Dövlət müstəqilliyi və Azərbaycan dilinin inkişafı

 

    (əvvəli qəzetin 15 avqust 2010-cu il tarixli sayımızda)

 

    Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu, hər şeydən əvvəl, Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa əlaqələri ilə bağlıdır. Əgər əvvəllər Azərbaycan dilinə sözlər əsasən rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınmalar vasitəçi dil olmadan dilimizə keçir. Hazırda mətbuat səhifələrində bol-bol işlənən alınmaların dildə yaşayacağına, işləklik qazanacağına zəmanət vermək olmaz. Lakin dildə zərurətdən işlənən sözlərin dilin lüğət tərkibinə keçərək dilin zənginləşdirilməsi vacibdir. Bu məsələyə münasibətdə ehtiyatlı olmaq, dildə lüzumsuz yerə alınmaların işlənilməsinə yol vermək olmaz.

    Bu proses, yəni Azərbaycan dilinin başqa dillərlə birbaşa əlaqəsi lüğətlərin tərtibinə də təsir edir. Belə ki, əvvəllər əsasən, rusca-azərbaycanca, azərbaycanca-rusca lüğətlərin tərtibi prioritet sahə hesab olunurdusa ,indi ingilis, türk, alman və s. dillərdən Azərbaycan dilinə lüğətlərin tərcüməsi vacib hesab edilir.

    Elmi-texniki tərəqqi ilə bağlı terminologiya sahəsində çox böyük işlər görülmüşdür. Bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq AMEA RH yanında terminologiya komissiyasında mühüm işlər görülmüşdür.

    Bu müddət ərzində elmin, demək olar ki, bütün sahələrinə aid 60-a yaxın terminoloji lüğət nəşr olunmuşdur. Onların arasında həcmcə çox böyük izahlı, iki və üç dilli lüğətlər diqqəti cəlb edir: "Neft və qaz üzrə rusca-azərbaycanca-ingiliscə terminoloji lüğət"(2001, 754 səh.); "Rusca-azərbaycanca izahlı texniki terminlər" (2004, 774 səh); "Rusca-azərbaycanca dəmiryol nəqliyyatı terminləri lüğəti" (2004, 671 səh.); "İzahlı diplomatiya terminləri lüğəti" (2004, 283 səh.); "Ehtimal nəzəriyyəsi və riyazi-statistika ensiklopediyası" (2010, 1100 səh.); "İzahlı geologiya terminləri lüğəti" (2006, 686 səh.); "İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti" (iki cilddə 2008, 1600 səh.); "Mediada işlənən alınma sözlərin izahlı lüğəti" (2010, 256 səh.) və s.

    Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsi, Azərbaycan dilinin terminoloji arealını müasir metodlarla zənginləşməsini zəruri edir. Bu, nəzərə alınaraq AMEA RH-nın qərarı ilə terminologiya komissiyası ilə birgə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən www.azterm.az veb portalı yaradılmışdır. Azərbaycan terminologiyası veb portalın yaradılmasında əsas məqsəd dilimizdə olan mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, elmin-texnikanın müxtəlif sahələrdə çalışanlara rastlaşdıqları terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini o, cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir.

    Dövlətimizin müstəqilliyi ilə bağlı Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində terminologiya komissiyasının vəzifələri daha da artmışdır. Bunu nəzərə alan terminologiya komissiyası aşağıdakı istiqamətdə iş aparır: elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə terminoloji lüğətlərin hazırlanması və nəşri; terminlərin dövrü mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün tətbiqinə nəzarət; terminologiyanın dilçilik problemlərinin işlənilməsi.

    Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.

    Müstəqillik illərində Azərbaycan dilçiliyinin uğurları çoxdur. Xüsusən də Azərbaycan ədəbi dil tarixinin tədqiqi geniş vüsət almışdır. Dilimizin praktik məsələlərinin kamilləşməsinə, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilmişdir. Dilimizin mənşəyini uzaq keçmişlə bağlayan qədim yazılı abidələrimizlə bağlı sanballı tədqiqat əsərləri yazılmışdır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə "Azərbaycan ədəbi dili tarixi" (4 cilddə) nəşr olunmuşdur. Əsər çoxillik elmi araşdırmaların nəticəsi kimi dəyərlidir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin əməkdaşlarının "Azərbaycan ədəbi dili tarixi"(4 cilddə bütün cildlərin redaktoru fil.e.d. Sevil Mehdiyeva) çoxcildliyi azərbaycanşünaslığa ən qiymətli töfhədir. Dördcildlik "Azərbaycan ədəbi dili tarixi" əsərində səkkiz əsrlik (XIII-XX əsrlər) bir ədəbi mühiti əks etdirən Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixi araşdırılmışdır.

    Əsərdə ümumən ədəbi dil və onun tarixi inkişafına xalqın tarixi inkişafı ilə bağlı bir hadisə kimi yanaşılır və bu dillərin inkişaf səviyyəsinin əsas meyarı hesab edilir. Xüsusilə, Azərbaycan dilinin təşəkkülündə bəzi qeyri-elmi konsepsiyalara - Azərbaycan-türk dilini səlcuqların Azərbaycana gəlişi ilə başlamaqla bu dilin ondan əvvəlki dövr minillik inkişafını inkar edənlərə qarşı çıxır və səlcuqlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı fikri təsdiqlənir. Eyni zamanda, Azərbaycan ədəbi dili tarixinin iki - Azərbaycan şifahi ədəbi dilinin tarixi, Azərbaycan yazılı ədəbi dilin tarixi istiqamətində inkişafı səciyyələndirilmişdir.

    Tədqiqatlar göstərir ki, şifahi ədəbi dil Azərbaycanda qəbilə-tayfa quruluşuna keçid dövründə formalaşmağa başlamış, şifahi ədəbi dilimizin müəyyənlik alması Azərbaycan xalq dilinin təşəkkülü ilə bilavasitə bağlı olmuşdur. Azərbaycan dilinin formalaşması prosesində ilk öncə canlı danışıq dili zəminində şifahi ədəbi dil əmələ gəlmiş, sonralar onun əsasında yazılı ədəbi dil təşəkkül tapmışdır.

    Müəlliflər doğru olaraq qeyd edir ki, qədim köklərə malik Azərbaycan xalqı həm də zəngin yazılı ədəbi dil ənənəsinə malikdir. Azərbaycan yazılı ədəbi dili kimi, şifahi ədəbi dili də Azərbaycan xalqını ümummədəni tarixinin ən parlaq atributlarından biri olmaqla, bu xalqın uzun əsrlər boyu zəngin inellekt səviyyəsini əks etdirən başlıca amillərdən biridir. Tarix göstərir ki, ədəbi dilin inkişafı ümumi danışıq dili ilə bağlı olur. Yazılı ədəbi dilimizin təşəkkül və inkişafında dialektfövqü xarakter daşıyan zəngin şifahi xalq ədəbiyyatı yazılı ədəbi dilə təsir etmiş, yazılı ədəbi dil təşəkkül tapdıqdan sonra bir neçə əsr hər iki ədəbi dil yanaşı inkişaf etmişdir. Bu nəzərə alınaraq dilçilikdə dil tarixinin tədqiqində ədəbi dilin dövrləşdirilməsi başlıca aktual problemlərdəndir.

    Əsərdə akademik Ağamusa Axundovun konsepsiyası üzərində dayanaraq ədəbi dilin inkişaf tarixi aşağıdakı kimi təsnif edilmişdir: 1. Əski Azərbaycan dili (bu dövr öz növbəsində iki yerə bölünür: əski Azərbaycan dilinin yaranması (XIII-XIV əsrlər) və əski Azərbaycan dilinin sonrakı inkişafı (XV-XVII əsrlər); 2. Yeni Azərbaycan dili. Bu 4 mərhələni əhatə edir: ədəbi dilin xəlqiləşməsi dövrü (XVIII əsr); Milli dilin yaranması və inkişafı dövrü (XIX-XX əsrlər); sovet dövrü (1920-1990); və çağdaş mərhələ. Bu dövrlər əsasında Azərbaycan dilinin tarixi inkişafı təhlil olunmuşdur.

    Respublikada latın qrafikasına keçid yeni qrafikada orfoqrafiya lüğətinin hazırlanıb çap olunmasını ən aktual məsələlərdən birinə çevirdi. Sonuncu dəfə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 1975-ci ildə çap olunmuşdu. Daim inkişafda olan dilin lüğət tərkibində otuz ilə yaxın müddət ərzində baş vermiş yeniliklər, dəyişikliklər yeni orfoqrafiya lüğətinin nəşr olunmasını zəruri etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixi sərəncamı ilə Azərbaycan dilində latın qrafikası ilə yenidən nəşri nəzərdə tutulan kitabların siyahısına latın qrafikalı yeni əlifba ilə nəşr olunan orfoqrafiya lüğəti də daxil edilmişdir. Lüğət öz həcminə, tutumuna, sözlərin sayına görə də 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş lüğətdən fərqlənir. Latın qrafikası ilə nəşr olunan orfoqrafiya lüğətində 80 minə yaxın sözün düzgün yazılışı göstərilmişdir.

    Onu da qeyd edək ki, dilin lüğət tərkibi daim inkişafdadır. Bu nəzərə alınaraq Heydər Əliyevin 2 yanvar 2003-cü il tarixli fərmanı ilə qüvvəyə minmiş "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu"nun 13-cü maddəsinin 2-ci bəndində yazılır. "Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir."

    Son dövrdə dilimizin lüğət tərkibinə daxil olan sözlərin sayının artdığını, orfoqrafiyada Azərbaycan dilinin latın qrafikalı əlifbasına apastrof işarəsinin salınmaması ilə əlaqədar əvvəllər apastrof ilə yazılan sözlərin orfoqrafiyada bir o qədər də normal vəziyyətdə yazılmadığını nəzər alaraq, dilimizə son dövrlərdə daxil olan alınma sözlərin yazılışı ilə bağlı orfoqrafik qaydalar yenidən nəzərdən keçirməklə yeni orfoqrafiya lüğəti nəşr olunmalıdır.

    Dilimizin inkişafı ilə əlaqədar son dövrdə bir çox uğurlar əldə edilmişdir. Bütün xalq bu dildə danışır, elmi kitablar, bədii əsərlər, mətbuat bu dildə nəşr olunur. Konfranslar, müşavirələr bu dildə aparılır, ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Bununla yanaşı, dövrün özünün problemləri var. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat dili, radio və televiziya dili, reklamların dili, virtual məkanda dilin qorunması düşündürücü detallardır. Dil həmişə qayğı tələb edən ən aktual məsələdir. Çünki, ana dili beşik başında layladan başlayır. Dünyanın ən gözəl, qədim dillərindən biri olan Azərbaycan dilini sevməli və qorumalıyıq. Laylalı-bayatılı ana dilimiz həm də hər birimizin varlığıdır.

 

 

    Sayalı SADIQOVA,

    AMEA RH yanında terminologiya

    komissiyasının sədr müavini, filologiya

    elmləri doktoru, professor

 

    Xalq qəzeti.- 2010.- 22 avqust.- S. 5.