İnsandan əməl qalır

 

Yeni kitab

 

Bizdən çox da uzaq olmayan sovet dönəmində Azərbaycanın bir sıra dövlət və təsərrüfat adamları, görkəmli simalar yetişib. Onların əksəriyyətinin tərcümeyi-halı müəyyən qədər oxşardır: demək olar ki, hamısı kənddən çıxıb, uğur dalınca Bakıya üz tutublar. Hamısını da ucaldan zəhmətsevərlik, tapşırılan işə məsuliyyətli münasibət, mübarizlik olmuşdur.

Otuzuncu illərin əvvəllərindən Bakıda neft sənayesi sürətlə inkişaf edir, yeni-yeni fabrik və zavodlar tikilirdi. Bolşevik hakimiyyəti dedikcə israrlı idi: başlanan işlər təkidlə davam etdirilir, bütün çətinliklər aradan qaldırılır və beşillik planların sözsüz icrası təmin edilirdi.

Belə bir zamanda, 1934-cü ildə Qubadlı rayonundan Bakıya "Duda zavodu"nu tikmək üçün 200 gənc gətirilir. Onları Binədə hazırlanmış fəhlə yataqxanasında yerləşdirirlər. Bu uşaqlarla bərabər Çərəli kəndindən Bakıya 21 yaşlı, iki siniflik yarımçıq təhsili olan bir gənc də gəlir. Bu, Kamran Əsəd oğlu Hüseynov idi. Ömründə böyük və yad şəhərdə ilk dəfə olan bu gəncin ümidi Bakıdakı qohumları və yerliləri idi. Əmisi uzun illər idi ki, neft mədənlərində işləyirdi. O zaman hələ 1905-ci ildən başlanan erməni-müsəlman qırğınlarında Zəngəzurun dağ kəndlərindən Bakıya çoxlu qaçqın və köçkünlər gəlmişdi. Bu mahal ermənilərin ən yaxın qonşusu olduğundan onların amansız zərbələrinin də ilk obyektinə çevrilmişdi.

Kəndləri talan edilən zəngəzurluların bir dalğası Naxçıvana, bir dalğası aşağı Qarabağa, bir dalğası isə Bakı neft mədənlərinə qədər gəlib çıxırdı. Dağ kəndlərində yaşayanlar ancaq maldarlıqla məşğul olduğundan yoxsul idilər, quraqlıq illərində aclıqla üzləşir, bir parça çörək dalınca Bakıya, neft mədənlərinə üz tuturdular. Onların bir hissəsi inqilabi hərəkata da qoşulur, bolşevik rejimində məmur, hətta komissar yerlərinə sahib olurdular.

Kamranın Bakıda əmisi, tanışları var idi, lakin cibi də, heybəsi də boş idi. Amma güclü iradəsi, sağlam, yorulmaz canı vardı. Bu iki keyfiyyət yad, küləkli və neft qoxulu şəhərdə onun əsl dayağı oldu.

Kamran o zamankı nəqliyyat imkanlarına görə Bakıdan xeyli aralı, Əzizbəyov rayonunda tikilən "Duda zavodu"nda işə girdi. Bu zavod indiki Binə qəsəbəsində "Azneft"in Tikinti və Təmir Tresti tərəfindən inşa edilirdi. Duda Bakıda rezin istehsalı yaratmaq üçün lazım olan əsas xammal idi. Buna görə də hökumət bu zavoda qayğı göstərir, Moskvanın özü onu nəzarətində saxlayırdı. Sonralar bu zavodu genişləndirib yaşayış məntəqələrindən uzağa - Qaradağ rayonuna köçürdülər. Böyük tikinti kəndli balası üçün təzə və vərdiş olunmamış bir aləm idi. Lakin Kamranın əsl çətinliyi başqa idi. Bu çətinlik kənd nisgili, anası, bacı-qardaşları, doğma dağlar, buz bulaqlarla bağlı idi. Tez-tez döşündə sürü otardığı dağların sükutunu xatırlayırdı. Çərəli kəndi gözəl bir məkanda, uca Hərtiz dağının ətəklərində yerləşirdi. Anasının bişirdiyi yuxanın ətrini, motal pendirinin, boyat qatığının dadını xatırlayırdı. Doğmalarının xiffətinə dözmək ən çətini idi. Lakin tikintidəki mehriban kollektiv, bir də zəhmətsevərliyi ona kömək oldu. Axşamacan yorulmadan çalışır, gecə yatanda isə əzələləri ağrıyırdı. Üç-dörd aydan sonra Kamran kənd üçün xiffət hisslərindən təmizləndi, nümunəvi bolşevik fəhləsi oldu. Qubadlıdan gətirilmiş 200 gəncin 190-dan çoxu isə Bakıya alışa bilməyib yenidən dağlar qoynuna qayıtdı...

Kamranı sağlam görkəminə baxıb dəmirçi təyin etdilər. Bu iş maldar mühitindən gəlmiş, demək olar ki, dəmir görməmiş gənc üçün təzə və çətin bir iş idi. Onun birinci dəfə üzləşdiyi dəmirçilik alətləri ilə çalışmaq vərdişləri yox idi. Amma bunun əvəzində başqa keyfiyyətləri vardı: elliklə görülən işə maraq və həvəs. Tikintidə Azərbaycanın müxtəlif bölgələrindən olan yüzlərlə Kamran kimi dünənki kəndli balaları çalışırdı. Onların sadəlövh, lakin təmiz və səmimi həyat baxışları bir-birinə yaxın idi.

Kamranın zəhmətkeşliyi, bacarığı diqqətdən yayınmadı. Onu çilingər işinə keçirdilər, komsomol, sonra isə partiya sıralarına qəbul elədilər. Orta savadını təkmilləşdirmək üçün Binədəki gecə məktəbinə yazıldı. O zaman qabaqcıl fəhlələrin təhsilinə hər cür qayğı göstərilirdi. Yerlilərinin ona yataqxanada rişxənd eləməsinə baxmayaraq təhsilini davam etdirdi. Kamran taleyindəki yeniliklərin hamısını razılıqla qarşılayır, lakin əldə etdikləri ilə kifayətlənmirdi. O, komsomol və partiya yığıncaqlarında çıxışlar edən partiya məmurlarını maraqla dinləyirdi, onlar kimi danışmaq, onlar kimi geyinmək, onlar kimi inamlı olmaq istəyirdi. Ona görə hər gün nə qədər yorğun olsa da, qəzetləri oxuyur, rus dilini öyrənirdi.

Onun ilk briqadiri Çerkasov familiyalı rus idi, Kamran müəllim xatirələrində onu böyük rəğbətlə yada salır. Rus dilində danışmağı həmin illərdə öyrəndiyini, öz üzərində israrla çalışdığını, rusca qəzet oxumağa başladığını söyləyir. Nəhayət, zəhmətsevərlik və sonsuz həvəs öz bəhrəsini verir. 1938-ci ildə Neft-Kimya İnstitutuna daxil olur. Bu, Kamran Hüseynovun bioqrafiyasında dönüş nöqtəsi, onu ucaldan həyat yolunun başlanğıcı olur. Buna qədər iki il Xarkov Tikinti Sənayesi İnstitutunda, bir qədər isə Moskvada oxumuşdu.

Bakı Neft-Kimya İnstitutunda təhsil alan tələbələrin əmək haqqı saxlanırdı. Bu, böyük bir ailənin əsas dayağı olan bir adam üçün çox əhəmiyyətli idi.

Qəzetlər də hər gün fəhlələrdən, sosializm yarışından yazır, qabaqcılların şəkillərini verir, onları tərifləyirdi. Fəhlələrin zavod yox, gözəl bir gələcək tikdiklərini daha çox vurğulayırdı. 1938-ci ildə Kamran artıq tikib-qurduğu zavodda briqadir idi. Burada o, həyatının əsas peşəsinə-tikinti mühəndisliyi işinə yiyələndi.

30-cu illərdə SSRİ-də hər beşillikdə 1500-2000 zavod tikilirdi. Bu işləri görməyə möhkəm iradəli, məsuliyyətli tikinti təşkilatçıları lazım idi. Minlərlə zavod, demək olar ki, texnikasız, əsasən əl əməyi ilə tikilirdi. Elə bunun özü də minlərlə adamın, çox zaman tikinti ixtisası olmayan adamların mütəşəkkil yaradıcı qüvvəyə çevrilməsini tələb edirdi. Kamran Hüseynov möhkəm iradəsi, işə fanatik sədaqəti ilə bunu bacarır və yüksək vəzifəli məmurların diqqətini cəlb edirdi.

Onun daha bir müsbət cəhəti vardı: ətrafda qaynayan siyasi kampaniyalarla maraqlanmır, gözə girməməyə, iddiasız görünməyə çalışırdı. Bolşevik partiya aparatında bu, müsbət keyfiyyət sayılırdı. 1940-cı ildə ona mənzil verdilər və Qubadlıdakı uzaq qohumu, əslən seyid nəslindən olan Zeynəb xanımla evləndi. Onun üç qızı və iki oğlu oldu. Kamran müəllim qayğıkeş, hövsələli, sadiq ailə başçısı idi. Bütün həyatı boyu ən güclü mənəvi dayaqlarından biri sağlam ailəsi, bir də sevimli xanımı oldu.

Kamran Hüseynov özünün fenomenal yaddaşı sayəsində bütün görüb-yaşadıqlarını xatirələrində obyektiv səmimiyyətlə, dəqiq faktlarla qələmə almışdır. Bu xatirələrin ən ibrətamiz, yeni nəsillər üçün qiymətli hissəsi Böyük Vətən müharibəsi dövrünə həsr olunmuş səhifələrdir.

Müəllif müharibə dövrünün həm ağlasığmaz faciələrini və itkilərini, həm də bu xaos içərisində sadə adamların, namuslu bolşeviklərin qələbə uğrunda, insanları xilas etmək, həyatın normal ahəngini bərpa etmək naminə böyük mübarizələrini də qələmə almışdır.

Yazıçı-jurnalist Xeybər Göyyallının bu il çapdan çıxmış "Görkəmli adamların həyatı" seriyasından olan "Kamran Hüseynov" kitabı ömrünü Vətəninin çiçəklənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə həsr etmiş görkəmli ictimai xadim Kamran Hüseynovun həyat və fəaliyyətindən bəhs edir. Əsərdə fəal ictimai xadim, gözəl ziyalı, əsl vətənpərvər Kamran Hüseynovun mənalı həyatı, onun yorulmaz fəaliyyəti geniş və ətraflı təsvir olunmuşdur. Müəllif onu oxucuya necə varsa eləcə-layiqli vətəndaş, tarixi şəxsiyyət, gözəl ailə başçısı kimi təqdim edir.

Kitabda göstərilir ki, 1941-ci ilin yayında-müharibə başlanan il Kamran Hüseynov Neft-Kimya İnstitutunun diplomunu aldı. O zaman üçün bu, böyük nailiyyət idi. İ.Stalinin kadr siyasətinə görə həm Moskvadakı, həm Bakıdakı siyasi büronun üzvlərinin yarısı ibtidai savadlı idi. Bu, bilərəkdən edilirdi. MK bürosuna daxil edilən bu ibtidai savadlı adamlardan forma kimi istifadə edilirdi. O biri tərəfdən də 1937-1938-ci illərin repressiyalarında güllələnən kadrların tam əksəriyyəti ali təhsilli adamlar idi. İ. Stalin özü dörd siniflik seminariya bitirdiyindən savadlı adamlardan çəkinirdi. Digər tərəfdən isə bolşevik partiyası hərbi qaydalarla idarə olunan təşkilata çevrilmişdi. Geri qalmış, savadsızlar ölkəsində ildə 2000 zavodu ancaq belə tikmək olardı.

Kamran Hüseynov 1941-ci ildə, otuz iki yaşı olanda artıq Azərbaycanın bolşevik nomenklaturasının tərkibinə daxil edilmişdi. 1941-1942-ci illərdə o, 4-cü və 9-cu neftayırma zavodlarında sex rəisi işləmişdi.

Bu zavodlar o zaman Bakıda ən strateji hərbi obyektlər idi, onlarda neftdən benzin, solyarka və təyyarə yanacağı, mühərrik yağı alınırdı. O zaman SSRİ-nin digər ərazilərində neft emalı sənayesi, demək olar ki, yox idi. Bütün cəbhələr Bakı neft sənayesinin məhsulları ilə təmin olunurdu. Mir Cəfər Bağırovun özü gecə-gündüz neft sənayesi obyektlərini gəzir, şəxsən vəziyyəti öyrənir və Moskvaya məruzə edirdi.

Müharibə illərində ölkənin hər yerindəki böyük hərbi zavodlar ÜİK(b) Partiyası MK-nın tabeçiliyinə keçirilirdi. Adətən, belə zavodlar cəbhə üçün ən vacib silah-sursat buraxırdı. Onların Moskvaya tabe edilməsi bu zavodların xammal, kadr və ərzaq təchizatını yaxşılaşdırmaq üçün edilirdi. Belə müəssisələrdə partiya təşkilat katibi Sov.İKP MK-nın səlahiyyətli nümayəndəsi statusu və xüsusi mandat alırdı. Belə partiya təşkilatçısı formal olaraq respublika partiya təşkilatına tabe olmurdu. Üstəlik onların respublika və SSRİ nazirlərinə və Sov.İKP MK üzvlərinə qədər müraciət edib məsələləri operativ həll etmək hüququ vardı. Kamran Hüseynov ilk dəfə Sov.İKP MK-nın səlahiyyətli nümayəndəsi vəzifəsinə 33 yaşında təyin olunmuşdu. O, Sumqayıtda dayandırılan tikintilərdən altı min nəfərlik eşelonu Cənubi Urala aparmışdı. Ona gərgin hərbi sifarişlər icra edən iki böyük zavodun-Binəqədi maşınqayırma və Sumqayıt kauçuk zavodunun partiya təşkilatı katibi vəzifələri tapşırılmışdı.

1942-ci ilin payızında bir dəstə Azərbaycan ədəbiyyat və incəsənət xadimi 416-cı Taqanroq diviziyasına ezam ediləndə Kamran Hüseynov nümayəndə heyətinin başçısı təyin olunmuşdu. Bu təyinat da onun MK-nın səlahiyyətli nümayəndəsi mandatı ilə bağlı idi. Ölkədə, bütün dəmir yol xətlərində hərbi vəziyyət elan edilmişdi.

Kamran Hüseynov nümayəndə heyətinin yerləşdiyi vaqonun mənzil başına çatması ilə bağlı yol boyu bütün hərbi vəzifəli məmurlara müraciət edə bilərdi. Bu sahədə onun təcrübəsi də vardı. Nümayəndə heyətində Səməd Vurğun, Mehdi Hüseyn, Əhməd Cəmil, Kazım Kazımzadə kimi böyük nüfuza malik adamlar var idi. Onları mənzilə çatdırmaqla yanaşı, həm də cəbhə bölgələrində hərəkət zamanı təhlükələrdən qorumaq lazım idi. Kitabın bu epizodlarında bir məsələ də unudulmaz təsir buraxır. Nümayəndə heyəti mənzilə çatanda 416-ci diviziyadan ilk azərbaycanlı - Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, nümayəndə heyətinin vaqonunda Bakıya qısamüddətli məzuniyyətə qayıtmalı idi. Kamran Hüseynov özü və bütün nümayəndə heyəti bu qəhrəmanla fəxr edir, onun Bakıya gəlib insanlarla görüşməsinə qayğı və diqqətlə çalışırlar. Müharibənin ilk vaxtlarında azərbaycanlı əsgərlər barədə ədalətsiz şayiələr yayılmışdı. Ona görə bütün vətənpərvər ziyalılar Ağaşirin Cəfərovun təltifinə sevinir, bununla Azərbaycan əsgərinin şərəfinin ucalığı ilə fəxr edirdilər. Hətta Bakıya çatanda Kamran Hüseynov onu iki gün evində qonaq saxlamışdı.

Binəqədi Maşınqayırma zavodu cəbhə üçün top mərmiləri, qumbaralar, patronlar buraxmalı idi. Lakin Kamran Hüseynov zavoda gələndə acınacaqlı vəziyyətlə üzləşdı: gecə-gündüz işləyən fəhlələrə qaynanmış üzüm yarpağı, ikinci naharda isə qaynanmış turp verirdilər. MK-nın səlahiyyətli nümayəndəsi kimi Kamran Hüseynov konkret işlər görməli oldu. Xəzərdə zavod üçün balıq tutulmasını təşkil etdi, Dəvəçidəki ovçuluq təsərrüfatında quş ovlanmasını qaydaya saldı, Biləcəridə şollar suyu ilə dəmir yol sisternlərinin yuyulduğu yerdə göl düzəldib zavod üçün bostan əkilməsini təşkil etdi. Zavodun yeməkxanasında vəziyyət elə yaxşılaşdı ki, Ukraynadan evsiz-eşiksiz qalmış kimsəsiz uşaqların bir dəstəsini də onların zavodunun himayəsinə verdilər. Kamran Hüseynov bu kimsəsizlərin üstündə əsdi, onların həyatını qorudu, Ukrayna əraziləri azad edilənə qədər zavodun yataqxanasında saxladı və sonra vətənlərinə yola saldı.

Kamran Hüseynov ömrü boyu-hətta müharibənin ən ağır illərində də partiyanın ona etibar etdiyi vəzifələri layiqincə yerinə yetirirdi. Kitabda onun həyatının bu dövrü xüsusilə vurğulanır. O ağır illərdə Kamran müəllimin himayə etdiyi zavodlar yuxarıdan gələn planları kəmiyyət və keyfiyyətcə vaxtında icra edirdi. 1944-cü ilin sonlarında Kamran Hüseynovu artıq Sumqayıt rayon partiya komitəsinin sənaye və kadr üzrə katibi vəzifəsində görürük. Bu onun yeni şəhərlə ikinci təması idi. O zaman hələ böyük kimya şəhərinin söhbəti getmirdi. Onun bu şəhərlə birinci və ikinci təması Sintetik Kauçuk zavodu ilə bağlı idi. Sintetik kauçuk rus aliminin elmi kəşfi idi. Ona qədər kauçuku kartof və digər ərzaq bitkilərindən alırdılar. Amma süni kauçuk almaq üsulu tapılan kimi SSRİ hökuməti hələ müharibədən əvvəl dərhal onun sənaye istehsalını Sumqayıtda təşkil etmək üçün qərar qəbul etdi. Bu, neft kimyasının sənaye şəklində inkişafı üçün zəruri olan bir xammal idi. Lakin zaman tamam yeni problemlər yaradırdı.

Müharibə vaxtı insanların taleyi ildırım sürəti ilə dəyişirdi. Bir il keçməmiş Kamran Hüseynov Binəqədi Rayon Partiya Komitəsinin katibi seçilir. Müharibənin ağır vaxtlarında bu vəzifələr kreslo qüruru deyil, ağır mənəvi və fiziki sınaq idi. Partiya işçiləri də müharibənin adi əsgərləri idilər, maddi təchizatda fərqlənsələr də, iş intizamı baxımından onlar öz kabinetlərində və himayə etdikləri sənaye müəssisələrində gecə-gündüz çalışırdılar.

1944-cü ildə müharibənin nəticələri aydınlaşan kimi SSRİ Müdafiə Komitəsi Sumqayıtdakı zavodların tikintisini davam etdirmək barədə qərar verdi. İ. Stalin irəliyə baxırdı. Onun qərarı Kamran Hüseynovu yenidən Sumqayıta qaytardı. Burada isə vəziyyət dəhşətli idi. Bütün ixtisaslı fəhlələr cəbhədə idilər. Zavodları tikmək üçün işçi qüvvəsi lazım idi. Şikəst, hərbə yaramayan adamlarla zavodlar tikmək çox çətin idi. Lakin o zaman dövlət məmuru qətiyyən "Bu mümkün deyil"- deyə bilməzdi. Kamran Hüseynov bunu başa düşürdü: ona görə işə kadr axtarışından başladı, sonra isə Qaradağdakı karxanalarda daş istehsalı ilə məşğul oldu. Hər şey demək olar ki, ibtidaidən başlanırdı. Müharibənin ən çətin vaxtlarında bütün mülki resurslar hərbi işlərə cəlb edilmiş və sıradan çıxarılmışdı. O, bir gün Qaradağ daş karxanalarına gedir, bir gün isə işçi qüvvəsi cəlb etmək üçün kabinetlərin qapısını döyməli olurdu. Hər kadr, hər sağlam adam ciddi uçotda idi. İnsan iradəsi hər şeyə qadirdir. Onun əl atdığı hər iş nəticə verir və nizama düşürdü. İşi qaydaya salan kimi isə onu təzə sahəyə yollayırdılar.

Kitabda Kamran Hüseynovun Sumqayıtdakı böyük quruculuq işləri və xüsusən onun vəzifədən götürülməsi geniş şərh edilmişdir. Müəllif bu işi o zaman birinci katib işləyən İmam Mustafayevin istəyi kimi mənalandırmağa meyllidir. Bu versiya inandırıcı görünmür, çünki Kamran Hüseynovu bu şəhərə üçüncü dəfə İmam Mustafayev özü göndərmişdi. Digər tərəfdən o, bu şəhərin rəhbərliyini dəyişməyi hec zaman təkbaşına həll edə bilməzdi. Onun sadəcə bu qədər səlahiyyəti yox idi. Sözügedən illərdə partiya aparatında mürəkkəb oyunlar gedirdi. Kadrların çoxu Stalin şəxsiyyətinə pərəstişin ifrat tənqidi ilə razı deyildi, lakin hamı susurdu. N. Xruşşov bu narazılığı da, qorxulu sükutu da bilirdi. Kamran Hüseynovun Sumqayıtdakı işindən çıxarılması bu məsələ ilə bağlı ola bilərdi. O zaman fəhləlikdən gələnləri işdən çıxarıb əvəzinə ziyalı və alimləri təyin edirdilər. Onun faktiki səlahiyyəti olmayan bir işə, Həmkarlar İttifaqına keçirilməsi də bunu təsdiq edirdi.

Kamran Hüseynovun Moskvaya həmkarlar ittifaqı xətti ilə işə aparılması ona eyni münasibətin davamı idi. Bu böyük vəzifə olsa da, ölkənin daxili işləri ilə yox, SSRİ-nin dünya ölkələrində yeritdiyi xarici siyasətlə bağlı idi. Bu illər Kamran kişinin özü üçün ən xoşbəxt illər idi. Gərginlik olmadan, xarici səfərlərdə, böyük siyasətçilərlə görüşlərdə keçən o günlər sonradan Kamran müəllimin ən şirin, əlçatmaz xatirələrinə çevrilmişdi. Lakin o bu illəri də zəhmətsiz yaşamadı; əvvəlcə namizədlik, sonra isə doktorluq dissertasiyasını yazıb müdafiə etdi.

Moskvadakı fəaliyyəti Kamran Hüseynovun diplomatik müdrikliyini və ustalığını, Azərbaycanın sərhədlərini aşan dünya miqyaslı fəaliyyətini üzə çıxardı. O, sovet Həmkarlar İttifaqı nümayəndə heyətinin rəhbəri kimi Çin, İndoneziya, Afrika, Yaponiya, Vyetnam, Hindistan, İran, İtaliya, Türkiyə, Kuba, Mərakeş və bir sıra digər ölkələrə səfərlər etmiş, uğurlu danışıqlar aparmış, bu ölkələrlə münasibətlərin daha da yaxşılaşmasında xidmətlər göstərmişdir.

1947-1949-cu illərdə Kamran Hüseynov sanki bir balaca nəfəsini dərə bildi. Onu Bakıda partiya işçilərinin ixtisasını artırmaq üçün yaradılmış Ali Partiya Məktəbinə yolladılar. İki il orada oxumaqla, həm də Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdi. O zamanlar tarix fakültəsini bitirmək nüfuzlu sayılırdı. Bolşeviklər tarixi öz bildikləri kimi təhrif edib yazmışdılar və bu işə şəxsən Stalin özü rəhbərlik etmişdi. Ona görə o, kadrların onun tarixə dair əsrlərini əzbərləməsini tələb edirdi.

Kamran Hüseynov təhsilini tamamlayan kimi onu yeni bir sınaq gözləyirdi. Bu sınaq onun Mingəçevir şəhərinin tikintisinə həsr etdiyi 1949-1953-ci illər idi.

Doğrudur, buraya yollayanda ona ikinci dəfə hədsiz səlahiyyətləri olan Ümumittifaq MK-nın səlahiyyətli nümayəndəsi mandatını verdilər. Bunun müqabilində ondan boş səhrada, sənaye mərkəzlərindən aralı tikiləcək böyük şəhər və bütün Zaqafqaziyanın üç respublikasını elektriklə təmin edəcək su-elektrik stansiyasını tikmək tələb edirdilər. Dövrünə görə bu çox böyük tikinti idi və Azərbaycanın istər sənaye, istərsə də aqrar-sənaye potensialının artımında misilsiz rol oynadı. Kitabın bəzi səhifələrində müəllif bu tikintinin də Azərbaycan üçün ziyanlı olduğuna, buna hətta S.Vurğunun da guya, mənfi yanaşdığına eyhamlar vurur. Bunlar tarixi həqiqətə uyğun deyildir. S.Vurğunun özü bu tikintinin ən böyük tərənnümçüsü olmuşdur. Azərbaycanda qeyri-neft sahələrinin yaranmasında bu elektrik stansiyasının misilsiz əhəmiyyəti bu gün də öz aktuallığını saxlayır.

Moskvadan qayıdandan sonra Kamran müəllim on iki il Nazirlər Soveti sədrinin müavini vəzifəsində, sonra isə Ticarət Palatasında işlədi. Nazirlər Kabinetində elm, mədəniyyət və tibb sahəsinə baxır, öz xeyirxahlığını qapısını döyən heç kəsdən əsirgəmirdi. İ.Stalinin vaxtında olduğu kimi siyasi məsələlərdən uzaq durur, vəzifəsini bir el ağsaqqalı kimi icra edirdi. Bu müddətdə partiya və dövlət aparatına savad və intriqa ustalığı ilə gələn insanlar dolurdu. Lakin tale ondan heç zaman üz döndərmədi: 1969-cu ildən Azərbaycana rəhbərliyə gələn, insanları həmişə layiqincə dəyərləndirən ulu öndərimiz Heydər Əliyev gənc yaşlarından tanıdığı Kamran Hüseynov hörmətini saxlayırdı. Kamran müəllimin 90 illik yubileyində Heydər Əliyev onu "Şöhrət" ordeni ilə təltif etdi. Bu, Kamran Hüseynovun həyatının ən unudulmaz günü oldu. Azərbaycan vətəndaşı isə bir daha əmin oldu ki, ömrünün 70 ilini dövlətə və xalqa sədaqətlə xidmət edən Kamran müəllim xoşbəxt bir insandır. Çünki bu gün də o, dövlətinin və xalqının yaddaşında unikal bir insan kimi hörmətlə yaşayır.

Belə adamları tanımadan sovet dövrü tarixini anlamaq belə mümkün deyildir. Onun haqqında bu kitabı oxumaq bəlkə az olardı. Kim otuzuncu illərdən bəri Azərbaycanın keçdiyi yüksəliş yolunu bilmək, ölkədə işləmiş və talelərə təsir etmiş adamları daha yaxşı tanımaq, şəhər və kəndlərimizin müharibədən sonra yenidən qurulmasının tarixi ilə dəqiq faktlar əsasında tanış olmaq istəyirsə, mütləq Kamran müəllimin "Bir ömrün salnaməsi" (Bakı,1998) və "Quruculuğa həsr olunmuş ömür" (Bakı,2001) kitablarını vərəqləməlidir. Bu kitablar peşəkar tarixçilər, jurnalistlər, Vətəninin keçmişini bilmək istəyənlər üçün son dərəcə maraqlıdır.

"Kamran Hüseynov" kitabının müəllifi Xeybər Göyyallı əsəri məhəbbətlə, faktları dəqiq göstərməklə qələmə alıb. Aydın dillə, böyük ağsaqqalın, mərd və cəsur insanın doğma yurd-yuvasına məhəbbət və bələdliklə yazılmış bu kitab birnəfəsə oxunur. Əsərdə bəzən xatırlanması mümkün olmayan saysız-hesabsız maraqlı tarixi və bioqrafik həqiqətlər vardır. Kamran müəllimin qızı Hicran xanım Hüseynovanın yığcam, lakin dərin məna dolu ön sözü də kitabı rövnəqləndirir. Oxucuya məlum olmayan daha incə mətləbləri aydın edir.

Kamran Hüseynov həqiqi ağsaqqal və həyat qurucusu idi. Onun min bir çətinliklə qurub-yaratdıqları bu gün şəxsiyyətinə ən yaxşı abidədir. Bu nəcib, yenilməz insanın bioqrafiyası sovet illərində xalqına, onun iqtisadiyyatına və mədəniyyətinə təvazökarlıq və fədakarlıqla xidmət etmiş əqidəli ziyalılarımızın timsalıdır. Ona görə sovet dönəmində hər şeyin və hamının pis olduğunu deyəndə ehtiyatlı olmalıyıq. Həmin dövrlərdə Kamran Hüseynov kimi nəcib, vətənpərvər, mətin, xeyirxah insanlarımız olmuşdur və biz onların qədrini bilməli, həyat təcrübələrini öyrənməli, gələcək nəsillərə çatdırmalıyıq. Sovet dönəmi də, onun dəyərləri də bizim tariximizə məxsusdur, bizim tarixi taleyimizdən ayrılmazdır.

 

 

Nurlana ƏLİYEVA

 

Xalq qəzeti.- 2010.- 17 avqust.- S. 7.