Saatlı: İkinci Dövlət
Proqramının icrası böyük uğurla davam edir
Təbii fəlakətin vurduğu ziyana baxmayaraq,
2010-cu ilin birinci yarısı ümumilikdə uğurlu
olmuşdur
Dinamik yüksəliş
dayanıqlıdır
Bu ilin yazında baş
vermiş təbii fəlakət saatlılılara sözün
əsl mənasında dəhşətli günlər
yaşatdı - onların bir çoxu ev-eşiyindən oldu,
mal-mülklərinə zərər dəydi. Bu barədə
yazıda müəyyən statistik göstəricilər qeyd
olunacaq. Ancaq adama maraqlı gələn odur ki, "igid odur
atdan düşə atlana, igid odur hər əzaba qatlana" məsəlini
sanki elə bu camaatın barəsində deyiblər.
Doğrudan da bu cür fəlakətlə üzləşəndən
sonra sarsılmamaq, iradəni itirməmək, əzmi,
vüqarı qoruyub saxlamaq əsl fədakarlıqdır. Rayon
icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov
görülmüş işlərdən danışarkən əhalinin
yerli orqanlarla birgə, yorulmaq bilmədən fəaliyyət
göstərdiyini elə həvəslə vurğulayır ki,
bir daha inanırsan: doğrudan da elə bu əlamətlər əliqabarlı,
süfrəsi ruzili və qonaqlı Saatlı camaatının
xarakterik xüsusiyyətləridir. Zarafat deyil, bu qədər
daşqınlara, zərərə, ziyana baxmayaraq, Saatlı
rayonu 2010-cu ilin birinci yarısını da ümumilikdə
uğurlu göstəricilərlə tamamlamışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası Saatlı rayonunun da sosial-iqtisadi həyatında intensiv inkişafa zəmin yaratmışdır. Rayon icra hakimiyyəti mövcud potensialdan, yerli ehtiyatlardan və xammaldan, dövlətin dəstəyindən və daxili imkanlardan səmərəli istifadə etməklə, 2009-2013-cü illərdə iqtisadi sahədə sürətli inkişafı təmin etməklə məhsul istehsalını artırmaq, emal və tədarük müəssisələri yaratmaq, yeni iş yerləri açmaq, insanların məşğulluğunu artırmaq və yoxsulluq səviyyəsini azaltmaq, kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz, içməli su ilə təchizatını yaxşılaşdırmaq, sosial layihələri yerinə yetirməklə əhalinin rifah halını yüksəltmək, bu işlərdə sahibkarlara dəstək olmaq və bununla da rayonu iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bir vəzifə kimi qarşıya qoyulmuşdur. 2-ci Dövlət Proqramında nəzərdə tutulan tədbirlər daha geniş və əhatəliyi ilə fərqlənir. Proqramın uğurlu icrası hər bir yaşayış məntəqəsinin daha da müasirləşməsi və inkişafı deməkdir. Dövlət Proqramında öz əksini tapmış 8 bölmə üzrə 100-ə qədər layihə rayonun sosial-iqtisadi həyatının ən vacib sahələrini-sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsini, ekologiya və təbii sərvətlərdən istifadə, yol təsərrüfatı və nəqliyyat tədbirləri, elektrik enerjisi, istilik və qaz təchizatı ilə təminat, rabitə, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya tədbirləri, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması kimi mühüm sosial tədbirləri nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, Dövlət Proqramının icrası ilə bağlı 2010-cu ilin birinci yarısında həyata keçirilən tədbirlər müəyyən nəticələr vermişdir. Ümumi məhsul istehsalının həcmi 47264 min manat olmuşdur. Rabitə üzrə 15,7 faiz, ticarətdə 9,3 faiz, nəqliyyatda 2,0 faiz, sənayedə isə 1,0 faiz artım olmuşdur. Əvvəlki ilə nisbətən bu ilin birinci yarısında pərakəndə əmtəə dövriyyəsinin həcmi 10,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 19,0 faiz artmış, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 2,8 faiz artaraq 190,4 manat olmuşdur.
Təbii fəlakətin təsiri
Məhsul
istehsalçılarına dövlət tərəfindən
edilən güzəştlər, verilən maliyyə
yardımları, texnika və gübrələrlə təminat
sahəsində göstərilən dəstək kənd təsərrüfatının
dayanıqlı inkişafına əlavə stimul vermişdir.
Bununla belə, yaz aylarında yağan intensiv
yağışlar, aramsız leysanlar, sel sularının
Kür və Araz çaylarında yaratdığı
daşqınlar rayonun sahilboyu yaşayış məntəqələrində
əkinlərin, bitkiçiliyin müxtəlif sahələrinin
su altında qalmasına, qrunt sularının təsirindən
məhv olmasına gətirib çıxarmışdır ki,
bu da ilin birinci yarısında kənd təsərrüfatı
məhsullarının istehsalına ciddi təsir etmişdir.
Ümumiyyətlə,
Kür və Araz çaylarında suyun səviyyəsinin
yüksək həddə çatması rayonun sahilboyu
yaşayış məntəqələrində fövqəladə
vəziyyət yaratmışdır. Yaranmış təhlükədən
itkisiz çıxmaq üçün rayon icra hakimiyyəti
mövcud texnikaları, ağır maşın və mexanizmləri
və bütün canlı qüvvəni səfərbər edərək
2 aya yaxın müddət ərzində təbii fəlakətin
ağır fəsadlar törətməməsi
üçün gecəli-gündüzlü bəndbərkitmə,
sahil mühafizə tədbirləri görmüş, idarə,
müəssisə və təşkilatların kollektivləri,
Araz çayının sahilində yerləşən kəndlərin
əhalisi xilasetmə tədbirlərinə yüksək
mütəşəkkilliklə qoşulmuşlar. Lakin
Sarısu gölündə mühafizə bəndlərinin
dağılması nəticəsində qonşu Sabirabad
rayonunun bir neçə kəndi ilə bərabər
Saatlı rayonunun da Novruzlu, Dəlilər, Nərimankənd,
Musalı kəndləri və Nərimankənd
köçkün qəsəbəsi subasmaya məruz
qalmışdır. Bu yaşayış məntəqələrində
839 ev, 2389,4 hektar əkin sahəsi, 14607 ədəd meyvə
ağacı su altında qalmış, əhalinin əmlakı
məhv olmuşdur. Ümumilikdə çayların
yaratdığı daşqınlar və qrunt sularının
təsiri nəticəsində 5951 hektar əkin sahəsinə
və 148393 ədəd meyvə ağacına ziyan dəymişdir.
Su basmış kəndlərin əhalisi məktəblərdə,
uşaq bağçalarında, qohum evlərində və digər
yerlərdə müvəqqəti olaraq yerləşdirilmişdir.
Bir sözlə, təbii fəlakət Saatlının
iqtisadiyyatına, xüsusən də kənd təsərrüfatına,
sosial infrastruktur şəbəkələrinə və əhalinin
əmlakına ciddi ziyan vurmuşdur.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, hazırda komissiyanın qəbul etdiyi qərarlara uyğun olaraq kəndlərdən suyun çəkilməsi, əhalinin normal həyat şəraitinə qayıtması istiqamətində əməli tədbirlər görülür, insanların ən adi problemləri və gündəlik qayğıları həll edilir, onlara ərzaq yardımları verilir.
Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli sərəncamına əsasən əhaliyə dəymiş maddi ziyanın həcminin dəqiqləşdirilməsi və qiymətləndirilməsi, birdəfəlik maddi yardımların ödənilməsinin təmin edilməsi, subasmaya məruz qalmış ərazilərin iqtisadi, sosial həyatının, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturlarının bərpası və yenidən qurulması üçün mərkəzi komissiya yaradılmışdır. Yerli icra orqanlarını da cəlb etməklə komissiya hazırlanmış təklifləri Nazirlər Kabinetinə təqdim edəcək və bu işlərdən ötrü sahə komissiyalarının fəaliyyətindən istifadə olunacaqdır. Bu barədə hazırlanmış ümumi təkliflər bir müddət əvvəl Hökumət komissiyasının sədri, Baş nazir Artur Rasizadəyə təqdim edilmişdir. Əhalinin təbii fəlakətlə bir daha üzləşməməsi üçün ciddi mühafizə tədbirləri görülməli, sahil zolağında evlər ləğv edilməli, Kür və Araz çaylarının qovuşduğu daha çökək və təhlükəli ərazi sayılan Novruzlu kəndi bütünlüklə köçürülərək yeni qəsəbə salınmalıdır. Hazırda bu istiqamətdə operativ işlər görülür, Yeni Novruzlu kəndində 36,6 hektar ərazi ayrılıb. Bu qəsəbədə 178 evin evin tikilməsi nəzərdə tutulub. Burada da əsasən Novruzlu, Dəlilər və digər kəndlərin sakinləri məskunlaşacaq. 1,2,3 və 4 otaqdan ibarət mənzillər daşdan tikiləcək və 12 sot həyətyanı sahəsi olacaq. Qəsəbədə həmçinin bütün infrastruktur işlər, o cümlədən məktəb, uşaq bağçası, poçt, rabitə, iaşə və digər məişət evləri tikiləcək, su və kanalizasiya sistemi qurulacaqdır. Artıq bir neçə gündür ki, qəsəbənin tikintisinə başlanılıb, torpaq işləri görülür, bünövrələr qazılır.
Aqrar sahədə işlər uğurla davam etdirilir
Təbii fəlakətin
rayonun sahilboyu kəndlərinin iqtisadiyyatına vurduğu ciddi
ziyana baxmayaraq, aqrar sahədə görülən işlər
ardıcıl olaraq davam etdirilmiş, məhsul
istehsalının artırılması üçün
bütün imkanlar səfərbər edilmişdir. Xüsusən
də 2009-2013-cü illərdə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramında nəzərdə
tutulan məsələlərin öz həllini tapmasına
daha böyük diqqət yetirilmişdir.
"Aqrolizinq" ASC-nin Saatlı Aqroservis filialı kənd təsərrüfatı məhsulları istehsalçılarına 3600 hektar sahədə şum və mala işləri, 1118 hektar sahədə kombaynlarla biçin, 3420 hektar dərmanlama işləri və digər lizinq xidmətləri göstərmiş, 6345 ton azot, 320 ton fosfor gübrəsi güzəştli şərtlərlə satılmışdır. 2010-cu ildə pambıq zavodları hüquqi və fiziki şəxslər də daxil olmaqla istehsalçılarla 6350 hektarda pambıq toxumu əkilməsinə dair müqavilə bağlamışdır. Payonda fəaliyyət göstərən pambıq zavodları əhaliyə avans olaraq 36,1 ton çiyid, 447,4 min manat nəqd pul vermişdir. 2009-cu ilin payızında 21023 hektar taxıl əkilmişdir. Bunun 18413 hektarını buğda, 2610 hektarını isə arpa təşkil edir. Yaz əkininin sonuna qədər daşqınlardan və qrunt sularının təsirindən ziyan çəkməmiş 18888 hektar taxıl sahəsinin 16857 hektarını buğda, 2031 hektarını arpa təşkil edir. İyulun 1-dək 10919 hektar sahə biçilmişdir. Biçilən sahələrin hər hektarından 28,8 sentner olmaqla cəmi 31480,3 ton taxıl istehsal edilmişdir ki, bunun 26260,6 tonu buğda, 5219,7 tonu arpadır. Hər hektardan buğdanın məhsuldarlığı 29,5 sentner, apra isə 25,7 sentner olmuşdur. Taxıl biçini demək olar ki, başa çatmışdır.
Heyvandarlıq sahəsində artım müşahidə edilmişdir. 1 iyul 2010-cu il tarixə 3333 ton ət, 17564 ton süd və 6416 min ədəd yumurta istehsal edilmişdir. Rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 65125 baş, o cümlədən ana inək və camışların sayı 30728 baş, qoyun və keçilərin sayı 93886 baş olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qara 1385 baş, qoyun və keçilərin sayı isə 2840 baş artmışdır.
Kənd təsərrüfatı məhsullarının saxlanması məqsədilə rayonun Gomuşçu kəndində 2000 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisi davam etdirilir. Bundan əlavə, rayon mərkəzində 10 min ton tutumu olan taxıl məhsullarının saxlanılması üçün anbar elevatorun tikilməsi layihəsi reallaşmaq üzrədir. Saatlı rayonunun Əlisoltanlı kəndində sapəyirmə fabrikinin tikintisi davam etdirilir. Burada iş başlanandan indiyədək 15700 min manat dəyərində iş görülmüş və cari ildə fabrikin istifadəyə verilməsi üçün lazımi dəstəyin göstərilməsi barədə rəhbər orqanlara müraciət olunmuşdur. Bu istehsal müssisəsi tam gücü ilə işə başladıqdan sonra 3 min ton məhsul buraxacağı və 300-dən yuxarı iş yerinin olacağı gözlənilir.
Torpaqların su təchizatının yaxşılaşdırılması, kollektor-drenajların çəkilməsi və təmizlənməsi, suvarma-drenaj sistemlərinin bərpası, təmizlənməsi və hidrotexniki qurğuların təmiri üzrə işlər ardıcıl olaraq davam etdirilmişdir. 6 ay ərzində əksər kənd yaşayış məntəqələrində və təsərrüfatların əkin sahələrinin əhatəsində olan mövcud suvarma kanalları və kollektor-drenaj şəbəkələrində 483,4 kilometr olmaqla 1006,6 kubmetr həcmində lildən təmizlənmə işləri görülmüşdür. 2010-cu ilin birinci yarısında Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən biri də Hacıqasımlı kəndinin qrunt sularından qorunması üçün keçid layihəsidir. Dəyəri 1180 min manat olan bu layihəyə görə 2008-ci ildə 642,3 manat xərclənmiş, cari ildə isə 537,7 min manatlıq işlərin görülməsinə başlanılmışdır.
Abadlığa xüsusi diqqət yetirilir
Cari ilin birinci
yarısında abadlıq, quruculuq və
yaşıllaşdırma sahəsində də görülən
işlər davam etdirilmiş, "Ekologiya ili" çərçivəsində
ağacəkmə kampaniyasına əmək kollektivləri cəlb
olunmuş, bütün daxili imkanlar səfərbər
edilmişdir. Bəylik kəndi istiqamətində Saatlı
rayonunun girişindən başlamaqla, magistral yol ətrafı
və şəhərdaxili küçələr, prospekt və
xiyabanlarda təmizlik və yaşıllıq diqqətdə
saxlanılmışdır.
Heydər Əliyev prospektində yerləşən "Şəhidlər Xiyabanı" parkının qarşı tərəfində salınmış yeni parkın səkilərinə 600 poqonometr boridur düzülmüş, ətrafda olan hissəyə 159 kvadratmetr daş hasar çəkilərək suvaq edilmiş, şəhərin daxili küçələri 50174 kvadratmetr çınqıl örtüklə təmir olunmuş və 3150 kvadratmetr asfalt vurulmuşdur.
Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin inzibati binası, Varxan kəndində Seysmik Stansiya, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Varxan kəndində yeni həkim məntəqəsi tikilərək istifadəyə verilmişdir.
2010-cu ilin yaz və payız aylarında rayon ərazisində əkiləcək ağacların ərazisi və sayı müəyyənləşdirilmiş və ümumilikdə il ərzində 58,0 hektar sahədə 61000 ədəd şam, görüş, çinar, iydə, ağ görüş, söyüd, tut, əzgil, liğustur, küknar, sarı şəmşəd, zeytun, qızılı şəmşəd və müxtəlif növ meyvə ağaclarının əkilməsi planlaşdırılmışdır.
Cari ilin yaz mövsümündə rayon ərazisində 23,2 hektar sahədə 26850 ədəd müxtəlif növ ağaclar əkilmiş və həmin ağacların yay mövsümündə davamlı su ilə təminatına xüsusi diqqət yetirilmişdir. Bu tədbirlər sırasında Əlisoltanlı kəndi ərazisində magistral yol kənarında 7 hektar ərazi əvvəllər mövcud olmuş qrunt sularından təmizlənmiş, torpaq daşınaraq çökəkliklər doldurulmuş və meliorasiya tədbirləri aparılaraq yeni drenaj və su kanalı sistemi çəkilmiş, mövcud drenajlar lildən təmizlənərək əraziyə şam və əzgil ağacları əkilmişdir. Bundan əlavə payız aylarında 34,8 hektar ərazidə göyüş, çinar, iydə, əzgil, şam, sərv, söyüd və s. müxtəlif növ ağaclar olmaqla 34150 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur.
İşıq, mavi yanacaq,
telefon...
Rayon mərkəzində
"Smart-Kart" tipli sayğacların qurulması başa
çatdırıldıqdan sonra bu iş Mollavazlı kəndində
də tamamlanmış və Qıraqlı kəndində
davam etdirilmişdir. Ümumiyyətlə, 6 ay ərzində
1751 ədəd dayaq basdırılmış, 1752 ədəd
"Smart-Kart " tipli sayğac
quraşdırılmış və 62 kilometrə yaxın
SİP tipli kabel çəkilmişdir. Bundan başqa 49370 metr
10 kv-luq naqil və 1007 ədəd izolyator dəyişdirilərək
yeniləri ilə əvəz olunmuşdur. Kənd yaşayış
məntəqələrində 14 transformator əsaslı, 8
transformator isə cari təmir olunaraq 1750 kiloqram transformator
yağı əlavə olunmuşdur. Ərazilərdən
söküntü zamanı çıxarılan dayaqlar, naqillər
digər kəndlərdə təmir işlərində istifadə
olunmuşdur.
2010-cu ilin 6 ayı ərzində
rayon Qaz İstismarı sahəsi tərəfindən 850
abonentin qaz sayğacı "Elster" tipli G-4 markalı qaz
sayğacı ilə əvəz edilərək küçə
xəttinə çıxarılmış, şəhərin
müxtəlif küçələrində 80 metr qaz xətti
yenisi ilə əvəz olunmuş, Mollavazlı kəndinin
aşağı təzyiqli küçə qaz xətti dəyişdirilmişdir.
İstismar sahəsi öz vəsaiti hesabına bir sıra təmir-bərpa
işləri görmüşdür.
"Sukanal" idarəsi
6 su nasosunu təmir etmiş, 2 yeni su nasosu
quraşdırılmış, diametri 100 millimetr olan su borusunu
dəyişdirmişdir.
Dövlət Proqramının icrası ilə əlaqədar 2010-cu ilin birinci yarısında Telekommunikasiya qovşağı yeni istismara verilmiş Hacıqasımlı EATS-dən Hacıqasımlı və Kamallı kənd əhalisinə 80 telefonun çəkilişi üçün xətt şəbəkəsi tikmiş, 6 ay ərzində bu kəndlərdə 34 abunəçiyə telefon çəkilmiş və 44 abunəçinin telefonu bərpa olunmuşdur. 2010-cu ilin 6 ayı ərzində tutumu 32 nömrə olan Qazanbatan EATS-nin xətt şəbəkəsinin tikintisi başa çatdırılmış və 21 abunəçiyə telefon çəkilmişdir. Bundan başqa Xanlarkənd EATS-dən 30, mərkəzi EATS-dən və rekonstruksiya olunmuş kənd EATS-dən 72 telefon çəkilmişdir.
Həmçinin, abunəçilərinə yüksək sürətli internet xidməti göstərmək məqsədilə ADSL avadanlığı quraşdırılaraq istismara verilmişdir. Hazırda ADSL avadanlığı ilə yüksək sürətli internet xidməti olan 46 nəfər abunəçi mövcuddur və bu sahədə işlər davam etdirilir.
Dövlət proqramının icrası ilə əlaqədar olaraq, yeni tikilmiş və rekonstruksiya olunmuş EATS-lərdən 2010-cu ilin 6 ayı ərzində 205 abunəçiyə telefon çəkilişi aparılmışdır.
Əmək qabiliyyətli əhalinin işlə təmin olunması, yeni açılan müəssisələrin qeydiyyatı sahəsində işlər davam etdirilmişdir. 2010-cu ilin birinci yarısında 308 yeni iş yeri açılmışdır.
Dövlət Proqramında təhsil, səhiyyə, mədəniyyət və idman bölmələri üzrə öz əksini tapmış tədbirlər bilavasitə həmin sahələrdə mövcud vəziyyət və sosial sifarişlər nəzərə alınmaqla təsdiq olunmuşdur.
Sağlamlıq da lazımdır, savad da...
Əhalinin müraciətləri
nəzərə alınaraq ölkə
başçısı İlham Əliyevin 30 mart 2010-cu il tarixli sərəncamı və bilavasitə
göstərişi əsasında mərkəzi rayon xəstəxanasının
əsaslı təmirinə başlanılmış və
indiyədək təmir-tikinti işlərinə 150 min manat vəsait
xərclənmişdir. Gələn ilin sonuna qədər
işlərin tam başa çatdırılması, xəstəxananın
müasir tibb avadanlıqları ilə yumşaq və bərk
inventarlarla təchizi nəzərdə tutulmuşdur.
Digər xidmət təşkilatları
kimi mərkəzi rayon xəstəxanası, gigiyena və
epidemiologiya mərkəzi və Baytarlıq İdarəsi
subasmaya məruz qalmış yaşayış məntəqələrində
yoluxucu xəstəliklərin baş verməməsi
üçün tibb-profilaktik, əks epidemik tədbirlər həyata
keçirmiş, epidemioloji vəziyyəti nəzarətdə
saxlamış, köçürülən əhalinin məskunlaşdığı
yerlərdə operativ tibbi xidməti təşkil edərək
onları zəruri dərman preparatları ilə təmin
etmişdir.
Ötən il
Kamallı kəndində inşasına
başlanılmış 180 şagird yerlik yeni məktəb
binası bu dərs ilində istifadəyə veriləcəkdir.
Gənclərin şahmata olan marağı,
onların potensialından lazımınca istifadə
olunması nəzərə alınaraq, hazırda əlverişsiz
şəraitdə yerləşən şahmat məktəbi
üçün də yeni binanın tikilməsi ilə
bağlı müraciətlər edilmişdir. Bundan əlavə, Novruzlu kəndinin
köçürülməsi ilə əlaqədar yeni
salınacaq qəsəbədə əsas məktəb
binasının tikilməsi də nəzərdə
tutulmuşdur.
Ötən
müddətdə şagirdlərin bilik və hazırlıq,
eləcə də tərbiyə məsələlərinə
diqqət artırılmışdır. İyunun 11-də
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin
XI siniflərində mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanı keçirilmişdir. 2009-2010-cu tədris ilinin əvvəlində XI siniflərə
932 nəfər şagird cəlb edilmişdir. Bunlardan tədris ilinin sonuna qədər 42 şagird
müxtəlif səbəblərdən
çıxmış, 890 nəfəri isə
buraxılış imtahanına buraxılmışdır.
İmtahana buraxılanlardan 846-sı imtahanda
iştirak etmiş, 44-ü isə imtahana gəlməmişdir.
Səkkiz fənn üzrə mərkəzləşdirilmiş
qaydada aparılmış imtahanda 642 şagird bütün fənlərdən
müsbət qiymət almışlar. Bu isə
imtahanda iştirak edənlərin təqribən 76 faizini təşkil
edir.
Rayonun 28 orta
ümumtəhsil məktəbindən Qıraqlı və Cəfərxan
kənd orta məktəblərinin şagirdləri 100 faiz nəticə
əldə edərək fərqlənmişdir.
Subasmaya məruz
qalmış Novruzlu kənd orta məktəbinin 29 nəfər
XI sinif, 37 nəfər IX sinif, Dəlilər kənd əsas məktəbinin
38 nəfər, Novruzlu kənd əsas məktəbinin 13 nəfər
IX sinif şagirdi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən,
imtahanlardan azad edilmiş, onlar əsas və orta təhsil kursu
üzrə şəhadətnamə və attestat
almışlar.
Son altı ay ərzində
Saatlıda görülmüş işlər, həyata
keçirilmiş tədbirlər barədə istənilən
qədər söz açmaq olar. Çünki burada xeyli iş
görülüb, rayonun siması dəyişib, insanların
düşüncəsinə qurub-yaratmaq ruhu hakim kəsilib. Bu da, sözsüz ki, rayonun daha gözəl
sabahlarından xəbər verir.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2010.- 14 avqust.- S. 4.