Türkiyə - Ermənistan sərhədlərinin açılması işğalçı dövləti daha da ruhlandıra bilər

 

    Bu addım bütövlükdə türk dünyasının əməkdaşlığında geriləmələr yaradır

 

    Adətən ziyalılar, elm-ürfan adamları dara düşmüş insanlara kömək əli uzadılmasını alqışlayır, təqdir edir və özləri də buna çalışırlar. Ona görə də öz günahları üzündən iqtisadi böhran içərisində çabalayan, aclıq-səfalət çəkən, əhalisinin böyük əksəriyyəti ölkəsini tərk edən Ermənistana xaricdən yardım edilməsi təbii şəkildə qarşılanır. Ancaq müqəddəs kitablarda yazılır ki, zavallıq törədən (ziyan verən) canlının cəzalandırılması günah deyil. Bu məqamda Ermənistan sırf zavallıq törədən canlı timsalındadır. Qafqazda məskunlaşdıqları son 200 ildə ermənilərin hansı çirkin əməllərə əl atdığını dünyada hamı bilir. Odur ki, Ermənistanla sərhədlərin açılması və onlara kömək edilməsi qətiyyən müsbət qarşılana bilməz.

    Ermənilər Qafqazda məskunlaşdıqları dövrdə türklərin və azərbaycanlıların yüzlərlə siyasətçisini, hərbçisini, diplomatını, din xadimini, alimini, tanınmış simalarını qətlə yetiriblər. Özü də xəyanətkarcasına və gizli yollarla. Bütöv kəndlərin və şəhərlərin yandırılması, yüzlərlə insanın eyni vaxtda, eyni cəza ilə öldürülməsi faktları hamıya məlumdur. Çoxsaylı terror aktları və nəhayət, XX əsrin əvəllərində Türkiyədə, həmin əsrin sonunda isə Azərbaycanda həyata keçirdikləri separatçılıq kimin yadından çıxa bilər? Bütün bunlara baxmayaraq erməni siyasətçilərindən, alimlərindən və din xadimlərindən fərqli olaraq Azərbaycanın təfəkkür sahiblərinin hamısı torpaqların azad edilməsi üçün aparılan mübarizə ilə yanaşı düşmənçiliyi deyil, sülhü, barışı təbliğ edirlər. Bütün bunlar bu günümüzün reallıqlarıdır.

    Ancaq günümüzün reallıqları arasında bizi daha çox narahat edən başqa bir məqam da var. Belə ki, beynəlxalq aləmdəki bəzi qüvvələr bizə qarşı qurduqları fitnə-fəsad toruna yeni fəndlər də əlavə edirlər. Onlar bizi məhz öz qardaşlarımızın əli ilə vurmaq kimi iyrənc bir variant seçiblər. Bu variantın icrası zamanı Türkiyə - Ermənistan sərhədlərinin açılması üçün Ankaraya təzyiqlər edilir, bu təzyiqlər qarşısında tab gətirə bilməyən Türkiyə Ermənistanla sərhədləri açır və ... Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün on illərdən bəri apardığı mübarizə nəticəsiz qalır. Diqqət yetirin, Ankaranı bu sərhədləri açmağa məcbur edən kimdir? Biz görmürük. Bu fitnə toru gözəgörünməz fitnəkarın əli ilə qurulur. Ancaq biz sərhədləri açan Türkiyəni, Ankara rəsmilərini, türk qardaşlarımızı görürük. Beləliklə, Türkiyənin türk dünyasındakı və islam aləmindəki möhtəşəm nüfuzuna çox asanlıqla xələl gətirilir, ləkə salınır.

    Doğrusu, mən hər dəfə Türkiyədə olanda Azərbaycana, xalqımıza və şəxsən özümə qarşı dağlar qədər hörmət, ehtiram, dəryalar qədər sevgi-sayğı görmüşəm. Ona görə də həm Türkiyə qəzetlərində, həm də Azərbaycan mətbuatında bu sərhədlərin açılacağı barədə xəbər oxuyanda qətiyyən inanmırdım. Elə indiinanmaq istəmirəm. Ancaq çox təəssüf ki, son günlərin hadisələri indiyədək yazılanların həqiqət olduğunu üzə çıxarır. Mən bir məsələni də yada salmaq istəyirəm. Belə ki, həm Türkiyə, həm də Azərbaycanda Türkiyə - Ermənistan sərhədlərinin açılmasına etiraz edən alimlər - ziyalılar ordusunun şahidiyəm. Hamı özüüzü görünməyən həmin bədniyyət qüvvələrin məqsədini lənətləyir. Hamı inanır ki, tarixin bütün dönəmlərində qətiyyət və prinsipiallıq nümayiş etdirmiş türk məntiqi, türk siyasəti və türk diplomatiyası bu sınaqdan da uğurla çıxacaqdır. Şəxsən mən tam əminəm ki, türk idrakı qaniçən və işğalçı Ermənistana süni nəfəs vermək üçün planlaşdırılan variantdan imtina edəcək, qardaş Azərbaycanı özündən uzaqlaşdırmayacaqdır.

    Yeri gəlmişkən, son 20 ildə Türkiyə Cümruhiyyəti Avrasiyadakı bütün türkdilli dövlətlərlə və türk toplumları ilə sıx ünsiyyət qurmuş, geniş əməkdaşlıq şəbəkəsi yaratmışdır. Fəqət, Türkiyənin ən çox dostluq və əməkdaşlıq etdiyi ölkə Azərbaycandır. İndi Ankara rəsmilərinin öz dövlətlərinin Azərbaycan kimi hərtərəfli bağlılığı olan bir ölkə ilə münasibətləri soyudan addım atması nə qədər məqsədəuyğundur? Məncə, burada heç bir məntiq yoxdurheç bir bəhanə belə addımın atılmasına bəraət qazandırmır. Azərbaycanda həm xalq, həm də dövlət Türkiyəni özünün ən yaxın dostu, ən etibarlı müttəfiqi sayır. Düşünürəm ki, Türkiyədə bu fikirdə olanlar on milyonlarladır. Ona görə də hansısa bədxah qüvvələrin Türkiyə - Ermənistan münasibətlərini nizamlayaraq Türkiyə - Azərbaycan münasibətlərini soyuda biləcəyi o qədər də inandırıcı görünmür. Çox təəssüf ki, bu istiqamətdə addım atanlar israrlı görünürlər. Ancaq tarixən xalqın və xalqların etiraz səsi öz məcrasından çıxmış çox məsələləri yenidən məcrasına qaytarıb. Tanrının kölgəsi, haqqın səsi və xalqın iradəsi həmin ədalətin bərqərar edilməsinə zəmin yaradıb. Belə bir zəminin növbəti dəfə, bizim üçün yaranacağına da inanırıq. Çünki biz Azərbaycan - Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini qorumaq istəyirik. Tanrı da bu münasibətləri qoruyacaq.

 

 

    Hacı Fərhad MİRZƏ,

    Türk Dünyası Araşdırmaları

    Beynəlxalq Elmlər Akademiyasının akademiki

 

    Xalq qəzeti.- 2010.- 24 avqust.- S. 3.