Zərdab: təbii fəlakətin
nəticələri uğurla aradan qaldırılır
"Zərdab rayonunun zəhmətkeşləri təbii fəlakətlərə qarşı mübarizədə iradə, intizam, bacarıq göstərmişlər və indi təbii fəlakətin vurduğu zərəri mütəşəkkil qaydada aradan qaldırır, tarla və fermalarda işi gücləndirirlər..."Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev bu sözləri 1978-ci il mayın 29-da - Kür çayında daşqının qarşısını almaq məqsədilə Zərdaba səfər edərkən rayon ictimaiyyətinin iştirakı ilə keçirdiyi müşavirədə söyləmişdi.
Tarix təkrar olunur. 32 il sonra - 2010-cu ilin mayında Kür çayı daşaraq bir sıra rayonlara ciddi ziyan vurdu. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə respublika Prezidenti İlham Əliyev mayın 7-də 10-da Bakıda, mayın 11-də isə Şirvan şəhərində səyyar müşavirə keçirdi. Müşavirədə möhtərəm Prezidentimiz demişdir: "Azərbaycanda elə idarəçilik sistemi yaradılıb ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borcunu bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin. Bütün qurumlar vahid idarəçilik formatında işləməli, hamımız birlikdə çalışmalıyıq. Azərbaycanın müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş ziyan aradan qaldırılsın. Görülən tədbirlər nəticəsində daha böyük fəlakətin qarşısı alındı. Bütün müvafiq qurumlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər, onların fəaliyyəti yüksək qiymətləndirilməlidir..."
Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqəti sayəsində ölkəmiz, o cümlədən Zərdab təbii fəlakətdən tələfatsız çıxdı.
...Kür çayı Zərdab rayonunun ərazisi boyunca 87 km uzanır. Zərdab şəhəri və 24 kənd çayın sahilində yerləşir. Bu yaşayış məntəqələrində məskunlaşan sakinlərin sayı 33 min nəfərdən çoxdur. Əsrlər boyu Kür çayı, eləcə də Kürə Zərdab rayonu ərazisində qovuşan Türyançay Zərdabda ciddi fəsadlar, bir çox hallarda ağır fəlakətlər törətmişdir.
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi "Kaspi" qəzetinin 1880-ci illərdə çıxan saylarında dərc etdirdiyi "Zərdabdan məktublar" başlıqlı silsilə məqalələrində yazırdı ki, yazda Kürü ram etmək mümkünsüz olur. 20 kişi 10 gündür ki, əlimizdə bel və kürək 4 desyatinlik bağ və həyətimin ətrafına torpaqdan sədd-bənd düzəldirik, bununla belə Kürün səviyyəsi mənim bağ və həyətimin səviyyəsindən 1 arşın yuxarı olduğundan su sızaraq 400-dən artıq nadir ağacımı qurutmuşdur. Yaz aylarında ki, daşqın olur, Kür Zərdabdakı körpüləri dağıdır, aşağı və yuxarı məntəqələr arasında əlaqə atla, qayıq və sallarla mümkün olur. Hər yanı su basdığına görə Ucara gedən yolu dolanaraq əlavə 10 verst məsafə qət etməklə gedirik. Əkinlər su altında məhv olur, Zərdabdakı 40-a qədər su dəyirmanını da işlətmək olmur..."
O zamandan bir əsrdən çox vaxt keçsə də Kür və Türyançay 2009-cu ilin payızında da Zərdaba fəlakət vəd edirdi. Hər iki çayda suyun səviyyəsi günbəgün normadan ötür, xüsusən, çaysahili kəndlərdə ciddi təhlükə yaradırdı. Yaxşı ki, Nazirlər Kabinetinin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən, "Azdövsutəclayihə" İnstitutu tərəfindən "Türyançayın məcrasının təmizlənməsi və mövcud mühafizə bəndinin bərpası" üzrə işçi layihə tərtib olunmuşdu. Layihədə Türyançayın Kürə qovuşan yerindən başlayaraq 50,726 kilometr uzunluqda məcranın təmizlənməsi nəzərdə tutulurdu. Bu layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən 24 aprel 2008-ci il tarixli məktubla razılaşdırılmışdır.
Zərdabda təbii fəlakətin qarşısının tamamilə alındığı bu günlərdə etiraf edilməlidir ki, əgər bu işlər vaxtında görülməsəydi Zərdab ərazisində Türyançay çox ağır fəlakət törədərdi. Məsələ burasındadır ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə bu işlərə 2007-ci ildə kifayət qədər vəsait ayrılmışdır. 2010-cu ilin yanvarınadək sərf olunan vəsait hesabına isə çayın 17,85 kilometr uzunluqdakı hissəsində məcratəmizləmə işləri başa çatdırılmışdır. İşin davamı üçün Nazirlər Kabinetinin 28 yanvar 2010-cu il tarixli sərəncamı ilə 700 min manat vəsait ayrılmışdır ki, bu da daha 9,23 kilometrdə məcratəmizləmə işləri aparmağa imkan vermişdir. Zərdabın Siləyli kəndi ərazisində Türyançayın sol və sağ sahillərindəki bəndlərində 37,1 kilometr iş görülməsinin nəticəsidir ki, o ağır günlərdə həmin ərazidə və ətrafda vəziyyət ötən illərdəkindən fərqli olaraq qorxulu həddə çatmadı.
2010-cu ilin yağmurlu keçməsi, Zərdab şəhəri ərazisində qovuşan Kür və Türyançay çaylarında suyun görünməmiş həddə çatması, aprelin 27-dən başlanan güclü leysan yağışları rayon mərkəzində və çaysahili kəndlərdə ciddi təhlükə yaratdı, ağır fəsadlar, fəlakətlər törətdi. Türyançay üzərindəki körpülər xüsusilə qorxulu vəziyyətdə idi. Alıcanlı və ətraf kəndlərdə ciddi həyəcan yaşanırdı. Gecə saat 1:30 radələrində əlaqədar idarə və təşkilat rəhbərlərinin, mütəxəssislərin, ictimaiyyət fəallarının, ağsaqqalların iştirakı ilə Türyançayın Alıcanlıdakı körpüsü üzərində rayon rəhbərliyi operativ, fövqəladə müşavirə keçirdi, təcili olaraq görəcəyimiz işləri müəyyənləşdirdik.
Şəraiti nəzərə alaraq təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı rayon icra hakimiyyəti başçısının sədrliyi ilə 15 nəfərdən ibarət xüsusi komissiya yaradılması barədə sərəncam imzalandı, tədbirlər planı hazırlanıb təsdiq edildi.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin rəhbərliyi altında hər axşam Rayon Fövqəladə Hallar Komissiyası üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin, mütəxəssislərin iştirakı ilə xüsusi komissiyanın operativ müşavirələri keçirildi. Müşavirələrdə bəndlərə təhkim edilən, görülən işlərə cavabdeh olan şəxslərin məlumatları dinlənildi, növbəti günlərin vəzifələri dəqiqləşdirildi.
Ümumiyyətlə, təbii fəlakət nəticəsində rayonumuzda 1500-dən çox fərdi həyəti su basdı, 51 ev tamamilə uçdu, 85 yaşayış evi qəzalı vəziyyətə düşdü. Şəhər əsas məktəbinin binasını və həyətini su basdığı üçün bu məktəbin dərsləri şəhər 2 saylı orta məktəbində 2-ci növbədə təşkil olundu. Otmanoba, Təzəkənd, Əlibəyli və Məlikli kəndlərində 75 nəfərdən ibarət 17 ailə müvəqqəti olaraq köçürüldülər.
Təcili olaraq daxili imkanlar hesabına xilasetmə işlərinə və bəndlərin bərkidilməsinə başlandı. Əksəriyyəti şəhər sakinləri olmaqla ciddi zərər çəkən ailələr şəhər kənarındakı "Aqrotexnika" təşkilatının həyətində operativliklə təşkil olunan, hər cür kommunal və tibbi şəraiti olan 30 çadırdan ibarət düşərgəyə və qohum evlərinə evakuasiya olundular.
Artıq bütün çətinlik və problemlərin aradan qaldırıldığı vaxtda bir həqiqəti yada salmaq ədalətli olardı. Bu da ondan ibarətdir ki, məhz Zərdab rayonunun rəhbərliyi birinci olaraq respublikamızın rəhbər orqanlarına müraciət edərək vəziyyətin mürəkkəbliyi barədə operativ məlumat verdi. Vaxtında çalınan həyəcan təbilinə dərhal reaksiya verildi. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən respublikamızın bir çox şirkət və təşkilatlarından Zərdaba 120-yə qədər maşın-mexanizm, güclü texnika göndərildi.
Aprelin 28-dən respublika Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunları, Ağdam regional fövqəladə hallar və mülki müdafiə qoşunları şöbəsi, Bərdə taborunun 16 suçəkən nasosu və 51 nəfər şəxsi heyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başladı. Daxili imkanlar hesabına isə 130-a qədər su nasosu quraşdırılaraq qrunt suyu fərdi həyətlərdən və kommunal ərazilərdən, zirzəmi və küçələrdən çəkilib kollektorlara ötürüldü.
Şəhərimizin əsas içməli su nasos stansiyası və transformatoru suda qaldığından əhalini içməli su ilə "Azərsu" birləşmiş su-kanal MMC-nin Mingəçevirdən, Qaxdan, Zaqataladan, Ağsu, Göygöl və digər rayonlardan göndərilən çoxtutumlu su maşınları ilə təmin etdilər.
O gərgin günlərdə Zərdab Araz çayının keçmiş qollarının bərpasına da fəal kömək göstərdi. Bu məqsədlə biz fəlakət zonasına təqribən 100 KAMAZ beton bloklar göndərdik. Xüsusi qeyd edilməlidir ki, mayın sonunda və iyunun əvvəllərində Kür çayı 1978-ci ilin səviyyəsini aşdı. Lakin vaxtında əlavə bəndbərkitmə işləri görüldüyünə görə bəndlər yarılmadı. Təkcə iyunun 1-dən 5-dək Kür çayı yenidən 60 sm-dən çox qalxaraq qorxunc vəziyyət aldı. Bu anlarda biz bütün qüvvələri, o cümlədən köməyə gələn canlı qüvvə və texnikanı ən gərgin vəziyyət yaranan nöqtələrə səfərbər etdik.
Müxtəlif təyinatlı qrupların fədakarlığı, insanları gecəli-gündüzlü təhlükə yaranan yerlərə çatdırmaları bəndlərdə sızma və ovulmaların qarşısını aldı. Həmin təhlükəli günlərdə Kür çayında qurulmuş şkaflar ilin sakit çağlarındakı 3-4 metr əvəzinə 11 metr dərinliyi göstərirdi. Kürdən saniyədə 1300 kubmetrə qədər su keçirdi. Bunun nəticəsidir ki, o günlərdə, xüsusən gecələr Otmanoba, Aşağı Seyidlər, Kəndəbil, Qoruqbağı, Şəftəhal, Qaravəlli, Əlibəyli, Körpükənd və digər kəndlərdə bənd ovulması və sızma baş versə də təhlükənin qarşısı vaxtında alındı.
Bunlardan əvvəl isə Türyançayda suyun həddən çox artması səbəbindən Xanməmmədli kəndindəki bənd gecəyarı ovularaq yarıldı. Operativ qruplarımız orada işə başlayanda Xanməmmədli və Hüseynxanlı kəndlərinin 1500-dən çox sakini kisələrə torpaq yığılmasında, suyun qarşısının kəsilməsində sübhədək fədakarlıqla çalışdı.
Ən gərgin və qorxulu vəziyyət isə mayın 31-də gecə saat 1:30 radələrində "Dalğa" restoranının altındakı bənddə yarandı. Buradakı sızmanın qarşısını almaq üçün FHN-nin əsgərləri və təqribən min nəfər sakin, hətta məktəblilər və ağsaqqallar səhər saat 6-ya qədər işlədilər. Təkcə bəndin içərisinə sızma mənbəyinə təqribən 10 min ədəd torpaq dolu kisə buraxıldı. Təhlükənin miqyasını göstərmək üçün deyək ki, əgər həmin bənd uçsaydı, nəinki Zərdab şəhəri və kəndlərimiz, hətta Ucar və Kürdəmirin də xeyli ərazisi su altında qala bilərdi.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə mayın 7-də və 10-da Bakıda, mayın 11-də Şirvan şəhərində keçirilən müşavirələr mühüm, həlledici rol oynadı. Şirvan şəhərindəki səyyar müşavirədən dərhal sonra rayonumuzda bu istiqamətdə işlər sürətləndirildi, əlavə çoxsaylı ağır texinka, maşın-mexanizm və canlı qüvvə Zərdaba ezam olunaraq işə girişdi. Konkret olaraq "Azəryolservis" Departamentinin 15 texnikası 20,2 kilometr, "Əlibəyli" şirkətinin 18 texnikası 16 kilometr, Əfqan şirkətinin 15 texnikası 3,1 kilometr, "Azərtunel" təşkilatının 15 texnikası 11,6 kilometr bəndbərkitmə işləri apardılar.
Rayonun daxili imkanları da səfərbər edilməklə bütövlükdə bəndbərkitmə işlərinə 120-dən çox texnika, 4000 nəfərə qədər canlı qüvvə cəlb olundu. Təkcə daxili imkanlar və Suvarma Sistemləri İdarəsinin köməkliyi ilə mürəkkəb şəraitdə 9 kilometr sahilbərkitmə işləri aparıldı. Bütövlükdə rayonun Əlvənd, Aşağı Seyidlər, Şəftəhal, Biçaqçı, Təzəkənd, İsaqbağı, Körpükənd, Sarıqaya, Əlibəyli, Allahqulubağı, Qaravəlli, Laləağacı, Nəzəralılı, Məlikli, Kənbədil, Otmanoba, Pərvanlı kəndləri və şəhər ərazisində 62 kilometrə qədər məsafədə bəndbərkitmə işləri görüldü.
İlkin məlumata görə, 1195 hektara qədər əkin sahəsi su altında qalmışdır. Ümumiyyətlə, Kür çayının şəhər mərkəzindən keçən hissəsində çayın mühafizə zonasında tikilmiş "Dalğa", "Tural" və "Kür" kafelərinin, "Zərdab Pambıq" ASC tərəfindən özəlləşdirilmiş keçmiş Yay kinoteatrının binaları suyun içərisində qaldı. Həmin obyektlər və çayın mühafizə zonasında qeyri-qanuni tikilmiş fərdi yaşayış evləri bəndbərkitmə işlərinin aparılmasına ciddi maneçilik yaratdığı üçün zəruri söküntü işləri aparıldı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Şirvan şəhərindəki səyyar müşavirədə verdiyi tövsiyə və tapşırıqlarına uyğun olaraq baş verə biləcək təbii fəlakətin qarşısını almaq məqsədilə bir sıra mühüm qabaqlayıcı tədbirlər görülməli, bəzi amillər mütləq nəzərə alınmalıdır. İlk növbədə, Kür çayının sutökmə qabiliyyətinin artırılması üçün çayın dibi təmizlənib dərinləşdirilməlidir. Bəndin yaşayış məntəqələrindən keçən hissələri çay tərəfdən lazımi dərinliyə qədər və yüksək keyfiyyətlə betonlanmalıdır. Kürsahili rayonlardakı əlverişli yerlərdə qum karxanalarının yaradılması həm iqtisadiyyatın - tikintinin inkişafına kömək edər, həm də çayın yatağı xeyli dərəcədə təmizlənər, dərinləşərdi.
60-cı illərdə Zərdabda mövcud olmuş çay nəqliyyatının bərpası da faydalı olardı. Belə ki, rayona yanacaq və digər məhsulların su nəqliyyatı ilə daşınması, sərnişinləri kəndlərdən şəhərə və əks istiqamətə daşıyan su tramvaylarının bərpası həm çayın dibində yaranan lil təbəqələrini axıdar, həm də iqitisadi və ekoloji cəhətdən faydalı olardı. Kürün mühafizə zolağındakı bütün qanunsuz tikililər təyinatından asılı olmayaraq sökülməli, bəndlər əsaslı və etibarlı şəkildə bərkidilməlidir. Bəndlərin möhkəmləndirilməsi, ağır texnikanın bəndlər üzərində sərbəst hərəkətini təmin etmək məqsədilə bəndlərin üstünə çınqıl döşənməlidir. Mümkün olduqca nəqliyyat vasitələrinin bəndlər üzərində daimi hərəkəti təmin edilməlidir.
Sel və qrunt sularının kənarlaşdırılmasını təmin etmək məqsədilə bütün kollektorlar vaxtlı-vaxtında lildən, bitki qalıqlarından və tullantılardan təmizlənməli, daim mühafizə edilməlidir. İçməli su nasos stansiyası və transformatorlar mühafizə bəndlərindən kənara köçürülməlidir. Ümumiyyətlə, su, qaz və elektrik xətləri və qurğuları bənddən kənarda olmalıdır ki, bəndbərkitməyə mane olmasın.
Bəndlər üzərində xüsusən irigövdəli ağaclar - ağ qovaq və tut əkilməsi daşqınlar zamanı təhlükəni daha da artırır. Çünki su bəndə qalxanda bu ağacların dibi boşalır və qəfil çaya yıxılaraq güclü ləpə yaradır, bəndin yarılmasına səbəb olur. Onu da deyim ki, Zərdab şəhərinin kanalizasiya sisteminin tikilməsi şəhərdə sel və qrunt sularının fəsadlarını xeyli azaldacaqdır. Yağış və qrunt sularından qorunmaq məqsədilə yaşayış məntəqələrinin, xüsusən şəhərin ən çökək yerlərində nəhəng sututar - ağzı ortülən beton quyular yaradılması və yığılan suyun güclü motorla dərhal kollektorlara axıdılıması da fəsadların qarşısını alar. Ümumiyyətlə, hələ ötən ilin payızında yağış və qrunt suları Zərdab şəhərində ciddi fəsadlar törədəndə biz vəziyyəti mütəxəssislərlə birlikdə araşdırıb təhlil etdik və bu qənaətə gəldik ki, Zərdab şəhərinin perspektiv inkişafı Zərdab - Ucar şose yolunun Zərdab şəhəri yaxınlığındakı 32 hektarlıq boş ərazi istiqamətində olmalıdır.
Kürdən söz düşmüşkən deyim ki, bu çayın Zərdabdan keçən hissəsində qayıqsürmə idman növünün inkişafı üçün əlverişli şərait var. Belə bir faktı xatırlatmaq yerinə düşər ki, 1982-ci ildə SSRİ yığma komandasının avarla qayıqsürmə komandası Kür çayının Zərdab hissəsini bu idman növü üçün ən uyğun yer hesab edərək Londonda keçirilən olimpiya oyunlarına burada hazırlaşaraq məşqlər keçmişdir. Rayonda normal üzgüçülük bazası yaratmaq barədə fikrimizə əlaqədar qurumlar tərəfindən dəstək verilsə, əminik ki, Zərdabda çox güclü üzgüçülər yetişəcək. Çünki üzməyi bacarmaq əcdadları, ata-babaları iki çay arasında yaşamış bu insanların qanında, genindədir.
Beləliklə, bu gün böyük fərəh və qürur hissi ilə deyə bilərik ki, ölkə Prezidentinin gündəlik diqqət və qayğısı sayəsində Zərdab rayonu fəlakət təhlükəsindən xilas oldu. Bu gün Kür çayında suyun səviyyəsi təqribən 2,5 metr aşağı düşüb və insanlar dövlətimizin rəhbərinə minnətdarlıq hissi ilə tarla və zəmilərdə, fermalarda, şəxsi təsərrüfatlarda, idarə, müəssisə və təşkilatlarda, kommersiya obyektlərində inamla, həvəslə işləyir, qurub yaradırlar. Onu da deyim ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaranan Hökumət Komissiyasının respublika Fövqəladə Hallar Nazirliyinin xətti ilə təşkil olunan komissiyası rayonda olmuş, əhaliyə və iqtisadiyyata dəymiş ziyan müəyyənləşdirilmişdir.
1492 ailəyə evinin təmiri üçün otaqların ölçüsünə uyğun olaraq "Azərpoçt" MMC-nin məsul nümayəndələrinin iştirakı ilə pul vəsaiti ödənilmişdir. Evi uçmuş 51 ailəyə şəhərin Zərdab - Ucar istiqamətindəki "32 hektar" adlanan ərazidə yeni fərdi yaşayış evləri tikilir. Qəzalı vəziyyətdə olan 85 evdə bərpa-gücləndirmə işləri aparılır. "Azərbaycan respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində və daxili imkanlar hesabına çoxşaxəli işlər görülür. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi, Şıxbağı kənd orta məktəbi üçün yeni tikilən binalarda işlər sürətlə gedir. Süd məhsulları emalı sexində tamamlama işləri görülür. Heydər Əliyev Mərkəzinin, Zərdab - Ucar yolu istiqamətində Seysmik Stansiyanın və şəhərin su-kanalizasiya sisteminin tikilməsinə hazırlıq işləri aparılır. Rayonun kəndlərinə qaz xəttinin çəkilişi davam etdirilir. Zərdab - Mollakənd yolunun təmiri, əsasən, başa çatdırılmışdır.
Şəhərdaxili 3,7 kilometr məsafəyə asfalt örtük döşənir. Zərdab - Ucar, Zərdab - Ağcabədi yollarının təmirinə, şəhərin mərkəzi küçələrinin yenidən işıqlandırılması işlərinə başlanılmışıdır. Nümunəvi məhəllə salınır. Şəhər mərkəzində qəzalı vəziyyətdə olan 2 binanın dam örtüyü dəyişdirilmişdir. 1 və 2 saylı şəhər uşaq bağçalarında əsaslı təmir işləri, 14 nəfər Qarabağ əlili üçün fərdi yaşayış evlərinin tikintisi, Heydər Əliyev parkının yenidən qurulması işləri davam etdirilir. Bəyimli qəsəbəsində və 4 kənddə modul tipli sutəmizləyici qurğuların tikintisinə hazırlıq görülür. Qaravəlli, Hüseynxanlı, Gəlmə və Təzəkənd kəndlərində yeni poçt binalarının tikintisi nəzərdə tutulmuşdur.
Bir sözlə, bu gün Zərdabda həyatın elə bir sahəsi yoxdur ki, orada əsaslı inkişaf və irəliləyiş baş verməsin. Tikinti-quruculuq və abadlıq işləri genişləndirilir, sağlam mənəvi-psixoloji mühit yaradılır, təşəbbüskar ab-hava mövcuddur. Rayon öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bütün bunlara görə zərdablılar ilk növbədə ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildirir, bundan sonra da səy, imkan və bacarıqlarını əsirgəməyəcəklərini bəyan edirlər.
Allahverdi SƏFƏROV
Xalq qəzeti.- 2010.- 20 avqust.- S. 4.