Azərbaycan Kənd İnvestisiya Layihəsinin uğurları beynəlxalq miqyasda təqdir olunur

 

    Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ölkənin iqtisadi inkişaf strtegiyası hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçən əsrin 90-cı illərinin ortalarından sonra Azərbaycan özünün siyasi sabitlikiqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Böyük neftqaz müqavilələrinin gerçəkləşməsi bizim əsas sevinc mənbəyimizə çevrildi.

 

    Ölkənin ildən-ilə artan iqtisadi imkanlarını nəzərə alan Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan Azərbaycan hökuməti fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmamalıdır. Hərtərəfli inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar aparılmalı, o cümlədən, infrastruktur layihələrin gerçəkləşməsinə xüsusi diqqət yetirilməli, qlobal investisiya layihələrinin həyata keçirilməsinə nail olunmalıdır.

    Məlum məsələdir ki, bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə həyata keçirilən hər bir layihə sırf bazar iqtisadiyyatı prinsiplərini, açıq desək, daha çox mənfəət götürülməsini nəzərdə tutur. Buna baxmayaraq, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda belə layihələr götürülən mənfəət nəzərə alınmadan xalqın rifahı naminə həyata keçirilir. Məhz son illərin dövlət büdcəsinə nəzər salsaq görərik ki, infrastruktur layihələrin gerçəkləşməsinə ayrılan vəsaitin miqdarı bu deyilənləri təsdiq edir. Bütün bunlar onu göstərir ki, infrastruktur layihələrin həyata keçirilməsi ictimai həyatın bütün sahələrinin yenidən qurulması məqsədilə Azərbaycanda həyata keçirilən sosial yönümlü layihələrin tərkib hissəsidir. Ölkə Prezidenti də haqlı olaraq davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın mənimsənilməsində görür və bu istiqamətdə əlindən gələni edir. Bunun nəticəsidir ki, ölkəmizin bütün regionları tədricən canlanmağa başlayır və hər yerdə irimiqyaslı layihələr həyata keçirilir. Kəndlərin illər boyu yığılıb qalan problemləri tədricən öz həllini tapmağa başlayır.

    Mən burada bir faktı xüsusilə qeyd etmək istəyirəm. 2000-ci ilin 18 mayında Bakı şəhərində donor ölkələrin, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən " İnkişaf problemləri və strateji istiqamətlər" mövzusunda beynəlxalq konfransda məhz ulu öndərimiz Heydər Əliyev "Humanitar yardımdan inkişafa doğru" strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə son illər qəbul edilmişuğurla həyata keçirilən iqtisadi proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) xüsusi yeri var. Bu layihə ilkin olaraq Azərbaycan hökuməti və Dünya Bankı arasında 2004-cü ilin 23 sentyabrında bağlanmış Sazişə əsasən respublikanın 3 zonasında - Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etmişdir. Bu illər ərzində 3 zonada 340 layihə həyata keçirilmiş və təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Bu, sadəcə, rəqəm yox, hər üç zonada onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri və çəkilməsi və s. deməkdir. Dəfələrlə Dünya Bankının nəzarət missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, nəticə etibarı ilə Dünya Bankı və Azərbaycan hökuməti layihələrin yüksək keyfiyyətini qeyd etmişdir.

    AzKİL-in uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərinin, kənd sakinlərinin, bələdiyyələrin ciddi marağına səbəb olmuş, Azərbaycan hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin, təmsil olunduğu agentliyin və nəhayət, layihə rəhbərliyinin ünvanına bu layihənin həmin rayon və kəndlərdə də həyata keçirilməsi barədə çoxlu sayda məktublar daxil olmuşdur. Məhz AzKİL-in uğurlu fəaliyyəti və əldə etdiyi nəticələr Azərbaycan hökuməti və Dünya Bankını 2009-cu ilin 20 aprelində onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə AzKİL üçün "Əlavə maliyyələşdirmə sazişi" bağlamağa sövq etdi. Layihənin fəaliyyət zonası Naxçıvan da daxil olmaqla şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və şimal-qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndi. Hazırda bu zonalarda da kənd sakinlərinin özləri tərəfindən qəbul olunan yüzə qədər layihə yüksək keyfiyyətlə həyata keçirilir və əsasən, bələdiyyələrin, eləcə də dövlət qurumlarının balanslarına təhvil verilir.

    Yuxarıda qeyd olunduğu kimi, ildə ən azı iki dəfə Dünya Bankının AzKİL üzrə nəzarət missiyası layihənin fəaliyyətini qiymətləndirmək məqsədilə Azərbaycana səfərlər edir və hər dəfə də texniki icrada olan və təhvil verilmiş layihələrlə yaxından tanış olur, öz rəy və təkliflərini bildirir. Onu da qeyd etmək lazımdır ki, həmin missiyanın tərkibində həmişə yüksək səviyyəli beynəlxalq mütəxəssislər təmsil olunurlar.

    Bu yaxınlarda AzKİL-in ünvanına sevindirici bir xəbər də gəlmişdir. Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihənin ən layiqli 47-si və "İnsanların həyatının yaxşılaşdırılması" müsabiqəsində qalib gələn 12 layihədən biri seçilmişdir. 2010-cu ildə keçirilən bu müsabiqənin məqsədi qaliblər arasından Dünya Bankından alınmış kreditlə həyata keçirilən müxtəlif layihələrin Analtik Məsləhət Tədbirlərinin təmsili və özlərinin inkişaf məqsədləri, buya digər göstəricilər, öyrənilmiş mühüm dərslərə müvafiq uğurlu nətəcələr əldə edən namizədlərin seçilməsi idi. Bu məsul missiya təcrübə və peşəkarlığına etibar edilən 8 üzvdən ibarət münsiflər heyətinə həvalə olunmuşdu. Münsiflər heyəti üzvlərinin yekdil qərarı ilə AzKİL də müsabiqənin qalibi olmuş 12 layihə sırasında yer almışdır. Bu ilin sentyabrında Dünya Bankının vitse-prezidenti Azərbaycana səfəri zamanı "İnsanların həyatının yaxşılaşdırılması" müsabiqəsində qalib gələn AzKİL-in rəhbərliyinə bu geniş miqyaslı yarışmanın mükafatını təqdim edəcəkdir. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyiniqtisadi inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir.

    Yeri gəlmişkən onu da qeyd edək ki, kəndlərin hərtərəfli və uzunmüddətli inkişafına yönələn layihələrin məhz Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi altında həyata keçirilməsi bu uğurların əldə olunmasında əsas faktordur. Hazırda Kənd İnvestisiya Layihəsinin uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kəndlərin yerli icra və bələdiyyə strukturlarından Kənd Təsərrüfatı Nazirliyinin ünvanına çoxsaylı müraciətlər daxil olur. Onlar bu layihənin fəaliyyət dairəsinin genişləndirilməsini və müddətinin uzadılmasını xahiş edirlər.

 

 

    Fərman HƏSƏNOV,

    Azərbaycan Kənd İnvestisiya

    Layihəsi idarəetmə qrupunun əməkdaşı

 

     Xalq qəzeti.- 2010.- 21 avqust.- S. 5.