Yeni kitablar
"Lənkəranın memarlıq tarixi"
Cahid Həsənovun yenicə çapdan çıxmış kitabı
belə adlanır
Azərbaycan öz tarixi memarlıq abidələri
ilə dünyada məşhurdur. Ölkəmizin
təkcə paytaxt şəhəri olan Bakıda deyil, eyni zamanda, böyük
şəhərlərimizdə, rayon mərkəzlərində və
kəndlərimizdə də
memarlıq abidələri
sənətkarlıq baxımından
həmişə diqqəti
cəlb etmişdir. Bu abidələr arasında
Lənkəranın memarlıq
abidələri xüsusi
yer tutur. Həmin abidələr xarici mütəxəssislərin
diqqətini cəlb edir, müxtəlif əsərlərdə yüksək
qiymətləndirilir. Adı
çəkilən kitabda
da məhz bu sahədə əldə olunmuş nailiyyətlər, tarixin yaddaşını yaşadan
memarlığımızın uğurları geniş şərh olunmuşdur.
Kitabın müəllifi Cahid
Həsənov ixtisasca
memardır. Onun reklam
sahəsindəki nailiyyətləri
oxuculara, yəqin ki, yaxşı tanışdır. O, 1998-ci ildə Nyu-Yorkda yerləşən Ümumdünya
Reklamçılar Assosiasiyasının
üzvü, 2004 - 2006-cı illərdə Qafqaz Ölkələri Beynəlxalq
Reklam və Kommunikasiya Agentlikləri Assosiasiyasının prezidenti,
dünyanın bir sıra şəhərlərində
keçirilən reklam
festivallarının qalibidir.
BMT-nin "Şərəf
və Ləyaqət"
Beynəlxalq Qızıl
mükafatına layiq görülmüşdür. Eyni zamanda, Türk Ölkələri Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının fəxri
doktoru, professorudur.
Bütün bunlarla yanaşı,
o həm də
2006-2007-ci illərdə Lənkəran
Şəhər İcra
Hakimiyyətinin Memarlıq
və tikinti şöbəsinin müdiri,
Lənkəranın baş
memarı işləmişdir.
Bu illərdə doğulub boya-başa çatdığı Lənkəranın
memarlıq abidələrini
daha yaxından öyrənmiş, bu sahədə ciddi axtarışlar aparmışdır.
Ona görədir ki, yazdığı yeni kitabda bu abidələrin
daha dərindən öyrənildiyi aydın nəzərə çarpır.
Kitabın rəyçisi, memarlıq
doktoru, professor Şamil
Fətullayev-Fiqarov nəşrə
"Ön söz"ündə
yazır: "Cahid Həsənov bu kitabda əsasən XX əsrin əvvəllərinədək
olan abidələri araşdırmış, onların
tikilmə tarixlərini
dəqiqliklə öyrənmiş,
böyük sənətkarlıqla,
dolğun şəkildə
göstərmişdir". Bu
mütəxəssis rəyi
bir daha təsdiq edir ki, müəllif öz araşdırmalarında
dəqiq faktlara əsaslanmış, memarlıq
tariximizə qiymətli
töhfə vermişdir.
Kitabda XX əsrin əvvəllərində
inşa edilmiş memarlıq abidələri
VII fəsildə qruplaşdırılmışdır:
qalalar; məscidlər;
əcnəbilərin dini
və şəxsi tikililəri; hamamlar; saraylar; yaşayış evləri; körpülər.
Hər fəsildə yarımbölmələr
var ki, onlar
da memarlıq abidələrinin hər birinin ayrılıqda şərhinə həsr olunmuşdur.
Müəllif qeyd edir ki, Lənkəran memarlıq abidələrinin
bir çoxundan əsər-əlamət qalmamışdır.
O, bunun səbəblərini
də araşdırmışdır.
Əvvəla, Lənkəranın iqlim şəraiti fərqlidir. Bu, tikililərin dağılmasında
mühüm şərtdir.
Digər
tərəfdən, Lənkəran
dəfələrlə yadelli
işğalçıların hücumuna məruz qalmışdır. Bu da memarlıq abidələrinin bir qisminin yerlə-yeksan olmasına şərait yaratmışdır.
Lənkəranda İslam dininin
memarlıq abidələrinin
yaranmasına təsiri
də kitabda xüsusi olaraq tədqiq edilmişdir.
Qeyd olunur ki, əsasən
XIX əsrin əvvəllərində
tikilmiş məscid və hamam tikililəri
Şərq memarlıq
irsinin əsasını
qoymaqla, digər tikililərin yaranmasına
da öz təsirini göstərmişdir.
Kitabda qeyd olunan bir fakta
diqqət yetirək:
"Ən sevindirici hal burasındadır ki, İslam mədəniyyətinin Lənkəranda
inkişaf etməsi nəticəsində XX əsrin
əvvəllərində Lənkəranın
təkcə mərkəzi
ərazilərində 13 hamam
istifadədə olmuşdur.
Bu hamamlarla yanaşı,
Lənkəranın Şağlaser,
Vilvan, Mamusta, Boladi kəndlərində
eyni vaxtda fəaliyyət göstərən
hamamlar da olmuşdur. Bu da 17 min əhalisi olan ərazi üçün analoqu olmayan bir göstəricidir".
Müəllif haqlı olaraq
qeyd edir ki, XX əsrin son onilliyində ölkəmizin
başqa regionlarında
olduğu kimi, Lənkəranda da memarlıq abidələri
baxımsız hala düşmüşdür. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
bu abidələri xilas etdi, onların
bərpası və yenidən qurulması istiqamətində işlərə
rəvac verildi. Bu gün isə
ulu öndərin siyasi kursunun layiqli davamçısı,
Prezidentimiz İlham Əliyev Azərbaycanın
memarlıq abidələrinə
xüsusi diqqət yetirir, onların bərpası və gələcək nəsillərə
çatdırılması üçün önəmli
tədbirlər həyata
keçirir.
Həmçinin,
kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan
mədəniyyətinə, onun tarixi memarlıq
abidələrinin qorunmasına
və bərpasına
göstərdiyi qayğısından
da bəhs olunur.
Müəllif haqlı olaraq
yazır ki, bu gün Lənkəranda
tarixi memarlıq abidələri yüksək
səviyyədə qorunur.
İnkişaf etmiş dünya
dövlətlərində olduğu
kimi, Lənkəranda da, mərkəzdə və ətraf ərazilərdə qeyri-qanuni,
primitiv formada olan tikililər təmir olunur.
Kitab Azərbaycan memarlıq
tarixi ilə, cənub memarlığının
xüsusiyyətləri ilə
maraqlanan oxucular üçün maraqlı
məlumatlarla zəngindir.
Xüsusilə, burada abidələrin
foto surətlərinin
verilməsi, eyni zamanda, müəllifin çəkdiyi rəsmlər
kitabın əhəmiyyətini
daha da artırır.
İnanırıq ki, "Lənkəranın
memarlıq tarixi" kitabı memarlıq tariximizi öyrənənlər
üçün əhəmiyyətli
mənbə olacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 21 avqust.- S. 5.