Türkiyə-Azərbaycan
dostluq-qardaşlıq münasibətləri əbədi və
sarsılmazdır
Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir.
Abdullah GÜL Türkiyə Prezidenti
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir. Ötən il Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə də bir daha məlum oldu ki, Azərbaycan-Türkiyə münasibətləri türkdilli dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsinə öz müsbət təsirini göstərməkdədir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft-qaz kəmərlərinin uğurlu fəaliyyəti bölgədəki inkişafa böyük təsir göstərir. Digər iri bir layihənin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Bu layihə başa çatdıqdan sonra yeni salınmış dəmiryolu həm Türkiyəni Azərbaycanla, həm də Avropanı Asiya ilə birləşdirəcəkdir. Göründüyü kimi, Türkiyə-Azərbaycan əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir.
Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir, əsl toy-bayrama çevrilir. Baxmayaraq ki, iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sənədlər imzalanır. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir.
Türkiyə Prezidenti Abdullah Gülün ölkəmizə budəfəki rəsmi səfəri də hər iki xalq üçün böyük bayrama çevrildi. Bu səfər xüsusi əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl ona görə ki, iki dost-qardaş dövlət arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanacağı gözlənilirdi. Bu müqavilənin imzalanması beynəlxalq aləmdə diqqət mərkəzində idi. Xüsusilə, işğalçı Ermənistan rəhbərliyi bu müqavilənin imzalanmasından ciddi narahatlıq hissi keçirirdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"ni imzaladılar. Ekspertlər Rusiya Prezidenti Dmitri Medvedevin 49 illik hərbi müqavilənin imzalanmasını nəzərdə tutan Ermənistan səfəri ərəfəsində Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri və iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmasını çox yüksək qiymətləndirirlər. Bu müqavilənin imzalanması Türkiyə və Azıərbaycanın "bir millət, iki dövlət" olmasını bir daha təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyev də qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq dedi: "Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir".
Söz yox ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Türkiyə Prezidenti Abdullah Gül də "Gülüstan" sarayında ali qonağın şərəfinə təşkil edilmiş ziyafətdəki nitqində bu müqavilənin vacibliyini önə çəkərək dedi: "Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə hər bir məsələdə həmrəy və bərabər olmağımızı nəzərdə tutur. Bu müqavilə bütün bölgə və dünya üçün önəmlidir. Bu müqavilədə nəzərdə tutulanlar sülh, sabitlik, əmin-amanlıq gətirəcəkdir və bunlardan da əlavə böyük iqtisadi dirçəlişə səbəb olacaqdır".
Qardaş ölkə Prezidenti Türkiyə ilə Azərbaycanın bütün sahələr üzrə daim bir yerdə olacağını xüsusi vurğulayaraq qeyd etdi ki, hər sahədə - siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təhsili və bir-birilərinə köməyi sayəsində iki ölkə böyük bir həmrəylik içərisindədir. Beynəlxalq platformalarda, daim iki ölkə sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir.
Qeyd etdiyimiz kimi, Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.
Həmişə olduğu kimi, budəfəki səfər zamanı keçirilən görüşlərdə yenə də əsas mövzu Azərbaycanın ən yaralı yeri olan Dağlıq Qarabağ mövzusu, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması olmuşdur. Türkiyə tərəfi bu məsələdə həmişə Azərbaycanın mövqelərini müdafiə etmiş, Qarabağ dərdini öz dərdləri hesab etmişdir. Artıq bu problemin aradan qaldırılmasının zamanının gəlib çatdığı vurğulanmışdır. Türkiyə Prezidenti qətiyyətlə bildirmişdir ki, Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqların azad edilməsi vaxtı çatmış məsələdir. Bu məsələni dondurulmuş şəkildə saxlamaq doğru deyil. Bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Qardaş ölkə Prezidenti demişdir ki, münaqişənin nizamlanması istiqamətində BMT-nin, İslam Konfransı Təşkilatının və digər beynəlxalq qurumların da müraciətləri olmuşdur. Bütün bunları nəzərə alaraq, region dövlətləri, bu regionla tarixi əlaqələri olan bütün qonşu ölkələr problemin həlli istiqamətində fəallığı artırmalıdır. Çünki regionda baş verən hər hansı bir xoşagəlməz hadisə mütləq qonşu ölkələrə də öz mənfi təsirini göstərir.
Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Türkiyənin öz səylərini əsirgəməyəcəyini bildirən qardaş ölkə Prezidenti dedi: "Türkiyə bu istqamətdə fəaliyyətinə davam edəcək, şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi aparacaqdır. Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz davam edəcəkdir. Mən bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də burdan bəyan etmək istəyirəm. Türk xalqının bütün azərbaycanlı qardaşlarına olan sevgi və məhəbbət duyğularını burada bir daha bütün azərbaycanlı qardaşlarıma mətbuat nümayəndələri vasitəsilə bəyan etmək istəyirəm".
Türkiyə Prezidenti Azərbaycana ikigünlük rəsmi səfəri çərçivəsində respublikamızın şimal-qərb bölgəsində də olmuşdur. Prezident Zaqataladan Şəkiyə gələrkən Qax rayonunun Oncallı kəndindəki oğuz qəbirstanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişdir.
Qeyd edək ki, Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana budəfəki səfəri də zəngin olmuşdur. Azərbaycan Prezidenti və digər dövlət rəsmiləri ilə keçirilən görüşlər zamanı müzakirə olunan məsələlər və səmimi söhbətlər, qardaş ölkənin nümayəndələrinin də etiraf etdikləri yüksək qonaqpərvərlik bir daha təsdiqlədi ki, iki dost - qardaş ölkə arasındakı əlaqələr bir-birinə sıx tellərlə bağlıdır. Türkiyə Prezidenti də göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərkən dedi ki, özümüzü evimizdə hiss edirik. Bu səfəri diqqətlə izləyən digər ölkələrin nümayəndələrinə də bir daha bəyan oldu ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 19 avqust.- S. 1.