Məmmədrza Şeyxzamanov - 95

 

    Milli xarakterlər ustası

 

    Onun rollarında həmişə bir doğmalıq hiss etmişəm. Elə bil bu rolların hər biri bizim arzuladığımız xeyirxah, qayğıkeş, öz şəxsiyyətinə hörmət edən, millətinə, xalqına bağlı insanlardır. Onları sevməmək mükün deyil. Elə teatrda da, kino da belə idi.

 

    Əslən gəncəli idi, Məmmədrza Şeyxzamanov. Bu şəhərdə 1915-ci ilin avqust ayında dünyaya göz açmışdı. Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər. Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov ("Vaqif", "Fərhad və Şirin"), İmamyar, Aydın ("Yaşar, "Aydın"), Edqar ("Antoni və Kleopatra"), Hacı Həsən ("Ölülər"), İxtiyar ("İblis") və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı. Aydın diksiya, özgələşmək qabiliyyəti, obrazın daxilinə nüfuz etmək bacarığı onun yaradıcılığı üçün xarakterik əlamətlər idi.

    Onu teatrın kollektivi də çox sevirdi. Məmmədrza müəllim öz ağsaqqal məsləhətləri ilə insanların köməyinə gəlməkdən həzz alardı. Ömrünün sonuna kimi bu teatrda çalışdı. Burada fəxri adlara, Dövlət mükafatına layiq görüldü.

    Deyirlər ki, Məmmədrza Şeyxzamanov rollarında olduğu kimi həyatda da sadə və təvazökar insan idi. Ən əsası isə, yüksək səmimiyyəti onu daha çox sevdirirdi. O, Azərbaycan teatrında bir məktəb yaratmışdı. Onun teatrdakı fəaliyyəti elmi axtarışların hələ də əsas mövzusu olmamışdır. Bu böyük sənətkarın yaradıcılığının tədqiqinə bu gün böyük ehtiyac var.

    Kino sənətimizin tarixi ilə maraqlananlar yaxşı bilirlər ki, Məmmədrza Şeyxzamanov Azərbaycan milli kino sənətinin inkişafında böyük xidmətlər göstərmişdir. Onun kino rolları üçün xarakterik olan cəhət bundan ibarətdir ki, onlar sadə adamlar olsalar da daxilən zəngindirlər.

    Məmmədrza Şeyxzamanovla hər dəfə ekranda qarşılaşmaq adamda gözəl və səmimi hisslər doğurur. Hər dəfə "Tütək səsi" filmində sazda "Ruhani" ifa olunanda mən o gözəl insanı böyük məmnunluqla yad edirəm. Bu filmə tamaşa edənlər orada həmin yanğılı havanın sədaları altında evinə qaçansonra da evdə sazı sinəsinə basıb "Ruhani"ni dilləndirən köhnə çuxalı İsfəndiyar kişinin obrazını yəqin ki, yaxşı xatırlayırlar. Bu elə Məmmədrza Şeyxzamanovun özü idi. O, bu dəhşətli müharibəni görmüşdü. Ağrılarını da dadmışdı. Günlərin birində rejissor ona İsfəndiyar kişinin rolunu tapşıranda içində bir rahatlıq tapmışdı. Talelər necə də bir-birinə yaxın olarmış.

    İsfəndiyar kişi kəndin ağsaqqalıdır. Cəbhədən qara kağız alan neçə-neçə insana təskinlik verib arxa durmuşduindi oğlunun qara kağızını alanda özü ilə tənha qalır və yeganə söykənəcəyi "Ruhani" olur. O, təbiətən ağsaqqal idi. Deyirdilər, elə gəncliyindən ağır, sanballı adam olub. Teatrda işləyirdi və elə hər il də kinostudiyanın bir filmində çəkilirdi. Xeyirxah adamların rollarını oynayırdı. Demək olmazdı ki, Məmmədrza müəllim aktyorluq edirdi, o özünü yaşayırdı, içində, qəlbində olanları obrazlar vasitəsilə ifadə edirdi. Bəlkə də, aktyorluq doğrudan da, elə budur. Qılınc Qurban kimi "əjdaha"ların qabağına ancaq İsfəndiyar kimi daxilən güclü insanlar çıxa bilərdi. "Qurban, ürək, qəlb məsələsidir, sən qarışma" - deyəndə, Qılınc Qurbanı bu sözlər elə bil qılınc kimi kəsir.

    Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.

    İlk dəfə onu "Böyük dayaq" filmində görmüşdüm. Ona qədər isə "Qızmar Günəş altında", "Kölgələr sürünür", "Bir qalanın sirri", "Leyli və Məcnun" filmlərində çəkilmişdi. Mənim gördüyüm həmin filmdə ("Böyük dayaq") M.Şeyxzamanov rayon partiya komitəsinin katibi rolunda oynayırdı. Rüstəm kişinin cəbhə dostu olmuş bu adam ona kömək etmək istəyir. Kolxoz sədri Rüstəmin düşmənlərini ortaya çıxarır. Amma ona da öz iradını bildirir. "Xalqa söykənmək lazımdır" - deyir. Bu, əslində, o qədər də böyük rol deyildi. Ancaq M.Şeyxzamanov onu səmimi və yumşaq bir ifadə ilə tamaşaçıya çatdırır və elə hiss edirsən, o, əsas qəhrəmanlardan biridir.

    Məmmədrza müəllimin bir qeyri-adi rolu da var. O, hər birimiz üçün əziz qiymətli olan Adil İskəndərovun "Əhməd haradadır?" filmindəki Şirin kişi obrazıdır. Şirin azərbaycanlı kənd kişilərinin tipik nümunəsidir. O, məişət əhvalatları zəminində çəkilmiş bu şirin, yumşaq komediyanın bədii yükünün daşıyıcılarındandır. Mən bilirəm özgə millətlər bu filmə baxanda hansı hisslər keçirirlər, ancaq hər dəfə kinoteatrlarda bu film nümayiş etdiriləndə adamlar çox gözəl əhval-ruhiyyə ilə zalı tərk ediblər. bu şadyanalıqdan böyük pay da məhz Məmmədrza müəllimin adına bağlıdır. Nəcibə xanım Məlikova, A.Cavadov, L.Abdullayev, M.Mərdanov necə-necə seçmə aktyorlarımızın güclü oyunları məhz Məmmədrza müəllimin gözəl ifası ilə tamamlanır.

    O, yüksək duyğulu insan idi. Rejissorlar deyirdi ki, onunla işləyəndə adam yorulmaq bilmir. Tərəfdaşlarına yaxşı oyun üçün şans verirdi.

    "Liftçi qız" qısametrajlı bədii filmində ona bir rəssam rolu verilmişdi. Bu filmə baxanlar onun gözlərindəki həyat eşqini duymamış deyillər. O, doğrudan da, belə həssas adam idi. Oynadığı rolların öz ifası ilə portretini yaradırdı. Rənglərin, sözlərin çalarlarını duyan adam idi.

    Teatrda ona o qədər rəngarəng rollar vermişdilər ki, daha başqalaşmağa şans da yox idi. Ancaq onun həmişə "ehtiyat"ı olardı son anda istedadı köməyinə gələrdi.

    M.Şeyxzamanov təkcə müsbət qəhrəmanların əvəzsiz ifaçısı deyildi. O həm , mənfi tipləri yaratmaqda usta idi. "Nəsimi" filmində tamaşaçılar onu Şeyx Əzəm rolunda görəndə bir az təəccüb hissi keçirdilər. idi bu təəccübə səbəb olan? Əvvəla, buna alışmamışdılar. İkincisi, axı aktyor müsbət ampluada əvəzsiz ifaçı idi. Ancaq Şeyx rolu onun ampluadan uzaqlaşma bacarığını təsdiq etdi biz Şeyxzamanovun ifasında tam yeni bir qəhrəman gördük.

    Öz yaradıcılığı ilə milli teatr kino sənətinin inkişafına xidmət etmiş, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Məmmədrza Şeyxzamanovun əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

    Xalq qəzeti.- 2010.- 12 avqust.- S. 6.