Yeni Dövlət Proqramı ölkədə
informasiya texnologiyalarının davamlı
inkişafını təmin edəcək
Məlum olduğu kimi,
son illər ölkəmizdə İKT-nin geniş tətbiqi
istiqamətində məqsədyönlü iş
aparılır. Təsadüfi deyil ki, informasiya
texnologiyalarının inkişafına dövlətimiz
xüsusi qayğı göstərir və Prezident İlham Əliyev
bu sahəni inkişafımızın prioritet sahəsi elan
etmişdir.
Hələ 2003-cü il
fevralın 17-də ümummilli lider Heydər Əliyevin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 -
2012-ci illər)" bu sahədə inkişafa əsaslı təkan
verdi. Həmin strategiyanın həyata keçirilməsinin
sürətləndirilməsi məqsədilə 2005-ci ildə
Azərbaycan Respublikası Prezidenti 2005 - 2008-ci illəri əhatə
edən Dövlət Proqramı təsdiq etmişdir. Proqramda
Azərbaycanda İKT sahəsinin təşkilati, hüquqi,
texniki, kadr baxımından modernləşdirilməsi, İKT
sənayesinin formalaşması, bu sahəyə yeni
investisiyaların cəlb edilməsi, informasiya cəmiyyətinə
keçidin təmini üçün müxtəlif tədbirlərin
həyata keçirilməsi və s. nəzərdə
tutulurdu.
Bir faktı qeyd edə
bilərik ki, hal-hazırda respublikada İKT sektorunun inkişaf
tempi bu sahədə ümumdünya göstəricilərini təxminən
üç dəfə qabaqlayır. Ölkəmiz ildən-ilə
bu sahədə uğurlu nailiyyətlər qazanır. Dünya
İqtisadi Forumu tərəfindən 2008 - 2009-cu illər
üçün hazırlanmış "İnformasiya
texnologiyalarının qlobal inkişafı haqqında
hesabat"da Azərbaycan 134 ölkə sırasında
60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri
qabaqlamışdır. Həm də Azərbaycan bu sahədə
MDB-nin iştirakçısı olan dövlətlər
arasında lider olmuşdur.
Bu gün Azərbaycanda
informasiyalı cəmiyyətin formalaşması istiqamətində
məqsədli iş aparılır. Artıq bu sahədə
görülən işlər öz müsbət nəticələrini
vermişdir. Daha doğrusu, ilkin mərhələdə
görülən işlər Milli Strategiyanın növbəti
mərhələsi üçün əsaslı zəmin
yaratmışdır.
Bu gün isə
qarşıda daha mühüm vəzifələr dayanır.
İnformasiya cəmiyyətinin tələblərindən irəli
gələn dövlət informasiya sistemlərinin
inkişafı, informasiya təhlükəsizliyinin təmin
edilməsi, e-imza və elektron-sənəd dövriyyəsinin
tətbiqi, elektron və poçt-maliyyə xidmətlərinin
təşkili və s. məsələlərə diqqət
yetirilməsi qarşıda duran vəzifələrdir.
Cənab Prezidentin
imzaladığı yeni Dövlət Proqramı 2010 - 2012-ci
illəri əhatə edir və bu dövrdə informasiya cəmiyyətinə
keçidi təmin etmək məqsədi daşıyır.
Ümumiyyətlə,
son beş ildə Azərbaycanda informasiya
texnologiyalarının tətbiqi sürətlə davam
etdirilmiş, informasiya cəmiyyətinə keçidin təməli
qoyulmuşdur. Dövlət orqanlarının
informasiyalaşdırılması sahəsində uğurlu
nailiyyətlər qazanılmışdır. Əksər
dövlət orqanlarının internet saytları
yaradılmışdır. İndi gov.az domenində yerləşdirilən
saytlarla dövlət orqanlarının fəaliyyəti ilə
tanış olmaq mümkündür.
Azərbaycanın 24
rayonunda simsiz rabitə sistemi yaradılmışdır. Bu,
respublika əhalisinin 63 faizdən çoxunun
yaşadığı ərazini əhatə etmişdir.
Ölkə ərazisinin,
xüsusilə də ucqar ərazilərdə əhalinin
bütün təbəqələrinin istifadə edə biləcəyi
universal telekommunikasiya xidmətlərinin və universal
poçt xidmətlərinin təşkili və göstərilməsi
üçün müvafiq tədbirlər
görülmüş, hazırda bu proses davam etməkdədir.
Qeyd edək ki, dövlət
orqanları tərəfindən informasiya xidməti ilə
yanaşı, ilkin elektron xidmətləri də göstərilir.
Elektron bəyannamələrin, elektron ərizələrin qəbulu,
kommunal xərclər üzrə borcların ödənilməsi
və digər xidmətlər buna misal ola bilər.
Əlbəttə,
nailiyyətlər çoxdur, ancaq hələ görüləsi
işlər də vardır. Qəbul olunan yeni Dövlət
Proqramı bu sahədəki çatışmazlıqları
aradan qaldırmaq üçün əsaslı tədbirlərin
həyata keçirilməsinin vacibliyini qarşıya qoyur.
Yeni Dövlət
Proqramı 4 başlıca istiqamətdə işlərin
reallaşmasını nəzərdə tutur. Burada əsas
diqqət milli telekommunikasiya və poçt infrastrukturunun və
xidmətlərin inkişafına yönəldilmişdir. Digər
məsələ dövlət və yerli özünüidarəetmə
orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin
inkişaf etdirilməsi ilə bağlıdır.
Başlıca istiqamətlərdən
biri informasiya cəmiyyətinə keçid üçün
şəraitin yaradılmasıdır ki, bu sahədə həyata
keçirilmiş tədbirlər onun reallaşmasını
asanlaşdıracaqdır.
Proqramda nəzərdə
tutulan istiqamətlərdən biri də rəqabət qabiliyyətli
və ixracyönümlü İKT potensialının gücləndirilməsindən
ibarətdir.
Əlbəttə, yeni
Proqramda nəzərdə tutulan tədbirlərin
reallaşması gələcəkdə ölkədə
yoxsulluğun azaldılması, yeni iş yerlərinin
açılımasında əhəmiyyətli rol oynayacaq.
İKT sahəsində
yeni Dövlət Proqramı Milli Strategiyanın
reallaşmasına stimul verəcək və Azərbaycan
informasiya cəmiyyətinə doğru yeni uğurlu
addımlar atacaq. Son vaxtlar Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu sahədə
həyata keçirdiyi tədbirlər onu deməyə əsas
verir ki, Proqramda nəzərdə tutulmuş məsələlərin
reallaşması üçün əsaslı təminat
vardır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 14 avqust.- S. 5.