Füzulinin işğalından 17 il ötür
Füzulidə yaşamaq və
işləmək qəhrəmanlıqdır
17 ildir ki, Füzuli rayonunun əhalisi
avqustun 23-nü kədər və hüznlə qeyd edir. 17
ildir ki, həmin gün bir yerə yığışan rayon
ictimaiyyəti nümayəndələri o faciəli günləri
qəlb ağrısı ilə yad edir, uğursuzluğu və
itkiləri göz önünə gətirir. 1988-ci ildən
başlayaraq, rayonun düşmənlə qonşuluqda yerləşən
məntəqələrində qeyrət göstərən,
döyüşlərdə şəhid olan və yaralanan,
işğaldan sonra müsibətlərə düçar olan
insanların fədakarlığı, dözüm və iradəsi
minnətdarlıqla xatırlanır.
Daxildən cəbhə yaradaraq,
qarışıqlıq salaraq, düşmənin
torpaqlarımızı işğal etməsini
asanlaşdıranın xəyanətkarlığı da
ittiham olunur, lənətlənir. Bu anım günlərinin
başlıca cəhəti odur ki, adamlar ötənlərin səhvlərini
ibrət dərsi kimi təkrar-təkrar öyrənir, ədalətsiz
düşmənin bir gün tam məğlubiyyətinə
inanır, layiqli qələbə üçün milli
birliyin, möhkəm sabitliyin, ölkəmizin iqtisadi və
müdafiə qüdrətinin zəruriliyini hamılıqla dərk
və qəbul edirlər.
Builki anım günü ərəfəsində
rayonda olduq. İşğaldan azad edilmiş məntəqələrdə,
yeni salınmış qəsəbələrdə aparılan
genişmiqyaslı quruculuq işləri, istehsal və xidmət
sahəsində əldə edilmiş nailiyyətlərlə
maraqlandıq. Hər yerdə işgüzarlığın,
sabaha inamın, görülən işlərdən doğan
ümumi razılığın şahidi olduq.
İşğaldan sonra sürətlə
bərpa edilmiş, əvvəlkindən də abad və
yaraşıqlı olmuş, rayon mərkəzinə
çevrilmiş Horadiz şəhərində rayonun
işğalının növbəti ildönümünə
hazırlığın yekunu ilə də maraqlandıq. Ənənəyə
uyğun olaraq, builki anım mərasimində dünənin
ağrı-acısı, itkiləri ilə yanaşı,
bugünün uğurları və problemləri, torpaqalara
qayıdışla bağlı məsələlər də
diqqət mərkəzində olacaq. Füzuli Rayon İcra
Hakimiyyətinin başçısı Nəbi Muxtarovla
söhbətimiz, təbii olaraq, 17 il əvvəlin fəlakətli
günlərini xatırlamaqla başladı:
- Füzuli rayonu da bütün
Qarabağ kimi təxribatın, xəyanətin qurbanı
olmuşdur. 1988-92-ci illərdə respublikada baş verən hərc-mərclik
o dövrdə ölkəyə başçılıq edənlərin
bacarıqsızlığının, yol verdikləri ciddi səhvlərin
nəticəsi idi. Doğru deyiblər ki, ölkə onun rəhbəri
səriştəsiz, savadsız, səbatsız və xalqdan
ayrı düşəndə düşmənə məğlub
olur.
Belə bir şəraitdə
17-18-il əvvəl Qarabağın şəhər və
rayonları biri-birinin ardınca işğal edildi. Füzuli də
belə qurbanlardan biri idi.
Mən həmin illərdə
baş verən hadisələrdən geniş danışmaq
fikrində deyiləm. Çünki bunlardan, eləcə də
Füzuli rayonunda baş verənlərdən xalqımız
yaxşı xəbərdardır. Yalnız onu bildirmək istəyirəm
ki, xalq hadisələrin inkişafını aydın
görürdü və başa düşürdü ki, belə
getsə çox keçməz Azərbaycan parçalanacaq və
tam işğal olunacaq. Çıxış yolu isə
aydın idi. Qarabağ hadisələri başlayandan öz
xalqı ilə bir yerdə olan, onu mübarizəyə səsləyən
ümummilli lider Heydər Əliyev hakimiyyətə dəvət
olunmalı, fəlakətin qarşısını almalı
idi. Həmin illərdə Naxçıvanda fəaliyyət
göstərən ulu öndərə dəfələrlə
müraciət olunmuşdu. Özünü Azərbaycandan
ayrı təsəvvür etməyən ümummilli lider, nəhayət,
razılaşdı və xilaskarlıq missiyasını həyata
keçirmək üçün Bakıya gəldi.
Xalqının taleyində həmişə
mühüm rol oynamış şəxsiyyət kimi Heydər
Əliyev gecəli-gündüzlü fəaliyyəti ilə
yeni bir tarix yaratdı. Bugünkü Azərbaycan ulu öndər
Heydər Əliyevin şah əsəri kimi o günlərdə
xilas edildi və yenidən ayağa qalxdı. 1993-cü ilin
sonu 1994-cü ilin əvvəllərində Prezident Heydər Əliyevin
rəhbərliyi ilə aparılan güclü əks-hücum
nəticəsində Füzulinin 22 yaşayış məntəqəsi
geri qaytarıldı, sonrakı aylarda düşmən atəşkəsə
məcbur oldu. Qarabağ müharibəsinin Füzuli rayonuna,
füzulililərə vurduğu zərbənin miqyası illər
keçdikcə daha aydın görünür. Füzuli
döyüşlərində 18000 nəfər iştirak
etmiş, 6500 nəfər həyatını qurban vermişdir.
Onlardan 1000 nəfərə qədəri füzulililər
olmuşlar. Füzuli şəhidlərindən 470 nəfəri
hərbçi, 270 nəfəri mülki şəxslərdir.
192 nəfər itkin və girovlardır. 1240 rayon sakini əlil
olmuşdur. Onların 450 nəfəri hərbçilərdir.
Qarabağ döyüşlərində
ən çox müharibə gedən ərazi Füzuli
bölgəsi olmuşdur. Döyüşlərdə 7 nəfər
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülmüşdür. Onların 5-i füzuli
oğullarıdır. Milli qəhrəmanlarımız Faiq Rəfiyevin,
Seymur Məmmədovun, Nazim Quliyevin, Pəhlivan Fərzəliyevin,
Elxan Zülfüqarovun adlarını bu gün böyük
hörmət və iftixarla çəkirik. Füzulidə
şəhid olmuş milli qəhrəmanlar Rasim İbrahimov və
Mehdi Mehdiyev torpaqlarımızın azadlığı
uğrunda igid həmyerlilərimizlə çiyin-çiyinə
döyüşmüşdülər.
Füzulinin 1382 kvadratkilometr ərazisinin
500 kvadratkilometri hazırda əlimizdədir. Qalan 882
kvadratkilometri işğaldadır. 112 min nəfərə
yaxın əhalimizin 70 min nəfərə yaxını ərazidəki
1 şəhər, 22 kənd, 17 qaçqın qəsəbəsi
və 10 kəndtipli yataqlarda məskunlaşmışdır.
Füzuli şəhəri və 59 kənd işğal
altındadır. 43 min nəfər əhali respublikanın 50
şəhər və rayonunda, 1500 qəsəbə və kəndində
məskunlaşmışdır. Rayon iqtisadiyyatına, əhaliyə
dəyən zərər on milyard manatlarla hesablanır.
Bütün infrastrukturu,
yaşayış evləri, xidmət müəssisələri
dağıdılan və yandırılan işğaldan azad
olunmuş ərazidə 16 il ərzində həyat öz
axarına salınmışdır. 44 məktəb bərpa
olunmuş və yenidən tikilmişdir. Mədəniyyət
müəssisələri, tibb məntəqələri və
xəstəxanalar, idarəetmə obyektləri yerləşən
binalar, yollar, körpülər, elektrik və suvarma sistemləri,
bir sözlə, yaşayış üçün zəruri
olan infrastruktur yenidən tikilmiş və yararlı hala
salınmışdır.
Ölkə rəhbəri İlham
Əliyevin sərəncamları ilə Dövlət Neft
Fondunun hesabına ərazidə 4211 evlik 16 köçkün
qəsəbəsi salınmışdır. Su elektrik
stansiyası, tibb mərkəzi, Heydər Əliyev muzeyi, Gənclər
evi və başqa neçə-neçə obyekt
tikilmişdir. 2008-ci ilin aprel ayının 18-də Füzuliyə
gəlmiş Azərbaycan Prezidenti İlham Əliyev əhali
ilə görüş zamanı demişdi: "Füzuli
camaatı əməksevər, torpaq qədri bilən
insanlardır. Xatırlayıram, 1970-1980-ci illərdə onlar
plan və tapşırıqlara artıqlaması ilə əməl
edirdilər, xoş güzəranda yaşayırdılar.
Füzulililər ərazidə qəhrəman kimi
yaşayırlar".
Füzulililər həqiqətən
çox əməksevərdirlər. İşğaldan
qayıdanda heç nəyi olmayan füzulililərin indi bol
çörəkləri var. Keçən il taxıl istehsalı
101 min tona çatıb. Əhalinin 30 min baş inək-camışı,
103 min baş qoyun-quzusu, 230 min başdan çox müxtəlif
növ quşları vardır.
Başçı sonda dedi:
"Bu gün bütün
füzulililər torpaqlarımızın azadlığı,
müstəqilliyi yolunda canlarını qurban verən şəhidlərimiz
qarşısında baş əyir və onların ruhuna rəhmət
diləyir. Biz inanırıq ki, Prezident İlham Əliyevin
yeritdiyi düzgün daxili və xarici siyasət Qarabağ
probleminin ədalətli həllini tezləşdirəcək.
Füzulinin rayondan kənarda yaşamağa məhkum
edilmiş 50 min sakini də doğma evlərinə
dönüb, həyatlarını yenidən sahmana
salacaqlar".
Öyrəndik ki,
köçkün qəsəbələrində yaşayan əmək
qabiliyyətli əhali üçün mərhələ-mərhələ
müəyyən iş yerləri yaradılması nəzərdə
tutulmuşdur. Əhalinin elektrik enerjisi ilə təchizatı
daim diqqət mərkəzində saxlanılır. Ərazidəki
30 yaşayış məntəqəsi, 10 yataq tipli
yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin
olunmuşdur. Sıradan çıxmış
transformatorların yeniləri ilə əvəz olunması
davam etdirilmişdir. Sayğaclaşma başa
çatdırılmışdır. Fasiləsiz elektrik
enerjisi ilə təminatı istiqamətində işlər
davam etdirilir.
Bu ilin aprel və may aylarında
sel suları və aramsız leysan yağışları
Füzulidən də yan keçməmişdir. Qazaxlar, Əhmədalılar,
Araz Dilağarda, Əhmədbəyli kəndlərində,
Qayıdış - 11 qəsəbəsində evləri su
basmış, uçan evlər olmuş, ictimai binalar zədələnmiş,
əkinlərə zərər dəymişdir. Aparılan tədbirlər
nəticəsində təbii fəlakətin böyük
miqyas almasına imkan verilməmişdir.
Yaz aylarının yağmurlu
keçməsi kənd təsərrüfatına ciddi zərər
vurmuşdur. Meyvə, bostan-tərəvəz məhsulları
keçən ilə nisbətən azdır.
Taxılçılıqda elə sahələr olmuşdur ki,
oraya kombayn salınmamışdır. İlin 6 ayı ərzində
760 ton ət, 4032 ton süd, 2 milyon 600 min ədəd yumurta, 3
min tondan artıq bostan-tərəvəz məhsulları, 100
ton meyvə, 1500 ton kartof istehsal olunmuşdur. İlin sonunadək
məhsul istehsalının ötən ilin səviyyəsinə
çatdırılması üçün ciddi iş
aparılır.
Təhsil, mədəniyyət, səhiyyə
xidmətlərinin səviyyəsinin
yaxşılaşdırılması da diqqət mərkəzində
saxlanılmışdır. 44 məktəbin
hamısının normal şəraitli binalarda yerləşməsi,
imkan daxilində əksəriyyətinin müasir
avadanlıqlarla təchiz olunması, təhsilə diqqət və
qayğının artırılması daha uğurlu nəticələrə
şərait yaradır. Mədəniyyət obyektləri əhalinin
mənəvi tərbiyəsinin əsas dayaq nöqtəsinə
çevrilməkdədir. Rabitə xidməti
yaxşılaşdırılır. Horadiz şəhərində
müasir şəhər standartlarına cavab verən rabitə
xidmətinin təşkili məqsədilə EATS-in
rekonstruksiya işləri başa çatmışdır.
Yaşayış məntəqələri "Delta Telekom"
şirkətinin peyk avadanlığı ilə təmin
olunmuş, şəbəkə ATS-lərə birləşdirilərək
əhalinin istifadəsinə verilmişdir. Horadiz şəhərində
elektron ATS-in rekonstruksiyası tam başa
çatdırılmışdır.
2010-cu ilin respublikada ekologiya ili
olduğundan rayonun yaşayış məntəqələrində
10 mindən çox çinar, şam, küknar
ağacları, müxtəlif meyvə ağacları əkilmişdir.
Bu il rayonda 115 daimi, 1000-dən
çox mövsümü iş yerləri
açılmışdır. Məcburi köçkünlərin
işləməsinə şərait
yaradılmışdır.
Rayon icra hakimiyyəti başçısının
rayon ərazisində və Bakı şəhərində fəaliyyət
göstərən 45 ərazi icra nümayəndəlikləri
məcburi köçkünlərlə mütəzəm əlaqə
saxlayır, onların qayğı və müraciətlərini
həll etməyə çalışırlar. Rayon icra
hakimiyyətinin başçısı ayda 3-4 dəfə
yaşayış məntəqələrində əhali ilə
səyyar qəbul təşkil və bu görüşlərdə
xidmət təşkilatlarının rəhbərləri də
iştirak edirlər. Bu tədbirlər Bakı, Sumqayıt
şəhərlərində, məcburi köçkünlərin
sıx yerləşdiyi ayrı-ayrı rayonlarda da təşkil
olunur. Sakinlərin qaldırdıqları bir çox məsələlər
yerindəcə həll edilir.
Başçı ilə söhbətdə
və sonrakı görüşlərimizdə son bir ildə
rayonun başlıca sosial-iqtisadi göstəriciləri ilə
tanış olduq. İlin əvvəlindən bəri həyatın
müxtəlif sahələrində qazanılmış
uğurlar xüsusilə sevindiricidir. Görülmüş
işlər, əldə olunmuş nəticələr
füzulililərin Prezident İlham Əliyevin iqtisadi və
siyasi xəttinə sadiq olduqlarını, onların ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi hədəflərə
çatmaq üçün yorulmadan
çalışdıqlarını bir daha sübut edir.
Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
hazırlanmış və uğurla həyata keçirilən
ikinci regional inkişaf proqramında Füzuli rayonunda da
irimiqyaslı işlərin həyata keçirilməsi nəzərdə
tutulur. Dövlət Proqramına heyvandarlıq,
taxılçılıq, pambıqçılıq və tərəvəzçiliyin
inkişafı dəstəklənir. Aqroservis xidmətlərinin
yaxşılaşdırılması, rayonda tikinti
materialları yataqlarının axtarışı və kəşfiyyat
işlərinin aparılması, kəndlərarası
yolların əsaslı təmiri, elektrik şəbəkələrinin
yenidən qurulması və hava elektrik xətlərinin
izolyasiyalı naqillərlə əvəz olunması,
yaşayış məntəqələrinin
qazlaşdırılıması və
telefonlaşdırılması, kəndlərin su təchizatının
yaxşılaşdırılması ilə bağlı tədbirlər
sürətlə həyata keçirilir. İşğaldan
azad olunmuş ərazilərin minalardan və partlamamış
hərbi sursatlardan təmizlənməsi, yeni səhiyyə, təhsil,
idman və mədəniyyət obyektlərinin tikintisi, tarix-mədəniyyət
abidələrinin bərpası da aparıcı quruculuq
işlərindəndir.
Hazırda Horadiz şəhərində
Prezident İlham Əliyevin tapşırığına və
Dövlət Proqramına uyğun olaraq Olimpiya İdman
Kompleksinin, Muğam evinin, Böyük Bəhmənli kəndinin
yaxınlığında tibb mərkəzinin, Yuxarı Mil kəndinin
Bala Bəhmənli kəndindən keçən hissəsində
su elektrik stansiyasının tikintisi davam etdirilir. İdman
kompleksi, Muğam evi və tibb mərkəzi bu ilin oktyabr
ayında istifadəyə veriləcək. Memarlıq
baxımından ən müasir dünya standartlarına cavab
verən hər 3 obyekt rayonun xəritəsində yeni ünvan
olacaqdır.
2008-ci ilin oktyabr ayında ölkə
rəhbərinin tapşırığı ilə Horadizdə
ilkin mərhələdə 300 ailəyə təbii qaz
verilişi təmin olunmuşdur. Bu iş davam etdirilmiş və
bu il mart ayının əvvəllərində şəhərin
qaz təminatı başa
çatdırılmışdır. 972 ailənin təbii
qaza tələbatı ödənilmişdir. May ayında
Mollaməhərrəmli, Arayatlı və Babı kəndlərinə
təbii qaz çəkilişi başa
çatdırılmışdır. Hazırda həmin kəndlərdə
650 ev təbii qazdan istifadə edir. İndi isə Böyük
Bəhmənli, Kərimbəyli, Aşağı Yağlıvənd
kəndləri, Zobucuq qəsəbələrinə qaz xətti
çəkilişi davam etdirilir. Qışda həmin kəndlərdə
də mavi yanacaqdan istifadə olunacaq.
Görüşdüyümüz
adamlar dedilər ki, Bakının 300 kilometrliyində,
düşmənlə təmas xəttinin
yaxınlığında yerləşən əhali təbii
qaz işlədir, Ermənistan paytaxtında isə yanacaq
qıtlığıdır. Bunlar ölkə rəhbəri
İlham Əliyevin yorulmaz fəaliyyətinin, bütün
bölgələrə diqqətinin bariz nümunəsidir.
Son dövrdə 200-dən
çox sahibkara kredit verilmişdir. Kreditlər
verilməsi genişləndikcə
bölgədə iqtisadiyyatın
və kənd təsərrüfatının inkişafına
zəmin yaranır, yeni iş sahələri
açılır. Zobucuq qəsəbələrində
məskunlaşmış 2104 ailənin yaşayış
şəraitini yaxşılaşdırmaq
məqsədilə hər
bir ailəyə 1 hektar torpaq sahəsi
verilmişdir.
Göründüyü kimi, Füzuli
rayonunun fədakar insanları düşmənlə
üz-üzə, bir çox çətinlikləri
dəf edərək doğma yerlərdə ocaq yandırır, zəmi göyərdir, məhsul yetirir, dam-daş ucaldırlar. İşğaldan azad olunmuş
məntəqələr Füzulinin
yaxın gələcəyinin
timsalı kimi düşmənə göz
dağı, dostlara sevinc gətirir. Ən başlıcası, hamı
inanır ki, tezliklə bütün torpaqlarımız azad ediləcək, insanlar doğma yurda qayıdacaqlar.
Ziyəddin
SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 22
avqust.- S. 4.