QLOBAL MALİYYƏ BÖHRANI: iqtisadi tənzimləmə
mexanizmlərindən səmərəli istifadənin Azərbaycan
təcrübəsi
(əvvəli qəzetin 7, 8, 14 və
20 avqust 2010-cu il tarixli saylarında)
Qeyd etməliyik ki, 2004-cü ildən
"böyük neft" erasının başlanması və
neftin dünya bazarında qiymətinin yüksək olması
neft sektoru üzrə ixrac olunan məhsulların həcmini
artırmışdır. Nəticədə,
neft-qaz sektorunun ixracda xüsusi çəkisi daha da yüksəlmişdir.
2004-cü ildə neft-qaz sektorunun ümumi ixracda payı 86,4 faiz idisə, 2009-cu ildə bu göstərici
əvvəlki ildəkindən bir qədər az olsa da, 94,7
faiz təşkil etmişdir. Qeyri-neft sektorunun
ixracda payı isə əksinə, azalmışdır.
Həm də ixracın əsasını təşkil edən
neftin böyük əksəriyyəti xammal şəklindədir,
belə ki, 2004-2009-cu illərdə ixrac olunan neftin orta hesabla
88,8 faizi xammal şəklində, 11,2 faizi
isə emal məhsulu şəklində ixrac olunmuşdur.
2004-cü ildə tədiyyə balansının müsbət
saldosunun 161 milyon ABŞ dollarından 2009-cu ildə 14,6 milyard ABŞ dollarına yüksəlməsinin
də əsas səbəbini neft məhsullarının
ixracının artması və neftin qiymətinin dünya
bazarında yüksək olması ilə bağlamaq
lazımdır.
Göstərilən bu zahiri təzahürlərə
baxmayaraq, son illərdə görülmüş məqsədyönlü
tədbirlər və qazanılmış uğurlar ölkənin
ixrac potensialının artmasını təmin etmiş, neft məhsulları
ilə yanaşı, qeyri-neft məhsullarının
ixracının da genişlənməsinə səbəb
olmuşdur. Bu nailiyyətlər, Azərbaycan
hökumətinin ölkə iqtisadiyyatının
diversifikasiyasına yönəldilmiş uğurlu siyasətinin
nəticəsində mümkün olmuşdur.
Ölkənin valyuta ehtiyatlarının
sürətlə artımı Azərbaycan
iqtisadiyyatının, maliyyə sektorunun pul bazasının
möhkəmlənməsinə səbəb olub. Sonrakı illərdə valyuta ehtiyatlarının
idarə olunmasından ən azı 250 milyon dollara yaxın gəlir
götürəcək ki, bu da bir neçə ildən sonra
neft sektorundan sonra iqtisadiyyatın ikinci mühüm bir sahəsinə
çevrilməsi ilə nəticələnə bilər.
Ölkəyə valyuta axını hər il
30-40 faiz artım tempi ilə müşahidə olunacaq ki, bu da
idarəetməyə verilən vəsaitlərdən əldə
olunan dividendlərin 3-4 milyard dollara çatmasına gətirib
çıxaracaq.
Son maliyyə böhranının dərslərindən
biri odur ki, indi valyuta ehtiyatlarının səhmlərdə,
qiymətli kağızlarda saxlanılması riskli bir
işdir. Həm də Azərbaycanın
valyuta ehtiyatlarının əksər hissəsi (90 faizindən
artığı) böhranın ən geniş miqyasda
yayıldığı regionlarda - Amerika Birləşmiş
Ştatlarında və Avropa Birliyi ölkələrində
saxlanılır. Həmin ölkələrin
özünün də valyuta ehtiyatları ən çox qiymətli
kağızlarda, fondlarda yerləşdirilib və onların
qiymətləri azalmaqda davam edir. Mərkəzi
Bank həmin vəsaitlərin bir qismini fondlarda yerləşdirməklə
böhrandan sonra daha çox gəlir əldə etmək niyyətində
olmasına baxmayaraq, sonrakı proseslər, dünya
bazarında baş verən qiymət dəyişiklikləri göstərdi
ki, hələlik fondların mövcud qiyməti ondan gəlir
götürməyə zəmanət vermək imkanında
deyil. Təbii ki, dövlətin strateji
valyuta ehtiyatlarının indiki vaxtda gəlirli olmayan sahələrə
yönəldilməsi onun azalmasına təsir etməkdədir.
Eyni zamanda, ehtiyatların dollar və ya avroda
saxlanılmasına üstünlük verilməsi də
çətin proqnozlaşdırılan məsələ
olduğundan, adətən bu ehtiyatları idarə edən
qurumlar, həmin valyutalardan hər hansı birinin kursunun
yüksələcəyi ilə bağlı proqnozlar verilən
zaman deyil, avronun kursu yüksələn qısa vaxt kəsimində
hərəkət edirlər.
Eyni tendensiya kommersiya banklarının fəaliyyətində
də müşahidə olunur. Banklar
ötən ilin sonlarında avronun məzənnəsində
dollara nisbətən artımlar baş verəndə, öz
rezervlərinin və ya aktivlərinin bir qismini avroya
çevirdilər və yüksək məzənnə ilə
avro aldılar. Sonradan avronun məzənnəsinin
aşağı düşməsi, eləcə də rezervlərin
yenidən qiymətləndirilməsi itkilərə, azalmalara gətirib
çıxardı. Doğrudan da, ötən ilin
payızında 1 milyon avro təxminən 1 milyon 200 min manat təşkil
edirdisə, hazırda məzənnənin aşağı
düşməsi nəticəsində 1 milyon avro 1 milyon 70 min
manata bərabər götürülür. Bu, o deməkdir ki,
son aylar hər milyon avroda 130 min manat azalma baş verib və təbii
ki, avronun məzənnəsinin aşağı düşməsi
daha çox kommersiya banklarının aktivlərinin
azalmasına gətirib çıxarıb.
Məlum olduğu kimi, Mərkəzi
Bankın və Dövlət Neft Fondunun ehtiyatları əsasən
dünyanın aparıcı banklarında saxlanılır ki,
maliyyə böhranı ilə əlaqədar olaraq bu vəsaitlərdən
istifadə edilməsi vaxtaşırı çətinləşə
bilər. Bu baxımdan, mövcud risklərin
azaldılması və Azərbaycanın kommersiya
banklarının investisiya ehtiyaclarının
qarşılanması üçün valyuta
ehtiyatlarının bir hissəsi ölkənin öz
banklarında da yerləşdirilməlidir. Valyuta vəsaitlərinin hansı valyutada yerləşdirilməsi
də əhəmiyyətlidir. Çünki
dünyanın aparıcı valyutaları arasında məzənnə
son illərdə ciddi dəyişikliklərə
uğrayıb və bu dalğalanmalar davam etdiyindən valyuta məzənnələrində
vaxtaşırı yaranan fərqlər nəticəsində
Azərbaycan valyuta itkilərinə məruz qala bilər.
Ancaq 2008-ci ildə dünya maliyyə
bazarında dolların ucuzlaşması və digər
valyutaların dəyərinin artması hökumətin valyuta
səbətinin strukturunu da dəyişməyə məcbur
edib. Ötən ildən başlanılan və daha da kəskin
xarakter alan dünya iqtisadiyyatındakı
böhran meyillərinin dərinləşməsi və bunun
müqabilində dolların ucuzlaşması hökuməti məcbur
edib ki, 2008-ci ildən başlayaraq xarici maliyyə təşkilatlarında
idarəetməyə verilmiş valyuta ehtiyatlarının
strukturunu dəyişdirsin. Artıq dollardan
uzaqlaşma, avroya üstünlük vermə tendensiyası
hiss olunur. Avropadakı banklarda pul saxlamaq
daha çox dividend əldə etməyə imkan verir. Bu baxımdan, həm Mərkəzi Bank, həm də
Dövlət Neft Fondu bu ildən etibarən xarici maliyyə təşkilatlarında
saxladığı valyutanın tərkibində dolların
çəkisini əhəmiyyətli dərəcədə
azaldıb.
Mövcud vəziyyətdə Dövlət Neft Fondunun
investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ
dollarında, 40 faizi avroda, 5 faizi İngiltərə funt
sterlinqində, qalan 5 faizi isə dünya bazarlarındakı vəziyyətdən
asılı olaraq aşağıda göstərilən digər
aktivlərdə - məsələn, "A" (Standart and
Purz, Fiç)və ya "A2" (Mudiz)
kredit reytinqindən aşağı olmayan uzunmüddətli
ölkə (suveren borc) reytinqinə malik olan ölkələrin
valyutalarında, o cümlədən yapon iyenində yerləşdirilə
bilər. Son illərdə dünyanın maliyyə
bazarındakı vəziyyətin təhlili göstərir ki,
digər valyutalarla müqayisədə yapon iyeni daha çox
bahalaşmaya istiqamətlənib və dünyadakı maliyyə
böhranı digər inkişaf etmiş ölkələrlə
müqayisədə Yaponiyaya daha az təsir
edir.
Müasir dövrdə Mərkəzi Bank pul siyasəti
üzrə hədəflərə nail olmaq üçün
faiz dəhlizinin parametrləri, məcburi ehtiyat normaları və
açıq bazar əməliyyatları kimi alətlərdən
aktiv istifadə etməlidir. Dünya
iqtisadiyyatının tənəzzülü, qlobal likvidlik
sıxıntısı və inflyasiyanın azalması şəraitində
iqtisadiyyatda likvidlik mənbələrini dəstəkləmək
üçün demək olar ki, bütün ölkələrin
mərkəzi bankları apardıqları pul siyasətinə
adekvat korreksiyalar etmişlər. Belə ki, Amerikanın
Federal Ehtiyat Sistemi 2007-ci ildən 2009-cu ilin ortalarınadək
uçot dərəcəsini 10 dəfə dəyişərək
5,25 faizdən 0,25 faizə, Avropa Mərkəzi Bankı 7 dəfə
dəyişərək 4 faizdən 1 faizə endirmişdir. Bu dövr ərzində Rusiya və Azərbaycan mərkəzi
banklarının pul siyasəti sahəsindəki fəaliyyətlərində
müəyyən tərəddüdlər olmuşdur.
Rusiya Mərkəzi Bankı 2007-ci ildən 2008-ci ilin
noyabrınadək uçot dərəcələrini 6 dəfə
dəyişərək 10,5 faizdən 12 faizə, Azərbaycan
Mərkəzi Bankı isə 4 dəfə dəyişərək
9,5faizdən 15faizə qaldırmışdır. Azərbaycan
Mərkəzi Bankı 2008-ci ilin noyabrından 2009-cu ilin
ortalarınadək uçot dərəcələrini 6 dəfə
dəyişərək 15 faizdən 2 faizə
saldığı halda, Rusiya Mərkəzi Bankı 2009-cu ilin
aprel ayınadək uçot dərəcəsini 13 faizə qədər
artırmış, sonradan isə ilin sonunadək 9,5 faizə
endirmişdir.
Tədiyyə balansının gəlirlər
hissəsinin artması bir tərəfdən, ölkənin
valyuta ehtiyatlarını artırsa da, digər tərəfdən,
valyuta bazarında dollar təklifini artıraraq manatın
bahalaşmasına şərait yaratmışdır.
2009-cu ildə ölkənin valyuta bazarının dövriyyəsi
(alış və satışın həcmi) 7085,5 milyon manat və ya 8812,8 milyon ABŞ
dolları təşkil etmişdir ki, bu da 2005-ci illə
müqayisədə 303,1 milyon manat və ya 4,1 faiz azdır.
2009-cu ildə valyuta təklifi tələbi 1,9
milyard dollar üstələdiyindən Mərkəzi Bank
manatın daha da bahalaşmasının
qarşısını almaq üçün sterilizasiya tətbiq
etmişdir. Ancaq buna baxmayaraq Azərbaycan manatının
nominal dəyəri 1,3 faiz ucuzlaşsa da,
real dəyəri 15,5 faiz bahalaşmışdır.
Burada əsas problem ondan ibarətdir ki,
milli valyutanın möhkəmlənməsi nəticəsində
ənənəvi ixrac məhsullarının rəqabət
qabiliyyətinin aşağı düşməsi və
qeyri-neft sektoruna aid ixracın səviyyəsinin azalması
qaçılmaz olur. Digər tərəfdən,
valyutanın real dəyəri artdıqca, idxal
yönümlü iqtisadiyyatda əhalinin fərdi istehlakı
stimullaşır, eyni zamanda, sektorlar arası iqtisadi əlaqələr
pozulur. Təklifin mühüm hissəsi
idxalın hesabına ödənildiyi üçün ölkədə
yaranmış əlavə dəyər idxal olunan malların
alınmasına sərf olunur, istehlak zənbilində ərzağın
xüsusi çəkisi artır.
Yaxın illərdə dünya bazarında
qiymətlərin əlverişli olması proqnozları Azərbaycanın
neft gəlirlərinin dəfələrlə artmasına real
imkanlar açır. Belə bir şəraitdə
lüzumsuz maliyyə israfçılığına yol verməmək
və ölkənin neft ehtiyatlarının tükənməsi
dövründə maliyyə imkanlarının kəskin
azalmasının qarşısını almaq üçün
qeyri-neft sektorunda yığım-xərc balansının
optimal təşkili olduqca vacibdir. Bu yanaşma neft gəlirləri
hesabına maliyyələşən xərclərə sərt
nəzarəti, bu gəlirlər hesabına gələcək
yığımların yüksək səviyyəsinə nail
olunmasını, makroiqtisadi idarəetmənin səmərəsinin
artırılmasını, neft gəlirlərini üstün
olaraq istehlakın deyil, investisiyaların maliyyələşdirilməsinə
yönəltməklə iqtisadiyyatın strukturunun
optimallaşdırılmasını, qeyri-neft sektorunun
inkişafının "neft bumu" ilə dəstəklənməsi
ilə yanaşı ona vergi stimullarının da tətbiqini nəzərdə
tutan mühüm prinsipləri əhatə edir.
Bu prinsiplərin bəziləri Azərbaycanda
artıq reallaşdırılmağa
başlanmışdır və müəyyən nəticələr
verməkdədir. Belə ki, neft gəlirlərindən
yaranacaq yığımların akkumulyasiyasını təmin
edən Dövlət Neft Fondu yaradılmışdır ki, bu
da daxili xərclərin kəskin genişlənməsinin
qarşısını almaqla, real məzənnənin
bahalaşmasına yol verməməklə qeyri-neft sektorunun rəqabət
qabiliyyətinin qorunub saxlanmasında və bugünkü gəlirlərin
gələcək inkişafın real maliyyə təminatına
çevrilməsində olduqca mühüm amildir. Bütövlükdə Neft Fondunun məcmu tələbin
genişlənməsinə destruktiv təsiri daxili tələbi
ixrac sektorlarından qeyri-ixrac sektoruna (xüsusilə xidmət
sektoruna) yayılmasını (neft gəlirlərinin
artmasının təsiri altında) məhdudlaşdıran
amildir ki, bu da ölkədə bərqərar olmuş
makroiqtisadi sabitliyin qorunmasına şərait yaradır.
Hazırda ölkədə qeyri-neft
sektorunun restrukturizasiyasına yönəlmiş bir sıra
kompleks tədbirlər də həyata keçirilməkdədir.
Belə ki, son illər bu sektora xarici
investisiyaların axını güclənmiş, ixrac və
idxalı əvəz edən sahələrin inkişafı, o
cümlədən, məzənnə siyasəti vasitəsilə
inkişaf etdirilməsi diqqət mərkəzində
saxlanılmışdır. Ölkədə
özəl sahibkarlığın inkişafına dövlət
dəstəyinin həm institusional, həm də maliyyə
kontekstində artırılmasını nəzərdə
tutan fərmanlar verilmiş və onların icrasına
başlanmışdır.
Eyni zamanda, qeyri-neft sektorunun
inkişafına bilavasitə təsir edən iqtisadiyyatın
infrastruktur sahələrinin modernləşdirilməsi (o
cümlədən xarici maliyyə yardımları hesabına)
diqqət mərkəzində saxlanılmış, vergilər
azaldılmışdır. Maliyyə,
pul-kredit siyasətinin qeyri-neft sektorunun inkişaf tələblərinə
uyğunlaşdırılması istiqamətində əhəmiyyətli
addımlar atılmışdır.
Qeyd edək ki, hazırkı maliyyə
böhranı şəraitində başlıca problem
vergi-büdcə və pul-kredit siyasətlərinin qarşılıqlı
əlaqələndirilməsidir. Böhran
dövründə vergi-büdcə siyasəti üzrə
atılmış ən mühüm addım - Vergi Məcəlləsinə
dəyişiklik edilərək mənfəət vergisi dərəcəsinin
22 faizdən 20 faizə endirilməsidir. Bu,
müəssisə və təşkilatlara investisiya fəaliyyətlərinin
həyata keçirilməsi üçün sərbəst vəsaitlərinin
yaranmasına kömək göstərəcəkdir.
Hazırkı şəraitdə əmlak və torpaq vergisinin
diversifikasiya olunması və proqressiv şkala ilə vergiyə
cəlb olunması da əhəmiyyətli ola
bilər. Bu tədbir əmlak və torpaq
bazarında tarazlığın bərpa edilməsinə xidmət
etməklə, əsas fondlar və torpaqdan səmərəli
istifadəni də təmin etmiş olar.
Dövlət Neft Fondunda və Mərkəzi Bankda kifayət
qədər valyuta ehtiyatları olduğundan böhranın
acı nəticələrinin azaldılması və neft gəlirlərindən
səmərəli istifadə olunması üçün
iqtisadi siyasətin və tədbirlərin əsas istiqamətlərini
aşağıdakı kimi ümumiləşdirə bilərik:
- süni qiymət artımlarına,
inhisarçılığa və haqsız rəqabətə
qarşı dövlət nəzarət tədbirlərinin
gücləndirilməsi;
- xaricdə saxlanılan valyuta
ehtiyatlarının bir hissəsinin güzəştli şərtlərlə
yerli bankların istifadəsinə verilməsi, ümumiyyətlə,
banklararası və əhaliyə ünvanlanmış güzəştli
kreditlərin stimullaşdırılması;
- fermerlərə və digər
sahibkarlara dövlət köməyinin artırılması,
regional və sektoral vergi güzəştlərinin tətbiqi,
qeyri-neft sektoru üzrə ixracın
stimullaşdırılması;
- dövlət investisiya
proqramının prioritetlərinə yenidən
baxılması, büdcə vəsaitlərindən səmərəli
istifadənin və dövlət maliyyə intizamının
gücləndirilməsi;
- ƏDV dərəcəsinin optimal səviyyəyə -
16 faizə endirilməsi;
- kənd təsərrüfatı məhsulları
istehsal edən müəssisələrə 0 faizlə kreditlərin
verilməsi;
- Mərkəzi Bankın yenidən maliyyələşdirmə
faiz dərəcəsinin 0 dərəcəyə endirilməsi
ilə verilən kreditlərin həcmini artırmaq və
kredit bazarında faizlərin aşağı salınmasına
təsir edə biləcəyi səviyyəyə
çatdırmaq;
- dövlət büdcəsində
elm, təhsil, səhiyyə, mədəniyyət, habelə
sosial müdafiə, ətraf mühitin qorunması və
ekoloji xərclərin prioritet qəbul olunması və həmin
xərclərin artırılması;
- işsizlərin təkrar peşə
hazırlığını təmin edən layihələrin
maliyyələşdirilməsi və onlara verilən müavinətlərin
artırılması və s.
Qeyd edək ki, bu sahələrə diqqətin
artırılması və inkişafın
stimullaşdırılması qeyri neft-sektoru məhsulları
və xidmətlərinə tələbi artırır və
dayanıqlı iqtisadi artımın yaranmasına gətirib
çıxarır. Bu istiqamətlərdə
xərclərin artırılması qısa müddətli
dövrdə qeyri-neft real sektoruna tələbi artırmaqla həmin
sektorda məhsul istehsalını stimullaşdırır.
Uzunmüddətli dövrdə isə bu istiqamətlərdə
inkişaf, onun məhsul və xidmətlərinin kəmiyyət
və keyfiyyət baxımından yaxşılaşmasına
səbəb olur ki, bu da məhsul və xidmətlərə
böhrandan asılı olmayaraq tələbi (daha çox
daxili tələb) daim artmaqdadır.
Neft gəlirlərinin artması mərhələsində
makroiqtisadi siyasətin bütün istiqamətlərinin
effektiv koordinasiyası xüsusilə zəruridir. Qeyd edək ki, bu istiqamətdə Azərbaycanda son
10 ildə mühüm nailiyyətlər əldə olunmuşdur
və bu nailiyyətlərin bariz nümunəsi ölkədəki
makroiqtisadi sabitlikdir. Bununla belə, gələcəkdə
neft gəlirlərinin məqsədi dövlət proqramları
çərçivəsində istifadə olunması prosesində
fiskal və monetar sektorlar arasında koordinasiya mexanizmlərinin
əsaslı təkmilləşməsinə ehtiyac
yaranacaqdır.
5. İqtisadiyyatın rəqabət qabiliyyətinin
yüksəldilməsi və qeyri-neft sektorunun
inkişafında Ümumdünya Ticarət Təşkilatına
(ÜTT-yə) üzv olmağın rolu
Qeyri-neft sektoruna xarici investisiyaların cəlb
edilməsi üçün Ümumdünya Ticarət Təşkilatına
(ÜTT-yə) üzv olmağın əhəmiyyəti
böyükdür. ÜTT dünya
iqtisadiyyatının inkişafında, dünya ticarətinin
genişlənməsində, dinamik yüksəlməsində
və dünya bazarında rəqabət mühitinin qorunub
saxlanmasında əhəmiyyətli rol oynayır. Azərbaycan
ÜTT-yə qoşulmaqla ölkəmizin dünya
iqtisadiyyatına daha sıx və səmərəli inteqrasiya
olunmasını, ölkənin xarici iqtisadi əlaqələrinin
daha da genişlənməsini, xarici ticarətin
inkişafını təmin edə, eyni zamanda aparılan
iqtisadi islahatların və liberallaşmanın təsadüfi
olmadığını və bu prosesin daha sürətlənəcəyini
bir daha təsdiq edə, ölkəmizin investisiya və kredit cəlbedicilik
risklərini xeyli azalda bilər.
ÜTT-yə üzv olmaq üçün
ilk növbədə rəqabət qabiliyyətli yerli istehsala
malik olmaq lazımdır. Xüsusi qeyd etmək
lazımdır ki, dünya bazarında rəqabət qabiliyyətli
son məhsul və xidmətlərlə çıxış
etmək üçün yerli istehsalın inkişaf səviyyəsi
hələ ki, nəzərəçarpacaq dərəcədə
yüksək səviyyədə deyildir. Bununla
yanaşı, Azərbaycanda son bir neçə il
ərzində dünyada ən yüksək iqtisadi artım
müşahidə olunur və MDB ölkələri
arasında iqtisadi inkişaf səviyyəsinə görə
seçilir. Onu da qeyd etmək lazımdır ki,
MDB ölkələri içərisində iqtisadi inkişaf səviyyəsinə,
əsas makroiqtisadi göstəricilərə görə
(ümumi daxili məhsul, milli gəlir və s.) Azərbaycandan heç də yüksək olmayan
Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan
müvafiq olaraq 1998, 2000, 2001 və 2003-cü illərdə
ÜTT-yə tam hüquqlu üzv qəbul edilmişlər.
Türkmənistan isə ümumiyyətlə,
bu təşkilata üzvlüklə bağlı müraciət
belə etməmişdir. Azərbaycan da
daxil olmaqla digər MDB ölkələri ÜTT-yə
üzvlüklə bağlı müraciət etsələr də,
hələlik bununla əlaqədar aparılan
danışıqların müxtəlif mərhələlərindədirlər.
Məsələn, Rusiya, Ukrayna və Qazaxıstan bu təşkilata
üzvlüyə daha şanslıdırlar, xüsusilə də
birinci iki ölkə ÜTT-yə üzvlüklə
bağlı yekun protokolun imzalanması mərhələsinə
yaxınlaşmışdır. Qeyd edək ki,
ÜTT-yə qoşulma hər bir ölkə üçün
fərdi xarakter daşımaqla, olduqca mürəkkəb
prosedurludur və üzvlüyə qəbul 3 ildən 15 ilədək
davam edə bilər.
Azərbaycan ÜTT-yə üzv olmaq
üçün rəsmən 1997-ci ildə bu təşkilatın
katibliyinə müraciət etmiş, həmin ildən Azərbaycan
ÜTT-yə qəbul prosesinə və bu təşkilatla əməkdaşlığa
başlamışdır. Həmçinin
üzvlüyə qəbul edilmək məsələsi ilə
bağlı Azərbaycanın işçi qrupu
yaradılmışdır. Eyni zamanda, tərkibi
müxtəlif nazirlik, komitə və agentliklərin nümayəndələrindən
ibarət olan milli koordinasiya qrupu yaradılmışdır ki,
bu qrup da ölkənin üzvlük öncəsi mövcud
problemlərin çözülməsi ilə məşğul
olur.
Bütün üzv ölkələr təşkilatın
qarşıya qoyduğu əsas prinsiplərə əməl
etməlidir. ÜTT-yə üzvlük ölkələr
üçün aşağıdakı üstünlükləri
verə bilər:
1) geniş və zəngin informasiya
şəbəkəsinə daxil olmaq, o cümlədən bu təşkilat
vasitəsilə ticarət mübahisələrinin ədalətli
yolla həllinə nail olmaq;
2) üzv ölkələrin
bazarlarına təhlükəsiz daxil olmaq;
3) çoxtərəfli ticarət
danışıqlarında tam və bərabərhüquqlu
üzv kimi iştirak etmək və ticarət siyasətini
müəyyənləşdirmək hüququna malik olmaq;
4) idxal rüsumlarının
azaldılması nəticəsində milli bazarlarda rəqabətin
yüksəlməsi;
5) istehlakçılara rəqabətin
üstünlüklərindən tam istifadə etmək
imkanının verilməsi, daha doğrusu, böyük
seçim və aşağı qiymətlər;
6) tariflərin aşağı
salınması xammal materialları, aralıq məhsul və
komponentlərin qiymətlərinin aşağı düşməsinə
gətirib çıxarır ki, nəticədə də son məhsul
və xidmətlərin maya dəyəri aşağı
düşür, istehlak xərcləri azalır;
7) milli qanunların beynəlxalq
qanunlarla uzlaşdırılması və müvafiq üzv
ölkələrin bu sahə üzrə standartları tətbiq
etməklə iqtisadi islahatların sürətləndirilməsi;
8) iqtisadi idarəetmədə,
xüsusən xarici iqtisadi fəaliyyətin tənzimlənməsində
və xarici ticarətə yardım edilməsində hökumətin
rolunun zəifləməsi;
9) üzv ölkələrin bir-birilərinin
ərazilərindən təhlükəsiz olaraq tranzit kimi
istifadə etmək hüququnu əldə etməsi;
10) xarici ticarət
prosedurlarının sadələşdirilməsi, idxalda şəffaflaşdırma,
ixrac əməliyyatlarının uçotunun düzgün
aparılması və süni bürokratik əngəllərin
qarşısının alınması nəticəsində
gizli ticarət dövriyyəsinin və korrupsiya
hallarının azaldılması.
Əlbəttə, yuxarıda qeyd olunan
üstünlüklər, daha çox inkişaf etmiş
ölkələr və qismən də yeni sənaye ölkələrinə
şamil edilə bilər. Çünki bu ölkələr
iqtisadi inkişafın daha yüksək mərhələlərindədirlər,
güclü sənayeyə malikdirlər, dünya bazarında
yüksək rəqabət qabiliyyətli mallarla öz yerini
möhkəmlətmiş ölkələrdir ki, bununla da
ÜTT-nin prinsiplərinə əməl
etməklə xarici ticarət fəaliyyətini həyata
keçirmələri bu ölkələr üçün elə
bir çətinlik yaratmır.
ÜTT-yə üzvlük Azərbaycanın
bəzi üstünlüklərini təmin etsə də,
yuxarıda qeyd olunan üstünlüklər içərisində
4-cü və 8-ci bəndlərdə göstərilmiş
müddəalar Azərbaycan üçün əksinə zərər
verə bilər. Belə ki, hazırda,
yenicə formalaşan yerli istehsalın və milli bazarın
xarici rəqabətdən qorunması üçün
hökumət tərəfindən proteksionist tədbirlərin
həyata keçirilməsi vacibdir. Bu baxımdan, idxal
rüsumlarının azaldılması nəticəsində
milli bazarda rəqabətin yüksəlməsi Azərbaycan
üçün səmərəli deyildir, çünki bu
cür siyasətin həyata keçirilməsi ona gətirib
çıxara bilər ki, yüksək rəqabət qabiliyyəti
olmayan milli məhsullar rəqabətə tab gətirməyərək
tam iflasa uğraya bilərlər. Eləcə də,
iqtisadi idarəetmədə, xüsusən, xarici iqtisadi fəaliyyətin
tənzimlənməsində və xarici ticarətə
yardım edilməsində hökumətin rolunun zəifləməsi
Azərbaycan üçün sərfəli deyildir.
Beləliklə, Azərbaycanın ÜTT-yə üzv
olması ilə əldə edə biləcəyi
üstünlükləri qeyd etməklə yanaşı,
çəkə biləcəyi aşağıdakı zərərləri
də göstərmək olar:
- yerli mal və xidmətlərin rəqabət
qabiliyyətinin olmaması və standartlara cavab verməməsi;
- gömrük rüsumları və
vergilərin azaldılması nəticəsində, dövlət
büdcəsi gəlirlərində baş verən azalma
qısa və orta müddətli problem yarada bilər;
- texnologiyaların idxalı üzrə
patentlərə görə ödənilən komisyon haqlar sənaye
istehsalı xərclərinin artmasına gətirib
çıxara bilər və nəticədə, qiymət rəqabətində
üstünlük azala bilər;
- yerli sənayenin müdafiəsi məqsədilə
hökumətin ayırdığı birbaşa, yaxud
dolayı subsidiyaların dayandırılması bu sahədə
müəyyən çətinliklərin meydana gəlməsinə
gətirib çıxara bilər;
- daxili qiymətlərin dünya qiymətlərinə
uyğunlaşdırılması istehlakçıların xərclərinin
artmasına və bununla da sosial-iqtisadi vəziyyətin pisləşməsinə
gətirib çıxara bilər.
Yuxarıda qeyd edilənləri nəzərə
alaraq, Azərbaycanın ÜTT-yə üzv olmasına birmənalı
qiymət vermək olmaz, yəni burada malik olacağımız
üstünlüklərlə yanaşı, dəyəcək
zərərləri də görmək lazımdır.
Buna görə də yuxarıda qeyd etdiyimiz problemlərin bir
qismi hələ də qaldığından, Azərbaycanın
ÜTT-yə üzv olmasına tələsməməli, bu
proseslərə ciddi hazırlaşmalı, qeyri-neft sektoruna
daha çox diqqət ayrılmalı, rəqabət qabiliyyətli
son məhsul istehsal edən sahələr
formalaşdırılmalı və inkişaf etdirilməlidir
ki, ölkəmiz sözügedən təşkilata tam əminliklə
və uğurla üzv qəbul edilsin və bu
üzvlüyün verə biləcəyi imkanlardan yararlanmaq
mümkün olsun.
Tədiyyə balansının yaxşılaşdırılması
üçün cari hesablar balansının, əsasən də
ixracın diversifikasiyası zəruridir. Belə ki,
hazırda Azərbaycan ixracının 90 faizindən
çoxunu (2008-ci ildə 92,5 faizi) xam neft
təşkil edir və tədiyyə balansı neftin dünya
bazarındakı qiymətlərinin qalxıb-düşməsinə
uyğun olaraq ciddi dəyişikliklərə uğrayır. Neftin dünya bazar qiyməti 2008-ci ilin sonlarından
başlayaraq aşağı düşməyə
başlayıb və beynəlxalq təşkilatların
proqnozlarına görə, yaxın perspektivdə neftin qiymətinin
əvvəlki səviyyəyə (100 ABŞ dollarından
artıq) yüksəlməsi gözlənilmir. Bu baxımdan, xarici ticarətin sahə və əmtəə
strukturunun diversifikasiyası və Azərbaycan müəssisələrinin
müasir beynəlxalq ticarət sistemində iştirak
mexanizminin təkmilləşdirilməsi zəruri məsələlərdəndir.
Bu istiqamət təkcə rəqabət qabiliyyətliliyin
artırılması baxımından deyil, həmçinin Azərbaycanın
xarici iqtisadi əlaqələri və bütünlükdə
iqtisadiyyatda sabitliyin qorunub saxlanılması baxımında əhəmiyyətlidir.
İxracın diversifikasiyası
üçün əsas tədbirlərdən biri xidmətlərin
ixracının, xüsusi olaraq nəqliyyatın, o cümlədən
tranzit daşımaların artırılması vacibdir. Azərbaycanın coğrafi mövqeyi, bu sahədə
hazırlanan layihələr nəqliyyat xidmətlərinin
artırılması üçün çox böyük
potensial imkanların olduğunu göstərir. Bunun üçün gömrük rəsmiləşdirilməsinin
sadələşdirilməsi və nəqliyyat infrastrukturunun
inkişaf etdirilməsi prioritet vəzifələrdən
biridir.
Xarici iqtisadi əlaqələrdə
iştirak edən müəssisələrin sayının
artması, ixrac edilən əmtəə və xidmətlərin
nomenklaturunun genişlənməsi və ən əsası isə
kiçik biznesin xarici fəaliyyətə qoşulmasına
şərait yaratmaq üçün dövlət siyasəti
formalaşdırılmalıdır. Burada
həm bütünlükdə ixracın
stimullaşdırılması, həm də kiçik bizneslə
məşğul olan müəssisələrin rəqabət
qabiliyyətliliyinin artırılması baxımından tədbirlər
görülməlidir. İxracın
diversifikasiya edilməsində əsas məsələlərdən
biri elmtutumlu malların ixracının genişləndirilməsidir.
Beynəlxalq və regional bazarlarda yeni
satış nöqtələrinin tapılması, mövcud
olanların daha da genişləndirilməsi, bu bazarlarda
qarşıya çıxan maneələrin
araşdırılması və bunların ikitərəfli və
ya çoxtərəfli anlaşmalar nəticəsində həll
edilməsini təmin edəcək sistematik bir fəaliyyət
planının hazırlanmasına ehtiyac vardır.
İxracat firmalarının dünya bazarında gedən
proseslər, konyunktur və tələbatlarda dəyişikliklər
barədə informasiya ilə təmin edilməsi ilə
yanaşı, elektron informasiya mübadiləsinin dünya ticarətində
əsas rola malik olduğunu nəzərə alaraq, xaricdəki
alıcılar və Azərbaycandakı satıcılar
arasında davamlı məlumat mübadiləsini həyata
keçirəcək bir sistem qurulmalıdır. Bunun üçün hazır məhsul ixrac edən
firmalar, onların məhsulları haqqında geniş məlumatları
əks etdirən bir neçə internet saytı
yaradılmalıdır. Bütövlükdə
ixracı stimullaşdırmaq məqsədilə istehsal
edilmiş məhsulların keyfiyyətinin
artırılması ilə yanaşı, marketinq və
bazarlama işinə daha çox fikir verilməlidir.
Tanrıverdi PAŞA,
AMEA İqtisadiyyat
İnstitutunun
Maliyyə, pul-kredit siyasəti
şöbəsinin müdiri
Xalq qəzeti.- 2010.-
21 avqust.- S. 3.