Türkiyə
- Azərbaycan münasibətləri çətin sınaq
qarşısında
Ermənistanla sərhəd
qapılarının açılması
xalqlarımızın maraqlarına ziddir
və Dağlıq Qarabağ
münaqişəsinin həllinə mənfi təsir göstərəcək
Qardaşlığın, dostluğun simvolu kimi qəbul olunan Türkiyə
- Azərbaycan əlaqələrinin indiki
səviyyəsi daim Cənubi Qafqaz regionunda maraqları olan bəzi dövlətləri ciddi narahat edib.
Bu da səbəbsiz deyil. Çünki iki qardaş dövlətin
həmrəyliyi, birliyi bölgədə
sülhə, sabitliyə, inkişafa xidmət
edir. Bu isə regionda yarana
biləcək xaosdan,
qarşıdurmalardan, toqquşmalardan öz mənafeyi üçün
istifadə etməyə çalışan beynəlxalq güc mərkəzlərinin necə deyərlər,
əlini-qolunu bağlayır, onların həyata keçirmək
istədikləri iyrənc siyasətin qarşısında
aşılmaz səddə çevrilir.
Buna
görə də həmin dairələr həmişə
Türkiyə - Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsindən
ən aşağı həddə enməsi üçün
durmadan çalışır, yeni-yeni ssenarilər həyata keçirir,
bununla heç nəyə
nail olmadıqlarını gördükdə
isə, bu dəfə daha həssas məsələlərə toxunurlar. Türkiyə - Ermənistan sərhədlərinin
açılması məsələsi də bu
qəbildəndir. Təəssüfflər olsun
ki, bəzən Türkiyə rəsmiləri
reallığı unudaraq düşmən
dəyirmanına su tökurlər.
Qeyd edək ki, avqustun 16-da
Türkiyə Prezidenti Abdullah Gülün Bakıya səfəri
zamanı ölkələrimiz arasında mühüm əhəmiyyətə
malik sənəd - "Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında müqavilə"
imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev bu
müqavilə barədə danışarkən dedi ki, tarixi əhəmiyyətə
malik olan sənəd gələcək fəaliyyətimizi
müəyyən edir və bundan sonra onilliklər ərzində
Türkiyə ilə Azərbaycan arasındakı
dostluq-qardaşlıq münasibətlərini müəyyən
edəcəkdir. Dövlət başçısının bu
bəyanatı həmişə olduğu kimi, bu dəfə də
Azərbaycan tərəfinin imzaladığı sənədə
və ya verdiyi vədə daim sadiq olacağını ifadə
edirdi. Bu, rəsmi Bakının məsələyə
baxışı və dəyişməz mövqeyidir.
Ancaq təəssüf ki, bəzən
qardaş Türkiyə tərəfinin rəsmi şəxsləri
sanki verdikləri vədləri, bəyanatları unudurlar. Belə
ki, iki ölkə arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında müqavilənin
"mürəkkəbi qurumamış" məlum olur ki, bu
il sentyabrın 11-17-də NATO çərçivəsində
Ermənistanda keçiriləcək təlimlərlə
bağlı Türkiyə - Ermənistan sərhədi
açıla bilər. Onu da deyək ki, Türkiyə
Prezidentinin səfəri zamanı mətbuat nümayəndələri
cənab Gülə bu barədə sual
ünvanlamışdılar. Ancaq o, məsələyə
konkret münasibət bildirmək əvəzinə regional əməkdaşlıqdan
söz açmış, sualdan yayınmışdı.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi
Kılıçın mətbuata açıqlaması isə
deməyə əsas verir ki, Azərbaycan tərəfinə
verilən vədlərə rəğmən sərhədlər
açıla bilər. H. Kılıç bu barədə
ünvanlanan suala belə cavab vermişdir: "Bəhs etdiyiniz
təlim təbii fəlakətlərə qarşı
mübarizə məqsədi daşıyır və humanitar
mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə
alınaraq və təlimdə istifadə ediləcək
avadanlığın Ermənistana ölkəmiz üzərindən
quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb
olacağı təqdirdə hazırlıqlı olmaq məqsədilə
Türkiyə - Ermənistan sərhədinin sadəcə təlim
avadanlıqlarını daşıyan maşınların
keçməsi üçün istisna hal kimi müvəqqəti
olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir".
Açıqlamadan da
görünür ki, yenə pərdəarxasında hansısa
danışıqlar aparılır və ya Türkiyə yenidən
ABŞ-ın və digər maraqlı dövlətlərin təzyiqinə
məruz qalıb. "Yenə" deyirəm. Çünki
ötən il də biz eyni proseslərin şahidi olduq. 2009-cu
il fevral-aprel aylarında Türkiyə mətbuatında Ankara
ilə İrəvan arasında pərdəarxası
danışıqların getdiyi barədə məlumatlar
yayılırdı. Lakin Türkiyənin rəsmi dairələri
bunu qətiyyətlə rədd edir, məlumatların yalan
olduğunu bildirirdilər. Həmin açıqlamadan dərhal
sonra qardaş ölkənin "Sabah" qəzetində
"Çox ciddi səhvə yol verilib" sərlövfəli
məqalə dərc olundu. Məqalədə Türkiyənin
müxalifət partiyaları rəhbərlərinin fikirlərinə
geniş yer verildi. Onlar Ədalət və İnkişaf
Partiyası hökumətini qeyri-səmimilikdə ittiham edirdilər.
Bildirirdilər ki, bu hökumət strateji müttəfiqimiz
olan Azərbaycanın mövqeyini nəzərə almadan Ermənistan
ilə danışıqlar aparıb. Müxalifət liderlərinin
fikrincə, proseslər çox təhlükəli istiqamətdə
cərəyan edir və belə davam edərsə, Ankara Cənubi
Qafqazdakı ən önəmli müttəfiqini itirmək təhlükəsi
ilə üz-üzə qalacaq. Həmin günlərdə
Türkiyənin "Hürriyət", "Milliyət",
"Türkiyə", "Zaman", "Ortadoğu" və
digər çoxsaylı qəzetlərində dərc olunan məqalələrdə
də qeyd olunurdu ki, Türkiyə Ermənistan ilə sərhədləri
açarsa, təkcə Azərbaycanda deyil, bütün
türk və İslam dünyasında nüfuzunu itirəcək.
Qeyd edilən coğrafiyada hər kəs düşünəcək
ki, Ankara qardaş xalqa və əvəzsiz müttəfiqinə
qarşı xəyanətə yol verirsə, bir gün bizə
də qarşı eyni addımı ata bilər . Qəzetlər
onu da yazırdı ki, Türkiyəni İrəvanla
münasibətlər qurmağa həvəsləndirən
ABŞ və digər Qərb ölkələri, əslində,
onun üçün tələ hazırlayırlar.
Çünki onlar yaxşı başa düşürlər
ki, Dağlıq Qarabağ problemi öz həllini tapmayana qədər
Ankara Ermənistan ilə sərhədləri açarsa, rəsmi
Bakı ilə əlaqələri pozulacaq və nəticədə
Azərbaycanla bərabər bütün türk
dünyasını da itirmiş olacaq. Türkiyənin bir
sıra tanınmış siyasətşünasları da məhz
bu məsələyə diqqət çəkərək
bildirmişdilər ki, Ankaranın ən önəmli starteji tərəfdaşı
Azərbaycandır. Ermənistan kimi zavallı və əhəmiyyətsiz,
eyni zamanda aqressiv və təcavüzkar bir ölkəyə
görə mühüm strateji məkanda yerləşən Azərbaycan
ilə münasibətləri korlamaq Türkiyənin milli mənafeyinə
zərbədir.
Həmin günlərdə
Türkiyə mətbuatının yazdıqları, müxalifət
liderlərinin bəyanatları və tanınmış siyasətşünaslarının
şərhləri bu gün də aktuallığını
qoruyur. Əgər Ermənistan ilə sərhədlər
açılarsa, şübhəsiz, qardaş ölkənin
öndə gələn simalarının proqnozları da
özünü doğrulda, Türkiyə əbədi müttəfiqi
Azərbaycanı itirə bilər. Bu, gəlişigözəl
sözlər deyil. Çünki Azərbaycan ictimaiyyətinin
aparıcı hissəsi də türkiyəli
qardaşlarımızla eyni fikirdədirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, ötən
ilin aprel ayında qardaş ölkənin mediası və
müxalifəti Ankaranın rəsmi İrəvanla pərdəarxası
danışıqlar apardığını inadla bildirir, ancaq
Ədalət və İnkişaf Partiyası hökuməti
bunu daim təkzib edirdi. Hətta ötən il mayın 13-də
Bakıya gələn qardaş ölkənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə və
Azərbaycan ictimaiyyətinin narahatlığına heç
bir əsas yoxdur. O demişdir: "İsrarla bəyan edirəm:
Bizim sərhədlərimiz Dağlıq Qarabağın və
ətraf rayonların işğalından sonra
bağlanmışdır. İşğala son verilməyənədək
biz sərhədləri açmayacağıq". Bunun
ardınca R.T. Ərdoğan bəyanatı daha da gücləndirən
sözlər dedi: "Sərhədlərin
açılmayacağına dair vədi kim verir? Türkiyə
Cümhuriyyətinin Baş naziri.Bundan başqa daha zəmanətli
ifadə ola bilərmi? "
Türkiyənin Baş nazirinin bu
bəyanatı həqiqətən də qardaş ölkədə
və Azərbaycanda od tutub yanan ürəklərə su səpdi.
Amma bu bəyanatdan heç 4 ay keçməmiş məlumat
yayıldı ki, Türkiyə ilə Ermənistan münasibətlərinin
qurulması və sərhədlərin açılması ilə
bağlı gizli danışıqları davam etdirirlər. Hətta
əlaqələrin inkişafını müəyyənləşdirən
"Yol xəritəsi", "Barış planı" da
hazırlanıb. Bu dəfə də Türkiyədən və
Azərbaycandan etiraz səsləri yüksəldi. Nəhayət,
ötən ilin sentyabr ayında Türkiyənin Xarici
İşlər Nazirliyinin rəsmi internet saytında yerləşdirilən
bəyanatda bildirildi ki, diplomatik danışıqların bərpası
üçün siyasi məsləhətləşmələrə
6 həftə vaxt ayrılıb. Razılaşmaya görə,
siyasi danışıqların nəticəsi olaraq Türkiyə
və Ermənistan arasında iki sənəd - "diplomatik əlaqələrin
bərpası" və "ikitərəfli münasibətlərin
inkişafı" barədə protokollar imzalanacaq. Bundan sonra
sənədlər ölkələrin parlamentində
ratifikasiya edildikdən 2 ay sonra Türkiyə - Ermənistan sərhədi
açılacaq. Qardaş ölkənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın Bakıda verdiyi zəmanətin
"5-ci ayında", yəni oktyabrın 10-da iki ölkə
arasında sənədlər imzalandı. Həm Türkiyə,
həm də Azərbaycan ictimaiyyəti çaşbaş
qaldı. Bir ölkənin Baş naziri zəmanət verir,
ancaq onun rəhbərlik etdiyi hökumətin tərkibinə
daxil olan xarici işlər naziri sənədləri
imzalayır.
Buna bənzər hadisənin
Bakıda da şahidi olduq. Son səfərində Türkiyə
Prezidenti Abdullah Gül bir daha bəyan etdi ki,
"Dağlıq Qarabağ münaqişəsi də daxil
olmaqla bütün məsələlərdə rəsmi Ankara
daim Azərbaycanın yanında olacaq, Azərbaycan ilə həmrəy
olacaq və həmişə həmrəy olmaqda davam edəcək".
Bu gözəl sözlər könlümüzü oxşadı.
Ancaq cənab Abdullah Gül Türkiyəyə qayıdandan
çox qısa zaman sonra birbaşa Türkiyə Prezidentinin əmr
və tapşırıqları ilə bəyanatlar verən,
münasibət açıqlayan qardaş ölkənin Azərbaycandakı
səfiri Hulusi Kılıç sərhədlərin
açılmasından danışmağa başladı.
Çox qəribə və
izaholunmaz bir vəziyyət ortaya çıxır. Bu bəyanatları
dünyada ölkəmizə ən yaxın olan qardaş
dövlətin rəsmiləri verirlər və bəlkə də
özləri bilmədən Türkiyə və Azərbaycan
xalqının hissiyyatlarıyla oynayırlar. Bu hərəkətləri
ilə ötən il itirilməkdə olan inamın yenidən
bərpasını mümkünsüz hala gətirirlər.
Belə olan halda biz kimə inanaq? Bəlkə Türkiyəyə
və Azərbaycana düşmən mövqedən yanaşan
Ermənistanın internet saytlarında yayılan məlumatlara
inanaq? Bunu ona görə deyirik ki, bəzən Ankara ilə
İrəvan arasında aparılan "səssiz
diplomatiya" barədə türkiyəli rəsmilərin bəyanatlarından
çox erməni mənbələri daha dəqiq "söz
deyirlər". Təssüfləndirici haldır ki, strateji tərəfdaşımız,
canımız-qanımız hesab etdiyimiz Türkiyənin siyasi
rəhbərliyi düşmənimizlə apardığı
danışıqları bizdən belə gizlədir. Bu,
etikaya, tərəfdaşlıq prinsiplərinə
sığarmı?
Deyə bilərlər ki,
Türkiyənin Azərbaycandakı səfiri Hulusi
Kılıçın da bildirdiyi kimi, Ermənistan sərhədi
müvəqqəti açılacaq və sonra təkrar
bağlanacaq. Belə olan halda narahatlığa əsas
varmı? İlk baxışda ağıllı fikirdir. Ancaq nəzərə
almaq lazımdır ki, diplomatiyada, ölkələrarası məsələlərdə
açılan "cığır" bəzən
davamlılığını saxlayır, daha da genişlənərək
"geniş yola" çevrilir. Qısaca, bu proses sərhədlərin
birdəfəlik açılmasının
başlanğıcı ola bilər. NATO-nun təlimi
üçün nəzərdə tutulan təlim
avadanlıqlarını daşıyan maşınların bir
dəfə sərhəddən keçməsi belə
arzuolunmaz halı stimullaşdıra bilər, Azərbaycanın
və Türkiyənin milli maraqlarını zərbə
altında qoyacaq proseslər sürətlənə, davamlı
xarakter ala bilər. Ona görə də hər iki qardaş
ölkənin ictimaiyyəti ciddi narahatlıq keçirir, cəmiyyətin
bütün təbəqələri - tanınmış
ziyalılar, sadə vətəndaşlar sərhədlərin
müvəqqəti də olsa açılmasının
yolverilməz olduğunu bildirirlər.
Biz vaxtilə Türkiyədə təhsil
alan tələbələr bu gün iki ölkə arasında
əlaqələrin inkişafının tərəfdarıyıq.
Biz həm Azərbaycanda, həm də Türkiyədə hər
iki xalqın, necə deyərlər, könüllü səfirləriyik.
Ona görə də həmişə xarici ölkələrin
təsiri və ya təzyiqi ilə ümumtürk mənafeyinə
zərbə vuracaq istənilən addımın əleyhinə
çıxış edirik. Türkiyədə bizimlə eyni
mövqeyi paylaşan, eyni amallara xidmət edən, türk
dünyasının həmrəyliyini, birliyini arzulayan minlərlə
gəncin olduğunu və onların da bizim kimi ciddi
narahatlıq keçirdiyini bilirik. Əminik ki, Türkiyənin
indiki siyasi rəhbərliyi hər iki ölkə ictimaiyyətinin
dərin narahatlığını nəzərə alacaq və
bu məsələlərə daha diqqətli
yanaşacaqdır. Çünki hökumətlər müvəqqəti,
millətlər və dövlətlər isə daimidir.
Heç kəsin yüzillərin sınağından
çıxmış qardaşlığı, dostluğu
sarsıtmağa hüququ yoxdur. İnanırıq ki,
yanlış məqsədlərlə "yola
çıxanlar" öz səhvlərini anlayacaqlar. Azərbaycan
Prezidenti İlham Əliyevin dediyi kimi, "Türkiyə - Azərbaycan
qardaşlığı, dostluğu, birliyi - bunlar əbədi
məfhumlardır. Bu, bu gün də belədir, 100 ildən,
300 ildən sonra da belə olmalıdır..."
Qeyri-səmimilik göstərən
və işğalçı Ermənistanla pərdəarxası
danışıqlar aparan bəzi arkadaşlarımızın
nəzərinə!
Arkadaşlar! İşğalçı
Ermənistana humanitar yardım göstərmək əvəzinə,
onun işğalçılıq siyasətinin
qarşısına sədd çəkin, təcavüzün
qurbanı olan, doğma torpaqlarından didərgin
salınmış 1 milyon azərbaycanlı
qaçqının dərdlərinə çarə
arayın. Türkiyə-Ermənistan sərhədinin açılmasını
təlim avadanlıqlarını daşıyan
maşınların keçməsi üçün
"ehtiyat variant" kimi dəyərləndirməyin. Necə
ki ümummilli lider Heydər Əliyev Azərbaycan neftinin
ixracı zamanı "ehtiyat variantlar" haqqında
düşünmədi, Türkiyənin milli maraqlarını
nəzərə alaraq sarsılmaz siyasi iradə nümayiş
etdirdi, Bakı-Tbilisi-Ceyhan marşrutu üzərində
dayandı.
Rauf ƏLİYEV,
Türkiyə
Universitetləri Məzunları
İctimai
Birliyinin baş katibi
Xalq qəzeti.- 2010.- 22 avqust.- S. 2.