Yeni Azərbaycan Partiyası qaliblər,
qələbələr partiyasıdır
Müsahibimiz YAP icra katibinin
müavini, Milli Məclisin deputatı Mübariz
Qurbanlıdır
- Mübariz müəllim, bir
neçə aydan sonra xalqımızı çox ciddi bir
siyasi kampaniya yenidən sınağa çəkəcək. Mən
bu ilin noyabrında keçiriləcək növbəti
parlament seçkilərini nəzərdə tuturam. Bilmək
istərdim ki, Yeni Azərbaycan Partiyası bu ciddi siyasi
kampaniyaya necə hazırlaşır?
- Məlum olduğu kimi, bu il noyabr ayının 7-də respublikamızda növbəti dəfə Milli Məclisə seçkilər keçiriləcək. Təbii ki, hər bir seçki mühüm hazırlıq tələb edir və siyasi təşkilatlar, ayrı-ayrı deputatlığa namizədlər bu hazırlıqla əlaqədar öz fəaliyyətlərini artırırlar. Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malikdir. 1993-cü ildən bu yana Yeni Azərbaycan Partiyası prezident, parlament və bələdiyyə seçkilərində dəfələrlə iştirak edib. Qeyd edim ki, seçki kampaniyasına qoşulduğu dövrdən Yeni Azərbaycan Partiyası, demək olar ki, seçkiləri həmişə qələbə ilə başa vurubdur.
Partiyanın əldə etdiyi bu uğurların başlıca səbəbi təşkilatın siyasi kursunun, həyata keçirilən xəttinin xalq tərəfindən müdafiə olunmasıdır. Siyasətdə uğur qazanmaq üçün ilk növbədə seçicilərin, vətəndaşların, əhalinin böyük dəstəyinə nail olmaq lazımdır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurların da rəhni məhz onun xalq tərəfindən müdafiəsi ilə bağlıdır. Partiyamızın böyük uğurlarının, əhalinin əksəriyyətinin bizi müdafiə etməsinin səbəbi nədir?
Birinci səbəbi bu partiyanın söykəndiyi prinsiplərin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilməsi və həmin prinsiplərin bütövlükdə Azərbaycanın milli maraqlarına, ayrılıqda isə hər bir vətəndaşın marağına uyğun olmasıdır. İkincisi, Yeni Azərbaycan Partiyasının sədri, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin hər bir insan, dövlət və millət üçün verdiyi xeyirdir. Üçüncüsü, partiyanın bütövlükdə Azərbaycan cəmiyyətinin aparıcı hissəsini öz ətrafında birləşdirməyə qadir olmasıdır.
Bu gün Yeni Azərbaycan Partiyasının 510 min nəfərə yaxın üzvü var. Yalnız partiyamızın ilk təşkilatlarının sayı 8 mindən yuxarıdır. Partiyada Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə edən ən qabaqcıl insanlar birləşiblər. Bu partiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə söykənən partiyadır. Bu gün də Yeni Azərbaycan Partiyası həm coğrafi baxımdan Azərbaycanı əhatə etməsinə, həm də tərkibində ölkəmizin ən sayılan, seçilən insanlarını birləşdirdiyinə görə öncül bir partiyadır. Təbii ki, hər seçkidə qazanılan qələbədə başlıca rol seçicinin siyasi təşkilata, namizədə münasibəti məsələsidir.
Öncədən qeyd etdiyim kimi, partiyamızın qazandığı uğurlar, namizədlərimizin qarşıdan gələn seçkilərdə seçicilər tərəfindən müdafiə olunmasını söyləməyə əsas verir. İkinci şərt, seçki kampaniyasının təşkilidir. Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə ciddi şəkildə hazırlaşıbdır. Onu da qeyd edim ki, bizim seçki kampaniyasının keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni biz hər dəfə yeniləşdirdik və keçmiş təcrübə ilə yeni əxz etdiyimiz bu və ya digər metodları birləşdirib tətbiq edirik. Dünyanın ayrı-ayrı ölkələrində zaman-zaman müxtəlif xarakterli seçkilər keçirilir. Yeni Azərbaycan Partiyası müasir informasiya və texnologiyaların imkanlarından istifadə edərək həmin seçkilər haqqında geniş məlumatlar toplayır.
Bizim bununla bağlı xüsusi məlumat bankımız yaradılıbdır. Biz burada ayrı-ayrı ölkələrdə keçirilən seçkilər və bu zaman tətbiq olunan yeni texnologiyaları araşdırır, sistemləşdirir, həmin texnologiyaların növbəti seçkilərdə tətbiqi ilə bağlı müvafiq qərar qəbul edirik. Seçkiyə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasında partiya üzvü olan və seçki texnologiyasını geniş şəkildə mənimsəmiş olan mütəxəssislərdən ibarət qrup çalışır. Həmin qrupun üzvləri vaxtaşırı olaraq seçki kampaniyasının təşkili, gedişi və keçirilməsi ilə bağlı təkliflər və tövsiyələr hazırlayır, bu təkliflər ümumiləşdirilərək, bizim seçki proqramının tərtibində, eyni zamanda seçki kampaniyasında istifadə edilir.
İcra katibliyi bu işləri demək olar ki, tam öz nəzarətində saxlayır, partiyanın idarə heyətinin qəbul etdiyi qərarlar əsasında müxtəlif xarakterli tədbirlər həyata keçirir və addımlar atır. Təbii ki, partiyamızın sədri, Prezident İlham Əliyevin vaxtaşırı verdiyi tövsiyə və tapşırıqlar partiyanın həyata keçirdiyi siyasətdə önəmli rol oynayır. Bizim bu gün başlıca məqsədlərimizdən biri seçkidə qələbəmizdirsə, digər vəzifəmiz bu gün həyata keçirilən siyasətin əhali arasında hərtərəfli şəkildə təbliğ etdirilməsi, bu zaman medianın imkanlarından istifadədir.
Biz seçki proqramı hazırlamışıq. Bizim seçki proqramımız seçki kampaniyası dövründə seçicilərin diqqətinə çatdırılacaqdır. Baxmayaraq ki, bizdə seçkilər majoritar sistemdə keçirilir, amma bütün hallarda dairələr üzrə namizədləri partiya irəli sürür. Ona görə də partiyanın seçki proqramı ilə bərabər, həmin seçki proqramına istinad edən ayrı-ayrı namizədlərimizin fərdi proqramları da olacaqdır. Növbəti mərhələdə bu məsələlər yekunlaşacaqdır. Partiyanın seçki proqramının əsas nüvəsi, prinsipləri və istiqamətləri tamamilə hazır vəziyyətdədir.
Seçkiyə
hazırlıq müəyyən mərhələdən
keçir. Birinci,
bu, təşkilati xarakterli işdir. Biz bunu demək olar ki,
yekunlaşdırmışıq. Partiyamızın
rayon və şəhər təşkilatlarında seçkiyə
hazırlıqla əlaqədar çoxsaylı tədbirlər
keçirilib. Bu yaxınlarda partiyanın
rayon, şəhər təşkilatlarının
ümumrespublika toplantısını keçirdik və müəyyən
tapşırıqlar verdik. Bundan əvvəl
biz partiyanın ilk təşkilat sədrlərinin
ayrı-ayrı rayonlarda toplantılarını
keçirmişik. Altı-yeddi ay əvvəl
isə rayon, şəhər təşkilatlarında
görüşlər keçirərək bu təşkilatlarda
bütövlükdə seçki kampaniyasına
hazırlığın vəziyyəti və bununla
bağlı qarşıda duran vəzifələri müzakirə
etmişik. Yeni Azərbaycan Partiyası
xalqdan, bütövlükdə seçicilərdən gələn
tələbləri, təklifləri, tövsiyələri, bu
və ya digər tapşırıqları ümumiləşdirən
və buna uyğun seçki proqramı müəyyənləşdirən
partiyadır. Bütövlükdə Yeni
Azərbaycan Partiyası ümumxalq partiyasıdır.
Bizim seçki
kampaniyasına hazırlığımızın növbəti
mərhələsi namizədlərin müəyyənləşdirilərək
irəli sürülməsidir. Təbii ki, bu proses yekunlaşmaq
üzrədir. Namizədlərin müəyyənləşdirilməsi
üçün də partiyamızın rayon, şəhər
təşkilatlarında müxtəlif xarakterli söhbətlər,
müzakirələr aparılıbdır. Faktiki olaraq namizədlər aşağıdan
-partiyanın rayon, şəhər təşkilatlarından irəli
sürülür və bunlar mərkəzdə-idarə heyətində
müzakirəyə çıxarılır, icra katibliyində
baxılır və ümumiləşdirildikdən sonra
partiyanın ayrı-ayrı dairələr üzrə namizədləri
dəqiqləşdirilərək irəli sürülür.
Partiyanın namizədlərinin,
bütövlükdə hansı şəxsin hansı bölgədən,
hansı dairədən irəli sürüləcəyi tam
hazırdır.
Biz Azərbaycan
Respublikası Milli Məclisinin qəbul etdiyi Seçki Məcəlləsinə
uyğun olaraq, eyni zamanda Mərkəzi Seçki
Komissiyasının tələblərinə müvafiq şəkildə
vaxtı çatdıqda namizədləri dairələrə
təqdim edəcəyik və partiyanın seçki
kampaniyasına rəsmən qatılmasını elan edəcəyik. Növbəti
mərhələ isə namizədlər üçün
imzaların toplanmasıdır. Daha sonra isə
seçkinin ən mühüm mərhələlərindən
biri - təşviqat kampaniyası dövrü gəlir ki, biz
bununla bağlı lazım olan hazırlıq işlərimizi
başa çatdırmışıq. Sonra
bizim namizədlərimizin həm fərdi qaydada, həm rayon,
şəhər təşkilatlarının köməyi ilə
bütövlükdə təşviqatı həyata
keçiriləcək. Yekun mərhələ
isə namizədlərin qeydə alınmasından sonra səsvermə
günü ilə əlaqədar aparılan hazırlıq
işləridir. Hər dairəyə, hər
məntəqəyə müşahidəçilər müəyyən
etmişik. Artıq onların da
siyahıları hazırdır.
Yekun olaraq demək
istərdim ki, Yeni Azərbaycan Partiyası seçkiyə
hazır partiyadır, bu qüdrətli və güclü bir
partiyadır.
Partiyamızın namizədləri
bütövlükdə cəmiyyətin qəbul etdiyi və
müdafiə etdiyi şəxslərdir. Bu
mövqedən çıxış edərək biz gələcəkdə
seçkilərdə Prezidentimiz İlham Əliyevin həyata
keçirdiyi siyasətə əhalinin dəstək verəcəyini
tam bildiyimizdən qəti şəkildə deyə bilərik
ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası
böyük uğur qazanacaq və parlamentdə birinci olaraq
öz yerini tuta biləcəkdir.
- Bəzi müxalifət qəzetləri yazırlar ki,
Yeni Azərbaycan Partiyası bu vaxta qədər hələ də
öz namizədlərini müəyyənləşdirə
bilməyib. Bu məsələyə də
aydınlıq gətirmənizi xahiş edirik.
- Bəzi kütləvi
informasiya vasitələri bəzən söz və mətbuat
azadlığından istifadə edərək xəyali
uydurmalarla çaşqınlıq yaratmaq istəyirlər. Bəzən adama elə gəlir ki, müxalifətin
nəzarətində olan mətbu orqanlar axşam
gördükləri yuxularını səhər dərc edirlər.
Sözsüz ki, onların
yazdıqlarının hamısı cəfəngiyyatdır,
heç bir əsası yoxdur. Onlar Yeni Azərbaycan
Partiyasının gücünün, qüdrətinin
qarşısında acizliklərini nümayiş etdirirlər
və partiyanın siyahısı ilə bağlı guya bəzi
məlumatları əldə etdiklərini bildirirlər. Partiyamızın irəli sürəcəyi namizədlər
gizli deyildir və zamanında açıqlanacaqdır. Bütün dünyada da seçki
kampaniyasının mərhələləri var. Bu mərhələlər
yetərincə başa çatmadıqda digər mərhələ
barəsində kimsə söz demir.Hansı dairədən
kimin namizədliyini müəyyənləşdirmişiksə,
bu, vaxtında açıqlanacaq. Bütövlükdə
müxalifət mətbuatının yazdıqlarını
absurd, cəfəngiyyat və boş söz adlandırıram.
O cür qəzetlərin də yazdığı materiallara
vaxt ayırmağı, onlara şərh verməyi və
xüsusiləşdirməyi də məqsədəuyğun
saymıram.Müxalifətdə ümumiyyətlə, məntiq
deyilən bir şey yoxdur. Onlar məntiqdən
anlayışı olmayan bir qrupdur. Kabinetlərdə
oturub ağıllarına gələni düşünür,
fərziyyələrlə danışırlar. Biz belələrinə əhəmiyyət vermirik.
Nə yazırlar, nə danışırlar,
özləri bilər. Əsas xalqın istəyi
və arzusudur. Xalq isə kimin kim
olduğunu, müxalifətdə olanların
yazdıqlarının nə məqsəd
daşıdığını çox yaxşı bilir.
- Siz dediniz ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildə
keçirilən prezident seçkilərindən başlayaraq
bu vaxta qədər bütün seçkilərdə
böyük üstünlüklə qələbə
qazanıb.... Bu seçkilərdən nə
gözləyirsiniz?
- Ümumiyyətlə, Yeni
Azərbaycan Partiyası haqqında mən belə deyərdim:
YAP qələbələr partiyasıdır,
- Növbəti parlament seçkilərində YAP-a
qarşı güclü rəqib görürsünüzmü?
- Siyasi müstəvidə
bizimlə mübarizə aparan istənilən siyasi təşkilata
rəqib kimi baxırıq. Kimisə nə
kiçiltmək, nə də böyütmək fikrində
deyilik. Hər bir siyasi mübarizəyə
qatılan partiya digər partiya üçün rəqibdir.
Amma bizimlə siyasi meydanda mükaliməni
normal, sivil qaydada apara bilsələr, biz buna çox sevinərik.
Təəssüf ki, müxalifətdə olanlar
dedi-qodudan, şayiədən uzağa gedə bilmirlər,
himayələrində olan kütləvi informasya vasitələrində
olmazın yalanlarını yazırlar. Onlar
bu gün dövlətçilik və milli baxımdan əldə
etdiyimiz uğurları görmək istəmirlər, Azərbaycanın
uğurlarına sevinmirlər. Bütün
bunlar təəssüf doğurur.
- Mübariz müəllim, müxalifət nümayəndələri
belə bir şayiə də yayıblar ki, guya YAP-ın bu
vaxta qədər namizədlərinin adlarının
açıqlamamasının bir səbəbi də müxalifətin
hələ hansı dairədən kimin namizədliyini irəli
sürəcəyini bəyan etməməsidir.
- Yeni Azərbaycan
Partiyasının arxasında dayandığı hər bir
namizəd müxalifətin özündən deyən və
özünü güclü sayan hər bir funksionerindən
qat-qat güclüdür. Bizim namizədlərimiz
fərddir, lakin o namizədlərin arxasında böyük bir
partiya dayanır. Yeni Azərbaycan
Partiyasının hər bir namizədi istənilən
müxalifət partiyasının hər bir namizədindən
güclüdür. Bizim namizədlərimiz
bunu dəfələrlə sübut ediblər.Bizim partiya
gerçək siyasəti həyata keçirən
partiyadır. Prezidentimiz İlham Əliyevin
də siyasəti gerçək, praqmatik, xalqa söykənən,
xalqa inam və xalqın inandığı bir siyasətdir.
- Seçki ərəfəsində Seçki Məcəlləsinə
edilmiş bir sıra əlavə və dəyişikliklər
də bəzi siyasi qurumlar üçün bəhanə olub. Ümumiyyətlə, siz bu əlavə və dəyişiklikləri
necə qiymətləndirirsiniz?
- Azərbaycan
Respublikasının Seçki Məcəlləsi mükəmməl
bir sənəddir. Bu sənəd üzərində çox
böyük işlər aparılıbdır. Qeyd edim ki, Seçki Məcəlləsi beynəlxalq
ekspertlərin iştirakı ilə işlənib
hazırlanıb və bütövlükdə cəmiyyətin
konsensusunun məhsuludur. Konsensusdan kənarda
qalan azlıq cəmiyyət deyil. Bu, cəmiyyətdən
kənarda qalıb məsciddən qovulmuşlar səviyyəsində
olan qrupdur. Həmin qrupun iddiası bizim
üçün önəmli deyil. Bizim
üçün xalqın istəyi, Vətənin, dövlətin
maraqları önəmlidir.
Ona görə
də hazırkı Seçki Məcəlləsi ilə
bağlı müxalifətin iddiaları əsassızdır. Əslində,
müxalifətin hamısı bu düşüncədə
deyil. Müxalifətin müxtəlif
qanadları var. Təbii ki, mən radikal yönümlü
müxalifətdən söhbət açıram. Konstruktiv müxalifət realist düşüncə
ilə dövlət və milli maraqları nəzərə
alaraq hər bir məsələdə konstruktivlik
nümayiş etdirdiyi halda, radikal müxalifət öncə
söylədiyim həmin xəstə təxəyyülün
məhsulunu ortaya qoymağa cəhd etməkdədir. Seçki Məcəlləsinə yeri gəldikcə
müəyyən dəyişikliklər edilir. Yeni Azərbaycan Partiyasının təşəbbüsü
ilə Milli Məclisdə müzakirələr aparılıb
və Seçki Məcəlləsinə dəyişikliklər
edilib. Bu da əsasən seçki müddəti
ilə bağlı məsələdir.
Əvvəlki
qanunvericilikdə seçki müddəti həddindən
artıq çox idi. Bu, o qədər də məntiqli deyildi.
Biz zamanında seçki müddətinin
çox olduğunu diqqətə
çatdırmışdıq. Seçki
keçirilən zaman biz bunun həqiqətən də
uzunmüddətli olduğunu gördük. Hər şey praktikadan doğur. Praktikada
özünü doğrultmayan bu və ya digər iş varsa,
o düzəldilməlidir. Hər şey operativ
olmalıdır və seçicini yoran müddət
olmamalıdır. Hər bir məsələ
dövlətin maraqlarına uyğun həll olunmalıdır.
Seçki Məcəlləsinə dəyişiklikdən
əvvəlki dövrdə Azərbaycanda seçki müddəti
4 ay idi. Ola bilər ki, bir ildə seçki keçirək
və həmin il zərurət
üzündən referendum da keçirməli olaq. Belə çıxır ki, Azərbaycan xalqı 12
ayın 8-ni seçkiyə sərf etməlidir?
Dünya təcrübəsini
də nəzərə alaraq belə qərara gəldik ki, bu
müddət azaldılmalıdır. Bizim təklifimizlə
Milli Məclis bunu geniş müzakirə etdi və radikal
yönümlü bəzi deputatların iddialarına baxmayaraq
Milli Məclisdə bu məsələ öz əksini
tapdı. Hesab edirəm ki, müddətlər
operativ müddətdir və bu müddətdə seçki
kampaniyasını uğurla başa vurmaq olar. Bütövlükdə seçkidə müddətin
qısa olmasını və digər məsələləri
bəhanə edərək, bəzi müxalifət
partiyaları gələcəkdə məğlubiyyətlərini
sığortalamaq üçün bir tezisi indidən öz
kitabçalarına yazıblar.
Müxalifət
məğlubiyyətə uğrayacağını bəri
başdan hesablayıb. Ona görə də onların
bütövlükdə namizəd irəli sürmək
problemi var. Bu problemlər özünü açıq şəkildə
büruzə verir. Bu problemlərin nəticəsidir ki,
müxalifət gah birləşmək, gah ayrılmaq, gah blok yaratmaq haqqında fikirlər söyləyir.
Bu, gözə kül üfürmək və
ictimaiyyətin diqqətini həmin müxalifət daxilində
olan böhran vəziyyətindən yayındırmaqdır.
Müxalifət mənəvi-siyasi və psixoloji
böhran içərisindədir. Onun da səbəbi
müxalifətdə olanların dedi-qodunu önə
keçirməsi, gerçək düşüncədən
geridə qalmasıdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 20 avqust.- S. 2.