Prezident
İlham ƏLİYEV: Azərbaycan həm güclü iqtisadi
potensiala, həm də hərbi potensiala malikdir
2010-cu
ilin yarım ili arxada qaldı. Ekspertlərin
fikrincə, bu ilin birinci yarımilliyində iqtisadiyyatın,
habelə digər aparıcı sahələrin nəticələri
qənaətbəxş olmuşdur. Söz yox ki, son iki il yaddaşlara qlobal maliyyə və iqtisadi
böhran dövrü kimi həkk olunmuşdur. Dünya
iqtisadiyyatını sınağa çəkən böhran
ölkəmizdən də yan keçməmişdir. Lakin ümummilli lider Heydər Əliyevin siyasi irsinə
əsaslanan və Prezident İlham Əliyev tərəfindən
davamlı olaraq həyata keçirilən sosial-iqtisadi
inkişaf kursu böhranın acı fəsadlarının
qarşısını almış, məqsədyönlü
islahatların həyata keçirilməsi təmin olunmuş,
xalqın rifah halı daha da
yaxşılaşdırılmışdır.
Azərbaycanın
iqtisadi inkişaf tempinin ildən-ilə artması ölkəmizə
olan marağı daha da artırmışdır. Qeyd
etdiyimiz kimi, qlobal maliyyə və iqtisadi böhran müxtəlif
dövlətlərin vəziyyətini gərginləşdirsə
də, Azərbaycanda 2009-cu ilin müvafiq dövrü ilə
müqayisədə 2010-cu ilin altı ayında dövlət
büdcəsindən sosial təminat, sosial müdafiə, kənd
təsərrüfatı, müdafiə, mədəniyyət,
iqtisadi fəaliyyət, səhiyyə və digər sahələrə
daha çox vəsait yönəldilmişdir. Demək,
ölkəmizdə iqtisadiyyatın inkişafı yüksələn
xətt üzrə inkişaf etmiş, dövlət
başçımızın ardıcıllıq və
peşəkarlıqla həyata keçirdiyi islahatlar ölkəmizin
iqtisadi qüdrətini daha da artırmışdır.
Bu ilin iyun ayında Milli Məclisdə
"2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər edilən
zaman bir daha məlum oldu ki, ölkəmizdə iqtisadiyyatın
inkişaf tempi nəinki qorunub saxlanılmış, əksinə,
artım qeydə alınmışdır. Həmişə
olduğu kimi, bu dəfə də artım əhalinin
sosial-müdafiəsinin gücləndirilməsinə, aztəminatlı
ailələrin yaşayış səviyyəsinin yüksəldilməsinə,
hərbi xərclərin artırılmasına, elm, təhsil,
mədəniyyət və səhiyyənin inkişafına,
keyfiyyətcə daha da yaxşılaşdırılmasına
yönəldilmişdir.
Prezident İlham Əliyev də
dövlət büdcəsinə edilmiş dəyişiklikdən
danışarkən bu il artımın
olduğunu diqqətə çatdıraraq demişdir:
"Bildiyimiz kimi, bu yaxınlarda büdcəyə dəyişiklik
edilmişdir və bütövlükdə, bizim dövlət
büdcəmiz hazırda 15 milyard dollar səviyyəsindədir.
O cümlədən, 500 milyon dollar vəsait hərbi məsələlərin
həllinə əlavə olaraq ayrılmışdır. Bu, bizim məqsədyönlü siyasətimizin bir
hissəsidir. Çünki biz müharibə
şəraitində yaşayırıq. Belə
olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin
hərbi potensialının gücləndirilməsinə verməliyik
və bunu edirik. Bu gün Azərbaycanın bütün
hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın
bütün dövlət büdcəsindən çoxdur. Biz
vaxtı ilə bir neçə il bundan əvvəl
qoyulmuş məqsədə çatdıq. Bu,
bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən
müasir silah-sursat, texnikanı Azərbaycana gətirək.
Eyni zamanda, ölkə daxilində güclü
müdafiə sənayesini yaradaq. Biz qısa müddət
ərzində buna nail ola bilmişik".
Azərbaycanın
iqtisadi qüdrəti artdıqca müdafiə
potensialının gücləndirilməsinə xüsusi diqqət
yetirilir. Çünki hazırkı şəraitdə
bu, çox vacibdir. Bizim hərbi qüdrətimiz
Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması üçün
aparılan danışıqlarda həlledici rol oynaya bilər.
Ona görə hərbi sahənin inkişaf
etdirilməsi prioritet məsələlərdəndir. Ermənistan tərəfi digər ölkələrin
gücünə ümid bağlasa da, Azərbaycanda artıq
qüdrətli Milli Ordu formalaşıb. Bu
gün Ermənistanın ictimai-siyasi xadimləri öz ölkələrini
Rusiyanın quberniyası adlandırırlar. Bu da səbəbsiz deyildir. Çünki
Ermənistanın bütün sərhədləri Rusiyanın
ordusu hesabına qorunur. Azərbaycanın
isə getdikcə artan iqtisadi qüdrəti sayəsində
Müdafiə Sənayesi Nazirliyinin strukturu
formalaşdırıldı. Prezident
İlham Əliyevin sərəncamı ilə yaradılan
nazirliyin tabeliyində olan müəssisələrdə
qısa müddət ərzində hərbi sahədə
istifadə edilən müxtəlif adda məhsullar istehsal
olundu. Hazırda Müdafiə Sənayesi
Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq
edir. Məhz bunun nəticəsidir ki,
nazirliyin müəssisələrində müasir tələblərə
cavab verən müdafiə təyinatlı məmulatların
seriyalı istehsalı həyata keçirilir. Bu məmulatların çeşidlərinin sayı
artıq 413-ə çatdırılıb. Bir faktı
da diqqətə çatdıraq ki, 2006-cı illə
müqayisədə 2009-cu ildə istehsal həcmi 2,8 dəfə, müdafiə təyinatlı məmulatların
istehsalı isə 46 dəfə artırılmışdır.
Dövlət başçımızın uzaqgörənliyi,
ölkənin hərbi potensialının daha da gücləndirilməsi
məqsədi ilə yaradılmış Müdafiə Sənayesi
Nazirliyi ölkəmizin Silahlı Qüvvələrini
silah-sursat, hərbi texnika və digər vasitələrlə
təmin etməklə yanaşı, xarici bazarlara da məhsul
ixrac etməyə qadirdir. Bu il 413 adda
müdafiə təyinatlı məmulatların və
onların ehtiyat hissələrinin istehsalı nəzərdə
tutulub. Bu isə ötən il istehsal olunan məmulatların
sayından 1,2 dəfə çoxdur. Göründüyü kimi, ölkəmizin hərbi
potensialı getdikcə gücləndirilir və bu, prioritet sahə
kimi daim dövlət başçımızın diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
Bakıda Dövlət Sərhəd Xidmətinin
Akademiyasının açılışı zamanı sərhədçilər
qarşısında çıxış edərkən hərbi
gücün artırılmasının vacibliyini xüsusi
olaraq diqqətə çatdırdı və dedi: "Biz
ölkədə gedən işləri yüksək səviyyədə
qururuq. Azərbaycan gündən-günə
güclənir, möhkəmlənir. Maliyyə
imkanlarımız, hərbi xərclərimiz artır və hərbi
xərclərimiz dövlət büdcəsində ən
birinci yerdədir. Bu, belə də
olmalıdır, çünki biz müharibə şəraitində
yaşayırıq. Müharibə hələ
bitməyib. Müharibənin birinci mərhələsi
başa çatıbdır, atəşkəs rejimi
bağlanıbdır. Ancaq hər an
hazır olmalıyıq və hazırıq ki, öz torpaqlarımızı
işğalçılardan azad edək. Bir daha
demək istəyirəm ki, bunu etmək üçün ilk
növbədə hərbi güc lazımdır. Biz bu hərbi
gücü yaradırıq, böyük dərəcədə
yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi
üçün biz bütün maliyyə resurslarını cəmləşdirmişik
ki, torpaqlarımızı işğalçılardan azad edək.
Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi
potensialı buna imkan verir".
Azərbaycan
dünyada sülhsevər dövlət kimi
tanındığından hələlik münaqişənin
tənzimlənməsində və işğal altında olan
torpaqlarımızın azad olunmasında sülh variantına,
danışıqlar prosesinə daha çox
üstünlük verilir. Danışıqlar
prosesində Azərbaycan tərəfi həmişə
konstruktiv mövqe nümayiş etdirir. Ermənistan
tərəfi isə heç bir tutarlı arqument irəli
sürmədən danışıqlardan yayınır,
işğalçılıq missiyasından əl çəkə
bilmir. Bu isə münaqişənin
nizamlanmasında vasitəçilik missiyasını üzərinə
götürən ATƏT-in Minsk qrupunun həmsədrlərinin,
habelə nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin
diqqətindən yayınmır. Artıq
dünya birliyi də Azərbaycanın mövqeyini müdafiə
edir. Ermənistanın tanınmış
ictimai-siyasi xadimləri də bu fəallığı gizlətmir
və bundan ciddi narahat olduqlarını bildirirlər. Məsələn, Ermənistan milli təhlükəsizlik
naizirinin sabiq müavini Qurgen Yegizaryan kütləvi informasiya
vasitələrinə verdiyi müsahibəsində deyib ki,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
Azərbaycanın mövqeyi xeyli güclənib. O, bunu
danışıqlar prosesinin son nəticələri ilə əlaqələndirib.
Q. Yegizaryan deyib ki, bütün sahələr üzrə Azərbaycanın
mövqeləri Ermənistanın mövqelərindən qat-qat
üstündür. O, hətta beynəlxalq təşkilatların
da artıq Azərbaycanın tərəfində
olduqlarını da diqqətə çatdırıb və
deyib ki, münaqişənin nizamlanmasında beynəlxalq təşkilatların
rəsmi Bakının tələblərini müdafiə etməsi
Ermənistan diplomatiyasının iflasından xəbər
verir.
Son vaxtlar Ermənistanda
ictimai-siyasi gərginlik artmaqdadır. Orduda
pərakəndəlik, qaçaqaç düşüb.
Dövlət başçımızın
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyasının
açılışındakı nitqi zamanı dediyi qətiyyətli
sözlər Ermənistan hakimiyyətinin nümayəndələri
ilə yanaşı, hərbçiləri də
çaş-baş salıb. İş o
yerə çatıb ki, Ermənistanın müdafiə naziri
Seyran Ohanyanın hərbi xidmətdə olan qohumu əsgər
yoldaşları ilə birlikdə öz hərbi hissələrini
tərk edərək Azərbaycan tərəfinə təslim
olublar. Möhtərəm Prezidentimiz bəyan
etdi ki, danışıqlar pozularsa, o zaman yeni vəziyyət
yaranacaq və münaqişənin hərbi yolla həlli məsələsi
gündəliyə salınacaqdır. Artıq
Ermənistan tərəfinə çox yaxşı məlumdur
ki, münaqişənin hərbi yolla nizamlanması məsələsi
onları məhvə aparacaq. Çünki
Azərbaycan çox güclü, nizami orduya malikdir. Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 90 illiyi ilə əlaqədar Bakıda
keçirilən hərbi parad təkcə Ermənistanın
yox, bütün dünyanın diqqət mərkəzində
idi. Bir daha bəlli oldu ki, Azərbaycan
qüdrətli orduya malikdir və işğal altında olan ərazilərimizi
hər an azad etməyə qadirdir.
Bu gün dövlətimizin
sərhədləri yüksək səviyyədə qorunur.
Bu, həm də daxildə bütün işləri,
nəzərdə tutulmuş məqsədyönlü
proqramları müvəffəqiyyətlə həyata
keçirməyə imkan yaradır. Bunun nəticəsidir
ki, Azərbaycan həm güclü iqtisadi potensiala, həm də
hərbi potensiala malikdir. Möhtərəm
Prezidentimizin həyata keçirdiyi uğurlu strategiya nəticəsində
digər zəruri sahələrdə olduğu kimi, dövlət
sərhədinin mühafizəsində də ciddi tədbirlər
həyata keçirilmiş, bu sahədə ən müasir
texniki vasitələrin tətbiqi sürətlənmişdir.
Ölkəmizin iqtisadi qüdrəti artdıqca
Milli Ordunun daha da gücləndirilməsi, hərbçilərin
şəraitinin yaxşılaşdırılması, peşə
bacarığının, döyüş qabiliyyətinin
artırılması, ən müasir texnika, avadanlıq və
vasitələrlə təminatında qətiyyətli
addımlar atılır. Bu gün Azərbaycan
regionda həm iqtisadi, həm də hərbi potensiala malik lider
dövlətdir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 21 avqust.- S. 1.