Sinqapurda Azərbaycan himni səsləndirildi

 

Həmvətənlərimiz Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına üç qızıl medalla başladılar

 

Bundan yaxşı başlanğıc ola bilməzdi. Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının birinci günü yarış meydanına dəvət olunan Azərbaycanın hər iki təmsilçisi nə az, nə də çox - qızıl medal qazandı və yunan-Roma üsulu ilə güləşən Murad Bazarovla Elman Muxtarovun çox böyük qələbələri şərəfinə idman sarayında onların sevimli vətənlərinin dövlət himni səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı, bütün ölkəmiz bu unudulmaz anları teleekran qarşısında böyük sevincqürur hissi ilə yaşadı.

Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Sinqapurda 12 iştirakçı ilə təmsil olunur və 205 ölkənin yeniyetmə idmançılarının rəqabətində həmyerlilərimizdən birinci olaraq mübarizəyə yunan-Roma üsulu ilə güləşənlər başladılar. Onlar cəmi iki nəfər idilər. İkisi də bir-birinə və bütövlükdə Azərbaycan güləş məktəbinə layiq olduğunu xalça üzərində inamla sübuta yetirdi.

Murad Bazarov 42 kq çəki dərəcəsində fəxri kürsünün zirvəsinə aparan yolda ekvadorlu və ukraynalı rəqiblərini məğlubiyyətə uğratdıqdan sonra həlledici final görüşündə kubalı Pena Flores üzərində də öz üstünlüyünə heç bir şübhə yeri qoymadı.

Elman Muxtarov isə 50 kq çəki dərəcəsində qələbə ardınca qələbə qazandı. Onun istedadı, əzmkarlığı və dəqiq yerinə yetirdiyi fəndlər BelarusKuba güləşçilərini məğlubiyyətlə barışmağa məcbur etdi. Təmsilçimiz finalda isə Özbəkistan idmançısı Nurbek Hakkulov üzərində layiqli qələbə qazandı. Birinci hissədə 3:0, ikinci hissədə 4:0 və Elman da Olimpiadanın çempionudur!

Xüsusi qeyd etmək olar ki, Olimpiya oyunlarının ilk azərbaycanlı çempionlarının hər ikisi bölgə nümayəndəsidir. Murad güləşdə ilk addımlarını Balakəndə, Elman isə Goranboyda atmışdır. Onların Olimpiadada böyük uğurlarına bəlkə də hamıdan çox sevinən gənc məşqçi İlqar Abdulovun keçirdiyi hissləri də başa düşmək çətin deyil.

İndi fəxrlə yeniyetmələrin I Yay Olimpiya Oyunlarının çempionu adını daşıyan dostların bu müvəffəqiyyəti bir daha sübut edir ki, son illər dünyaAvropa çempionatlarında, olimpiadalarda, mötəbər beynəlxalq yarışlarda xalıqımızı yüksək nailiyyətlərlə sevindirən güləş ustalarımızın ardıcıl qələbələri təsadüfi deyil. Bu qələbələr ölkədə güləşin inkişafına göstərilən böyük qayğının, daimi diqqətin nəticəsidir.

Əlbəttə, bu gün Muradla Elmanın olimpiya çempionluğundan fəxrlə danışarkən onlara hələ uşaq yaşlarından idmana böyük məhəbbət aşılamış valideynlərinə, güləş xalçası üzərində ilk addımlar atmaqda gələcək çempionlara kömək və bacarıqlarını əsirgəməmiş məşqçi-müəllimlərinə, nəhayət, hazırda ustalıq dərsləri aldıqları mütəxəssislərə minnətdarlığımızı bildiririk. Məhz onların sayəsində Bazarovla Muxtarovun qələbələri şərəfinə bir gündə iki dəfə uzaq Sinqapurda Azərbaycanın dövlət himni səsləndirildi.

Gərgin görüşlərdə iki qızıl medal qazanmış gənc "klassiklərimizin" qəlbləri riqqətə gətirən nailiyyətləri güman etməyə əsas verir ki, bu mükafatlar ilk dəfə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarından vətənimizə gətirilən yeganə medallar olmayacaq.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun təşəbbüsü ilə keçirilən və "Mükəmməllik, dostluq, hörmət" devizi altında davam edən Olimpiadada dünən qadın güləşçimiz Patimat Baqomedova (52 kq) da uğurlu start götürüb ilk görüşdə əlcəzairli rəqibinə qalib gəldi, sonra isə Özbəkistan və Quam idmançılarını da məğlubiyyətə uğradaraq finala çıxdı. Finalda təmsilçimizi Çin güləşçisi gözləyirdi. Patimat həlledici görüşü də yüksək səviyyədə keçirərək ölkəmizə olimpiadada üçüncü qızıl medal qazandırdı! Bu gün isə sərbəst güləşənlərimiz Kənan Quliyev (54 kq) və Əli Maqomodabirov (100 kq) komanda yoldaşlarının uğurlarını davam etdirməyə çalışacaqlar.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 17 avqust.- S. 8.