rabitə, 17,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 1 milyon 978 min manatlıq sənaye məhsulu ixrac olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 45,1 faizini təşkil edir. 2010-cu ilin birinci yarısında adambaşına 1771,8 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2009-cu ilin birinci yarısına nisbətən 502,4 manat və yaxud 39,6 faiz çoxdur.

    Rayon üzrə orta aylıq əmək haqqı isə 166,1 manat olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 manat çoxdur.

 

    Aqrar sahə

 

    Cari ilin ötən ayları ərzində ümumilikdə 34,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Keçən ilin I yarısı ilə müqayisədə iri mal 47 baş,qoyun və keçilər 1017 baş artmışdır.

    Hazırda taxıl yığımı başa çatmışdır. Əlverişsiz hava, taxılın çiçəklənməsi dövründə yağan aramsız yağışlar keçən ilə nisbətən məhsuldarlığın azalmasına səbəb olmuşdur. Zəmilərdən 29954 ton taxıl yığılmışdır. Meyvə, tərəvəz tədarükü davam edir.

    6 ayda kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlə 936 ton mineral gübrə satılmışdır. 8709 kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 355 min manat dövlət yardımının edilməsi üçün sənədlər hazırlanıb respublika komissiyasına göndərilmişdir. 2010-cu ilin I yarısında 2009-cu ilin eyni dövrü ilə müqayisədə 110 ton ət, 21 ton süd, 56,8 min ədəd yumurta çox istehsal edilmişdir.

    Yeri gəlmişkən, burada vacib bir məsələyə toxunmaq istəyirik. Rayonda mövcud olan hidrotexniki qurğular, meliorasiya və irriqasiya şəbəkəsi keçən əsrin 60-cı illərində tikilmişdir. Ötən müddət ərzində əsaslı təmir və bərpa işləri aparılmadığından onlar yararsız vəziyyətə düşmüşdür. Ona görə də qrunt sularının üzdə olduğu və şoranlaşmaya meyilli olan torpaqlarda sahələrin məhsuldarlığı aşağıdır, qoyulmuş vəsait öz bəhrəsini vermir. Rayonda bütün meliorasiya və irriqasiya şəbəkəsi, hidrotexniki qurğular yenidən qurulmalıdır. Ona görə də ölkə Prezidentinin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda həmin tədbirlərin nəzərdə tutulması kənd əməkçilərinin böyük sevincinə səbəb olmuşdur.

 

    Tikdim ki, izim qala...

 

    2010-cu ilin 6 ayı ərzində bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 183,4 milyon manat olmuşdur. Bu da 2009-cu ilin 6 ayına nisbətən 85,6 milyon manat, yaxud 187,5 faiz çoxdur. İnvestisiya qoyuluşunun 161,9 milyon manatı əsas kapitala yönəldilmişdir. Başqa sözlə desək, bu göstərici müqayisə olunan dövrdə 90,1 milyon manat və ya 2,2 dəfə çoxdur.

    2010-cu ilin altı ayı ərzində də irihəcmli tikinti, abadlıq və yenidənqurma işləri aparılmışdır. Belə ki, hazırda "Azərtoxum" MMC toxum emalı müəssisəsinin, laminat-parket zavodunun, ayaqqabı fabrikinin, dekorativ plitə istehsal edən sexin tikintisində işlər sürətlə gedir. Dəmir-beton zavodunda yendənqurma işləri görülür. Artıq beton istehsal edən sahə işə salınmışdır. Eyni zamanda, "Lalə-Tekstil" MMC tikiş fabrikinin II növbəsinin tikintisi davam etdirilir. Bu müəssisələrdə 600 nəfər işlə təmin olunmuşdur. Həmin rayonda məskunlaşmış məcburi köçkünlər üçün 612 mənzilli 10 beşmərtəbəli yaşayış və 480 yerlik orta məktəb binalardan, uşaq bağçasından və digər infrastruktur obektlərindən ibarət şəhərcik tikilir.

    Hazırda 480 yerlik 1 saylı orta məktəb, Cırdaxan kəndində 280 yerlik əsas məktəb, Xaldan kəndində 120 yerlik əsas məktəb və uşaq-idman məktəbində üzgüçülük hovuzu tikilir. 6 ayda Milli Təhlükəsizlik Nazirliyinin Yevlax Şöbəsi və Baytarlıq İdarəsinin inzibati binaları istifadəyə verilmişdir. Ümumiyyətlə, bu gün Yevlaxda 9 idarə, müəssisə və təşkilat üçün inzibati binalar tikilir.

    Yeni avtovağzal kompleksinin tikintisinə başlanmışdır. Dəmir yolu vağzalı binasında yenidənqurma işləri aparılır. Cari ilin birinci yarısı ərzində Əhməd Cavad, Nəbati, Y.Yevlax, S.Vurğun, Füzuli küçələrinə, Nizami prospektinə 6,1 kilometr uzunluğunda asfalt örtüyü salınmışdır. 2,7 kilometr uzunluğunda aeroport yolu təmir olunmuşdur. Rayon ərazisindən keçən 17,2 kilometr respublika əhəmiyyətli yollara - Xaldan -Zaqatala yolunun Xaldan və Yuxarı Bucaq kəndlərindən keçən hissəsinə, Xaldan - Mingəçevir yoluna asfalt örtüyü salınmışdır. Ümumi uzunluğu 15,4 kilometr olan Kövər, Xaldan, Kolanı, Varvara kəndlərinin giriş və daxili yolları asfaltlaşdırılmış, 50,4 kilometr uzunluğunda kəndarası yollara çınqıl döşənmişdir.

    Heydər Əliyev Sarayının ətrafında, Heydər Əliyev prospektində, Q.Quliyev küçəsində səkilərə, parklara 9500 kvadratmetr dekorativ plitə döşənmiş, 7100 metr uzunluğunda səki çəkilmişdir. Bakı - Ələt - Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində abadlıq işləri görülmüş, şəhərin ad göstəricisini əks etdirən qala divarı tikilmiş və ərazi abadlaşdırılmışdır. Hazırda şəhərə Gəncə istiqamətindən girişdə qala divarı tikilir. Üçbucaqlı yol ayrıcında abadlıq işləri aparılmış, dekorativ ağac, gül kolları əkilmişdir. İşıqlandırma xətləri çəkilmişdir. Kür çayının sağ sahilində 1,5 kilometr uzunluğunda Bulvar istirahət zonası tikilir. Kövər və Xaldan kəndlərinin mərkəzi küçələrində də işıqlandırma xətləri çəkilir.

    Yevlax şəhərinin küçə və meydanlarında, rayon ərazisindən keçən avtomobil yollarının kənarlarında 127,5 min müxtəlif növ ağac, eyni zamanda, 237 min dekorativ ağac, 145 min qızıl gül kolları əkilmişdir. Bakı - Ələt - Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsinə münbit torpaq daşınmış, yaşıllaşdırma işləri aparılmış, istinad divarı tikilmişdir. 72 hektar meşə zolağı bərpa edilmiş, həmin sahələrdə 147 min ədəd ağac əkilmişdir.

    Yağış və sel sularının törətdiyi fəlakətlərin qarşısının alınması məqsədilə Əliçan çayının Yuxarı Bucaq, Xaldan, Yeniçə kəndlərindən keçən hissəsində bəndbərkitmə işləri aparılmışdır.Kür çayının Yuxarı Qarabağ kanalı ilə kəsişməsində bərkitmə, dəmir-beton, torpaq işləri görülmüşdür.

 

    İnsan amili diqqət mərkəzindədir

 

    Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün əsaslı tədbirlər görülmüşdür. Cari ilin altı ayı ərzində bu sahəyə 1 milyon 80 min manat vəsait sərf olunmuşdur. Yarım il ərzində 7,2 kilometr hava xətti əsaslı təmir olunmuşdur. 111 ədəd dayaq dəyişdirilmişdir. 334,4 kilometr "SİP" kabeli çəkilmişdir. Aran qəsəbəsində və Yədili kəndində elektrik xətləri yenidən qurulmuşdur. 2010-cu ilin yarım ilində əhali üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi tam təmin olunmuşdur.

    Ötən aylar ərzində şəhərdə və kəndlərdə 32880 metr ortatəzyiqli daşıyıcı, 19460 metr paylayıcı qaz xətti çəkilmişdir. İlin sonunadək rayonun Səmədabad, İsmayılabad kəndləri, İravanlı qəsəbəsi, məcburi köçkünlərin məskunlaşdığı "EKO" və daş evlər şəhərciyi təbii qazla təmin olunacaqdır.

    Yevlax şəhərini Cırdaxan paylayıcı stansiyasından təbii qazla təmin edən ortatəzyiqli daşıyıcı qaz xəttinin 3750 metr hissəsi yeni borularla əvəz edilmişdir. Səmədabad, Bünyadabad, İsmayılabad kəndlərinin, Aran qəsəbəsindəki "EKO" və 40 daş evlər şəhərciyinin, İrəvanlı qəsəbəsinin, Kövər, Qaramanlı, Dəlləklər, Nəmərli, Köyük, Hacımahmudlu kəndlərinin təbii qaz ilə təmin olunması üçün 25730 metr ortatəzyiqli daşıyıcı xətti çəkilmişdir. Cari ilin 6 ayı ərzində 893 min manat ödəmə aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 450 min manat və ya 2 dəfə çoxdur.

    Yay mövsümü ilə əlaqədar şəhərə bütün su mənbələrindən sutka ərzində 32 min kubmetr su vurulur. İtkilər nəzərə alınmaqla adambaşına 500-600 litr su verilir. Norma isə 124 litrdir. 6 ay ərzində şəhərdə 850 metr, kəndlərdə isə 11500 metr, cəmi 12350 metr içməli su xətti çəkilmişdir. Əkşəm, Xaldan, Xanabad kəndlərində su təmizləyici qurğular tikilir.

    Ekoloji tarazlığın təmin edilməsi üçün çirkab sularını şəhərdən kənarlaşdırmaq məqsədilə K-11 kollektorunun ərazisində nasos stansiyası tikilmiş, 720 mm boru ilə 700 metr uzunluğunda təzyiqli xətt çəkilmişdir.

    Aparılan təhlil göstərir ki, son illərdə içməli suyu olmayan 22 kənddən 14-nün təminatı sutəmizləyici qurğuların quraşdırılması ilə, 3-nün təminatı Mingəçevir su anbarından yeni xəttin çəkilməsi ilə həll edilmişdir. Hazırda 3 kənddə su təmizləyici qurğular tikilir. Mevəli və Ərəbbəsrə kəndlərində də yaxın vaxtlarda qurğuların quraşdırılması nəzərdə tutulmuşdur. Bundan başqa, içməli su ilə az təmin olunan 26 kənddə 48 əlavə artezian quyuları qazılmışdır.

 

    Keyfiyyət yüksəlir, maddi baza möhkəmlənir

 

    Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, məzmunca yeniləşməsi, müasir tələblər baxımından təşkili istiqamətində əvvəlki illərdə həyata keçirilmiş işlər, rayonda uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları tikilir. Xaldan kəndində 180 yerlik məktəbin yeni binasının tikintisinə başlanılmışdır. Hazırda Yevlax şəhər 1 nömrəli orta məktəbdə 480 yerlik, Cırdaxan kəndində 180 yerlik məktəb binalarının tikintisi, şəhər Uşaq Gənclər İdman Məktəbinin ikinci korpusunda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

    IX, XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlanması, onların bilik səviyyəsinin yüksəldilməsi istiqamətində Təhsil Şöbəsi bir sıra tədbirlər həyata keçirmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Şöbəsi tərəfindən hazırlanmış test sualları əsasında ümumtəhsil məktəblərinin IX, XI siniflərində vaxtaşırı yoxlama-sınaq testləri keçirilmişdir.

    İyun ayında Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarında iştirak etmiş 1277 nəfər XI sinif şagirdindən 997 nəfəri, başqa sözlə desək, 78 faizi imtahanları müvəffəqiyyətlə verərək attestat almışdır. Buraxılış imtahanlarında ən yaxşı nəticəni şəhər 1, 2, 5, 8 nömrəli, İrəvanlı qəsəbə, Yuxarı Qarxun, Havarlı, Hürüuşağı, Tanrıqulular, Yəldili və Salahlı kənd məktəblərinin şagirdləri göstərmişlər.

    Respublika Səhiyyə Nazirinin 5 avqust 2009-cu il tarixli 95 nömrəli "Yevlax rayonunun tibb müəssisələri şəbəkəsində dəyişikliklərin edilməsi barədə" əmrinə əsasən 9 kənd xəstəxanası həkim məntəqəsinə, Yuxarı Qarxun kənd feldşer-mama məntəqəsi tibb məntəqəsinə çevrilmişdir. Cırdaxan kəndində və İrəvanlı qəsəbəsində yeni tibb məntəqələri yaradılmışdır.

    Ana və uşaqlara göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, bu sahəyə vahid nəzarətin əlaqəli təşkili, cərrahiyyə xidmətinin yaxşılaşdırılması üçün ginekologiya və doğum şöbələrinin əsasında 40 çarpayılıq mama-ginekologiya şöbəsi yaradılmışdır, Ailə Planlaşdırılması və Reproduktiv Sağlamlıq Mərkəzi Şəhər Qadın məsləhətxanasının binasına köçürülmüşdür.

    ... Bəli, bütün bunlar Yevlaxın ötən aylar ərzindəki inkişaf və yüksəlişinin rəqəmlərdəki əksidir. Özü də hamısı yox, yalnız bir hissəsi. Çox istədik ki, Yevlax Şəhər İcra Hakimiyyətində yaranan, formalaşan maraqlı iş üslubu və metodları, təşkilat-idarəetmə məsələləri, mənəvi-psixoloji mühit, uğurların əsasını təşkil edən möhkəm intizam barədə daha geniş material hazırlayaq. Beləliklə fakt və rəqəmlərin əhatəsindən çıxa bilmədik.

    Ancaq... belə bir yazı mütləq yazılacaq. Ən azı ona görə ki, Yevlax Şəhər İcra Hakimiyyətinin iş üslubu və metodlarında, təşkilat-idarəetmə məsələlərində, adamlarla aparılan işdə maraqlı, nümunə götürüləsi, örnək olası cəhətlər çoxdur.

 

 

    Ziyəddin SULTANOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 10 avqust.- S. 4.