Qurani-Kərimin yeni
nəfis nəşri
Müqəddəs
Qurani-Kərimin dünya dillərinə tərcüməsi ilə
bərabər, kitabın müxtəlif ölçülərdə,
tərtibatda və mükəmməl poliqrafik icrada nəşri
də daim diqqət mərkəzində olmuşdur. Dünyanın
qabaqcıl ölkələri, nüfuzlu nəşriyyatlar
Quranın yüksək peşəkarlıq, orijinal tərtibat
və klassikliyin müasirliklə vəhdətindən
yaranmış çalarlar əsasında nəşri işinə
xüsusi önəm verirlər. Dünya kitab nəşri
tarixində Qurani-Kərimin ən kiçik ölçüdə
- uzunluğu cəmi bir neçə santimetr və ən
bahalı - qiymətli daş-qaşla bəzədilmiş nadir
nüsxələri də vardır.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, bu baxımdan
ölkəmizin də kitab mədəniyyəti tarixində əlamətdar
hadisə baş vermişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü və
dəstəyi ilə müqəddəs kitabımız Qurani-Kərim
çox nəfis və orijinal poliqrafik icrada işıq
üzü görmüşdür. Yüksək peşəkarlıq
və zövqlə hazırlanmış Qurani-Kərimin bu nəşrinin
onun nazil olduğu mübarək Ramazan ayında ictimaiyyətə
təqdim olunması da təsadüfi deyildir.
Xüsusi texnologiya əsasında
aşılanmış dəri ilə cildlənmiş
kitabın üz qabığı Svarovski daşları ilə
bəzədilmiş, səhifələr kalliqrafik
naxışlarla səliqəli çərçivəyə
salınmışdır. Tirajın hər nüsxəsi
yüksək zövqlə hazırlanmış və əl
işi ilə tamamlanmış qızılı rəngli
qutuda yerləşdirilmişdir.
Futlyarında "Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi"
sözləri yazılmış Qurani-Kərimin bu nəşri
də kitab mədəniyyəti tarixində layiqli yerini
tutacaqdır.
Xalq qəzeti.- 2010.- 14 avqust.- S. 2.