2010 - Ekologiya ili

 

    Gədəbəy meşələri ciddi şəkildə qorunur

 

    Vasif Nəbiyev bütün varlığı ilə meşəyə, yaşıllığa, təbiətə vurğun adamdır. Az qala hər ağacın yanında dayanır, pöhrələrini oxşayır, təbii artım sahələrini həvəslə bizə göstərir. - Başlı-başına buraxsaydın, indi bunların yerində kol-kos görərdiniz, - deyir. - 27 min 180 hektar meşə sahəsinə baxmaq, onu qorumaq o qədər də asan məsələ deyil. Ona görə də yaşayış sahələrinə yaxın meşələri çəpərə alırıq ki, mal-qara, qoyun-quzu keçə bilməsin. Təbii bərpanın yerini heç nə verə bilməz. Nə qədər toxum əksən də, təzə ağac basdırsan da ona çatmaz. Məhz bu məqsədlə tinglik sahələrinin ətrafına 16 kilometr məsafədə çəpər çəkmişik, təxminən bir o qədər də köhnə çəpərlərdə təmir işləri aparmışıq.

 

    Yuxarıda qeyd etdik ki, Vasif Nəbiyev təbiətə hədsiz bağlı adamdır. Bu, təkcə Gədəbəyin füsunkar sıx meşələri, Vasifin doğulub boya-başa çatdığı Arabaçı kəndinin gözəlliyi, büllur bulaqları, əlçatmaz dağları ilə ölçülmür. Hətta Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının meşə, meşə-park təsərrüfatı ixtisasını almasını, ali təhsilli meşəçi olmasını da bu bağlılıqla əlaqələndirmək düzgün deyil. Təbiətə məhəbbət gərək insanın qanında-canında olsun...

    Heç beş il yox idi ki, Gədəbəy rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru işləyirdi ki, Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı"nın təsdiq edilməsi haqqında" 28 sentyabr 2006-cı il tarixli sərəncamı imzaladı. V.Nəbiyev rəhbərlik etdiyi kollektivin üzvlərini bir yerə yığıb elə təbiətin qoynundaca onlarla söhbət etdi, təklifləri dinlədi, vəziyyətin nə yerdə olduğunu aydınlaşdırdı və nəticədə çox geniş, perspektiv bir tədbirlər planı hazırlandı. Məhz bu illər ərzində rayonun meşə ərazisində, xüsusilə açıq, seyrək, ağaclıq, meşə talasında 537 hektar sahədə meşə əkini və səpini işləri aparıldı, 4 hektardan çox tinglik sahəsi yaradıldı və orada yetişdirilən tinglərdən meşə əkinlərində istifadə olundu. Təxminən 331 hektar sahədə bitiş faizi aşağı olan yerlərdə əlavə doldurma işləri aparıldı. Beləcə 1 milyondan çox ağac tingi əkildi və 1225 hektar sahədə təbii bərpaya köməklik işləri həyata keçirildi. Bu dövrdə meşə ağaclarından 16,4 ton toxum tədarükü olunmuş və ondan Gədəbəy meşələrində təbii bərpaya kömək məqsədilə istifadə edilməklə yanaşı, digər müəssisələrə də verilmişdir.

    Ölkə Prezidentinin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə bağlı müəssisə kollektivi daha gərgin və səmərəli işləməyə üstünlük verib. Bu ilin 6 ayı ərzində 45 hektar sahədə meşə əkini aparılmış, 135 min 300 ədəd ting əkilmiş, 0,16 hektar sahədə tinglik sahəsi yaradılmış, 566,5 hektar sahədə meşə əkinlərinə xidmət işləri aparılmışdır.

    Qeyd etməliyik ki, Gədəbəyin meşə ərazilərinin çox hissəsi Ermənistanla həmsərhəd olan zonalarda yerləşməklə yanaşı, həm də dağınıq haldadır. Bir tərəfdən, ərazinin sərhəd zonasında olması, digər tərəfdən son illərdə əhalinin mal-qarasının sayının artması meşələrin qorunub saxlanmasına, mühafizə olunmasına böyük çətinliklər yaradır və daim ayıq-sayıq olmağa səfərbər edir. Nəzərə alsaq ki, qış aylarında əhalinin yanacağa olan tələbatı artır, o zaman mühafizə işinin necə məsuliyyətli və çətin olduğunu təsəvvür etməmək mümkün deyil. Bütün bunlara baxmayaraq, müəssisənin kollektivi onlara tapşırılan işin məsuliyyətini dərindən dərk edir.

    "Gədəbəyin meşələrində nə ağac desən tapmaq mümkündür. Ən qiymətli ağac növləri - fıstıq, vələs, ağcaqayın, palıd, göyüc, qaraağac, cökə və sair bu kimi ağaclar həm də bərpaya çox həssasdır. Buna görə də yuxarıda qeyd etdiyimiz mühafizə tədbirlərinin hər gün, hər saat aparılması, bu işdə arxayınçılığa yol verilməməsi çox vacibdir. Meşə ərazilərinin qorunması həm flora, həm də fauna üçün münbit şərait yaradır. Nəzərə alsaq ki, meşə ərazilərində müxtəlif tarixi abidələr, o cümlədən "Qız qalası", "Mahraca" (şəkillərdə) və digər abidələr var, o zaman işə arxayınçılıqdan söhbət belə gedə bilməz.

    Vasif Nəbiyev gileylərini də bildirdi. Dedi ki, bəzi adamlar yalnız özlərini fikirləşir, ağacların gələcəyi onları maraqlandırmır. Elə ki, əlinə fürsət düşdü, baltanı hara gəldi vurur. Belələrinə qarşı amansız mübarizə aparırıq. Təkcə bu ilin 6 ayı ərzində meşə qanunvericiliyini pozduğu üçün 12 şəxs barədə iş hüquq-mühafizə orqanlarına göndərilmişdir. Müəssisənin direktoru etiraf etdi ki, belələri öz işçiləri arasında da təsadüf olunub və onlara qarşı ən sərt tədbirlər görülüb.

    Vasif Nəbiyev gələcəyə nikbin nəzərlərlə yanaşır. Deyir ki, təbii qaz üzünə həsrət qalan kəndlərimizə çox keçməyəcək qaz xətləri çəkiləcək və bu istər-istəməz meşələrin qorunub saxlanmasına öz təsirini göstərəcəkdir.

    Gədəbəyin meşələri əvəzsiz bir sərvətdir. Onu qorumaq təkcə meşə işçilərinin deyil, hər bir vətəndaşın müqəddəs borcudur. Yaşıllıq olan yerdə gözəllik, sağlamlıq var. Rayon icra hakimiyyəti son vaxtlar təkcə meşələrin qorunmasına deyil, rayonun hər bir kənd və qəsəbəsində, şəhərin özündə yaşıllıqların artırılmasına xüsusi diqqət göstərir, müsabiqələr təşkil edir, yaşıllaşdırma işində fərqlənənlərin mükafatlandırır. Bu işə artıq hamı qoşulub. "Hərəmiz 10 ağac əkək" devizi bax, beləcə bütün Gədəbəyi əhatə edib.

 

 

    Hamlet QASIMOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 12 avqust.- S. 4.