Cinayət qanunvericiliyinin təkmilləşdirilməsi hüquqi islahatların mahiyyətindən doğur

 

Ölkəmiz 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə köklü islahatlar, o cümlədən, hüquqi islahatlar həyata kecirilmisdir. Hazırda bu islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

30 dekabr 1999-cu ildə təsdiq edilmis və 1 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəbulu hüquqi islahatların aparılmasında mühüm mərhələdir. Prezident İlham Əliyev demisdir: "Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmə prosesinin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir. Bu gün Azərbaycan demokratik ölkədir. Amma demokratiyanın da sonu yoxdur. Bu sonsuz bir prosesdir". Bu sözlər eyni dərəcədə qüvvədə olan cinayət qanunvericiliyinə də aiddir. Belə ki, CM qəbul ediləndən indiyə kimi 52 dəyişiklik və əlavələr edilmişdir.

Azərbaycan Respublikası CM-nin 15-ci maddəsi "Cinayətlərin təsnifatı" adlanır. CM-nin 15.1-ci maddəsində göstərilir: "Bu Məcəllə ilə nəzərdə tutulmus əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür". Əslində, bu bölgü cinayətlərin sadəcə təsnifatı deyil, onların ağırlığına görə təsnifatıdır. Cinayətlərin təsnifatı dedikdə cinayətlərin ayrı-ayrı növləri nəzərdə tutulur, bunlar isə CM-nin xüsusi hissəsində müəyyən edilir. Ona görə də Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin adının "Cinayətlərin ağırlığına görə təsnifatı" adlandırılmasını təklif edirik.

CM-nin 15.3-cü maddəsində göstərilir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, bu ölkələrdə cinayət qanunvericiliyi liberallaşdırılır, başqa sözlə, mülayimləşdirilir. Ona görə də CM-nin 15.3-cü maddəsində "yeddi ildən" sözlərinin "on ildən" sözləri ilə əvəz edilməsini, başqa sözlə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin on ildən artıq olmayan əməllərin az ağır cinayətlər hesab olunmasını daha məqsədəmüvafiq hesab edirik.

Həmçinin, bu CM-nin 15.4-cü maddəsində "on iki ildən" sözlərini "on beş ildən" sözləri ilə və 15.5-ci maddədə "on iki ildən artıq azadlıqdan mərhum etmə cəzası və ya" sözlərinin "on beş ildən daha" sözləri ilə əvəz edilməsini məqsədəmüvafiq hesab edirik.

Daha bir mühüm məsələ barədə də, oxucularla fikrimi bölüşmək istəyirəm. 30 dekabr 1999-cu il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası CM-nin 29-cu maddəsi "Cinayət etməyə cəhd" adlanmaqla, həmin maddədə göstərilir: "Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur".

Azərbaycan Respublikasının hazırda qüvvədən düşmüş 8 dekabr 1960-cı il tarixli CM-nin 15-ci maddəsi "Cinayətə hazırlıq və sui-qəsdə görə məsuliyyət" adlanır. Həmin maddənin 2-ci hissəsində göstərilir: "Bilavasitə cinayət etməyə yönəldilmiş qəsdən edilən hərəkət, təqsiri olan şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdrılmamışdırsa, cinayət sui-qəsd hesab edilir".

Yuxardakı müqayisəli təhlildən görünür ki, hər iki mətnlərdə cüzi bir fərq vardır. Belə ki, 8 dekabr 1960-cı il tarixli CM-də "təqsiri olan şəxsin iradəsindən" söz birləşməsi hazırda qüvvədə olan CM-nin 29-cu maddəsində "şəxsin iradəsindən" söz birləşməsi ilə əvəz edilmiş, digər əlamətlər isə, qüvvədən düşmüş cinayət qanunvericiliyində olduğu kimi, saxlanılmışdır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikasının qüvvədən düşmüş CM-nin 15-ci maddəsində göstərilən sui-qəsd anlayışı ilə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixdə qəbul edilmiş, qüvvədə olan CM-nin 29-cu maddəsində nəzərdə tutulmuş "Cinayət etməyə cəhd" anlayışlar eyni əlamətlərlə xarakterizə olmuşdur. Başqa sözlə, buradan belə nəticəyə gəlmək olar ki, sui-qəsd və cinayət etməyə cəhd anlayışları eyni məna daşıyır. Halbuki bu belə deyildir.

"Cinayətə sui-qəsd" anlayışı ilə "Cinayət etməyə cəhd" anlayışları başqa-başqa məfhumlardır. Azərbaycan dilinin izahlı lüğətinin IV cildinin 475-ci səhifəsində göstərilir ki, "cəhd" sözü ərəb mənşəli olmaqla, bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışma, səy və qeyrət göstərmə kimi başa düşülür.

Azərbaycan dilinin izahlı lüğətinin I cildinin 487-ci səhifəsində isə göstərilir ki, qəsd ərəb mənşəli olmaqla, niyyət, məqsəd, məram kimi, başa düşülür. Elə həmin lüğətdə "qəsd" sözünün daha bir mənasının da lbirini öldürmək, yaralamaq, yaxud zərər vermək kimi görülən ; sui-qəsd kimi başa düşülür" olması göstərilir.

Göründüyü kimi, "cəhd" sözü ilə "sui-qəsd" anlayışları biri-birindən fərqlənir, heç bir halda bu sözlər eyni mənada işlədilmir. Əslində, "cəhd" sözü "sui-qəsd" ifadəsinə nisbətən, daha geniş anlayışdır. Başqa sözlə, "sui-qəsd" ifadəsi hər bir halda "cəhd" ifadəsi ilə əhatə olunur, lakin "cəhd" ifadəsi heçbütün hallarda "sui-qəsd" kimi başa düşülə və qiymətləndirilə bilməz.

Azərbaycan dilində belə ifadələr vardır: "o, ali məktəbə qəbul olunmaq üçün dəfələrlə cəhd etsə də, bunun müsbət nəticəsi olmamışdır". Yaxud başqa misal: "o, müsabiqədə yüksək yer tutmaq üçün bir neçə dəfə cəhd etsə də, müsabiqədə ilkin yerləri tuta bilməmişdir". Lakin biz bu ifadələrə "cəhd" sözü əvəzinə, heç bir halda "sui-qəsd" sözünü yazaya işlədə bilmərik. Biz heç vaxt belə demir və yazmırıq ki, "o ali məktəbə qəbul olmaq üçün dəfələrlə sui-qəsd etsə də, bunun müsbət nəticəsi olmamışdır", yaxud "o, müsabiqədə yüksək yer tutmaq üçün bir neçə dəfə sui-qəsd etsə də, müsabiqədə ilkin yerlər tuta bilməmişdir".

Bütün bunlardan bir daha aydın olur ki, "cəhd" sözü daha geniş kateqoriya olmaqla, "sui-qəsd" ifadəsini də əhatə edir. Həmçinin, "sui-qəsd" İfadəsi cinayət hüququnda işlədilən mənaya daha yaxındır. Bundan başqa, dilimizdə "cəhd" sözü, bir qayda olaraq, müsbət mənada işlədilir.

Rusiya Federasiyasının 13 iyun 1996-cı il tarixli Federal qanunu ilə qəbul edilmiş Rusiya Federasiyasının CM-də 30-cu maddə "Cinayətə hazırlıq və cinayətə sui-qəsd" adlanır, başqa sözlə, Rusiya Federasiyasının hazırda qüvvədə olan cinayət qanunvericiliyində "sui-qəsd" ifadəsi işlədilmişdir.

Həmçinin, Belarus Respublikasının 2 iyun 1999-cu il tarixdə qəbul edilmiş CM-nin 14-cü maddəsi "Cinayətə sui-qəsd" adlanmaqla, "sui-qəsd" ifadəsi bu Məcəllədə də istifadə edilmişdir.

Əgər tarixə nəzər salsaq görərik ki, "sui-qəsd" ifadəsi keçmiş Azərbaycan SSR-nin 1927-ci il Məcəlləsində də istifadə edilmişdir. Hər bir yeni qanunvericiliyin qəbulunda, yaxud qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədi ilə ona əlavə və dəyişikliklər edilərkən təcrübədə, başqa sözlə, həyatda özünü doğrultmuş məsələlər barədə varislik prinsipinə əməl edilməsi xüsusilə vacibdir.

Ona görə də Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində 29-cu maddəsinin adının "Cinayət etməyə cəhd" əvəzinə "Cinayətə sui-qəsd" adlandrılmasını, həmçinin Cinayət Məcəlləsinin bütün mətndəki "cinayət etməyə cəhd" ifadəsinin "cinayətə sui-qəsd" ifadələri ilə əvəz edilməsini təklif edirəm.

Hesab edirəm ki, cinayət qanunvericiliyində bu dəyişikliklərin edilməsi qanunvericiliyin daha da təkminləşdirilməsinə xidmət edəcəkdir.

 

 

İlham ABBASOV

 

Xalq qəzeti.- 2010.- 15 avqust.- S. 3.