Qori
Seminariyasının Azərbaycan şöbəsinin
yaradıcısı
(əvvəli qəzetimizin 20 iyun,
11 iyul və 8 avqust tarixli saylarımızda)
Xoruzların ilk banına az qalmış dəmir qapı açıldı. Əli çıraqlı nəzarətçi işığı yatmış dustaqların üzünə tutur, astadan Firidun bəyi soruşurdu. Onu tapan kimi sərt və ötkəm səslə: "Yığış, dalımca gəl", - dedi.
Firidun bəy hara və niyəsini soruşmadı. Ürəyində "nəyim var, nə yığışdıram", - deyə qarasınca - deyindi. Cümşüd elə şirin yatmışdı ki, oyatmağa qıymadı. Onun sol ayağı Firidun bəyin keçəcəyi tərəfə uzanmışdı. O, Cümşüdün ayağını ehmallıca götürüb divara tərəf qoydu. Yatanların arasından keçib qapıya doğru irəlilədi. Çıraq işığını yenidən onun üzünə tutan nəzarətçi "keç" dedi. Qapını bağlayıb ona yaxınlaşdı, çırağı bu dəfə lap yuxarı qaldırıb ona zəndlə baxdı. Sol əlində hazır tutduğu tüfəngi çiyninə keçirib, qəfildən onun papağını başından götürdü. Firidun bəy dinməyə macal tapmamış onu itələdi.
- Yeri, yeri, - dedi.- Sən elə yerə gedirsən ki, heç vaxt üşüməyəcəksən.
Beş-on addım kənarda dayanan
Liberman nəzarətçiyə təpindi:
- Tez ol, - dedi. - Orda nə bazar
açmısan, indi səhər açılacaq.
- Deyinə-deyinə yaxın gəlib:
- Hə, bəy, necəsən? Gəncə çayında çimə bilərsənmi?
Qorxma, su soyuq deyil, orda sənin
dindaşlarının qanı çoxdu. Türk
qanı suyu isidib.
- Mən pakam, qoy orda natəmizlər
çimsin, - deyib Firidun bəy acıqla Libermana baxdı.
Kinayə ilə:
- Bəy, nə vaxtdan Qazaxda
Müsavat hökumətinin səlahiyyətli nümayəndəsisiniz?
-
Partiya yaranan gündən onun üzvüyəm, 1918-ci ildən
isə Qazaxdakı Azərbaycan Demokratik Partiya təşkilatının
katibiyəm. Niyə təəccüblə
baxırsınız, burda qeyri-adi nə var ki... Xalqımın
min bir əziyyətlə qurduğu partiyaya sidq ürəklə
xidmət etmək məgər qəbahətdir?
- Saqqalından utanırsan,
özün də bəy nəslindən, savadlı...
- Mən heç nəyi
danmıram. Utanmağa qalanda qoy o şəxslər utansın
ki, Şirazlı Sədi demişkən:
Utansın o kəs ki, ömrü
puç etdi,
Dünyadan
köçəndə xəcalət getdi.
...Qəfil vurulan qılınc zərbəsindən
Firidun bəy səntirlədi. Sol gözündən
və sifətindən fışqıran isti qan yaxası boyu
axdı. Qılınc zərbəsi alt
çənəsindən alnına qədər
çapmışdı. Onu itələdilər.
Kor adamlar kimi sağ əlini irəli uzadıb,
iki-üç addım atdı. Bilmədi
haraya, hansı səmtə yerisin. Arxadan vurulan tüfəng
qundağı az qaldı onu
ağzıüstə sərsin.
-Qurtarın, elə burda
qurtarın, sonra sürüyüb apararsınız, - deyən
Liberman irəli yeriyib tüfəngin lüləsini Firidun bəyin
sol qoltuğunun altına dirədi. Tətik çəkilən
kimi o, ağzıüstə düşdü... Liberman
üzünü nəzarətçiyə tutub:
- Teleqramı isə cırıb
atın, biz heç bir teleqram-zad almamışıq - deyib
uzaqlaşdı.
Liberman kabinetinə qayıdıb
yanından heç vaxt ayrılmayan, milliyətcə erməni
olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi bəlli
olmayan Sarkis Danilyanın diktəsilə Firidun bəy
haqqında saxta hökm yazdı:
4 iyun 1920-ci il,
Gəncə:
"Mən, iyirminci diviziyanın
xüsusi şöbəsinin hərbi müstəntiqi bu
gün Firidun bəy Köçərlinskinin əksinqilabçı
kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax
İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə
alaraq bildirirəm ki, müttəhim Köçərlinski
özünün hakimiyyətindən və böyük səlahiyyətindən
istifadə edərək zəhmətkeş xalqa
zorakılıq göstərmişdir. Köçərlinski
Qazaxda "Müsavat" partiyasının sədri olarkən
millətçilik ehtiraslarını
qızışdırmışdır. Nəticədə
qonşu millətlər arasında toqquşmalar baş
vermişdir. Onun verdiyi izahat heç də
inandırıcı deyildir... Məttəhim
Köçərlinskinin şahidlərin dindirilməsi
haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək)
lazımdır. Onun gələcəkdə azadlıqda
qalması Qazax qəzasında əksinqilabi hərəkatın
baş verməsinə, fəhlə və kəndlilərin
günahsız olaraq qanlarının tökülməsinə
səbəb ola bilər".
Qərara alınır: müttəhim
Köçərlinski güllələnsin.
Təsdiq
edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə
komissar H.Sultanov
* * *
Firidun bəy
tutulandan sonra Badisəbaya baş çəkən, təsəlli
verən çox idi. O, hər gün seminariyaya gələr,
təzə xəbər olub-olmadığını
soruşardı. Firidun bəylə birgə
aparılan İsfəndiyar bəy Muradovdan, nə də Məcid
bəy Vəkilovdan da heç bir xəbər-ətər yox
idi. Badisəba o günü - mayın
iyirmisini soldatların hər üçünü
qabaqlarına salıb Qazaxdan Ağstafaya silah altında
payi-piyada apardıqları günü xatırlayanda əti
ürpəşirdi. Ağlamaqdan,
sızlamaqdan başqa çarəsi qalmırdı.
Ağlayır və ağladıqca da yana-yana deyirdi: "Bir
günahı olsaydı, məni bu qədər
yandırmazdı".
İsfəndiyar bəy
Qazaxda pristav olmuşdu. Bığlı Məcid
bəy uzun illər orduda xidmət etmişdi. Müsavat vaxtı şəhər qlavası idi.
Tutaq ki, bunları çara xidmətdə
günahlandırırdılar. Bəs
maarif xadimi, ədəbiyyat sahəsində xalqına misilsiz
xidmət edən Firidun bəy Köçərlinin
günahı nə idi? Qazaxda hamı onun
nahaq tutulmağından danışırdı. Tutulub aparılmağını görənlər
belə inanmırdılar. Hamı onun
tezliklə buraxılacağına ümid bəsləyirdi.
* * *
Firidun bəyi gətirməyə
gedən Badisəba xanım həmin gün Gəncədən
məyus qayıtdı. Hacı Rəsul
evinin yanından üzüaşağı gələndə
qarşısına əmisi oğlu Mehdi ağa Vəkilov
çıxdı.
- Nə oldu, - niyə tək gəldin,
deyəsən heç yeməyi də verməmisən? Soruşdu.
Badisəba:
- Götürmədilər, - dedi.
- Niyə?
- Dedilər ki, Firidun bəyi
başqa həbsxanaya aparıblar. Ancaq yalan deyirlər.
- Bəlkə azad eləmək
üçün Bakıya dəyişiblər, nə bilirsən?
Yox, yalandı, əmioğlu,
- deyib ağladı. Kəlağayısının
ucu ilə gözünü nə qədər sıxdısa,
göz yaşını saxlaya bilmədi.
Hıçqıra-hıçqıra: öldürüblər,
məni aldatdılar, - dedi.
- Nə bilirsən, kim
dedi?
- Firidun bəyin papağını
bir erməni zabitin başında gördüm... Demək,
öldürüblər, - deyib daha bərkdən
hönkürdü:
İyunun
dördündə Eyyub Xanbudaqovun gətirdiyi məktub Azərbaycan
SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun
qanını bərk qaraltdı. "Mən
elə belə də gözləyirdim"-fikirləşdi.
- Niyə dayanmısınız, dərhal teleqram
hazırlayın, mənim adımdan, Həmid Sultanova - köməkçisi
Nurməmməd Şahsuvarova və Eyyub Xanbudaqova
tapşırıq verdi. - Yazın ki,
günahsız həbs olunanlar diqqətlə yoxlanılıb
azad edilsin. Firidun bəy Köçərlini isə
teleqram alınan kimi azad edib öz işinə qaytarsınlar.
Başqalarını bilmirəm, şəxsən mən
Firidun bəyə zamin ola bilərəm. Onu bu işə qatmaq məncə, ən
böyük haqsızlıqdır. Baş
aça bilmirəm, Qazaxda üsyan olmayıb ki, Firidun bəyin
bu üsyana nə dəxli?
Teleqram göndəriləndən
sonra yeni hökumətin rəhbəri Nərimanov rahat ola bilmədi. Amma işin
çoxluğu, Bakıda, Zaqatala və Qarabağda vəziyyətin
ağırlığı bir neçə saatdan sonra Gəncə
hadisələrini unutdurdu. Üç
gün keçdi. Firidun bəyin azad edilməsi
haqqında bir xəbər gəlmədi. Nərimanov
Bakıda işlərini sahmana salıb Gəncəyə getməyi
qərara aldı.
Vağzaldan
İnqilab Komitəsinin qərargahına kimi piyada getdi. Əhalinin əhval-ruhiyyəsini, şəhərdəki
dəyişikliyi görməyin xatirinə. Qərargaha çatan kimi həbs olunanlarla
maraqlandı. Həmid Sultanov qısa
izahatdan sonra üzbəüz oturduğu Nərimanovun
qarşısına üç siyahı qoydu.
- Hazırda, - həbs olunanlar diqqətlə
yoxlanılır. Bu siyahıda olanlar - şəhadət
barmağını birinci siyahının üstünə
qoydu. - Həqiqətən üsyanın təşkilatçılarıdır.
Artıq dəqiqləşdirilib. Bu isə
- ikinci siyahını əlinə aldı - az
günahı olanlardır, demək olar ki,
günahsızlardır, bir neçə günə onları
azad edəcəyik.
Nərimanov
üçüncü siyahını özü
götürüb birinci səhifəsinə ötəri
baxdı. İkinci səhifəni açanda
dördüncü adı pıçıltı ilə oxudu,
başını qaldırıb:
- Bunu niyə həbs etmisiniz, bunun
günahı nədi, Firidun bəy hara, qiyam hara?!.
- Kimi deyirsiniz?
- Firidun bəy Köçərlini,
məgər tanımırsan?
- Onun həbs olunmağından, mənim
xəbərim yoxdu. Onu...
- Dərhal onu azad etmək
lazımdır.
- Yoldaş Nərimanov, bu güllələnlərin
siyahısıdır, artıq...
- Nə danışırsan?! - Nərimanov
özü də hiss etmədən səsi bərkdən
çıxdı. Eşitdiyi
sarsıdıcı xəbərdən səsi də, əli də
titrədi. Alnına soyuq tər gəldi.
Bir neçə dəqiqəlik
cansıxıcı sükutdan sonra - Necə, yəni xəbərim
yoxdu? Mən sənin adına bir həftə
əvvəl teleqram da göndərmişəm ki, Firidun bəy
Köçərlini azad edin.
- Bağışlayın,
yoldaş Nərimanov, mən elə bir teleqram
almamışam...
- Kim həbs edib Firidun bəyi? Bəs soruşmazlar günahı nədi? Qala komendantını çağırtdır gəlsin.
Dayanan komandirlərdən biri:
- Yoldaş Nərimanov,
Libermanın tapşırığı ilə Qazaxdan
üç nəfər gətirilib. Firidun bəy
də onların arasında idi.
-Kimdi Liberman? -deyə
Nərimanov sərt səslə soruşdu.
-Xüsusi şöbə rəisi.
-Hər kimdisə xalq düşmənidi.
Dərhal həbs edin, - deyə Nərimanov əsəbiliklə
bildirdi.
- Budur, özü də gəldi,
- deyə hamı bir ağızdan dilləndi.
Nərimanov
qarşısında dimdik dayanan yaşıl papaq Libermana nifrətlə
baxdı.
- İzah edin
görüm, xalq müəllimi Firidun bəy Köçərlini
hansı günahına görə güllələmisiniz?
- Mənə dedilər ki, o,
Müsavat parlamentinin üzvü olub. Həm də
üsyana başçılıq edib. Qazaxdan
süvari dəstə yığıb göndərib.
- Əlli yeddi yaşlı qoca xalq
müəllimi Qazaxda ola-ola Gəncə
qiyamına necə başçılıq edib? İkincisi
də Firidun bəyi mən çox gözəl
tanıyırdım. O, Qori Seminariyasında mənim
müəllimim olub, heç vaxt siyasətə
qarışmayıb. Bir də hansısa partiyanın
üzvü olanı məgər güllələyirlər?.. - Üzünü Sultanova tutub:
Firidun bəydən
başqa Qazaxdan neçə nəfər gətirib həbs
etmisiniz?
Həmid Sultanov:
- Yoldaş Nərimanov, Qazaxdan gətirilənlərdən
məni heç xəbərim olmayıb.
- Çox nahaq, bəlkə siz
cavab verəsiniz, xüsusi şöbə rəisi?
-Üç nəfər, - deyib
Liberman udqundu.
- Kimlərdi, adlarnı deyə bilərsinizmi?
- Məcid bəy Vəkilov,
İsfəndiyar bəy Muradov bir də Firidun bəy.
- Aydındı, - deyə Nərimanov
öz-özünü məzəmmət edirmiş kimi bir
anlığa xəyala daldı. İndi sənin əqidən
tam aydın oldu, yoldaş Liberman ,- deyib Nərimanov
əsəbi halda gəzindi. Dayanıb şəhadət
barmağını Həmid Sultanova tuşladı.
- Bütün günahlar sizdədi,
yoldaş Sultanov. Hələ Bakıdan yola
salanda mən sizə dönə-dönə
tapşırdım ki, yerli əhali ilə həddindən
artıq ehtiyatlı olun. Özünüzə
sadiq, inanılmış bolşeviklər seçin. Çalışın ki, günahsız adamlar nə
həbs edilsin, nə də öldürülsün. Siz isə görün nə eləmisiniz? Necə deyərlər, qoyunu qurda
tapşırmısınız. Görün
kimi özünüzə xüsusi şöbə rəisi
seçmisiniz, qatı daşnak olan Libermanı. Tərki-silah
edin onu, qollarını bağlayın, harda Firidun bəy
Köçərli güllələnib orda da bu əclafı
qətlə yetirin!...
Şəmistan NƏZİRLİ,
tədqiqatçı jurnalist
Xalq qəzeti.-
2010.- 22 avqust.- S. 6.