Əhalinin həyat
səviyyəsinin yüksəldilməsi dövlətin diqqət
mərkəzindədir
Sel və daşqınlardan zərər çəkənlərə
göstərilən qayğı bu fikri bir daha
təsdiqləyir
Bütün fəlakətin qarşısının
alınması və bundan sonra
o yerlərin, evlərin bərpası və
bəndbərkitmə işlərinin aparılmasını Azərbaycan
dövləti öz üzərinə götürür və bütün
bu işləri biz özümüz edəcəyik.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycanın sosial-iqtisadi həyatında son
illər müşahidə olunan
davamlı inkişaf beynəlxalq aləmdə
yüksək səviyyədə qarşılanır. Hətta 2008-ci ilin sonu və 2010-cu ilin əvvəlinə
qədər davam edən maliyyə və iqtisadi böhran zamanı da ölkəmizin iqtisadiyyatında irəliləyiş
qeydə alınmış, əhalinin yaşayış səviyyəsinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər davam etdirilmişdir. Xalqın milli
maraqlarına əsaslanan irimiqyaslı məqsədyönlü,
islahatların ardıcıllıqla və peşəkarlıqla
həyata keçirilməsi ölkəmizin qüdrətini daha da artırmış
beynəlxalq aləmdəki əlaqələrini möhkəmləndirmişdir.
Müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və möhkəmləndirilməsində əvəzsiz xidmətləri olmuş, şərəfli ömrünü bu işə sərf etmiş ümummilli lider Heydər Əliyevin müdrik siyasəti bu gün böyük müvəffəqiyyətlə davam etdirilir. Müdrik şəxsiyyətin ideyalarını yalnız onun siyasi məktəbinin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirməyə qadir idi. Bu gün Azərbaycanın böyük müvəffəqiyyətlə Avropaya və dünya birliyinə inteqrasiyası, inkişaf etmiş qüdrətli dövlətlər cərgəsinə qoşulması və beynəlxalq aləmdə böyük nüfuz qazanması da bunu təsdiqləyir. İqtisadiyyatın modernləşdirilməsi, müəyyən sahələrin inkişafı ilə əlaqədar olaraq konkret proqramların və iri infrastruktur layihələrin reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi durmadan yaxşılaşmış, pul gəlirləri artmış, yoxsulluğun səviyyəsi kəskin surətdə aşağı düşmüşdür. Bu inkişaf yeni iş yerlərinin açılmasında da böyük rol oynamışdır. Ölkəmiz hərtərəfli inkişaf tempini qoruyub saxlamış, öz sosial-iqtisadi qüdrətini daim artırmış, beynəlxalq aləmdə əlaqələrini daha da genişləndirmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu məsələlər geniş təhlil olunmuş, qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində tövsiyələr verilmişdir. İclasda çox əhatəli və dərin məzmunlu nitq söyləyən möhtərəm Prezidentimiz bu ilin birinci yarısında qazanılmış uğurları qənaətbəxş hesab etmiş, altı ay ərzində iqtisadi inkişafın 3,7 faiz təşkil etdiyini diqqətə çatdırmışdır. Bu da Azərbaycanda iqtisadi islahatların düzgün istiqamətdə aparıldığından xəbər verir. Dünyanı maliyyə və iqtisadi böhranın bürüdüyü bir vaxtda ölkəmizin iqtisadi sahədə 3,7 faiz artıma nail olması çox böyük müvəffəqiyyətdir. Çünki dünyanın ən böyük şirkətləri bu ərəfədə ciddi maliyyə böhranına məruz qaldılar və öz fəaliyyətlərini dayandırmaq məcburiyyəti ilə üzləşdilər. Azərbaycanda isə pensiyaların sığorta hissəsi artırıldı. Bu, ondan xəbər verirdi ki, dünyanı bürüyən maliyyə və iqtisadi böhran ölkəmizin düzgün müəyyənləşdirilmiş iqtisadi strategiyasına ciddi təsir göstərə bilməyib. Bu, həm də Prezident İlham Əliyev tərəfindən ardıcıl və düşünülmüş tərzdə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun 2010-cu ilin birinci yarımilliyində də uğurlu davamı idi. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, maliyyə ehtiyatlarının artımı və digər amillər beynəlxalq aləmdə diqqətdən yayınmamışdır. Beynəlxalq kredit reytinq agentlikləri qlobal maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın inkişaf xəttini davam etdirməsini yüksək qiymətləndirmiş və onlarda ölkəmizə olan inam daha da artmışdır. Bu dövrdə bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və inkişaf etmiş dövlətlər öz xərclərini kəskin şəkildə azaltsalar da, ölkəmizə xaricdən gələn investisiyalar davam etmişdir. 2010-cu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına bütövlükdə 3,8 milyard dollar sərmayə qoyulmuşdur. Bunun da müəyyən hissəsi xarici şirkətlər tərəfindən gətirilmişdir.
Ümumiyyətlə, 2010-cu ilin birinci yarısı ölkəmiz üçün uğurlu olmuşdur. Dövlət başçımızın da çıxışında bu məsələ aydın şəkildə özünü göstərdi. Azərbaycan Prezidenti müşavirədəki çıxışında dedi:
"Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur 2010-cu ildə də bu müsbət meyllər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir... Sənaye potensialının inkişafında da müsbət meyllər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni, bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bugünkü reallıqları təmin edir".
2010-cu ilin birinci yarısında baş vermiş hadisələr uzun müddət xalqın yaddaşından silinməyəcək. Mən bu il baş vermiş təbii fəlakətləri nəzərdə tuturam. Onu da qeyd edim ki, Azərbaycanın tarixində uzun illərdən bəri müşahidə edilməyən belə təbii fəlakət xalqı sarsıtmamışdır. Sel və daşqınlar ciddi fəsadlar törətmiş, evləri uçurmuş, əhaliyə böyük məbləğdə ziyan vurmuşdur. Belə çətin anlarda dövlət başçımız təbii fəlakətdən ziyan çəkən əhaliyə arxa-dayaq olmuş, onlarla görüşərək dəymiş bütün ziyanın dövlət hesabına ödəniləcəyini bildirmişdir. Xalq İlham Əliyev kimi uzaqgörən, praqmatik düşüncəli, qayğıkeş, xalqını, Vətənini böyük məhəbbətlə sevən bir şəxsiyyəti prezident seçməsindən məmnunluq hissi keçirmişdir. Azərbaycan Prezidentinin göstərişi ilə sel və daşqınlardan əziyyət çəkənlərə maddi yardım göstərilmiş, onlar daha təhlükəsiz ərazilərdə məskunlaşdırılmış, zəruri ərzaq məhsulları ilə təmin olunmuşlar. Dövlət başçısı onlarla görüşərkən demişdir ki, təbii fəlakət nəticəsində uçmuş evlərin hamısı dövlət hesabına bərpa ediləcək, yeni evlər tikiləcək.
Mənim deputat seçildiyim Sabirabad rayonunda da təbii fəlakətin acı fəsadları özünü göstərdi. Bu müddət ərzində seçicilərimlə bir yerdə oldum. Onlarla görüşən zaman hiss edirdim ki, dövlət başçısının diqqət və qayğısı evlərini itirmiş, ciddi ziyanla qarşılaşmış ailələrdə sabaha böyük ümid, inam yaradıb. Operativ görülən işlər nəticəsində sel və daşqınların qarşısı alındı. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrıldı. Söz yox ki, xarici dövlətlər də təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında kömək etməyə hazır olduqlarını bildirdilər. Bu da səbəbsiz deyildir. Azərbaycan dövləti həmişə çətin məqamlarda digər ölkələrdən öz köməyini əsirgəməyib. Buna ölkəmizin iqtisadi qüdrəti zəmin yaradıb. Biz bu dəfə də Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlət olduğunu müşahidə etdik. Çünki təbii fəlakətin vurduğu ziyan heç bir dövlətdən maddi yardım almadan öz vəsaitimiz hesabına aradan qaldırılır.
Bu il dünyanın əksər ölkələr təbii fəlakətin acı fəsadları ilə qarşılaşdı. Avropa, Amerika və Asiyanın əksər bölgələri sel və daşqınlara məruz qaldı. Ölkəmiz təbii fəlakətin qarşısını minimum itkilərlə aldı. Dövlət başçımızın tapşırığı və tövsiyələri ilə bütün qüvvələr təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yönəlib. Möhtərəm Prezident 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yukunlarına həsr olunmuş iclasdakı çıxışında sel və daşqınlardan zərər çəkən insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar konkret tapşırıqlar verdi. Dövlət başçısı dəymiş ziyanın dövlət hesabına aradan qaldırılacağını diqqətə çatdıraraq dedi:
"Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilibdir. Biz ilk növbədə, dağıdılmış evləri qısa müddət ərzində bərpa etməliyik. Azərbaycan dövləti bu işi öz üzərinə götürübdür. Bu da deyə bilərəm ki, dünyada çox nadir olan bir haldır. Başqa ölkələrdə evlər sığortalanıb və dövlət, demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materialdan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik.
Sel və daşqınlar zamanı uçmuş evlərin tikintisi və ziyan dəymiş evlərin bərpası işinə artıq başlanılıb. Onu da qeyd edim ki, dünyanın heç bir ölkəsində təbii fəlakət nəticəsində uçmuş evlər dövlət vəsaiti hesabına tikilmir. Azərbaycanda isə bu işin həyata keçirilməsi üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına əhaliyə kompensasiya da ödəniləcək. Artıq kompensasiyaların ödənilməsi prosesinə başlanılıb. Məlum olduğu kimi, təbii fəlakət insanların əkin sahələrini, mal-qaralarını, toyuq-cücələrini məhv etmişdir. Dövlət başçısı bu ziyanın da əvəzinin ödənilməsi barədə göstəriş verib. Demək insanların həyat səviyyəsinin, yüksəldilməsi, onların güzəranının yaxşılaşdırılması bir an da olsun dövlətin diqqətindən yayınmır.
Sel və daşqına məruz qalmış kəndlərdə qızğın iş gedir. Daha təhlükəli ərazilərdə yerləşən sakinlər öz razılıqları ilə başqa yerlərə köçürüləcək. Artıq həmin ərazilər müəyyənləşdirilmiş və yeni evlərin tikintisinə başlanılmışdır. Dövlət başçısının tapşırığına əsasən qış gələnə qədər tikinti və bərpa işlərinin tam əksəriyyəti başa çatdırılmalı, təbii fəlakətdən ziyan çəkənlər normal şəraiti olan evlərə köçürülməlidir. Bu işlərlə bərabər bəndbərkitmə işləri də davam etdirilir. Təbiət bir daha bizləri sınağa çəkəndə bütün çətinliklərə hazır olmalıyıq.
Mən tez-tez seçicilərimlə görüşür, onlara dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar görülən işlərlə yaxından tanış oluram. Hər dəfə də əhalinin dövlət başçısına minnətdarlığını eşidirəm. Onlara ən zəruri ərzaq məhsullarının paylanılmasında da problem yoxdur. Bu barədə yayılan şayiələrin heç bir əsası yoxdur. Görünür, kimlərsə yaranmış vəziyyətdən istifadə edərək könül bulandırmağa çalışırlar. Buna isə nail ola bilməyəcəklər. Çünki xalq gördüyünə inanır. Dövlətimizin əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yaşayış tərzinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər göz qabağındadır. Möhtərəm Prezidentimiz 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu məsələni xüsusi olaraq diqqətə çatdırdı. Bir sıra məsələlərlə yanaşı, sel və daşqınlardan əziyyət çəkən insanların üzləşdiyi problemlərin aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələr müvəffəqiyyətlə həyata keçirilir.
Rüstəm XƏLİLOV,
Milli
Məclisin deputatı
Xalq qəzeti.- 2010.-
12 avqust.- S. 4.