QLOBAL MALİYYƏ BÖHRANI:
iqtisadi tənzimləmə mexanizmlərindən səmərəli
istifadənin Azərbaycan təcrübəsi
(əvvəli qəzetin 7 və 8
avqust 2010-cu il tarixli saylarında)
3. Böhranın təsirlərindən qorunmada maliyyə,
pul-kredit və valyuta mexanizmlərindən səmərəli
istifadə
Dünya təcrübəsi
göstərir ki, maliyyə-iqtisadi böhranından
çıxmağın ilkin şərti - makroiqtisadi sabitliyin
yaradılması, onun əsas göstəriciləri olan
inflyasiya tempinin aşağı salınması və milli
valyutanın möhkəmləndirilməsidir. Bu məqsədlərə
nail olunması isə büdcə-vergi və pul-kredit siyasətinin
bazar iqtisadiyyatının tələblərinə uyğun
olaraq yenidən qurulmasını və xüsusi olaraq sərtləşdirilməsini
tələb edir. 1994-cü ildən başlayaraq
Milli Bank tərəfindən Azərbaycanın iqtisadi durumunun
reallıqlarını nəzərə alaraq, çevik və
sərt pul-kredit siyasət yeridilməyə başlandı.
O, banklar tərəfindən lüzumsuz, inflyasiya doğuran
maliyyə-kredit qoyuluşunun tempini tənzimləmək
üçün həm mərkəzi resursların
satışını məhdudlaşdırmağa, həm də
resurs haqqını, yəni kredit faizinin həcmini yüksəltməyə
başladı. Bundan əlavə, bir sıra digər
zəruri tədbirlər də həyata keçirildi.
Son illərdə
maliyyə sahəsində aparılan islahatlar nəticəsində,
maliyyə bazarlarının bütün seqmentlərində
canlanma və inkişaf müşahidə olunmuşdur. Mərkəzi
Bank tərəfindən bu dövr ərzində daxili maliyyə
bazarının inkışafının
stimullaşdırılması və yeni monetar tənzimləmə
alətlərinin tətbiqi istiqamətində üç əsas
məqsədə xidmət edən tədbirlər həyata
keçirilmişdir. Bunlara - bank sisteminin
qısamüddətli likvidliyini
proqnozlaşdırılması sisteminin tətbiqi,
banklararası mütəşəkkil kredit bazarının
yaradılıb təkmilləşdirilməsi, yeni monetar alətlərinin
təhlili və tətbiqi daxildir. Bu
artıq öz nəticələrini vermişdir. Məsələn, 2004-cü ildən başlayaraq,
maliyyə bazarlarının hər bir seqmentinin daha da
inkişaf etdirilməsi məqsədilə daxili maliyyə
bazarlarının inkişafının
stimullaşdırılması və dəstəklənməsi
və yeni monetar tənzimləmə alətlərinin təhlili
və tətbiqi istiqamətində geniş tədbirlərin həyata
keçirilməsinə üstünlük verilməkdədir.
Valyuta
ehtiyatlarının kifayət qədər böyük həcmdə
olması onun bir hissəsinin ölkəyə gətirilərək
yerli banklarda yerləşdirilməsinə imkan verməklə
yanaşı, iqtisadiyyatın real sektorunun maliyyə
ehtiyaclarının qarşılanmasında da mühüm rol
oynaya bilər.
Azərbaycanın valyuta ehtiyatlarının bir
hissəsinin Azərbaycan banklarında yerləşdirilməsi
məsələsi artıq müzakirə olunur.
Məlum
olduğu kimi, inkişaf etmiş ölkələrdə
böhrandan ən çox zərər çəkən
investisiya fondları və investisiyayönümlü
banklardır.
Azərbaycanda isə banklar daha çox kommersiya
əməliyyatlarını kreditləşdirir, əhali
öz sərbəst vəsaitlərini investisiyalara deyil, əsasən
depozitlərə və dönərli valyutaların
alınmasına istiqamətləndirir. Məhz
bu meyillər indiyəcən böhranın təsirini müəyyən
mənada yumşaldıb, indi qarşıda duran əsas məsələ
böhranın gözlənilən sonrakı fəsadlarını
zərərsizləşdirməkdir. Bunun
üçün isə qabaqlayıcı tədbirlər
görülməlidir. Əvvəlcə
böhran şəraitində ən çox ziyan çəkməsi
ehtimalı olan iqtisadi fəaliyyət sahələri müəyyən
olunmalıdır.
Bu tədbirlər
kompleksinə ilk növbədə Mərkəzi Bankın
pul-kredit siyasətinin davam etdirilməsi və Azərbaycanın
xarici banklardakı valyuta ehtiyatlarının bir hissəsinin
ölkə banklarında yerləşdirilməsi daxildir. Bu vəsaitlər
güclü dövlət nəzarəti altında yalnız
iqtisadiyyatın real sektoruna yönəldilməli,
ixracyönümlü müəssisələr maliyyə cəhətdən
dəstəklənməli, ixrac edilən xammal və
materialların emalı üzrə yeni müəssisələrin
yaradılmasına üstünlük verilməlidir. Eyni
zamanda istehlak qiymətlərinin azaldılması,
inhisarçılıqla mübarizə üçün maliyyə
və istehlak bazarına nəzarət gücləndirilməli,
banklara dəstək, kreditlərə və faiz dərəcələrinə
nəzarəti əhatə edən maliyyə monitorinqi sayəsində
real iqtisadiyyata sərmayə qoyuluşları
artırılmalı, sahibkarlara daha böyük məbləğdə
kreditlərin verilməsi, aqrar sektorun inkişafı
üçün lazımi tədbirlərin görülməsi,
sosial öhdəliklərin dəstəklənməsi, sənaye
müəssisələrinin daxili bazara istiqamətləndirilməsi
və ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri
davam etdirilməlidir.
Dövlətin
və kommersiya banklarının pul ehtiyatlarının kifayət
qədər olması və qiymətli kağızlar
bazarının zəif inkişafı maliyyə
böhranının iqtisadiyyata sarsıdıcı təsirini
bir qədər yubatmışdır. Lakin, bununla belə
Neft Fondunun gözlənilən gəlirlərinə və
qeyri-neft sektoru məhsulunun həcminə mənfi təsir
etmişdir. İdxal olunan bir sıra məhsulların,
xüsusən tikinti məhsullarının qiymətlərində
hiss ediləcək dərəcədə ucuzlaşma baş
vermişdir. Ona görə də,
inflyasiyanın səviyyəsi aşağı
düşmüşdür. Kommersiya
banklarının xaricdən kredit resurslarının cəlb
etmək imkanlarının azalmasına və əhalinin bir
qisminin ehtiyatlanma motivi ilə depozitlərin bir hissəsinin
geri götürməsinə baxmayaraq, kredit vermə
imkanları qalmaqdadır. Mərkəzi Bankın prosesə
çevik reaksiyası sayəsində, 2009-cu il fevralın 2-dən
etibarən uçot dərəcəsi 3% endirilərək 5%-ə
çatdırılıb, manat və xarici valyutada məcburi
ehtiyat norması 6%-dən 3%-ə, həmin ilin 1 mart tarixindən
isə 0,5 faizə endirilmişdir . Yenidən maliyyələşmə
dərəcəsi də analoji surətdə 15 faizdən
2009-cu ilin may ayında 2 faizə endirilmişdir. Qlobal iqtisadi böhranın dərinləşməsi
şəraitində, pul siyasətinin istiqamətlərinə
uyğun olaraq Milli Bank, makroiqtisadi tarazlığın, maliyyə
sabitliyinin dəstəklənməsi və ölkədə
iqtisadi fəallığın saxlanılması məqsədilə
onun yüngülləşdirilməsini davam etdirir.
Lakin Mərkəzi
Bankın mərkəzləşdirilmiş kredit resursları
kommersiya banklarının kredit resursları içərisində
böyük paya malik olmadığı üçün bu uçot
dərəcəsinin kommersiya banklarının kredit faizlərinə
və məbləğinə böyük təsiri
olmamışdır. Belə ki, kredit təşkilatlarının iqtisadiyyata
kredit qoyuluşları 2008-ci ildəki 7163,2
milyon manatdan 2009-cu ilin 8407, milyon manata
çatmışdır. 2009-cu ilin yanvar-dekabr ayları ərzində
Mərkəzi Bankın yenidən maliyyələşmə
faizi ilə kommersiya banklarına verdiyi kreditlər 1315,4 milyon manat təşkil edib ki, bu da
bankların verdiyi cəmi kreditlərin 15,6 faizini təşkil
etmişdir.
Sərt
pul-kredit siyasəti və dövlət büdcəsinin
balanslaşdırılması vasitəsilə makroiqtisadi
sabitləşmə tədbirləri ilə yanaşı, Azərbaycan
Respublikası Mərkəzi Bankının timsalında mərkəzi
bank və kommersiya banklarından (onların sayı tədricən
azalaraq 2009-cu ildə 46-ya çatıb) ibarət ikipilləli
bank sistemi formalaşmışdır. 2009-cu ilin əvvəlinə Azərbaycanda
bank aktivlərinin ümumi məbləği 10916,8 milyon manata
- o cümlədən Mərkəzi Bankın aktivləri 4907,8
milyon manata; kommersiya banklarınınkı 6009,0 milyon manata
çatmışdır. Başqa sözlə, Azərbaycan
banklarının ümumi aktivləri 2000-ci illə müqayisədə
10,1 dəfə, Mərkəzi Bank üzrə
13,9 dəfə, kommersiya bankları üzrə isə 8,3 dəfə
artmışdır. Lakin son 2 ildə böhranla əlaqədar
Mərkəzi Bankın beynəlxalq ehtiyatları əvvəlki
illə müqayisədə təxminən 1,1
milyard dollar azalaraq 5,77 milyard dollara
düşmüşdür.
Bankların
mühüm vəzifələrindən biri maliyyə təhlükəsizliyinə
təsir göstərən pul-kredit və valyuta münasibətləri
sahəsində dövlət siyasətinin
reallaşmasını təmin etməkdir. Bu sahədə
əhəmiyyətli işlər görülmüş və
müəyyən nailiyyətlər əldə edilmişdir.
Müasir dövrdə kreditləşdirmə
bank xidmətləri bazarında ixtisaslaşmanın əsas
növü kimi çıxış edir. Belə ki,
2000-ci ildə kommersiya banklarının kredit qoyuluşları
bütövlükdə bank aktivlərinin 64,1%-ni,
2004-cü ildə 94,2%-i təşkil etdiyi halda, 2009-cu ildə
kredit qoyuluşları bankın ümumi aktivlərini 19,1%
üstələmişdi. 2000-ci ildə kredit
qoyuluşlarının 65,5%-i dövlət banklarının,
34,1%-i özəl bankların, 0,4%-i isə qeyri-bank kredit təşkilatlarının
payına düşürdüsə, 2004-cü ildə bu
göstəricilər müvafiq olaraq - 45,8:45,7 və 8,6%;
2009-cu ildə isə 46,5:51,4 və 2,1% təşkil
etmişdir.
Bu, onu göstərir
ki, respublikanın bank sistemində kommersiya bankları ilə
iqtisadiyyatın real sektoru arasında kreditlərdən səmərəli
istifadə edilməsi sahəsində problemlər vardır. Məhz bunun nəticəsidir
ki, iqtısadiyyata qoyulmuş bank kreditlərinin əsas hissəsini
qısamüddətli kreditlər təşkil edir. Həmçinin
kreditlərin əksəriyyəti istehsal sahələrinə
deyil, ticarət və xidmət sektoruna (25,5%),
fiziki şəxslərə (35,9%), inşaat və əmlaka
(6,7%) qoyulur. Sənaye və istehsal sektoruna qoyulan kreditlərin
həcmi cəmi 6,6%, kənd təsərrüfatına
4,2%-dir. Bunun əsas səbəbi odur ki, kommersiya
banklarının uzunmüddətli kredit vermək imkanları
məhduddur və həm də onların Milli Bankdan 15%-lik dərəcə
ilə götürdükləri kreditləri uzun müddətə
vermək, xüsusən də istehsal sahələrinə
yönəltmək onlar üçün heç sərfəli
deyildir.
Çoxsaylı
tədqiqatlar və təsərrüfat praktikası
inandırıcı şəkildə göstərir ki, özəl
banklar maliyyə resurslarını iqtisadiyyatda dövlətdən
xeyli dərəcədə daha səmərəli paylayır,
daha kiçik marjaya (cəlb edilən və verilən kredit
resurslarının dəyərləri arasında fərq)
malikdir və bundan savayı, maliyyə sabitsizliyinin (o cümlədən
bank böhranı ehtimalının) dərəcəsini
aşağı salırlar. Beləliklə, sistem
böhranı təhlükəsi yarananda, dövlət maliyyə
sektorunun fəaliyyətinə daha aktiv qarışmağa məcburdur,
amma o, bu mərhələdə yalnız ötəri təhlükələri
dəf etmək barədə düşünməməli, həm
də aparıcı rolun özəl sektora ötürülməsinin
uzunmüddətli planına malik olmalıdır.
Bank sektoru hər
bir ölkənin iqtisadiyyatının inkişafında
çox mühüm rol oynayır. Azərbaycanda
investisiya layihələri və proqramlarının milyardlarla
ölçülən böyük həcminə və
miqyasına baxmayaraq, bank sektorundan verilən kreditlərin,
xüsusilə iqtisadiyyatın real sektoruna verilən kredit
resurslarının da çox böyük əhəmiyyəti
vardır.
Ölkədə
son illər bankların maliyyə imkanlarının artması
da kredit qoyuluşlarının artmasına gətirib
çıxarmışdır. 2009-cu ildə Azərbaycanın
kommersiya bankları tərəfindən ölkə
iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 8,4 milyard manat təşkil etmişdir. Belə
ki, 2009-cu ildə ölkədə kredit
qoyuluşlarının həcmi 2001-ci ilə nisbətən 17,3 dəfə, o cümlədən milli valyuta (MV)
ilə verilmiş kreditlər 27,6 dəfə, xarici valyuta (XV)
üzrə isə 11,4 dəfə artmışdır.
Başqa sözlə, kredit qoyuluşları
artımının təkcə 2009-cu ildə 58,1%-i
milli valyuta hesabına olmuşdur.
2001-ci ildə verilmiş
kreditlərin 36,4%-i milli valyuta, 63,6%-i xarici valyuta ilə
verildiyi halda, 2009-cu ildə 28,1%-i MV ilə, 71,9%-i XV ilə
verilmişdir. 2001-ci ildə milli valyuta ilə verilmiş
kreditlərin 52,8%-i uzunmüddətli
olduğu halda, xarici valyuta ilə verilmiş kreditlərin
92,7%-i belə kredit olmuşdur. 2009-cu ildə bu göstərici
MV üzrə - 38,4%, XV üzrə isə
43,2% təşkil etmişdir. 2001-ci ildə verilmiş kreditlərin
27,7%-i, 2009-cu ildə isə 44,2%-i vaxtı
keçmiş kreditlərdir.
Müasir
qloballaşma şəraitində ölkədə makroiqtisadi
sabitliyin dayanıqlığının mühüm şərtlərindən
biri də valyuta ehtiyatlarının kifayətlıyıdir. İndiyədək
valyuta ehtiyatlarının optimal və ya minimal səviyyəsinin
müəyyənləşdirilməsi üzrə çoxlu
diskussiyalar aparılsa da, bu barədə yekdil fikir
formalaşmamışdır. Çünki
bu göstəriciyə həddən artıq çoxlu amillər
təsir göstərir. Belə ki, ölkənin
qızıl-valyuta ehtiyatlarına olan tələbatına məzənnə
rejimi, beynəlxalq kapital bazarlarına çıxış,
ölkə iqtısadiyyatının
açıqlığı və çeviklik dərəcəsi
və s. amillər də təsir göstərir.
Son illər
ölkənin tədiyyə qabiliyyətinin güclənməsi,
ixracat potensialının artması və xarici
investisiyaların artımı ilə əlaqədar olaraq
valyuta ehtıyatlarının həcmi sürətlə
artmaqdadır.
Azərbaycanın valyuta ehtiyatları hazırda
Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarından
və eləcə də Neft Fondunun vəsaitlərindən
ibarətdir. Hazırda ölkənin
strateji valyuta ehtiyatları 22 milyard ABŞ dollarını
ötmüşdür.
Son dövrlər
dünyanın aparıcı valyutalarının məzənnələrinin
kəskin tərəddüdləri bir çox ölkələrdə,
o cümlədən Azərbaycanda məzənnə siyasəti
amilinin əhəmiyyətini daha da artırmışdır. Belə ki,
dünyanın aparıcı valyutalarının məzənnələrində
müşahidə edilən əhəmiyyətli tərəddüdlər
ölkədə inflyasiya idxalına şərait yaratmaqla bərabər
iqtisadi subyektləri müəyyən dərəcədə məzənnə
riskinə həssas edir. Bundan başqa, Azərbaycanda
milli valyutanın məzənnəsinin ABŞ dollarına nəzərən
formalaşması bu valyutanın dünyanın digər
aparıcı valyutalarına qarşı kifayət qədər
dəyişkən olması şəraitində Milli Bankın
əsas operativ hədəfi olan nominal effektiv məzənnə
üzrə hədəfə nail olunması, son nəticədə
isə milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin
qorunması kimi vəzifələrin yerinə yetirilməsini
mürəkkəbləşdirir. Qeyd olunanları nəzərə
alaraq Milli Bankın İdarə Heyəti "2008-ci il
üçün pul siyasətinin əsas istiqamətləri
barədə Bəyanat"ına uyğun
olaraq 11 mart 2008-ci il tarixindən manatın dəyərinin
valyuta səbətinə nəzərən sabit
saxlanılması konsepsiyasının
reallaşdırılmasına başlamaq haqqında qərar qəbul
etmişdir. Məzənnə siyasətinin tətbiqinin
yeni mexanizminə keçid Milli Bankın nominal effektiv məzənnəyə
təsir imkanlarını artırmış və inflyasiya
idxalını neytrallaşdırmağa şərait
yaratmışdır. Ticarət partnyoru
olan ölkələrin valyutalarına nəzərən ikitərəfli
nominal məzənnələrinin dəyişiminin ticarət
xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi
ortasını əks etdirən manatın nominal effektiv məzənnəsi
2008-ci ildə ümumi ticarət dövriyyəsi üzrə
17.2% bahalaşmışdır.
Milli Bankın sərəncamında
olan valyuta ehtiyatlarının həcmi 2008-ci ildə 2,1 milyard ABŞ dollarından çox artaraq 6,1
milyard ABŞ dollarını ötmüşdür. Ölkənin
strateji valyuta ehtiyatları əvvəlki illə müqayisədə
2.5 dəfə artaraq 18 milyard ABŞ dollarını
ötmüşdür ki, bu da qeyri-neft sektoru üzrə mal və
xidmətlərin 27 aylıq idxalını maliyyələşdirməyə
kifayətdir. Dünya iqtisadiyyatının tənəzzülü,
qlobal likvidlik sıxıntısı və inflyasiyanın
azalması şəraitində iqtisadiyyatda likvidlik mənbələrini
dəstəkləmək üçün Milli Bank 2008-ci ilin
oktyabr ayından etibarən pul siyasətinə adekvat korreksiyalar
etmişdir. Milli Bankın uçot dərəcəsi
üç dəfə dəyişdirilərək 15%-dən
8%-ə endirilmişdir. Bankların likvidlik
göstəricilərinin daha da
yaxşılaşdırılması məqsədilə
onların xarici öhdəlikləri 5%-lik məcburi ehtiyat
normasından azad olunmuşdur. Daxili öhdəliklər
üzrə məcburi ehtiyat normaları isə 12%-dən 6%-ə
endirilmişdir. Məcburi ehtiyat
normalarının ortalama müddəti 1 ayadək
uzadılmışdır. Təkcə məcburi
ehtiyat normalarının azaldılması hesabına bank
sisteminə 350 milyon manat həcmində likvidlik dəstəyi
həyata keçirilmişdir.
2009-cu ildə
manatın nominal məzənnəsi ticarət partnyoru olan bəzi
ölkələrin (Avrozona), B.Britaniya, Türkiyə, İran,
İsrail, Çin valyutalarına nəzərən dəyərdən
düşməsinə baxmayaraq, ABŞ, Ukrayna və
Gürcüstan kimi ölkələrin valyutalarına nəzərən
möhkəmlənmişdir.
Valyuta-kredit
siyasətinin əsas məsələlərindən biri -
ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsidir. Bu istiqamət
üzrə həyata keçirilməli olan əsas tədbirlərdən
biri bank sektorunun xarici rəqabətdən qorunmasıdır.
Belə ki, 2004-cü il yanvarın 1-dən
xarici bankların Azərbaycan bank sektorunda iştirakına mane
olan limitlər aradan qalxıb. Neft
pullarının Azərbaycana gəlməsi ilə ölkənin
bank sektorunda fəaliyyətə başlamaq arzusunda olan
bankların sayı artıb. Artıq Rusiyanın "Vneştorq"bank,
Almaniyanın "Kommersbank"ı Azərbaycanda mövcud
olan bankların səhmlərinə sahib olmaq istədiklərini
bildiriblər və bu proses 2008-ci ilin ortalarından
başlayıb. Ancaq nəzərə almaq
lazımdır ki, Avropa və Asiyanın nəhəng
banklarının aktivləri Azərbaycanın ümumi bank
sektorunun aktivlərindən 10 dəfələrlə
çoxdur ki, onların birbaşa Azərbaycanın
banklarına sərbəst yiyələnməsi ölkənin
iqtisadi təhlükəsizliyini risk altında qoya bilər.
Çünki müxtəlif siyasi, iqtisadi və
digər amillərin təsiri altında həmin bankların Azərbaycanın
pul dövriyyəsinə əlavə pulların qoyması və
ya çıxarması ölkənin iqtisadi inkişafına təhlükə
yarada bilər. Buna misal olaraq maliyyə
böhranı nəticəsində 2008-ci ilin sonlarında Azərbaycanda
bəzi kommersiya banklarının xarici öhdəlikləri
icra edərkən müəyyən problemlərlə
rastlaşmalarını göstərmək olar. Belə ki, 2008-ci ildə Azərbaycan bankları
xarici maliyyə mənbələrindən 2 milyard dollar sərbəst
vəsait cəlb etmişdilər. Hal-hazırda
belə sərbəst vəsaitlərin cəlb olunması
prosesi bir xeyli çətinləşib. Çünki
dünyada kreditlərin sərbəstliyi əsaslı şəkildə
azalıb, faiz dərəcələri xeyli artıb. Bu ona gətirib çıxarıb ki, Azərbaycan
kommersiya bankları xaricdən lazımi miqdarda kredit cəlb edə
bilmirlər və müvafiq olaraq ölkədə banklar əhaliyə
kredit verməyi dayandırmışlar. Həmçinin
dünyadakı maliyyə böhranı xarici bankları
likvidlik problemi yaratdığından, onlar Azərbaycan
banklarına verdikləri vəsaitlərin müddətini
uzatmaqdan imtina etdiklərindən, öhdəliklərin birdən
- birə, təcili icra edilməsi Azərbaycanın kommersiya
banklarına problemlər yaratmışdır.
Bu baxımdan,
kommersiya banklarının xaricdən cəlb etdiyi kapital onun
nizamnamə kapitalının məbləğinə uyğun
olaraq limitləşdirilməlidir. Bu proses, Azərbaycanın bank
sisteminin xarici kapitaldan asılılığını
azaldaraq, borcların geri qaytarılmasında yaranacaq riski
minimuma endirəcəkdir. Digər bir tədbir -
xaricdən cəlb edilmiş vəsaitdən məcburi
ehtiyatlara ayırmalar müəyyən edilməsidir. 2008-ci ilin avqust ayında kommersiya banklarının
xaricdən cəlb etdiyi vəsaitin 5%-i məbləğində
məcburi ehtiyatlara ayırmalar tətbiq edilsə də,
2008-ci ilin oktyabr ayında dünyada baş vermiş maliyyə
böhranı ilə əlaqədar bu ayırmalar ləğv
edilmişdir. Ancaq qeyd etmək
lazımdır ki, məcburi ehtiyata normaların tətbiqi istənilən
halda, ölkənin iqtisadi təhlükəsizliyi
baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə,
Azərbaycanın valyuta-maliyyə əlaqələrinin tənzimlənməsi
və ölkənin iqtisadi təhlükəsizliyini təmin
etmək üçün aparılan valyuta siyasətinin tərkib
hissələrdən biri də valyuta məhdudiyyətlərinin
tətbiq edilməsidir. Valyuta məhdudiyyətlərinin tətbiq
edilib edilməməsi barədə iqtisadi ədəbiyyatda
müxtəlif fikirlər və mövqelər mövcuddur.
1990-cı illərdə Meksikada, 1997-98-ci illərdə
Cənub-Şərqi Asiyada, 2000-2001-ci idə Argentinada baş
vermiş maliyyə böhranları göstərdi ki,
dünyada baş vermiş bu cür böhranlar çox vaxt əvvəlcədən
proqnozlaşdırılmır və gözlənilmədən
baş verir. Müasir maliyyə
bazarının dəyişkənliyi isə kifayət qədər
risklidir. Dünya ölkələrində
baş verən bu böhranlardan sonra müxtəlif ölkələrdə
aparılan araşdırmalarda belə bir məqama daha
çox rast gəlinir ki, əslində həmin
böhranların baş verməsinə və genişlənməsinə
beynəlxalq maliyyə maqnatları təkan veriblər. Nəzərə alsaq ki, Azərbaycanda maliyyə və
valyuta bazarı beynəlxalq maliyyə maqnatları və
transmilli kompaniyalar üçün çox kiçikdir, onda
ölkənin valyuta qanunvericiliyinin iqtisadi təhlükəsizliyin
bütün maliyyə-valyuta kriterilərinə cavab verməsi
ən əsas vəzifə olmalıdır.
Ancaq son illər
istər elmi-iqtisadi ədəbiyyatda, istərsə də
kütləvi informasiya vasitələrində valyuta
qanunvericiliyinin liberallaşdırılması və valyuta məhdudiyyətlərinin
aradan qaldırılması barədə daha çox fikirlər
səslənməkdədir. Məsələn, belə bir fikir
mövcuddur ki, beynəlxalq valyuta-kredit və maliyyə əlaqələrinin
liberallaşdırılması, yəni mal və xidmətlərin
ticarəti sahəsində və valyuta sistemində məhdudiyyətlərin
aradan qaldırılması iqtisadi nəzəriyyədə
artıq mübahisəsiz qəbul edilmişdir və bu, həm
də, praktikada özünü doğruldan müqayisəli
üstünlüklər qanunun sərbəst işləməsinə
şərait yaradır. İkinci mövqeyə
görə - valyuta məhdudiyyətlərinin
yumşaldılması kapitalın beynəlxalq hərəkətini
sərbəstləşdirərək ölkəyə
dünya maliyyə bazarının vəsaitlərindən
istifadə etməyə imkan verir. Müasir
dövrdə beynəlxalq təşkilatların əsas tələblərdən
biri də məhz ixracdan daxil olan valyuta gəlirlərinin məcburi
satınalmasının aradan qaldırılmasıdır.
BVF-nin məlumatına görə 2000-ci ildə
dünyanın 72 ölkəsində ixracdan daxil olan
valyutanın, o cümlədən 42 ölkədə
bütün daxilolmaların məcburi satılması
qaydası qüvvədədir.
Azərbaycanda
valyuta qanunvericiliyini təhlil edərək belə bir nəticəyə
gəlmək mümkündür ki, aparılan iqtisadi
islahatların və iqtisadi sistemin
liberallaşdırılmasının tərkib hissəsi kimi
son illər valyuta qanunvericiliyində bir sıra müsbət
irəliləyişlər əldə olunmuşdur. Hazırda Azərbaycan
MDB ölkələri arasında valyuta sferasının
liberallaşdırılması sahəsində öncül
sıralarda gedir.
Bütün
bunlarla yanaşı Azərbaycanda da xarici iqtisadi əlaqələrin
və bütünlükdə iqtisadiyyatın inkişafına
mane olan valyuta məhdudiyyətləri hələ də
qalmaqdadır.
Cari valyuta əməliyyatlarına tətbiq edilən məhdudiyyətlər
yumşaldılsa da, valyutaların hərəkətinin
lisenziyalaşdırılması, ölkənin hüquqi və
fiziki şəxslərinə valyutanın aparılması və
köçürülməsi üçün sərbəst
rejimin olmaması, yerli rezidentlərə xarici banklarda hesablar
açılması, qiymətli kağızlar əldə
edilməsinə icazə verilməsi və s. kimi bəzi məhdudiyyətlər
aradan qaldırılmayıb. Bu baxımdan,
sonrakı illərdə Azərbaycanın maliyyə-valyuta əlaqələrinin
inkişaf etdirilməsi üçün ən mühüm məsələ
- mövcud valyuta məhdudiyyətlərinin aradan
qaldırılmasıdır.
Eyni zamanda, o da
vacibdir ki, valyuta qanunvericiliyinin liberallaşdırılması
ölkənin valyuta-qızıl ehtiyatına təsir etməsin
və milli valyutanın sabitliyi qorunsun. Bu halda,
valyuta-qızıl ehtiyatları idxalı maliyyələşdirməli,
həmçinin xarici borcların vaxtında ödənilməsini
təmin etməlidir. Məhz buna görə
də, müasir dövrdə ölkə daxilində maliyyə
valyuta sabitliyini təmin etmək üçün ən
mühüm göstəricilərdən biri kimi ölkənin
qızıl-valyuta ehtiyatlarının məbləğindən
istifadə olunur.
Son illər
dünyanın əksər ölkələrində valyuta
ehtiyatlarının artırılması üçün ciddi
tədbirlər həyata keçirilmişdir. 1990-cı illərdə
bir sıra ölkələrdə maliyyə böhranından
sonra bütün ölkələr qızıl valyuta
ehtiyatlarını artırmaq qərarına gəldilər.
Məsələn, Çexiya 3 aylıq ixracın məbləği
qədər, Çili 5-6 aylıq idxalın, Polşa isə
3-6 aylıq idxalın məbləği qədər valyuta
ehtiyatlarını artırmağa qərar verdilər. Statistik
məlumatlara görə əgər yüksək gəlirli
ölkələrin qızıl-valyuta ehtiyatları 1980-ci ildə
80517,9 milyon dollar idisə, 2003-cü ildə
bu göstərici 9,7 dəfə artaraq 777,97 milyard ABŞ
dolları olmuşdur. Orta gəlirli ölkələrdə bu
göstərici həmin dövrdə 6,2 dəfə,
aşağı gəlirli ölkələrdə isə 17,7 dəfə
artmışdır. Aşağı gəlirli
ölkələrdə valyuta-maliyyə böhranların
baş verməsi daha tez baş verə biləcəyindən,
həmin ölkələr valyuta ehtiyatlarını
artırmağa daha çox üstünlük vermişlər.
Ümumiyyətlə,
dünya təcrübəsi sübut edir ki, rəsmi
qızıl-valyuta ehtiyatları aşağıdakı
funksiyaları yerinə yetirir:
- cari əməliyyatlar
balansının kəsirinin maliyyələşdirilməsi;
- dövlətin
xarici borcunun maliyyələşdirilməsi;
- milli
valyutanın sabitliyini qorumaq üçün Mərkəzi
Bankların valyuta bazarına müdaxilə etməsi
- ölkənin
beynəlxalq likvidliyinin artırılması;
- əlavə
gəlir əldə edilməsi.
Bu baxımdan,
Azərbaycanda son illərdə toplanmış valyuta
ehtiyatlarından səmərəli istifadə edilməsi ən
vacib məsələlərdən birinə çevrilməlidir. Burada, neftin dünya qiymətlərinin
son 2 ildə xeyli aşağı düşməsinə
baxmayaraq, istənilən halda, hələlik bu səviyyə də
ölkəmiz üçün məqbul sayılmalıdır
və son illərdə ölkəyə sürətlə
daxil olmuş əlavə valyuta vəsaitlərindən xarici
borcların vaxtında qaytarılması ilə yanaşı
ölkə daxilində qeyri-neft sektoruna investisiya qoyuluşuna
yönəldilməsi də əhəmiyyətli ola bilər. Maliyyə böhranı ilə əlaqədar
reytinqindən və inkişaf səviyyəsindən
asılı olmayaraq, Avropa və Amerikada istənilən
bankın likvidlik problemi ilə üzləşmə təhlükəsinin
olması Azərbaycanın valyuta ehtiyatlarını risk
altında qoyur. Bu baxımdan, həmin vəsaitlərin
bir hissəsinin ölkə banklarında yerləşdirilməsi
həm kommersiya banklarının vəsait
qıtlığını aradan qaldırar, həm də bu vəsaitlərin
istifadəsinə dövlət nəzarəti
imkanlarını genişləndirə bilər.
Məlumdur ki,
dünya miqyasında maliyyə-kredit və valyuta bazarı fəaliyyət
göstərir. Lakin dünya bazarının mexanizmi elədir
ki, kredit faizi və valyuta kursları qalxıb enir. Eyni zamanda bu resurslar dünya konyunkturuna, məsələn,
siyasi və digər amillər nəticəsində tez-tez dəyişə
bilər. Bunun da nəticəsində
dünya valyuta və maliyyə bazarında böhranlı hadisələr
yarana bilər. Belə proses öz növbəsində
milli iqtisadiyyatın sabitliyini şübhə altına ala bilər
və iqtisadi artımı məhdudlaşdırar.
Bu gün
iqtisadçılar arasında mübahisəsiz qəbul edilən
fikirlərdən biri odur ki, xarici kapitalın tam açıq
şəkildə hər hansı bir ölkəyə
axını düzgün makroiqtisadi siyasət
aparılmadıqda müəyyən fəsadlara gətirib
çıxara bilər. Məhz bunu nəzərə alaraq, ölkəyə
xarici investisiyaların cəlb edilməsi kortəbii xarakter
daşımamalı, qısa müddətli likvidliyə malik
xarici kapitalın ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır.
Maliyyə sabitliyinin təmin edilməsi istiqamətlərinin
müəyyən edilməsində elə bir mexanizm
yaradılmalıdır ki, o, artıq əldə olan
resurslardan istifadə edilməsi imkanlarının genişlənməsinə
xidmət etmiş olsun. Bunun
üçün ehtiyat normasını azaltmaq, nağd pulun
ümumi pul kütləsində payını aşağı
salmaq, resursların depozitliyini məhdudlaşdırmaq
lazımdır. Ölkədə iqtisadi təhlükəsizliyi
qorumaq üçün iqtisadiyyatın
dollarlaşmasının müəyyən həddi keçməsinə
yol verilməməsi də vacib şərtlərdən biridir.
Dünya təcrübəsi göstərir ki,
sağlam milli iqtisadiyyatın formalaşmasında dövriyyədə
olan nağd pulla (Mo) ÜDM-in nisbətinin gözlənilməsi
mühüm əhəmiyyət kəsb edir. Ən yaxşı hal iqtisadiyyatın normal fəaliyyəti
üçün dövriyyədə olan pul kütləsinin
ÜDM-ə nisbətinin ən azı 70-80 faizi keçməməsidir.
2009-cu ildə bu rəqəm Azərbaycanda cəmisi 12,1 faiz təşkil etmişdir.
Bu prosesdə ancaq tələb
olunan səviyyədə - məsələn, strateji idxal,
xarici borcların ödənilməsi və s. kimi ən zəruri
ehtiyaclara valyuta resurslarından istifadə etmək
lazımdır. Əgər iqtisadi artımın maliyyələşdirilməsi
xarici mənbələr hesabına həyata keçirilirsə,
o zaman gələcəkdə ölkənin maliyyə
resursları dünya konyunkturundan asılı ola
bilər. Məhz buna görə də, strateji
baxımdan maliyyələşdiriləcək sahələrdə
milli iqtisadi subyektlərin hökmran mövqe tutması
üçün xüsusi mühit və şərait
yaradılmalıdır.
Müasir
dövrdə qloballaşma şəraitində ölkədə
makroiqtisadi sabitliyin dayanıqlığının
mühüm şərtlərindən biri də valyuta
ehtiyatlarının kifayətliyidir. İndiyədək
valyuta ehtiyatlarının optimal və ya minimal səviyyəsinin
müəyyənləşdirilməsi üzrə çoxlu
diskussiyalar aparılsa da bu barədə yekdil fikir
formalaşmamışdır. Çünki,
bu göstəriciyə həddindən artıq çoxlu amillər
təsir göstərir. Belə ki, ölkənin
qızıl-valyuta ehtiyatlarına olan tələbatına məzənnə
rejimi, beynəlxalq kapital bazarlarına çıxış,
ölkə iqtisadiyyatının açıqlığı və
çevikliyi dərəcəsi və s. amillər təsir
göstərir.
Azərbaycanda
valyuta-kredit münasibətlərinin
optimallaşdırılması daha çox tədiyyə
balansının gələcək vəziyyətindən
asılı olacaqdır. Belə ki, neftin dünya qiymətlərinin
aşağı düşməsi ölkəyə daxil olan
xarici valyutanı azaldacaq və müəyyən tədbirlər
həyata keçirilməsə, tədiyyə balansında
yaranacaq kəsirin aradan qaldırılması üçün
mövcud valyuta ehtiyatlarından istifadə edilməsi
qaçılmaz olacaqdır.
Azərbaycanda
investisiya mühitinin yaxşılaşması vergi
qanunvericiliyi təkmilləşdirilmədən
qeyri-mümkündür. Mütəxəssislərin fikrincə,
xarici investisiyalara stimul vermək üçün vergilərin
kütləvi şəkildə aşağı
salınması həmişə özünü doğrultmur.
Son dövrlərdə nəşr olunan iqtisadi ədəbiyyatda
da göstərilir ki, vergi güzəştlərinin birxətli
və qeyri-diferensial tətbiqi heç bir effekt verə bilməz.
Xarici investisiyaların vergi vasitəsilə
stimullaşdırılmasında verginin diferensasiyasına və
ünvanlılığına fikir vermək lazımdır.
Məsələn, ölkə üçün vacib əhəmiyyət
kəsb edən layihələrə qoyulan investisiyaları 5 il müddətinə mənfəət vergisindən
azad etməyi məqbul saymaq olar. İqtisadiyyatımızın
müqayisəli üstünlüklərə malik olan prioritet
sahələrini nəzərə alaraq, vergiqoymanın
diferensiasiya olunmuş prinsipini tətbiq etmək daha məqsədəuyğundur.
Xarici investisiyalara tətbiq edilən güzəştlər rəqabət
qabiliyyəti, yüksək texnologiya və s. tələblərlə
şərtlənməlidir. Verginin, tarifin,
güzəştin səviyyəsini müəyyən edərkən
rəqib ölkələrdəki investisiya iqlimini öyrənmək
də məqsədəuyğun olardı.
Lakin
aparılan təhlillər göstərir ki, son dövrlərdə
xarici investorlarla qurulan əlaqələr sistemində baş
verən bir sıra müsbət dəyişikliklərə
baxmayaraq, hazırda qeyd olunan üstünlüklərdən və
imkanlardan kifayət qədər tam və səmərəli
istifadə olunmur. Ona görə də, Azərbaycanda
güclü xarici investisiya axınına nail olmaq
üçün hər şeydən əvvəl bütöv
iqtisadi sistem formalaşdırılmalıdır. Dünya iqtisadiyyatında öncül yer tutan ölkələrin
təcrübəsini nəzərə alaraq demək olar ki, Azərbaycanın
xarici iqtisadi fəaliyyəti və xarici investorla effektiv
münasibəti iqtisadiyyatda ümumi liberallaşma prinsipləri
nəzərə alınmaqla qurmaq lazımdır. Ölkədə iqtisadi fəaliyyətin tənzimlənməsi
mexanizmləri beynəlxalq hüquq normalarına və
dünya praktikasına uyğun olmalı, iqtisadiyyatın və
xarici ticarət əlaqələrinin strukturu ölkənin
iqtisadi potensialına, daxili tələbatına və beynəlxalq
əmək bölgüsündə malik olduğu
üstünlüklərə uyğun olaraq
formalaşdırılmalıdır.
Hazırda
ölkəmizin malik olduğu bu üstünlüklərdən
istifadə edərək xarici investisiyaların cəlb edilməsini
sürətləndirmək, xüsusən biznesin
inkişafına mane olan məhdudiyyətləri aradan
qaldırmaq lazımdır. Qeyd edək ki,
dünyanın aparıcı təşkilatlarının
müəyyən etdiyi reytinq hər bir ölkə, əsasən
də iqtisadiyyatında xarici investisiyaya daha çox ehtiyac
duyulan ölkələr üçün çox əhəmiyyətlidir.
Xarici şirkətlər hər hansı bir
ölkə iqtisadiyyatına investisya qoyarkən beynəlxalq təşkilatların
həmin ölkə üçün qiymətləndirdiyi
investisiya və biznes mühitini əks etdirən göstəricilərə
böyük önəm verirlər. Son illər
Azərbaycan iqtisadiyyatında aparılan liberallaşma, özəl
mülkiyyətin inkişafı, biznes mühitinin
yaxşılaşdırılması və xarici investisiyalara əsaslı
güzəştlər edilməsinə baxmayaraq, beynəlxalq
təşkilatların reytinqində ölkəmizin tutduğu
mövqeyini daha da yüksəltmək imkanları vardır.
Bu baxımdan, ölkəmizin dünya
iqtisadiyyatına inteqrasiyasında ən önəmli məsələlərdən
biri xarici iqtisadi sferanın və bütünlükdə biznes
mühitinin liberallaşdırılması ilə
yanaşı ölkədə baş verən iqtisadi proseslər
barədə dünyaya daha dolğun məlumatlar
çatdırılmasıdır.
İqtisadiyyatın
sağlamlaşdırılmasının və antiböhran tədbirlərinin
həyata keçirilməsinə hazır olmağı əks
etdirən göstəricilərdən ən vacibi - ölkənin
xarici borcunun həcmidir. İstər xaricdən alınan kreditlər,
istərsə də daxili borclar müəyyən həddi
aşdıqda neqativ hala çevrilir və ölkənin
iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərir.
Dünya təcrübəsi göstərir ki,
xarici borclar ÜDM-nin həcmini 2-3 dəfə ötəndə
ölkənin iqtisadi təhlükəsizliyini şübhə
altına alır.
(ardı var)
Tanrıverdi PAŞA
Xalq qəzeti.- 2010.- 14 avqust.- S. 3.