Türkiyə
rəhbərliyinin Ermənistanla sərhədlərin
açılmayacağına dair verdikləri vədlərin
pozulmasına heç bir səbəb bəraət qazandıra
bilməz
Müsahibimiz Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
direktor müavini, tarix üzrə fəlsəfə doktoru,
dosent, siyasi şərhçi Elman Nəsirovdur.
- Elman müəllim, Türkiyənin rəsmi dövlət dairələri Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətiriblər. Sizə elə gəlmirmi ki, ermənilərə olan bu hüsn-rəğbət Ankaranın "səssiz diplomatiyasının" təzahürüdür?
- Bəli, onu qeyd edim ki, bir ilə yaxın idi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəlikdən çıxmışdı. Bu, artıq dalana dirənmiş məsələ idi. Lakin son günlər bununla bağlı yeni yanaşmalar özünü göstərir. Xüsusilə də Türkiyə Prezidenti Abdullah Gülün Bakıya səfəri zamanı keçirdiyi mətbuat konfransında müxbirin ona Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə əlaqədar verdiyi sualdan yayınması və "səssiz diplomatiya"dan bəhs etməsi, təbii ki, narahatçılıq üçün əsas yaradıb. Ardınca Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın mətbuata açıqlamasında "Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir" deməsi bu narahatçılığa tam əsas yaradıb.
Azərbaycan cəmiyyətində ona görə narahatçılıq yaranıb ki, indiyə kimi nə Türkiyənin Prezidenti, nə Baş naziri, nə xarici işlər naziri, nə də digər dövlət rəsmiləri öz bəyanatlarında heç zaman deməmişdilər ki, ola bilsin müəyyən beynəlxalq statuslu tədbirlərdə, NATO, ATƏT və yaxud Avropa Birliyinin tədbirlərində qısa müddətli olsa belə Türkiyə-Ermənistan sərhədlərinin açılması baş tutsun. Heç vaxt belə fikirlər səsləndirilməyib. Səfir Hulisi Kılıçın bu sözləri yeni fikir, yeni tendensiyadır. Ona görə də cəmiyyətdə haqlı narazılığa səbəb olub. Çünki əvvəllər belə "ehtiyat variantlar" yox idi, bu barədə söhbət belə aparılmırdı. İndi isə sərhədlərin açılması başqa ad altında, nəyisə bəhanə gətirərək meydana atılır. Səfirin bu açıqlamasından bir gün əvvəl Rusiyanın Gümrüdəki hərbi bazasının müddətinin 49 ilə qədər uzadılması barədə Rusiya ilə Ermənistan arasında müqavilə imzalandı. Ermənistan bütün mənalarda Rusiyanın tam təsir dairəsinə keçdi. Bir çox dairələrdə Ermənistana artıq Rusiyanın quberniyası kimi, Serj Sarkisyana isə Rusiyanın qubernatoru kimi baxırlar. Belə reallıq fonunda NATO-nun tədbiri keçirilir, həmin tədbir çərçivəsində sərhədlər açılır. Heç şübhəsiz, Ermənistan rəhbərliyi bunu qarşı tərəfin geriyə çəkilməsi kimi dəyərləndirəcək. Hesab edəcək ki, artıq hərbi baxımdan Rusiyanın dəstəyi ilə daha da gücləndirilən Ermənistan qarşısında Türkiyə geri çəkilir və eyni zamanda Qərbin, NATO-nun və ABŞ-ın Ermənistana deyil, daha çox Türkiyəyə təzyiqləri artır. Əvvəllər belə bir fikir var idi ki, sərhədlərin açılması üçün hər iki tərəfə təzyiqlər göstərilir. Lakin tərəflərdən biri olan Ermənistan heç cür geri çəkilmir. Digər tərəfin belə bir addım atması isə Türkiyənin zəifliyi, cəsarətsizliyi və qorxaqlığı kimi qiymətləndirilə bilər. Məlumdur ki, ATƏT-in həmsədr dövlətləri Ermənistana yeniləşmiş Madrid prinsipləri təklif edib. Ancaq yeddi aydır ki, Ermənistan tərəfi bu təklifə nə "hə", nə də "yox" cavabı verib və qeyri-konstruktiv yoldan bir addım da geri çəkilməyib. Türkiyənin bu məsələdə azca da olsa geri çəkilməsi Ermənistanın aqressivliyini daha da artırır.
- Türkiyə rəsmiləri NATO-nun Ermənistanda keçirdiyi təlimləri bəhanə gətirərək sərhədlərin müvəqqəti olaraq açılmasını ehtiyat variant kimi dəyərləndirir. Türkiyə çoxlu sayda beynəlxalq təşkilatların üzvüdür. Hər dəfə bu təşkilatlar hər hansı bir tədbir keçirəndə Türkiyə Ermənistanla sərhədləri müvəqqəti açıb-bağlayacaqmı?
- Türkiyə 1952-ci ildən NATO
dövlətidir. Son zamanlar Türkiyə
dövlətinin çoxvektorlu və dünyada çox fəal
siyasət yeritməsi, bütün qonşularla münasibətləri
nizama salmaq xətti, eyni zamanda daha çox regional dövlət
statusundan çıxış etməsi onun güclü
dövlət olduğunu təsdiqləyir. Bir faktı da
qeyd edim ki, bu günlərdə Fransanın məşhur
"Le Fiqaro" qəzetində belə bir sərlövhəli
baş məqalə dərc olunub: "Türkiyəli
diplomatlar dünyanı fəth etməyə
yollanırlar". Yəni Türkiyə getdikcə
regionda güclü dövlətə çevrilir. Bundan da bir sıra qüdrətli dövlətlər
narahatdır. Bəzi nüfuzlu kütləvi
informasiya vasitələrinin siyasi şərhçiləri, hətta
analitiklər belə fikirlər səsləndirirlər ki,
Türkiyə indi Qərbdən çox, üzünü
Şərqə tutub və NATO dövlətinə xas olmayan
bir şəkildə davranış nümayiş etdirir.
İkincisi, Türkiyənin indiki hakimiyyəti
2005-ci ildən başlayaraq cidd-cəhdlə Avropa
İttifaqına daxil olmaqla bağlı danışıqlar
aparır, lakin nəticəsi yoxdur. Avropa
İttifaqının Türkiyə qarşısında irəli
sürdüyü çoxsaylı tələblərdən
biri də Ermənistanla sərhədləri açmaq məsələsidir.
Belə olan təqdirdə istisna deyildir ki,
NATO-nun tədbirindən bir müddət sonra Avropa
İttifaqından da belə bir sifariş gəlsin. Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistanla
yaxın qonşuluq, Şərq tərəfdaşlığı
siyasətində birgə fəaliyyət göstərir.
Yerevanda onların xüsusi bir tədbiri
keçirilsin və bu nöqteyi-nəzərdən müəyyən
diplomatik heyətin quru yolla gəlib-getməsi tələbi irəli
sürülsün. O zaman çox qəribə bir
situasiya yarana bilər. Əgər Türkiyə
bu gün NATO-nun Ermənistanda keçirilən tədbirinə
quru sərhədini açırsa, onda niyə görə
Avropa İttifaqının eyni məqsədli, eyni tipli tədbirinin
keçirilməsində sərhəd qapılarını
bağlasın. Onda belə
çıxır ki, Türkiyə özü NATO-ya münasibətdə
bir davranış, Avropa İttifaqına isə başqa bir
davranış nümayiş etdirməlidir.
Əgər
Türkiyə NATO və ABŞ-ın təzyiqi ilə Ermənistanla
sərhədləri açsa, növbəti oxşar proseslərin
baş verəcəyi qətiyyən istisna deyil. Ona görə də Azərbaycan ziyalıları,
ictimaiyyəti Türkiyə hökumətinin qətiyyətsiz
mövqeyindən narazı qalır. Türkiyə
iqtidarı bilməlidir ki, Azərbaycan əvəzolunmaz tərəfdaşdır.
Bu günlərdə strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında müqavilənin
imzalanması da onu təsdiqlədi. Lakin
Türkiyə-Ermənistan sərhədləri
açılacaqsa, heç şübhəsiz ki, Azərbaycan-Türkiyə
münasibətlərində müəyyən soyuqluq elementləri
yaranacaq.
- 1993-cü ildə Türkiyə
Ermənistanla sərhədləri bağlayanda əsas səbəb
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətini davam etdirməsi
olmuşdur. Hətta Türkiyənin dövlət rəsmiləri,
indiki iqtidarı dəfələrlə bəyan ediblər ki,
işğal olunmuş Azərbaycan torpaqları azad edilməyənə,
Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri
açılmayacaq, diplomatik əlaqələr bərpa
olunmayacaq...
- 2009-cu il may
ayının 14-də Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın Azərbaycan parlamentindəki məşhur
çıxışını xatırlatmaq istərdim. O, hətta
jurnalistlərə bir ironiya ilə də müraciət edərək
dedi ki, siz kimə inanırsınız, jurnalistlərin
yazdığına, yoxsa Türkiyənin Baş bakanı Ərdoğanın
dediklərinə? Hətta yazarlara ciddi etirazını da bildirərək
dedi ki, Türkiyə-Ermənistan sərhədləri
açılmayacaq və diplomatik əlaqələr bərpa
olunmayacaq. Ermənistan işğal etdiyi Azərbaycan
torpaqlarını azad etdikdən sonra bu məsələlər
müzakirə mövzusu olacaq. İndi isə
Türkiyə rəsmilərinin səsləndirdikləri fikirlər
başa düşülən deyil. Çünki
hər hansı bir səbəb Türkiyə rəhbərliyinin
sərhədlərin açılmaması ilə bağlı
verdikləri vədlərin pozulmasına bəraət
qazandıra bilməz.
Yeri gəlmişkən qeyd edim ki,
Kanadanın Toronto şəhərində böyük iyirmilərin
toplantısında Barak Obama Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğana hətta İranla bağlı siyasətinə
görə narazılığını bildirmişdi və
Türkiyənin yeritdiyi siyasətin bəzi məqamlarından
narazı qaldığını Ərdoğanın diqqətinə
çatdırmışdı. İstisna deyil
ki, Amerikanın müəllifi olduğu Türkiyə-Ermənistan
sərhədlərinin açılması layihəsinin hələ
də baş tutmamasında daha çox Ərdoğan hədəf
qismində seçilib. Ona görə də
Türkiyəyə təzyiqlər mütəmadi xarakter
daşıyır. İndi də sanki
ABŞ-ın əlinə bəhanə düşüb ki,
Türkiyəyə növbəti dəfə təzyiqlər
etsin. NATO-nun bu tədbiri də bəhanə
kimi vasitə olub.
Lakin Türkiyə rəsmiləri
də dəfələrlə verdikləri vədləri hər
hansı bir bəhanəyə qurban verməməlidirlər.
Əgər sərhədlər bir dəfə
açılsa, artıq bu mütəmadi xarakter
daşıyacaq və Ermənistan tərəfi bunu Türkiyənin
zəifliyi, güzəşti, beynəlxalq təşkilatların
təzyiqlərinə davam gətirə bilməməsi kimi dəyərləndirəcək.
Bundan sonra Ermənistanın
azğınlığı daha da artacaq.
Avqustun 22-də Ermənistan
Prezidenti Serj Sarkisyan Yevronyus televiziya kanalına verdiyi
müsahibəsində bir daha təkrarladı ki, biz Türkiyə
ilə sərhədlərin açılması məsələsində
hər hansı bir şərtin irəli sürülməsini
qəbul etməyəcəyik. Bu, bizim dəyişməz
mövqeyimizdir. Hətta Sarkisyan beynəlxalq
birliyi də ittiham etdi. Müxbir ona belə bir sual verdi ki, siz deyirsiniz, Dağlıq Qarabağ
sizin ərazinizdir. Lakin bütün dünya
birliyi onu Azərbaycanın tərkib hissəsi kimi qəbul
edir. Serj Sarkisyan dünya birliyini ittiham edərək dedi
ki, onlar düzgün fikirləşmirlər, düzgün qənaətə
gəlməyiblər. O, öz mövqeyini Yevronyus kanalına
müsahibəsində bir daha nümayiş etdirdi və bir
daha bəyan etdi ki, o, Türkiyənin irəli sürdüyü
hər hansı bir şərti qəbul etmir. Yəni,
Türkiyə ilə sərhədlərin açılması
o halda mümkündür ki, Türkiyə Dağlıq
Qarabağ şərtini irəli sürməsin. Belə bir mövqe nümayiş etdirən Ermənistan
Prezidenti ilə danışıqlara girib sərhədləri
açmaq Türkiyə rəsmilərinə yaraşarmı?
Bu, Türkiyənin müsəlman aləmindəki, islam dünyasındakı nüfuzuna ciddi xələl
gətirən bir işdir. Bütün bunlardan
sonra Türkiyə hansı "səssiz diplomatiya"dan
söhbət aça bilər? Bu, Ermənistan
qarşısında məğlubiyyətdən başqa bir
şey deyil.
Bu, Sarkisyan rejimini
daha da şirnikləndirəcək. Biz
tarixdən bilirik ki, təcavüzkarın şirnikləndirilməsi
nə deməkdir. Mən bununla
bağlı bir faktı xatırlatmaq istərdim. 1939-cu ildə qərb dövlətləri
Almaniyanın qarşısından çəkilməsəydilər,
onu şirnikləndirməsəydilər və Münhen
sazişini imzalamasaydılar, yəqin ki, Hitler də sonrakı
qəddarlıqlarını həyata keçirməzdi. İndi Serj Sarkisyanı, daha dəqiq desək, Ermənistanı
şirnikləndirib daha da azğınlaşdırırlar.
Təcavüzkar cəzasız
qalmamalıdır. Cəzasızlıq
rejimi cinayətkarı hər zaman daha ağır cinayətlər
törətməyə sövq edir.
- Sizcə Türkiyənin
Azərbaycandakı səfiri dövlət rəhbərlərinin
xəbəri olmadan belə bir bəyanatı səsləndirə
bilərmi?
- Heç bir halda belə şey ola bilməz. Hər bir səfir təmsil
etdiyi dövlətin siyasətini həyata keçirir. O
cümlədən Hulusi Kılıç da Türkiyə
dövlətinin siyasətini həyata keçirir. Əgər Türkiyənin Prezidenti, Baş naziri,
xarici işlər naziri bir şey fikirləşir, səfir isə
başqa addım atırsa, belə olan halda təbii ki, həmin
səfir dərhal geri çağırılır. Deməli, əslində səfirin dedikləri rəsmi
Ankaradan qaynaqlanıb. Siz dediyiniz kimi,
Türkiyə - Ermənistan sərhədlərinin
açılması söhbəti AKP iqtidarı dövründə
aktuallaşıb. Türkiyənin əvvəlki
rəhbərliyi dövründə bu barədə söhbət
belə olmayıb. Son iki ildə Türkiyə
rəhbərliyi ilə təcavüzkar Ermənistan rəhbərliyi
arasında gizli danışıqlar aparılırdı.
Bu fakt üzə çıxanda Türkiyə rəhbərliyi
əvvəlcə bunu təkzib etdi. Sonra isə
indiki iqtidarın yeni xarici siyasət kursu kimi irəli
sürdülər.
Bu da Türkiyəyə
edilən təzyiqlər nəticəsində yarandı.
Əgər Türkiyə belə təzyiqlər
fonunda geri çəkilirsə, idman dilində desək, o,
noqdaund vəziyyətinə düşəcək. Noqdaund vəziyyətində isə qarşı tərəfin
yenidən oyuna başladıqdan sonra necə hücuma
keçdiyinin şahidi olmuşuq. Ona
görə də Türkiyə heç bir halda Ermənistanla
sərhədləri açmamalıdır. Çünki belə bir hal baş verərsə, Azərbaycanla
münasibətləri xeyli gərginləşdirə bilər.
Bütövlükdə Azərbaycansız, Azərbaycanın
iştirakı olmadan regionda heç nə həll etmək
mümkün deyil. Bu reallıqdan da çıxış edərək
Türkiyə qardaş, dost Azərbaycanla ənənəvi
siyasəti bundan sonra da davam etdirməlidir. Hakimiyyətdə
hansı siyasi partiyanın, hansı siyasi qüvvənin
olmasına baxmayaraq, Azərbaycan və Türkiyənin
qardaşlığı, dostluğu sarsılmazdır. Türk dünyasının liderləri
Atatürkün və Heydər Əliyevin əsasını
qoyduqları dostluq ənənələri bundan sonra da
qorunmalı və inkişaf etdirilməlidir. Necə deyərlər, qərbdən əsən
küləklər bu dostluq və qardaşlığı zəiflətməməlidir.
Müsahibəni
qələmə aldı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 24 avqust.- S. 3.